İki dəfə müsabiqə qalibi olmuş məktəb

 

Prezident İlham Əliyevin 19 yanvar 2015-ci il tarixli "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiqi haqqında Sərəncamı ölkəmizdə təhsilə yüksək səviyyədə qayğı göstərildiyini bir daha sübut edir.  Bu mühüm sənədin fəaliyyətdə reallaşması hər bir məktəbin buna hazırlıq səviyyəsindən də xeyli asılıdır. Hansı məktəbdə daha yaxşı maddi baza, peşəkar, yüksək nüfuza malik müəllimlər varsa, orada bu vəzifələr yüksək keyfiyyətlə həyata keçirilə bilər. Əminliklə deyə bilərəm ki, məktəbimiz qarşıda qoyulan vəzifələrin həyata keçirilməsinə hazırdır.

Məktəbdə tədris üç bölmədə və üç dildə (Azərbaycan, rus və gürcü) aparılır. Tədris bir növbədə olmaqla, kabinet sistemində təşkil olunmuşdur. Təchiz olunmuş 2 kompüter otağı, 3 laboratoriya, 3 əlavə fizika, kimya, biologiya kabineti fəaliyyət göstərir. 5 kabinetdə quraşdırılmış "ağıllı lövhə", 112 elektron dərslik  dərslərin müasir texnologiyalardan istifadə olunmaqla  aparılmasına imkan verir. 60 nəfərədək müəllimin öz şəxsi noutbuklarının olması da texnologiyaların geniş tətbiqinə yardım edir.

Bütün kabinetlər tədris proqramlarına müvafiq əyaniliklərlə təchiz olunmuşdur ki, bu da dərslərin yüksək səviyyədə keçilməsinə imkan yaradır. Məktəbdə tədrisin yüksək səviyyədə təşkilinə yardım edəcək "Heydər Əliyev kabineti",  "Diyarşünaslıq muzeyi", GÇH kabineti, geniş idman zalı, iclas zalı və 240 yerlik yeməkxana vardır. Məktəbin həyətində idman qurğuları quraşdırılmışdır.

Məlum olduğu kimi, Dövlət Strategiyasının mühüm istiqamətlərindən biri səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması və təhsilin bütün pillələri üzrə kurikulumun inkişafıdır.  Bu məqsədlə Fəaliyyət Planında çox mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məktəbimizdə  kurikulumun tətbiqi  razılıqla qarşılanmış və poqram tələblərinin həyata keçirilməsi sahəsində bir sıra uğurlar əldə edilmişdir.

Kurikulum siniflərində  dərs aparan müəllimlərin əksəriyyəti böyük təcrübəyə malik olmaqla proqramlardan irəli gələn vəzifələri yerinə yetirməyi, öz yaradıcılıqları ilə şagirdlərin maraq və meyillərinin formalaşdırılmasını təmin etməyi bacarırlar. Buna misal olaraq bir necə müəllimin adını çəkmək istərdim.  Dil və ədəbiyyat müəllimi Nazlı İsmayılova  bu vəzifənin öhdəsindən layiqincə gəlir. Müəllimin ən yaxşı cəhəti tədris prosesini idarəetmə qabiliyyətinə  malik olmasıdır. Belə ki, yeni üsul və texnologiyaları ustalıqla tətbiq edən Nazlı müəllim şagirdlərin yaradıcı fəallığını təmin edir. O, " Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir.

Dil-ədəbiyyat müəllimi Gülbəniz Seyidova,  xarici dil müəllimi İradə Mehdiyeva  kurikulumla yüksək səviyyədə işləməyi bacarırlar. Onların tətbiq etdiyi üsullar dərsin səmərəliliyinin təmininə yönəlir.

Belə yaradıcı müəllimlərin fəaliyyətinin nəticəsidir ki, məktəbimiz TQDK-nın statistik məlumatlarına əsasən deyə bilərəm ki, son 12 il ərzində  hər il respublika üzrə ən yaxşı məktəblər sırasına daxil olmuşdur.

2007-2008 və 2012-2013 tədris illərində məktəbimizin "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olması da məhz müəllimlərin məktəbin həyatında fəal iştirakının nəticəsi kimi qiymətləndirilə bilər.

Son 10 ildə məktəbi bitirən şagirdlərin 506 nəfəri ali məktəblərə daxil olmuşdur. Onlardan 69 nəfəri 600-700, 132 nəfəri isə 500-600  bal toplamışlar. 7 nəfər Prezident təqaüdçüsüdür, 3 nəfər məzun qızıl medala layiq görülmüşdür.

Məzunlardan Rəşad Allahverdiyev  690, Tural Nəzirov  685, Rövşən Hacızadə  682 bal toplayaraq məktəbə daha çox uğur gətirmişlər.

Məktəbdə təbiət elmləri təmayüllü lisey siniflər fəaliyyət göstərir. Son 6 ildə lisey sinfini bitirən 120 nəfərdən 96 nəfəri müxtəlif universitetlərə daxil olmuşdur.

Son 10 ildə respublikada keçirilən müxtəlif müsabiqələrdə iştirak edənlərdən 14 nəfəri I yer, 10 nəfəri II yer, 5 nəfəri III yer tutmuş, 6 nəfəri həvəsləndirici diplom almışdır. 32 nəfər yarışlarda iştirak edərək müxtəlif dərəcəli diplomla mükafatlandırılmışdır. Respublika fənn olimpiadalarında iştirak edənlərdən 20 nəfəri qalib olmuşdur.

2013-2014-cü  tədris ilinin yekunları daha yüksəkdir. Belə ki, ötən dərs ilində 57 nəfər məzun qəbul imtahanlarında iştirak etmişdir. Onlardan 43 nəfəri imtahanları uğurla vermişdir. Beləliklə, məzunların 75%-i universitetlərə daxil olmuşdur. Məzunların topladığı orta bal 354,9 olmuşdur. 7 nəfər məzun 600-dən yuxarı, 11  məzun 500-600 arası bal toplamışdır.

Məktəb bu il də TQDK-nın müəyyənləşdirdiyi reytinqə əsasən  ilin ən yaxşı məktəbləri sırasına daxil olmuşdur. 2013-2014-cü dərs ili ərzində istedadlı şagirdlərlə işə xüsusi diqqət yetirilmişdir. Belə ki, 2 nəfər şagird fənn olimpiadalarının respublika mərhələsində iştirak edərək IV yeri qazanmışdır. 1 nəfər şagird ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsində  IV yeri tutub.  3 şagird Fövqəladə Hallar Nazirliyinin keçirdiyi müsabiqədə qalib olub. 2 şagird  və 1 müəllim isə "Enerji və ətraf mühit"  Beynəlxalq məktəbli müsabiqəsində iştirak etmiş  və "Sərfəli yanacaq, təmiz dünya" nominasiyası  üzrə I yeri qazanmış  və diplom almışdır.

Məktəb həmin layihənin Norveçdə keçirilən yekun mərhələsində II yerə layiq görülmüşdür ki, bu da  layihədə respublikamızın II yer tutması deməkdir.  Layihənin iştirakçıları Lalə Məmmədova, Ağa Ramazanov diplom və xüsusi medalla təltif olunmuşlar.

"İstehlakda enerjiyə qənaət" mövzusunda Norveçin dəstəyi ilə keçirilən beynəlxalq müsabiqənin milli mərhələsində məktəbin müəllimi Zalxa Razıyeva çıxış edərək diplomla təltif olunub.  2 şagird ötən il məktəblilərin "Ətraf Mühitin Mühafizəsi" VIII Beynəlxalq Layihə Olimpiadasında iştirak etmiş, II yeri qazanaraq gümüş medalla təltif olunmuşdur.

3 şagird  və 1 müəllim Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən Məktəblilərin VII İnformatika Layihə Olimpiadasında iştirak edərək III yeri tutduğuna görə təltif olunmuşdur. Respublika üzrə təşkil olunan "İstedadlıların hazırlıq laboratoriyası"nda X sinif şagirdi Lyubava Əhmədova  III yeri tutmuş və bürünc medal qazanmışdır.

Şagirdlər müxtəlif növ respublika idman yarışlarında fəal iştirak edərək  I, II, III yerləri qazanmışlar.

Onu qeyd edim ki, məktəb bu dərs ilində "Təhsilin idarəetmə sistemini təkmilləşdirməklə təhsilin keyfiyyətini daha da yüksəltmək və ölkənin modernləşməsində fəal iştirak edəcək insan kapitalının formalaşdırılmasını təmin etmək"  problemi üzərində işləyir.

Dövlət Strategiyasının öyrənilməsi sahəsində keçən ilin aprelindən başlamış iş davam edir.  Bu dərs ilinin əvvəlində  keçirilən valideyn yığıncağında "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" baxımından məktəb və valideynlərin əməkdaşlığının daha da yaxşılaşdırılması istiqamətləri  məsələsinin müzakirəsində valideynlərin fəal iştirakı təmin edilib. Yığıncaqda valideynlərin irəli sürdüyü fikirlər, təkliflər nəzərə alınıb.

Dövlət Strategiyasının  tələbləri baxımından "İnsan kapitalı formalaşdırmaq sahəsində vəzifələrin fəaliyyətdə reallaşdırılması istiqamətləri" mövzusunda keçirilən "dəyirmi masa" ərəfəsində 24 müəllimin eyni gündə, eyni saatda "açıq dərs"ləri təşkil edilib.

Bundan başqa, valideyn komitəsinin təşəbbüsü ilə "Valideyn dünyası  və yeniləşən məktəb  haqda düşüncələr" mövzusunda günün keçirilməsi təşkil edildi.  Yüksək yaradıcılıq qabiliyyəti olan valideynlərin əl işlərindən ibarət təşkil olunmuş sərgi böyük maraqla qarşılanıb. Sərgidən sonra yüksək elmi hazırlığı olan valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müxtəlif sinifləri əhatə etməklə ayrı-ayrı mövzularda 23 "dəyirmi masa" və valideyn universitetinin xətti ilə açıq məşğələ təşkil edilib.

Strategiya təhsil sahəsində insan resurslarının müasirləşdirilməsini nəzərdə tutur. Strategiya ilə əlaqədar Fəaliyyət Planında bu istiqamətdə xeyli məqsədyönümlü işlərin həyata keçiriləcəyi planlaşdırılıb. Yaradıcı müəllim amili günün əsas məsələsi olaraq qarşıda durur. Məktəb müəllimlərinin hazırlığı isə bu çətin işin öhdəsindən gəlməyə imkan verir.  Hazırda məktəbimizdə bütün fənlər ixtisaslı müəllimlər tərəfindən tədris edilir.

Müəllimlərdən 3 nəfəri "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 4 nəfər "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. 3 nəfər  "Tərəqqi" medalı ilə mükafatlandırılıb.

Onu qeyd  edim ki, 2011-ci ildən məktəbdə "Yaradıcı müəllimlər mərkəzi" fəaliyyət göstərir.  Mərkəzdə bütün  fənlər üzrə tədrisin təşkilinə köməklik edəcək güşələr  yaradılıb. Bu mərkəzin əsas fəaliyyəti, məqsədi qabaqcıl müəllimlərin fəaliyyətində olan yeniliklərin müəllimlər tərəfindən öyrənilməsini və tətbiqini təmin etməkdir.

Kollektivin üzvlərindən 50 nəfərdən çoxu gənclərdir. Demək olar ki, onların hamısı yeni texnologiyalardan sərbəst istifadə edirlər. Məktəbdə 1985-ci ildən fəaliyyət göstərən "Gənc müəllimlər məktəbi"nə bu gün  məktəbin qabaqcıl sinif müəllimi Ayna Məsimova rəhbərlik edir.  Gənc müəllimlərin hazırlığının yüksəldilməsində, texnologiyalardan istifadəyə yiyələnmələrində bu məktəbin rolu böyükdür. Qabaqcıl təcrübənin öyrənilməsi ilə  əlaqədar təşkil olunan nümunəvi "açıq dərs"lər, vaxtaşırı keçirilən seminarlar,  müsabiqələr müəllimlərin hazırlığının yüksəldilməsinə çox böyük kömək edir. Əlbəttə, məktəbimiz bundan sonra da fəaliyyətində də öz potensial imkanlarından istifadə etməklə daha yüksək uğurlar qazanmağa çalışacaqdır.

 

Şəkər ABDULLAYEVA,

Qax şəhər 2 nömrəli məktəb-liseyin

direktoru, əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2015.- 16 may.- S.14.