25 yaşlı musiqi təhsili ocağı

 

Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbi 1990-cı ildə 6 sinif otağı, 9 müəllim, 4 ixtisas üzrə 60 şagird olmaqla fəaliyyətə başlamışdır. Ötən müddət ərzində məktəbin müəllim kollektivi işlərini daim günün tələbləri səviyyəsində qurmağa çalışmış, şagirdlərin ibtidai musiqi təhsilinə yiyələnməsində fəallıq göstərmişdir. Hazırda məktəbdə 214 şagird 7 ixtisas üzrə ibtidai musiqi təhsili alır. Fəaliyyəti dövründə onlarla yetirməsi təhsil aldıqları məktəbdə müəllim kimi çalışaraq gənc nəslin musiqi tərbiyəsində fəallıq göstərir. Məktəb uyğunlaşdırılmış binada yerləşsə də rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olmuş, onun maddi-texniki bazasının möhkəmlənməsində, yeni inventar və avadanlıqlarla təmin olunmasında yaxından köməklik göstərilmişdir. Rayon rəhbərliyinin məktəbin müəllim və xor kollektivini fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırması rəhbərliyin kollektivə verdiyi qiymətin bariz nümunəsidir.

Məktəbdə tədrisin gücləndirilməsi, şagirdlərin hərtərəfli estetik inkişafı üçün rəngarəng tədbirlərin keçirilməsi ənənəyə çevrilmişdir. Məktəbin daxili həyatını canlandıran tədbirlərlə yanaşı müəllim və şagird kollektivi rayonda keçirilən tədbirlərdə daim fəallıq göstərmişlər. Görülmüş işlər diqqətdən yayınmamış, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzası ilə məktəbin müəllim kollektivi yüksək səviyyədə şagird hazırlığına görə Fəxri fərmanla təltif edilmişdir. Bu gün müəllim və şagird kollektivinin, valideynlərin sevincinin hədd-hüdudu yoxdur.

Bu günlərdə Prezident İlham Əliyevin tapşırığına əsasən yeni təmir olunmuş, müasir tələblərə cavab verən rayon mədəniyyət sarayında məktəbin 25 illik yubileyi qeyd olunmuşdur.

Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısının müavini Zeynəb Əsgərova kollektivi təbrik edərək rayon icra hakimiyyəti başçısının məktəbin 25 illik yubileylə bağlı fəxri fərmanını və qiymətli hədiyyəsini məktəb rəhbərliyinə təqdim etmişdir. Çıxış edən  Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov məktəbin uğurlarından danışaraq qeyd etmişdir ki, bu tədris ocağının şagirdləri respublika səviyyəli müxtəlif müsabiqə və festivallarda böyük uğurlar qazanmışlar. O qeyd etmişdir ki, peşəkar müəllimlərin və bacarıqlı rəhbərliyin fəaliyyəti  sayəsində musiqi məktəbi mövcud olduğu 25 il ərzində yüksək tədris göstəriciləri ilə respublikanın öncül musiqi təhsil müəssisələri arasında layiqli yer tutmuşdur. Bu gün məktəbin məzunları Bakı Musiqi Akademiyasında, Milli Konservatoriyada, onun nəzdindəki Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və digər təhsil müəssisələrində musiqi təhsili alırlar. Təsadüfi deyildir ki, Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbi ali təhsilli müəllimlərinin sayına görə regional musiqi məktəbləri arasında qabaqcıl yerlərdən birini tutur. Bu da, öz növbəsində, məktəbdə tədris və tərbiyə işlərinin yüksək səviyyədə qurulduğuna dəlalət edir. Məktəbin müəllim kollektivi daim yeni metodları axtarır, çalışdıqları məktəbdə tədrisin keyfiyyətinin yüksəldilməsi, onun müasir standartlara cavab verməsi, istedadlı gənc musiqiçilərin yetişdirilməsi üçün əllərindən gələni əsirgəmirlər. Məhz bu səbəbdən məktəb, onun rəhbərliyi və müəllim kollektivi respublikanın musiqi və incəsənət ictimaiyyətinin böyük hörmətini qazanmışdır. N.Kazımov çıxışının sonunda müəllim və şagird kollektivini bir daha təbrik edərək onlara musiqi mədəniyyətinin inkişafında daha böyük uğurlar arzulamış, məktəbə xoş sözlərlə yazılmış ünvan və xatirə hədiyyəsi təqdim etmişdir.

Çıxış edənlər - rayon ziyalılar cəmiyyətinin sədri, əməkdar müəllim, rayon təhsil şöbəsinin müdiri Şükür Məmmədov, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov, rayon mərkəzi xəstəxanasının baş həkimi Beydulla Qarayev, rayon gənclər və idman idarəsinin rəisi Saleh Ələsgərov yubiley münasibəti ilə müəllim və şagird kollektivini təbrik edərək onları fəxri fərman, qiymətli hədiyyələrlə mükafatlandırmışlar. Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Hacıqabul Rayon Komitəsinin sədri,  rayon MKS-nin direktoru Daxil Həsənov məktəbin 25 ildə qazandığı uğurlarından danışaraq müəllim kollektivinibir sıra təcrübəli müəllimlərini fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırmışdır. Rayon mədəniyyət şöbəsinin sabiq müdiri Ziba Cəbrayılova məktəbin rəhbər, müəllim və şagird kollektivini təbrik edərək onlara gələcək işlərində uğurlar arzulamışdır.

Maraqlı keçən yubiley tədbiri məktəbin müəllim və şagirdlərinin ifasında rəngarəng konsert proqramı ilə başa çatmışdır.

Tədbirin sonunda çıxış edən musiqi məktəbinin direktoru Rahib Məmmədov qonaqlara minnətdarlığını bildirmişdir.

 

Sevinc NƏHMƏDOVA,

Hacıqabul Şəhər Uşaq Musiqi Məktəbinin müəllimi

 

Azərbaycan müəllimi.- 2015.- 30 may.- S.14.