Şərəfli pedaqoq
ömrü
Müəllim adı ali, müqəddəs bir müraciət forması olmaqla yanaşı, həm də şübhəsiz, daşıyıcısının üzərinə böyük məsuliyyət qoyur. Müəllimlik peşəsinə gəlincə isə bu təkcə elm öyrədən, gəncləri, insanları elmin sirlərindən hali edən demək deyil. Müəllim öz şəxsi nümunəsi ilə hamıya həyat dərsi keçir, ali insan fenomeni formalaşdırır, bir ömürlə neçə ömrə örnək olur.
Deyirlər, dünya elmin nuru ilə ziyalanır, əqldən qüvvət alır, mənəvi dayaqlar üzərində möhkəmlənir. Professor Akif Abbasovun ömür yoluna nəzər salsaq, mübaliğəsiz dünyanın məhz belə insanların, alimlərin, müəllimlərin, ataların, oğulların çiynində dayandığına şübhə etmərik.
Bu gün dünya alimlərinin ən çox maraq göstərdiyi elmlər sırasında dayanan pedaqogika elmi Azərbaycanda məhz belə alimlərimizin əməyi sayəsində parlaq bir dövrünü yaşamaqdadır.
Akif müəllimi tanıyanlar onun barəsində həmişə xoş sözlər söyləyirlər. Birmənalı şəkildə deyirlər ki, o, bilikli alimdir, mehriban insandır. Bu təcrübəli pedaqoq kollektivdə qayğıkeşliyi, sadəliyi, təvazökarlığı, saflığı, yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən adamdır.
Professor Akif Nurağa
oğlu Abbasovun mayın 28-də 65 yaşı
tamam olur.
65 illik ömrünün 40 ildən çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr
etmək, bu illərdə öz pedaqoji ustalığını
daim təkmilləşdirmək,
adi qəzet müxbirindən tanınmış
alim-pedaqoqa çevrilmək,
təlim verdiyi on minlərlə insanın sevimlisi olmaq, həqiqətən də,
böyük zəhmət
və fədakarlıq
tələb edir. Belə yaşamın bir adı var - şərəfli pedaqoq ömrü.
Belə ömür yaşayır Akif müəllim. Şərəfli
pedaqoq ömrünü
o, indi də davam etdirir: yazır, yaradır, müəllimlərin, elmi
işçilərin daim
köməyinə gəlir,
tədris və təlimdə yenilikləri,
pedaqoji innovasiyaları
öyrənməkdə, işdə
tətbiq etməkdə
onlara yardımçı
olur.
Həyatda elə insanlar var ki, onlarla
ünsiyyətdə olmaq
həmişə insana
zövq verir, hər dəfə onlardan nəsə öyrənirsən, səni
narahat edən suallara cavab tapırsan. Belə insanlara həyatın
bütün sahələrində
rast gəlinir - istər siyasətdə, istər mədəniyyətdə,
istərsə də elmdə.
Tanınmış ziyalı, minlərlə tələbəyə elm öyrətmiş
insan haqqında yazmaq həm məsuliyyətlidir, həm
də şərəfli. Axı alimin
böyüklüyü onun
mənəviyyat dünyası
ilə intellektual aləminin harmoniyasıdır.
Digər
tərəfdən isə
bu məsuliyyət həmin alimin nüfuzu, elmə verdiyi töhfələri,
insanlara, vətənə,
millətə, dövlətə
münasibəti ilə
bağlıdır.
Akif Abbasov 1950-ci il
mayın 28-də Əli
Bayramlı (indiki Şirvan) şəhərində
anadan olmuşdur. Burada N.Nərimanov adına 2 nömrəli
orta məktəbi bitirdikdən sonra
1967-1968-ci illərdə "İşıq" şəhər
qəzetində müxbir
işləmişdir. 1968-1973-cü illərdə M.F.Axundov adına Azərbaycan
Pedaqoji Dillər İnstitutunun ingilis və Azərbaycan dilləri fakültəsində
təhsil almışdır.
Təyinatla Sabirabad rayonunun
Şıxsalahlı və
Qaragünə kənd
orta məktəblərində
ingilis dilini tədris etmişdir.
1975-ci ildə Azərbaycan Elmi-Tədqiqat
Pedaqoji Elmlər İnstitutunun Tərbiyənin
ümumi problemləri
şöbəsinə müsabiqə
yolu ilə kiçik elmi işçi qəbul olunmuşdur. Sonra orada
elmi işçi, baş elmi işçi,
şöbə müdiri
vəzifələrində işləmişdir.
1987-ci ildə namizədlik,
1995-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1992-1998-ci illərdə Bakı Ali Pedaqoji Qızlar Seminariyasında (indiki Bakı Qızlar Universiteti) elmi işlər üzrə prorektor olmuşdur. 2003-cü ildən Bakı Dövlət Universiteti nəzdində psixologiya elmləri üzrə dissertasiya şurasının elmi katibi təyin olunmuşdur. Azərbaycan, rus və ingilis
dillərində nəşr
edilən "Təhsil,
mədəniyyət, incəsənət"
elmi-nəzəri və
metodik jurnalının
redaktorudur. 2000-ci ildən Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun
elmi katibidir.
Akif Abbasov ədəbi-pedaqoji fəaliyyətə
1966-cı ildən başlamışdır. İlk mətbu
yazısı Əli Bayramlı şəhər
qəzeti - "İşıq"da
çıxmışdır. Bundan sonra dövri mətbuatda bədii və elmi-kütləvi əsərlərlə vaxtaşırı
çıxış etmişdir.
Rus və ingilis dillərindən tərcümələri
"Dünya", "Bağban"
almanaxlarında, jurnallarda
dərc olunmuşdur.
Orta və ali məktəblər
üçün bir sıra dərslik, elmi-metodiki əsər və proqram yazıb çap etdirmişdir.
Akif Abbasov bir çox pyesləri rus dilindən Azərbaycancaya
tərcümə etmiş
və onlar respublika radiosunun "Firuzə" tələbə
teatrında səslənmişdir. Professorun
1986-cı ildə tərcümə
etdiyi "Andro və Sandro" pyesi (müəllif: Georgi Xuqayev) 1987-ci ildə respublika radiosunun "Ədəbi-dram
verilişləri" redaksiyasında
səsləndirilmişdir. Radiotamaşanın rejissoru görkəmli sənətkar Həsən
Əbluc olmuşdur.
Bu tamaşanı tanınmış Azərbaycan
aktyorları səsləndirmişdilər.
A. Abbasov Azərbaycan
Maarif Nazirliyinin "Qabaqcıl maarif işçisi" döş
nişanına və fəxri fərmanına layiq görülmüşdür.
Akif Abbasova
2004-cü ildə professor elmi
adı verilmişdir. O, 26 dekabr
2006-cı il tarixində "Tərəqqi"
medalı ilə təltif edilmiş, 2007-ci
ildə "Qızıl
qələm" mükafatına
layiq görülmüşdür.
A.Abbasov 24 aprel 2009-cu ildən etibarən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi
üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin
1 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə
"Azərbaycan Respublikasının
əməkdar müəllimi"
fəxri adına layiq görülmüşdür.
Uca Tanrı
alimi xoş gündə-saatda yaratmışdır. Ona parlaq
istedad, fenomenal yaddaş, bitib tükənməyən səbr,
iradə, yüksək
daxili mədəniyyət
bəxş etmişdir.
Hər günü
müxtəlif elmi, ictimai-siyasi tədbirlərə
qatılmaqla, o cümlədən
rəhbərlik etdiyi doktorant, dissertantlarla fikir mübadilələri,
məsləhətləşmələr aparmaqla başa vuran tanınmış alim ayları, illəri arxada qoyaraq artıq ömrünün yuvarlaq
65-ci ildönümündədir.
Təbiətən sadə, təvazökar insan Akif Abbasov
yubiley ərəfəsində
də ümumi məqsədə bağlı
fəaliyyəti ilə
məşğul görünür. Əslində, istər peşəsindən,
istərsə də xarakterindən irəli gələrək onun üçün şəxsi
maraqlar nəinki ikinci, bəlkə onuncu yerdədir. Başqalarının ən xırda
əlamətdar hadisəsini
hamıdan əvvəl
yada salan, dəyərləndirən görkəmli
ziyalı özünün
ömür zirvəsinin
65 illik bayramını
sanki unudub. Lakin ömür hər insana bir dəfə verildiyi kimi, onun hər ili,
xüsusən də
65 yaşı - cavanlığın
qocalığı, qocalığın
cavanlığı ərəfəsi
kimi yad edilməli, bölüşülməli,
qeyd edilib xatırlanmalı hadisədir.
Bir çox
ixtiraların müəllifi
olan A.Fleminq demişdir ki, mən ona görə
xoşbəxtəm ki,
müəllimimin qapısı
daim mənim üzümə açıq
olmuşdur. Bu fikirlə
mən tam razıyam.
Ən azı ona görə
ki, Akif müəllim kimi alimin ən sevimli doktorantıyam.
Pedaqogika
elmimizin inkişafına
bağlı illər bizdən uzaqlaşıb tarixin səhifəsinə
dönsə də, bizimlədir və ümid edirik ki, 4 onillik qədər
bir zaman kəsiyində pedaqogika elminin təəssübünü
çəkmiş, onu
inkişaf etdirmiş,
eyni zamanda, mənəviyyatı, yüksək
əxlaqi keyfyyətləri
ilə yüzlərlə
alim-tədqiqatçıya yaxşı örnək olmuş, bu gün də böyük enerji, yaradıcı ruhla fəaliyyət göstərən
tanınmış alim,
professor Akif Abbasov bundan sonra da
böyük uğurlara
imza atacaq.
Əziz elmi rəhbərim, Sizi 65 illik yubileyiniz
münasibətilə ürəkdən
təbrik edir, yeni-yeni uğurlar arzulayıram.
Müjkan MƏMMƏDZADƏ,
Təhsil Problemləri
İnstitutunun doktorantı
Azərbaycan müəllimi.- 2015.-
23 may.-S.8.