Təhsil nazirinin
başçılıq etdiyi nümayəndə
heyəti Dünya Təhsil
Forumunda iştirak edib
19-22 may tarixlərində Koreya
Respublikasının
İnçon şəhərində
Dünya Təhsil Forumu keçirilib
Azərbaycan
Respublikasının təhsil naziri Mikayıl Cabbarovun rəhbərlik
etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda
iştirak etmək məqsədilə Koreya
Respublikasının İnçon şəhərinə səfər
edib.
Bundan əvvəl, 2000-ci ilin dekabrında keçirilmiş Dünya Təhsil Forumunda "Minilliyin İnkişaf Məqsədləri" müzakirə olunub və "Hamı üçün təhsil" sənədi qəbul edilib. 2015-ci ildə "Minilliyin İnkişaf Məqsədləri"nin icra müddəti başa çatır və bu sahədə yeni bir sənədin qəbul olunması nəzərdə tutulur. Bununla əlaqədar YUNESKO və Koreya Respublikasının birgə təşkilatçılığı ilə 19-22 may tarixlərində keçirilən Dünya Təhsil Forumunda 2015-ci ildən sonrakı dövr üçün təhsil sahəsində "Davamlı İnkişaf Məqsədləri" müzakirə edilib.
Mayın 19-da Azərbaycan Respublikasının nümayəndə heyəti forumun açılış mərasimində iştirak edib.
Açılış mərasimində BMT-nin baş katibi Pan Gi Mun, YUNESKO-nun Baş direktoru İrina Bokova, Koreya Respublikasının Prezidenti Pak Kın He, Dünya Bankının prezidenti Cim Yen Kim, YUNİSEF-in icraçı direktoru Antoni Leyk, BMT Qadın təşkilatının icraçı direktoru Fumzile Mlambo-Ngcuka, YUNESKO-nun ibtidai və ali təhsil üzrə xüsusi elçisi Şeyxa Moza bint Nasir və 2014-cü ilin Nobel mükafatı qalibi Kailaş Satyarti çıxış ediblər.
Mayın 20-də forumun 1-ci sessiyasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və qayğısı ilə ölkəmizdə həyata keçirilən təhsil islahatları və bu çərçivədə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası barədə məlumat verib.
Təhsil naziri M.Cabbarovun Koreya Respublikası baş nazirinin müavini, təhsil naziri Hvanq Voo-yea ilə görüşü zamanı iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyi, hər iki ölkə rəhbərliyinin qarşılıqlı əməkdaşlığın genişlənməsinə böyük əhəmiyyət verdiyi, ölkələrimizin təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğu vurğulanıb və gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Sonra Mikayıl Cabbarov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Koreya Respublikasının ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
Görüş zamanı tələbələrin təhsil prosesi ilə maraqlanan təhsil naziri onların xaricdə əldə etdikləri bilik və bacarıqların böyük əhəmiyyət kəsb etdiyini bildirib. Nazir Dövlət Proqramı çərçivəsində tələbələrin xaricdə təhsilinin maliyyələşdirilməsinin ölkəmizin gələcəyinə yönəlmiş investisiya olması və bu səbəbdən onların məzun olduqdan sonra Azərbaycana dönərək öz sahələri üzrə çalışmasının və ölkəmizin gələcək iqtisadi inkişafına layiqli töhfələr verməsinin əhəmiyyəti barədə söhbət açıb.
Təhsil nazirinin Koreyanın İqtisadi İnkişaf Əməkdaşlıq Fondunun Baş direktoru Kim Tae-soo ilə görüşündə 2014-cü ilin 11 aprel tarixində Bakıda imzalanmış Azərbaycan Respublikası Hökuməti və Koreya İxrac-İdxal Bankı arasında kredit sazişi çərçivəsində Peşə Tədrisi Mərkəzinin yaradılması layihəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Hankuk Xarici Dillər Universitetinin prezidenti Kim İn Çul ilə görüşdə isə bu ali təhsil müəssisəsində Azərbaycan dilinin tədris olunması və bu prosesə azərbaycanlı professorun cəlb olunması təqdirəlayiq hal kimi qiymətləndirilib.
Mikayıl Cabbarov həmçinin Koreya Təhsilin İnkişafı İnstitutu (KEDİ), Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) prezidentləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı Koreya Respublikasının təhsil sahəsində təcrübəsinin öyrənilməsi, ölkələrimiz arasında hazırda həyata keçirilən layihələr və qarşılıqlı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub.
Səfər çərçivəsində işçi qaydada əlavə bir sıra görüşlər də keçirilib.
Azərbaycan müəllimi.- 2015.-
23 may.- S.2.