Ən yaxşı müəllimin tarix dərsi

 

VII  SİNİF

AZƏRBAYCAN TARİXİ  FƏNNİ

 

Mövzu:  Slavyanların Azərbaycana hərbi yürüşləri.

Alt-standartlar:

1.1.1. Mühüm hadisə, proses və təzahürlərin xronoloji çərçivələrini müqayisə edir.

2.1.2. Dövrə aid xəritə və xəritə-sxemlərdəki müxtəlif tarixi hadisə, proses və təzahürlərə dair məlumatları izah edir.

3.1.2. Azərbaycanda dövlətçilik ənənələrinin inkişaf xüsusiyyətlərini dəyərləndirir.

Məqsəd:

1. Slavyanların və digərlərinin qarətçi yürüşlərinin xronoloji çərçivələrini müqayisə edir.

2. X əsrdə Azərbaycana xarici yürüşlərin səbəblərini izah edir.

3. Feodal dağınıqlıq dövrlərinin keçilməsində  çətinliklərin xüsusiyyətlərini dəyərləndirir.

Təlim forması: Qruplarla .

Təlim üsulu: Əqli hücum, ümumi diskussiya.

İnteqrasiya: Ümumi tarix 1.1.1;  2.1.1 ; 3.1.2.,  Coğrafiya 1.3.1.

Resurslar: vərəqləri, xəritə, dərslik, marker.

Dərsin gedişi: Motivasiya. Salamlaşma. Əvvəlki mövzunun təkrarı. Motivasiya üçün aşağıdakı slaydlar nümayiş olunur:

Müəllim əvvəl verilmiş şəkillər ətrafında şagirdlərlə müzakirə aparır.  Yönəldici suallarla şagirdlərə müraciət edilir:

1. Bu təsvirlər haqqında nə demək olar?

2. Bu gəmilər nə qədər adam tuta bilər?

3. Bu hərbi gəmilərdir, yoxsa ticarət?

4. Burada təsvir olunmuş insanlar barədə demək olar?

5. Bu gəmilər kimlərə məxsus ola bilər?

6. Bu gəmilər Azərbaycana üz tuta bilərmi?

7. Bu gəmilər hansı yolla Azərbaycana gələ bilərdilər?

(1-ci şəkil slavyanların hərbi gəmisidir. 2-ci şəkildə rusların 944-cü ildə Bərdəyə hücumu təsvir olunub).

Tədqiqat sualı: Tədqiqat üçün belə bir sual müəyyənləşdirilir:

Azərbaycanın  şimal sərhədlərini hücumlardan necə qorumaq  olardı?

Tədqiqatın aparılması:

Verilmiş tədqiqat sualına cavab tapmaq üçün müəllim şagirdləri  ümumi diskussiyaya cəlb edir. Bunun üçün müəllim əvvəlcə qruplara suallarla müraciət edir.

- Xarici hücumların qarşısını almaq üçün hansı şərtlər vacibdir?

Cavablar dinlənilir.

Burada müxtəlif ideyalar səslənə bilər. Müəllim daha düzgünləri seçir onları ümumiləşdirərək lövhədə yazır: 1. Güclü iqtisadiyyat,  2. Güclü ordu (o cümlədən hərbi donanma),  3. Xalqın birliyi,   4. Vahid rəhbərlik.

Bu mərhələdən sonra müəllim bir daha qeyd edir ki, slavyanların hucumları ərəfəsində Azərbaycanda güclü dövlət yox idi. Bir neçə (Şirvanşahlar, Sacilər, Salarilər) dövlətlər mövcud idi. Şagirdlərin fikirləri dinlənilir. Sonradan müəllim " Klaster" üsulu ilə feodal pərakəndəlik sözü ilə bağlı fikirləri lövhədə yazır. Feodal dağınıqlıq dövrünün xüsusiyyətləri maksimal dərəcədə üzə çıxmalıdır. Burada mövzuya aid olan cəhətlər vurğulanır. Müəllim slavyanlar, onların hucumlarının məqsədləri haqqında məlumat verir, xəritədə slavyanların yürüşlərini göstərir. Sonra sinif 4 qrupa bölünür. Müəllim dərslik mətninin 4 nüsxə surətini qruplara  paylayır. Qruplara tapşırıq verilir:

I qrup - IX-X əsrlərdə Azərbaycanda mövcud olan siyasi iqtisadi vəziyyəti təsvir etmək.

II qrup - Slavyanların Azərbaycana  hücumlarını asanlaşdıran  amilləri araşdırmaq.

III qrup - Slavyanların hücumlarının qarşısını almağın yollarını təklif etmək.

IV qrup - Slavyanların yürüşlərinin Azərbaycan üçün nəticələrini təhlil etmək.

Məlumatın mübadiləsi müzakirəsi:

Qruplar təqdimat edirlər. Müəllim yönəldici suallar verə bilər (Bu suallar həm qrup işi hazırlanarkən səslənə bilər). Bu mərhələdə informasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına onların sistemləşdirilməsinə yönəldilir. Nəticədə mövcud tədqiqat sualına cavab tədricən üzə çıxır. Bu mərhələni müəllim sxem qarafiklər qurmaq ilə təşkil edə bilər.

Nəticə ümumiləşdirmə:

Bu mərhələdə şagirdlər aldığı cavab ilə tədqiqat sualını tutuşdururlar.

Müəllim son olaraq şagirdlərin gəldiyi nəticələri ümumiləşdirir. Hər bir qrupun işi dəyərləndirilir. Nəticələri lövhədə plan üzrə yazılır.

Yaradıcı tətbiqetmə:

1.Slavyanların yürüşlərinə  şagirdlərin münasibəti mövzusunda esse yazmaq.

2.Slavyanların yürüşlərinə aid   rəsmlər çəkmək.

Ev tapşırığı:

Venn diaqramından istifadə edərək bütün slavyanların yürüşlərini sistemləşdirmək. Orta əsrlərin hərbi gəmiləri haqqında məlumat toplamaq.

Qiymətləndirmə:

Dərsdən əldə edilmiş refleksiyanı öyrənmək üçün müəllim sinfə suallar verir:

1. Bu dərsdə öyrəndiniz?

2. Dərsdə hansı yolla nəticəyə gəldik?

3. Qazandığınız biliklər gələcəkdə harada istifadə oluna bilər?

4. Kimlərin fəaliyyətini qeyd etmək istərdiniz?

5. Dərsin hansı mərhələsi daha maraqlı oldu?

Qrupları qiymətləndirmə meyarları:

 

Rüfət RİZAYEV,

Bakı şəhəri, akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi,

"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

 

Azərbaycan müəllimi.- 2015.- 16 may.- S.12.