Jurnalist olmaq istəyirsinizsə...

 

Mübarizləri olan Vətən basılmaz!

 

Tanınmış pedaqoqlar, psixoloqlar, fizioloqlar sübut etmişlər ki, şəxsiyyətin formalaşmasında düzgün peşəseçimi həlledici rol oynayır. Peşəyönü bəşəri mədəniyyətin mühüm elementlərindən birinin ümumiləşmiş anlayışı olaraq insanların ictimai fəaliyyətinin, bacarıqlarının müəyyən edilib formalaşdırılmasına, onların meyil və maraqlarına, fiziki imkanlarına, eləcə də dövrün sosial-iqtisadi tələblərinə uyğun gəlməlidir. Məsələn, jurnalist ixtisasına yiyələnməyi qərara almış gənclərdən iki keyfiyyət tələb olunur: düzgün düşüncə qabiliyyəti və fikri düzgün ifadə etmək bacarığı. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Prezident İlham Əliyevin göstərişi və Azərbaycan Mətbuat Şurasının iştirakı ilə jurnalistika fakültələrinin abituriyentlərində həmin keyfiyyətləri aşkarlamaq məqsədilə iki turdan ibarət qabiliyyət imtahanı keçirir. Birinci turda şifahi sual-cavab vasitəsilə gələcək jurnalistlərin ümumi dünyagörüşü, müxtəlif səpgili faktları qavraya bilmək qabiliyyəti, ikinci turda isə onların fikri yazılı ifadə edə bilmək bacarığı yoxlanılır. Keçən ilin təcrübəsi göstərdi ki, orta məktəb məzunlarının çoxu ikinci turda esse (sərbəst inşa) yazmaqda çətinlik çəkirlər. Bunu nəzərə alaraq redaksiyamız BDU-nun jurnalistika fakültəsinin professoru Nəsir Əhmədlidən "Esse nədir və onu necə yazmaq lazımdır" sualına cavab verməyi xahiş etmişdir.

 

"Esse" əslən latın sözüdür, oradan fransız dilinə, fransız dilindən də bir sıra başqa dillərə keçib. İlkin mənası "götür-qoy edərək mühakimə yürütmək" deməkdir. Söz bu mənanı, demək olar, indi də saxlamaqdadır. Yəni müasir anlamda esse müəllifin konkret mövzu ilə bağlı faktları, təəssüratları, fərdi düşüncələri ölçüb-biçərək mühakimə yürütdüyü kiçikhəcmli, sərbəstkompozisiyalı yetkin əsərdir.

Qabiliyyət imtahanı zamanı essenin mövzusunu TQDK verir. Abituriyent mövzu ilə tanış olduqdan sonra xəyalında yazının planını qurur:

1) Giriş; 2) Əsas hissə; 3) Nəticə.

Təxminən 3-5 cümlədən ibarət giriş hissədə abituriyent mövzuda "gizlənmiş" problemin mahiyyətini, onun açıqlanma yönlərini müəyyənləşdirir, fikrin cövlanı üçün sanki qapı açır. Nümunə olaraq İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyasının əməkdaşı, "Dəyərlər" Jurnalistika Məktəbinin məzunu Aqşin Əsgərovun "31 mart - azərbaycanlıların soyqırımı günü" yazısına (www.deyerler.org) diqqət yetirək. Müəllif yazıya belə başlamışdır: "1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir". Göründüyü kimi, giriş üçcə cümlədən ibarətdir. Bu üç cümlə ilə elə bil planlaşdırılan "ev"in "bünövrə"si qoyulmuşdur. Başqa bir müəllif bu "bünövrə"ni başqa cür də qura bilər. Məsələn, "soyqırım" sözünün mənasını açmaqla: "Soyqırım hər hansı milləti, etnik, irqi və ya dini qrupu ya bütövlükdə, ya da qismən məhv etmək niyyəti ilə həyata keçirılən qanlı əməliyyatdır. Misal olaraq II Dünya müharibəsi illərində faşist Almaniyasının yəhudiləri, qaraçıları, serbləri kütləvi surətdə qırmasını, 1995-ci ildə Bosniya serblərinin Bosniya müsəlmanlarını öldürmələrini göstərmək olar. XX əsrin ən dəhşətli soyqırımlarından biri də 1918-ci il martın 31-də erməni daşnaklarının Bakıda, Şamaxıda, Qubada, Qarabağda və Azərbaycanın başqa yerlərində türk-müsəlman əhalisinə qarşı törətdikləri qanlı aksiyalar olmuşdur".

"Ev"in neçə "mərtəbə"li olacağı verilmiş mövzunun tutumundan və müəllifin onu necə "layihələşdirməsindən" asılıdır. Bu "mərtəbə"lər essenin əsas hissəsində abzaslar şəklində əksini tapır. Aqşin Əsgərovun essesi ("tikdiyi ev") yeddi abzasdan ("mərtəbədən") ibarətdir. Onların sayını azaltmaq və ya artırmaq da olar.

Essenin əsas hissəsi tezis-arqument formasında qurulur. Tezis fikrin bir, yaxud iki cümlə ilə ifadəsi, hansısa müddəanın irəli sürülməsidir. Arqument isə irəli sürülən tezisin gerçək hadisələrlə, faktlarla, tanınmış şəxsiyyətlərin fikirləri ilə əsaslandırılmasıdır. İki arqumentdən istifadə etmək daha yaxşıdır: bir arqument oxucunu inandırmaya bilər, üç və daha çox arqument isə üslubu ağırlaşdırar. Hər tezis və onun arqumentlərlə əsaslandırılması bir abzas təşkil edir. Binanın mərtəbələri arasında bağlanc olduğu kimi essenin abzasları arasında da məntiqi əlaqə olmalıdır.

Yazının nəticə hissəsi binanın damını xatırladır. Burada mövzuya (girişə və əsas hissəyə) yekun vurulur, araşdırılan problemin indiki vəziyyəti göstərilir. Aqşin Əsgərov nəticə hissəsində erməni vəhşiliyinin, qanlı hadisələrin hələ də davam etdiyini bildirir, Allahdan Qarabağa azadlıq diləyir: "1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı. Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Erməni silahlı qüvvələri ərazimizin 20 faizini işğal etdiyi zaman minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.

Bu, erməni faşizminin yalnız bir əsrdə törətdiyi qısa icmaldır...

Allahım, Qarabağın azadlığını tezləşdir!".

Sonluq hissədə problemin ədalətli həlli ilə bağlı tövsiyələr də verilə bilər.

Essenin əsas əlamətləri bunlardır:

1. Kiçik həcm (əlyazma ilə 3-4 səhifə);

2. Konkretlik. Esse mövzusunda yalnız bir məsələ qoyulur və həmin məsələdən kənara çıxmaq məsləhət görülmür (Zəruri məqamlarda mövzu ilə bağlı qısa haşiyələr çıxmaq olar);

3. Kompozisiya sərbəstliyi. Abituriyent mövzudan yayınmamaq və məntiqi ardıcıllığa əməl etmək şərtilə kompozisiyanı istədiyi formada qura bilər;

4.Üslub aydınlığı. Essedə hədsiz mürəkkəb cümlələrə, dolaşıq fikirlərə, eyni sözlərin tez-tez təkrarlanmasına, yersiz rəsmiyyətə, təmtəraqlı, pafoslu ifadələrə, qeyri-etik deyimlərə yol vermək olmaz. Ədəbi dilin normalarına, orfoqrafiya qaydalarına əməl edilməli, durğu işarələri yerli-yerində qoyulmalıdır.

Tövsiyələr:

- Qısa və aydın yazın;

- Qazanmış olduğunuz bilikləri nümayiş etdirməklə sərbəst düşüncə tərzinizi ortaya qoyun;

- Mövzudakı problemə və onun həlli yollarına öz münasibətiniz olsun.

Nümunə olaraq Ədalət Daşdəmirlinin 2010-cu il oktyabrın 15-də "Azərbaycan müəllimi" qəzetində dərc olunmuş yazısı əsasında hazırlanmış (esse formasına salınmış) variantını təqdim edirəm: 

Mübarizləri olan Vətən basılmaz!

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı dillər əzbəridir. Haqqında kitablar, şeirlər, mahnılar yazılır, filmlər çəkilir. Bu cəsur insanın yüksəldiyi zirvə Azərbaycanın və eləcə də bütün türk dünyasının hər yerindən görünür. Bu zirvəyə gedən yol isə Biləsuvar rayonunun Əliabad kəndindən başlanıb. Mübariz 1988-ci il fevralın 7-də bu ünvanda dünyaya göz açmışdı. Məhz həmin ildə, həmin ayda erməni işğalçıları Azərbaycanımızın əzəli və əbədi hissəsi olan Qarabağ bölgəsində ərazi iddiası ilə çıxış etməyə başlamışdılar. Bəlkə də, İlahi Mübarizi bu yağılarla mübarizə aparacaq bir oğul kimi dünyaya gətirmişdi.

Mətbuatdan aldığım məlumata görə, hələ orta məktəbdə ikən Mübariz dərslərini əla oxumaqla yanaşı, fiziki gücünü artırmaq, sağlam və dözümlü olmaq üçün boksla da məşğul olarmış. Dostlarının və müəllimlərinin xatirələrində oxumuşam ki, Mübarizin daxilində həmişə bir narahatlıq, bir nisgil olarmış. Torpaqlarımızın düşmən tapdağı altında qalması nisgili. Erməni işğalçılarının atəşkəsi tez-tez pozmaları, mövqelərimizi atəşə tutmaları ona bir an belə rahatlıq verməzmiş. Onun qəlbində daim düşmənə qarşı intiqam hissi alovlanarmış.İllərdən bəri işğal altında inləyən torpaqlarımızın harayı, doğma yurd-yuvasından didərgin düşmüş minlərlə soydaşımızın və bu savaşda şəhid olmuş oğullarımızın ruhları ona dinclik verməzmiş. Bu hisslərə görə də o, hərbçi peşəsini seçərək düşməndən qisas almağa and içibmiş. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra o, müqəddəs arzusunu gerçəkləşdirmək üçün könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətini davam etdirirdi...

Mübariz İbrahimov 2010-cu il iyunun 18-dən 19-a keçən gecə düşmənlə təmas xəttinin kənarında əsgər pencəyini çıxarıb bir qədər əvvəl yazdığı sonuncu məktubu və əl telefonunu onun cibinə qoyur. Silahını çiyninə alaraq təmas xəttinin o tərəfinə keçir. Cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl cəngavər kimi düşmənin bağrını yarır. Ermənilər əvvəlcə elə zənn edirlər ki, onlara qarşı Azərbaycan ordusu hücuma keçib. Gecənin qaranlığında çaşbaş qalan düşmən ağır itkilər verir və Mübariz özü də canından artıq sevdiyi Vətən uğrunda qəhrəmancasına həlak olur.

Həmin gün təmas xəttinin kənarından Mübarizin əsgər pencəyi tapılır, cibindən isə bu məktub çıxır: "Atama və anama məktub.

Canım atam və anam, məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdür. Vətən sağ olsun.

Oğlunuz Mübariz.

Haqqınızı halal edin".

Bəli, Mübariz İbrahimov şərəfli ölümü ilə, qəhrəmanlığı ilə Azərbaycan oğlunun, Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bu şücaəti ilə o biz Azərbaycan gənclərinə nümunə göstərdi, başucalığı gətirdi.

Respublika Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Mübariz İbrahimov torpaqlarımızın azadlığı uğrunda rəşadətli və müstəsna xidmətlərinə görə "Azərbaycanın Milli Qəhrəmanı" adına (ölümündən sonra) layiq görülmüşdür.

Ölkəmizdə Mübariz tək deyil. Biz gənclərin hər birinin ürəyində Vətən eşqi alovlanır. Qarabağ probleminin dinc yolla həlli variantları baş tutmazsa, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi ilə biz hamımız yumruq kimi birləşərək torpaqlarımızı quduz düşməndən azad edərək qaçqınlarımızın və məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıtmalarına imkan yaradacağıq. Mübarizləri olan Vətən heç zaman basılmayacaq. Mübarizin yüksəldiyi şəhidlik zirvəsi, Milli Qəhrəman adı həmişə uca tutulacaq, Xankəndində, Şuşada üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, Mübariz İbrahimovun da əzəmətli heykəli ucalacaqdır.

 

Azərbaycan müəllimi.- 2015.- 23 may.- S.13.