Səid Rüstəmovla bağlı xatirələr

 

Bu dəfə "Ömrün gizli səhifələri"ndə tanınmış bəstəkar, dirijor, pedaqoq, Azərbaycanın xalq artisti Səid Rüstəmovun həyat və yaradıcılıq səhifələri vərəqlənəcək. Əvvəlkilərdən fərqli olaraq bu sayımızda qəhrəmanımız barədə həm qızı, həm də tələbəsi danışacaq.  Səid Rüstəmovun qızı Rəna Rüstəmova ilə evində görüşürəm. Xarici görünüşdən atasına çox bənzəyən gözəl bir xanım var qarşımda. Görüşümüz atasının doğum gününə təsadüf edir. Fəxri xiyabandan yeni qayıdıblar. Deyir ki, qızım, mənim atam elə müəllim kimi doğulmuşdu. Onda o qədər uşaq sevgisi var idi...

 

- Ata kimi nümunəvi ata idi. Uşaqları həddən artıq çox sevirdi. Amma xaraktercə çox sərt və əsəbi idi. Bəzən onun bir baxışı səhvlərimizi başa düşməyə bəs edirdi. Kobud səhvlər edəndə bizi cəzalandırırdı. Bir qardaşımız Altay 4 yaşında bədbəxt hadisədən vəfat etmişdi. Hərdən zarafatla anama deyirdi ki, Bikə, bu evə yenə uşaq lazımdır.

- Bildiyim qədəri ilə atanız İrəvanda doğulub, bir müddət Türkiyədə yaşayıb.

- Yox, Türkiyədə adətən seyidlərin yaşadığı İydəli adlı bir yer var. Atamın əsli ordandır. Sonra  İrəvana köçüblər. Atam danışırdı ki, İrəvanda evləri Göy Məscidin yanında olub və seyid olduqları üçün ocaq sayılıb. Əsl adı Mircabbar Seyidrüstəmzadədir. Bakıya gələndə pasport verilən yerdə ermənilər, ya da ruslar işləyirdi. Orda işləyənlər deyir ki, bu nə addır, çox uzundur. Atam məcbur olur ki,  Səid Rüstəmov kimi yazdırsın.

Babam rəhmətə gedən kimi nənəmi uşağı olmayan başqa bir dul kişiyə ərə verirlər ki, onun üçün uşaq dünyaya gətirsin. Atam son gününə qədər o səhnəni unuda bilmirdi, deyirdi ki, nəfəsim kəsilənə qədər anamı aparan faytonun dalınca qaçdım. Atamın iki ögey qardaşı olub. Bundan başqa atamgil üç qardaş, bir bacı olublar.  Atam uzun illər böyük qardaşının yanında yaşayıb. 1918-ci ildə ermənilər onun qardaşını elə gözlərinin qarşısında öz evində doğrayıb, evlərini talan ediblər.

Sonra Gəncəyə köçüb gəlirlər, burda da onların evinə ermənilər hücum edir. Məcbur olub Ağdaşa köçürlər. Ağdaşda həyat yoldaşı Bikə xanımla tanış olur. Sonra hər ikisi Bakıya gəlir. Anam tibb təhsili alır, atam isə müəllimlər texnikumuna daxil olur və 1930-cu ildə ailə həyatı qururlar. Onların Rafiq, Tamilla, Eldar və Rəna adlı 4 övladı dünyaya göz açır.

 - Nənənizin və babanızın adı nə olub?

- Atamın anasının adı Leyli idi. Atam xahiş edirdi ki, nəvələrimdən  birinə anamın adını verin. Mən qızıma qoydum. Babamın adı Mirəli olub.

- Adlarınızı kim qoyub?

- Mənim adımı Tamilla qoyub. Digərlərini anam və atam.

- Nəslinizdə atanızın adını daşıyan varmı?

- Bəli. Nəvəmin adı Səiddir. Eldarın qızının adı Səidədir.

- Atanıza musiqi istedadı kimdən keçib?

- Mənim bildiyim qədər nənəm Leylidən keçib. Nənəm harda ritm eşidirmiş oynayırmış. Daraqdan qarmoşka düzəldib, onda musiqi ifa edirmiş.

- İrəvanlı günlərindən başqa nə danışırdı?

- Onların orda dükanı var imiş. İrəvanı xatırlayanda həsrət çəkirdi. Deyirdi çox yaxşı yaşayırdıq. Atam İrəvana heç bir zaman Yerevan deməzdi. Elə ölənə qədər də İrəvan deyərdi.

- Sonralar İrəvana getmişdi?

- Əlbəttə, orkestrlə qastrol səfərlərinə gedirdi. İrəvanda olanda, səhnədə deyib mən burda doğulmuşam. Bütün zal gurultu ilə alqışlayıb.

- Musiqi ilə harada məşğul olmağa başlayıb?

- O, Ağdaşda aktyorluq edirdi. Atam müxtəlif tamaşalarda qadın obrazları da oynayıb. Az da olsa piano çalmağı bacarıb. 1924-cü ildə xalq rəssamı İsmayıl Axundov və atam rəssamlığa getmək qərarına gəlib. 3 gün imiş rəssamlıq məktəbində oxuyurmuş. Pəncərədən gələn musiqi səsinə heyran olub. Bir nəfər onun musiqiyə olan marağını görüb Üzeyir bəyin yanına gətirib. Atam Üzeyir bəyi tanımırmış. Üzeyir bəy onu sual-cavab edə-edə atam fikirləşirmiş ki, mən bu kişini haradasa görmüşəm. Üzeyir bəyin sual-cavabı bitəndən sonra atamı gətirən adam soruşur ki, kimin sinfinə yazaq, Üzeyir bəy? Üzeyir bəy də deyir ki, notu mənim, muğamatı da Mirzə Mansurun sinfinə yazın. Səid bala, sən də sabahdan dərsə gəl, tarı sənə mən bağışlayıram. Yemək-içməyinə də fikir ver. Mat-məəttəl ayaq üstə duran atamın peşəkar musiqi təhsili belə başlayıb.

- Üzeyir bəylə bağlı hansı xatirələri var?

- Deyirdi ki, Üzeyir bəy bizi tez-tez evinə dəvət edərdi. Bir dəfə onlara gedəndə yemək yeməyə utanıb. Deyib çörək yemişəm. Üzeyir bəy yoldaşına deyib, yeməyi çörəksiz gətir. Atam da bir neçə qab yeyib. Üzeyir bəy deyib ki, ay Səid, sən toxsan bu qədər yeyirsən, ac olsan nə qədər yeyərsən?!

Sovet hökuməti yeni qurulanda muğama, milli çalğı alətlərinə qarşı mənfi fikir formalaşdırırdılar. Üzeyir bəy atamı çağırıb deyib ki, Səid, bunlar tara qarşı əks-təbliğat aparırlar, biz tarı qorumalıyıq. Sən Avropa, Qərb ölkələrinin əsərlərini tarda çal, qoy görsünlər ki, tarda nəinki muğam, xalq mahnıları, klassik əsərlər də çalınır. Sonra deyirdi, Səid, sən tarı oturub çalma, ayaq üstə çal. 1935-ci ildə yazdığı "Tar məktəbi" kitabında da atam bütün qaydaları göstərib.

- Özü də müəllim olub. Kimlərə dərs deyib?

- Onun məktəbdəki şagirdləri arasında gələcəkdə Mixaylo ləqəbi ilə tanınacaq Mehdi Hüseynzadə də olub. Atam deyirdi ki, Mehdini uşaqların arasından seçmişdim, gördüm balaca boyu ilə çox ağıllı, dərrakəli oğlandır. Mehdi Hüseynzadə ilə onun şəkli də var.

- Atanızla birlikdə hansı xarici ölkələrdə səfərdə olmusunuz?

- Moldovoda, Baltikyanı ölkələrdə və Rusiyada olmuşuq. Moldovada olanda Şövkət xanım və Gülağa müəllim də getmişdilər. Bir dəstə adam bizə yaxınlaşıb başladı türk dilində danışmağa. Qaqauzlar idi. Atam çox təəccübləndi, həm də sevindi.

- Övladlarını hansı peşə sahibi kimi görürdü?

- Onu deyə bilmərəm. İki qardaşım və bacım musiqiçidir. Özü bəstəkar idi. Uşaqlar gəlib evdə də musiqi ilə məşğul olanda ona işləmək üçün ancaq gecələr qalırdı. Ona görə dedi ki, Rənanı musiqiyə verməyəcəyəm. Amma mən də musiqiyə getmək istədim. Evimizin yanındakı məktəbə getdim. Etiraz etmədi.

- Bacınızın filmdə oynamağına etiraz etmişdi?

- Bacım uşaqlıqdan kino aktrisası olmaq istəyirdi. Atam dedi ki, yox, əvvəl sənətin olsun, sonra danışarıq. Tamilla oxudu, bitirdi, ailə həyatı qurdu, uşağı oldu. Amma atamın ürəyində qalmışdı qızının aktrisa olmaq istəyi. Bir dəfə küçədə kinorejissor Həbib İsmayılov atamla qarşılaşır. Həbib müəllim deyir film çəkirəm, amma baş rola qadın aktrisa tapa bilmirəm. Atam deyir qızım gəlir Moskvadan, istəyirsən ona baxın. Və rejissor da onu görən kimi deyir ki, bu Mayadır ("Böyük dayaq" filmi). Bacım ondan sonra cəmi bir filmə çəkildi. "Ulduz"da Ulduz rolunu oynadı. İndi isə ailəsi ilə birlikdə Rusiyada yaşayır.

- Atanızın ən yaxın dostu kim idi?

- Qardaşıoğlu Mirməmməd idi. Atamdan 5-6 yaş kiçik idi.  Atam qohumlarını çox sevirdi.

- Üzeyir bəyin tərbiyəsini alanlar öz tələbələrini qoruyurdu. Atanız kimlərə kömək etmişdi?

- Atam çox səxavətli idi. Mümkün qədər insanlara əl tuturdu. Amma bircə böyük qardaşım bilirdi bunu.

- Səid müəllim hansı əsərini sevirdi?

- Mənə elə gəlir ki, onun şah əsəri "Qurban adına"dır. Atam müğənnilərdən ən çox Şövkət Ələkbərova və Gülağa Məmmədovu sevirdi. Onlarla işləyəndə deyirdi, necə yazmışam elə də ifa etməlisiniz. Atamın böyük xidmətlərindən biri də rayonlarda xalq mahnılarını toplayıb nota alması olub. İndi də bütün Şərq atamın "Tar məktəbi" dərsliyi ilə tarı mənimsəyir.

- Atanız hansı yazarları oxuyurdu?

- Atamın Azərbaycan və rus dillərində zəngin kitabxanası var idi. Gi de Mopassan, Onore de Balzakın əsərlərinə xüsusi önəm verirdi. O dövrdə bu yazarları tapıb oxumaq çətin idi. Kitabları almaq üçün siyahı tuturdular. Atam deyirdi get kitabları yazdır, mən də gedib yazıb qol çəkirdim.

- Ananız tibb sahəsində çalışdı?

- Anam Tibb Universitetində mühazirələr oxuyurdu. 1971-ci ildə vəfat etdi. Atam 12 il onsuz yaşadı. Onun vəfatından sonra çox darıxdığı, həsrət çəkdiyi hər halından bəlli idi.  Atam artistlərlə çox ünsiyyətdə olduğu üçün anam onu həmişə qısqanıb. Amma atam üçün hər şeydən əvvəl öz ailəsi olub.

- Atanızın hansı çətinlikləri olub?

- Maddi heç bir çətinliyi olmayıb. Qızım, hər adamın həyatında mənəvi çətinliklər olur. Böyük qardaşım və bacım hər ikisi başqa millətdən olan insanla ailə həyatı qurmuşdu. Atam bir gün məndən soruşdu ki, qızım sən kiminlə ailə həyatı quracaqsan? Mən də dedim ki, ata, mən ancaq azərbaycanlı ilə evlənəcəyəm. Sevincdən gözləri doldu. Sədası indi-indi mənə çatır ki, atam bunu hamıya danışıbmış. Atam son zamanlar nəsə tez-tez yuxuma girir.  Nəsə  deyir,  harasa  aparmaq  istəyir. İki gün qabaq da gördüm nəsə hirsləndi mənə.

- Atanızın vəfatı ərəfəsində burdaydınız? Necə xatırlayırsınız?

- Yoldaşımla xaricdə idik və bacıma zəng vurdum ki, uzun müddətdir mənə zəng vurmursunuz. Nə olub? Bacım dedi ki, atamız infarkt keçirib. İyunun əvvəli gəldik Bakıya, ata onda xəstəxanada idi. Xəstəxanadan sonra Mərdəkanda bağa apardıq onu. Hamımız getdik yanına, elə sevindi. Heç yadımdan çıxmaz...

Gözləri dolur, danışa bilmir. Bir müddət başqa mövzulardan danışırıq. Sonra yenidən qayıdırıq mövzumuza:

- Bağdan gedəndə bizə balkondan əl elədi. O görüntünü unuda bilmirəm. O bizimlə vidalaşırdı. İki gündən sonra bizə zəng gəldi ki, atam vəfat edib.

- Vəsiyyəti nə oldu?

- Heç bir vəsiyyət eləmədi.

Biz də söhbətimizi elə burdaca yekunlaşdırıb, sağollaşırıq.

Səid müəllim barədə onun tələbəsi də danışmaq istəyir. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımovun otağına daxil olanda bir şəkil göstərir və deyir ki, 1977-ci il, Səid Rüstəmov və mən.

- Nazim müəllim, Səid Rüstəmovla ilk tanışlığınızı necə xatırlayırsınız?

- 1973-cü ildə, o zaman Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına Səid Rüstəmovun sinfinə qəbul oldum. Çox sevinmişdim, çünki onun "Tar məktəbi" kitabı musiqi məktəbində bizim stolüstü kitabımız idi. İxtisas dərsləri qrup şəklində olmurdu, Səid müəllim mənimlə fərdi məşğul olurdu. O, Azərbaycanda yeganə bəstəkar idi ki, 4 mahnısına görə SSRİ Dövlət Mükafatı laureatı adına layiq görülmüşdü.

- İlk dərs gününüzü necə xatırlayırsınız?

- Qəbul imtahanında çaldığım mahnını ilk dərsdə ifa etdim. Dedi qoçaq oğlansan, sən taleyin gərdişi ilə mənim tələbəm olmusan. Başqa bir sinfə də düşə bilərdin. Amma mənim sinfimə düşmüsən, sən gələcəkdə böyük şəxsiyyət olacaqsan və adımı minlərlə yerdə çəkəcəksən.

- Bir müəllim kimi yaddaşınızda necə qalıb?

- Tələbə düzgün çalmasa, hirslənərdi. Amma sakit insan idi, bizə dərs deyəndə artıq 66 yaşında idi. Səid müəllimin sinfini 1978-ci ildə bitirdim, sonra təyinatla rayonda işlədim, 1981-ci ildən Səid müəllimlə çiyin-çiyinə eyni kafedrada çalışdım. İşə yeni başlamışdım, dəhlizdə gedirdim, arxadan bir əl yavaşca kürəyimə toxundu. Çevrildim, gördüm Səid müəllimdir. Mənə dedi ki, sənə demişdim böyük adam olacaqsan, artıq mənimlə çiyin-çiyinə çalışırsan. Belə zarafatları da var idi...

- Tələbələrini necə qoruyurdu?

-  Səid müəllim bütün tələbələrinə bacardığı qədər kömək edirdi. Konservatoriyada olan istedadlı tələbələrin hamısını orkestrdə işlə təmin edirdi. Onları öz doğmaları kimi təqdim edib hamısının problemini həll etməyə çalışırdı.

Mənə də kömək etdiyi zamanlar az olmayıb. Bunlardan iki epizodu sizə də danışmaq istəyirəm. Mən ikinci ali təhsilimi konservatoriyada almışam. I kursun sonunda məni hərbi xidmətə çağırmışdılar. Biləndə ki, məni çağıran hərbi komissar Üzeyir bəyin bacısı nəvəsidir, ona böyük bir namə yazdı. Lakin komissar kömək etməyə çalışsa da, mən özüm əsgərliyə getdim.  Hərbi xidmətdə olduğum zaman bizi Bakıya, dəmiryol briqadasına gətirdilər. Sentyabrda Səid müəllimlə görüşmək üçün icazə aldım. Səid müəllim dedi ki, sən həm əsgərliyini çəkə, həm də təhsilini davam etdirə bilərsən. Respublika hərbi komissarlığının, rektorluğun qarşısında məsələ qaldırdı və mən dərslərimə davam etdim. İlim itmədi.

Bir dəfə də hərbi xidmətdə olanda məndə dəri xəstəliyi yaranmışdı, tar çala bilmirdim. Səid müəllim məni öz yaxını kimi həkimin yanına aparıb,  müayinə etdirdi. Biz xəstəxanadan çıxanda gördüm Səid müəllim özünü pis hiss edir. Amma nə qədər təkid elədim icazə vermədi onu evə ötürüm. Bir həftə xəstə yatdı, dərsə gəlmədi. İkinci həftə gələndə dedi ki, Nazim bala, bilirsən sənə niyə get dedim, səninlə konservatoriyadan bir yerdə çıxmağımızı hamı gördü. Qorxdum mənə nəsə olar, deyərlər Nazimlə getmişdi. Elə bilərlər sən nəsə etmisən.

- Son görüşünüzü necə xatırlayırsınız?

- İyun ayı idi, dərslər qurtarmışdı. Xəbər gəldi, Səid müəllim vəfat edib. Çox pis olmuşdum. O bizə təkcə müəllim yox, həm də valideyn olmuşdu.

 

Rüfanə GÜNƏŞ

 

Azərbaycan müəllimi.- 2015.- 23 may.-S.12.