Azərbaycan Memarlıq və

İnşaat Universiteti

 

"Mənim universitetim" layihəsinin budəfəki hədəfi

Azərbaycan Memarlıq və İnşaat Universitetidir

 

1920-ci ilin may ayında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamına əsasən Bakıda Politexnik İnstitutunun açılması ilə bağlı komissiya təşkil olunur. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq 1920-ci il noyabrın 16-da Nəriman Nərimanov tərəfindən Bakı Politexnik İnstitutunun təsis olunması haqqında dekret imzalanır. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1975-ci ildə Azərbaycan SSR Nazirlər Soveti ölkədə memarlıq, tikinti və iqtisadiyyatın digər sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədi ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması haqqında qərar verir. Bu qərara əsasən 1975-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun 4 fakültəsi və bir neçə ixtisas kafedrasının bazası əsasında yaradılan Azərbaycan İnşaat Mühəndisləri İnstitutu müstəqil  fəaliyyətə başlayır.    Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılır.  AzMİU 2014-2015-ci tədris ilində bakalavr pilləsində 20, magistratura pilləsində isə 37 ixtisaslaşma üzrə kadr hazırlığı aparır. Universitetdə 8 fakültə, o cümlədən xarici vətəndaşların hazırlığı fakültəsi, kollec və lisey fəaliyyət göstərir. Bundan başqa, ali təhsil ocağında ixtisasartırma fakültəsi var ki, burada da təşkil edilən ixtisasartırma kurslarında Bakı şəhəri və respublikamızın bölgələrində fəaliyyət göstərən tikinti təşkilatlarından göndərilən mühəndis-texniki kadrlar dinləyici kimi ixtisaslarını artırırlar. 2014-2015-ci tədris ilində universitetdə bakalavriat səviyyəsində 6049 nəfər təhsil alır. Onlardan 5385-i əyani, 664-ü isə qiyabi şöbənin payına düşür. 2015-ci ildən AzMİU-da 3 ixtisas üzrə SABAH qrupları fəaliyyət göstərir ki, burada da 40-a yaxın tələbə təhsil alır.  Bu tədris ilində ali təhsil ocağının magistratura səviyyəsində 485 nəfər təhsil alır ki, onlardan 407-si əyani, 78-i isə qiyabi şöbənin tələbəsidir. 2014-2015-ci tədris ilində universitetdə 792 əcnəbi vətəndaş təhsil alır. Onlardan 128-i hazırlıq fakültəsində oxuyur.  Ötən il universitetin bakalavr pilləsinə 1415 nəfər qəbul olunub.  Qəbul olunanların 458 nəfəri dövlətBöyütmək üçün seçin sifarişli, 957 nəfəri isə ödənişli əsaslarladır. 2014-2015-ci tədris ilində universitetə 197 magistr qəbul olub. 2014-cü ildə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 13 nəfər, dissertanturaya 8 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya 2 nəfər qəbul olub. Hazırda universitetin 38 kafedrasında və büdcədən maliyyələşdirilən 5 elmi-tədqiqat laboratoriyasında 74 elmlər doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, müxtəlif beynəlxalq akademiyaların üzvləri, 581 elmlər namizədi, dosent, müəllim, assistent və elmi işçi çalışır. Ali təhsil ocağına 1999-cu ildən etibarən memarlıq doktoru, professor Gülçöhrə Məmmədova rəhbərlik edir.

 

 Maddi-texniki baza

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 5 tədris korpusundan ibarətdir. Universitetdə müasir avadanlıqlarla təchiz olunmuş idman zalı fəaliyyət göstərir. Həmçinin iki zaldan ibarət yeməkxana və hər bir korpusda kafelər fəaliyyət göstərir. Universitetin tələbə şəhərciyi var. Şəhərcikdə xarici tələbələr üçün ayrıca 9 mərtəbəli  yataqxana binası və kommersiya əsasında fəaliyyət göstərən "Damla" korpusu yerləşir. Tələbələr burada dərslərə hazırlaşmaqla yanaşı, öz asudə vaxtlarını da səmərəli keçirə bilirlər. Bunun üçün şahmat klubu, idman meydançaları, tələbə kafeləri var.

Bir çox kafedralar müasir avadanlıqlarla, kompüterlərlə təchiz olunub. Tədris və elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir. Hazırda beynəlxalq internet şəbəkəyə çıxışı olan kafedraların sayı 30, internetlə təchiz olunmuş auditoriyaların sayı isə 11-dir.

İnformasiya texnologiyalarının tətbiqi ilə bağlı 2014-cü ildə görülən işlər sırasına əməkdaşların elektron məlumat sisteminin  tətbiq edilməsi, elektron kitabxananın yaradılması daxildir. Bunlarla yanaşı İKT mərkəzinin yenilənməsini, Web səhifənin yeni formatda iki dildə yaradılmasını, "Elektron universitet" sisteminin bir sıra modullarının beta versiyalarının hazırlanmasını qeyd etmək lazımdır.

Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında göstərildiyi kimi özəl sektorun cəlb edilməsi ilə universitetdə innovasiya mərkəzinin yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə Türkiyənin Orta Doğu Texniki Universitetinin təcrübəsindən istifadə etmək planlaşdırılır.

2014-cü ilin yanvar ayında yaradılan Strateji planlaşdırma şöbəsi ötən il ərzində universitetin inkişafı üçün bir sıra işlər görüb. "Paşa  Holdinq",  "Təmiz şəhər",  "AEKOM", "Holsim",  "Paşa  inşaat",  "Aksesuar  inşaat" şirkətləri ilə əməkdaşlıq memorandumları imzalanıb və bu memorandumlar çərçivəsində bir sıra işlər görülmüşdür. Tərəfdaş şirkətlərin maliyyəsi hesabına universitetdə 3 müasir laboratoriya qurulur. Şöbənin işi nəticəsində   universitetin  maddi-texniki bazasının inkişafına 290 min manat cəlb edilib.

2 saylı tədris korpusunun 2, 4, 12-ci mərtəbələrində tam, 3-cü mərtəbənin laboratoriya otaqlarında əsaslı təmir işləri aparılıb. Korpusun sanitar qovşağı və istilik sistemi tam yenidən qurulub. 3 saylı tədris korpusunda əsaslı təmir işləri aparılıb və yeni avadanlıqla təchiz olunub.

4 saylı tədris korpusunda istilik xətti tam dəyişdirilmiş, otaqlarda döşəmə yeni parket döşəmə ilə əvəz olunub, yeni qapılar quraşdırılıb, dam örtüyündə lazımi yerlərdə izolyasiya qatı  dəyişdirilib.

2014-cü ildə universitetin 1 saylı tədris korpusunun mərtəbələrində, pilləkən qəfəslərində, korpusun texniki mərtəbəsinin dam örtüyündə cari təmir işləri aparılıb, Nəşriyyat Poliqrafiya Mərkəzi yeni avadanlıqlarla təchiz edilib.

1 saylı istilik qazanxanasında cari təmir işləri aparılıb, bəzi yerlərdə istilik xətti dəyişdirilib, qazanxana qış mövsümü üçün tam hazır vəziyyətə gətirilib.

 

 Layihə İnstitutu

 

2011-ci ildə "Azərbaycan Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb.  İnstitut Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı və Bakının  İnkişaf  Planı ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçirdikləri tenderlərdə dəfələrlə qalib olub. İnstitut əməkdaşlarının birgə hazırladıqları layihələr əsasında paytaxtda və regionlarda bir sıra müxtəlif təyinatlı binalar ucaldılıb.

Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə bağlanmış müqavilələr siyahısında "Balakən şəhəri ərazisində 43 məcburi köçkün ailəsi üçün yeni çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi" və "Qəbələ rayonu, Zarağan bələdiyyəsinin ərazisində öncə salınmış yeni yaşayış məhəlləsində 155 məcburi köçkün ailəsi üçün 2 ədəd 5 mərtəbəli yaşayış binasının layihələndirlməsi" işləri yerinə yetirilib, müəlliflik nəzarəti aparılaraq tikintisi başa çatıb və məcburi köçkünlərə təhvil verilib. Eləcə də "Hacıqabul rayonu ərazisində 101 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin layihələndirilməsi" və "Sabirabad rayonu ərazisində 440 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış qəsəbəsinin layihələndirilməsi" işləri başa çatdırılıb. Qeyd edək ki, Hacıqabul rayonu ərazisində 101 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsində institut tərəfindən müəlliflik nəzarəti aparılaraq tikintisi davam etdirilir və yaxın zamanda işlər başa çatdırılacaq.

 

İmtahan sessiyası

 

2014-cü ildə imtahan sessiyalarının təşkilində əldə olunan  yenilik semestr ballarının əvvəlcədən sistemə daxil olması və tələbələrin test imtahanı zamanı həm imtahan, həm də yekun bal  haqqında məlumat alması imkanıdır.

Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə universitetdə rektorun rəhbərliyi ilə münaqişə komissiyası və ictimai təşkilatları özündə birləşdirən qərargah  fəaliyyət göstərib. Universitet üzrə nəzərdə tutulmuş imtahanların 60%-i test üsulu ilə kompüterlə, 40%-i rektorluğun monitorinqi ilə yazılı, o cümlədən 15%-i qabilliyət tələb edən fənlər üzrə xüsusi auditoriyalarda təşkil olunub. İmtahanlar mərkəzləşdirilmiş qaydada müşahidə kameraları ilə təchiz olunmuş imtahan zallarında keçirilir. Universitetdə yazılı imtahanların keçirilməsi və yoxlanılması mexanizmi işlənib hazırlanmış, tələbələrin yazı işlərinin şifrələnməsi və yoxlanılması rektorluqda həyata keçirilir.

İstər test, istərsə də yazılı imtahanların nəticələri ilə əlaqədar tələbələrin şikayətləri imtahan qrupu tərəfindən araşdırılır və müvafiq qərar qəbul olunur. Bütün fənlər üzrə test bankları və yazılı imtahan sualları universitetin Tədris şöbəsinə təqdim edilir. İmtahanlarda obyektivliyin təminatı istiqamətində görülən işlərdən biri də imtahan biletlərinin tədris şöbəsində hazırlanaraq məxfi saxlanılmasıdır.

 2014-cü ilin yayında universitet üzrə akademik borcu olan tələbələrin kəsrlərinin ləğvi məqsədi ilə ödənişli əsaslarla, 5 həftəlik yay məktəbi təşkil olunub.

İmtahan sessiyalarının keçirilməsində test sisteminin böyük  əhəmiyyətini nəzərə alaraq onun  təkmilləşməsi üçün fəaliyyət  davam etdirilir.

 

 Tədris və istehsalat təcrübəsi 

 

Universitetdə ixtisaslar üzrə hər bir tədris ili üçün təcrübə proqramları tərtib və müzakirə olunaraq təsdiq edilib. Mövcud standartlar əsasında tərtib edilmiş proqramlar tələbələrin təcrübi hazırlığının əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, metodiki göstəriş kimi də istifadə olunur. Proqramlarda təcrübələrin həyata keçirilməsi prosesində əməyin mühafızəsi, tərbiyə işləri, elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətin əsas istiqamətlərinin əks olunması da müsbət xüsusiyyət kimi qeyd olunmalıdır.

Tələbələrin təcrübə keçdiyi şirkətlərin sırasına 2014-cü ildə yeni şirkətlər əlavə olunub, təcrübə zamanı işə götürülən və əməkhaqqı alan tələbələrin sayı artıb.

2014-cü ildə tələbələr Neft Şirkətində, "Azərsu" ASC, "Meliorasiya və Su Təsərrüfatı" ASC, Dərin Özüllər Zavodunda təcrübə keçiblər. 3683 tələbə təcrübəyə göndərilib. Onlardan 180 nəfəri təcrübə zamanı daha uzun müddətə əməkhaqqı ilə işə götürülüb.

Professor-müəllim heyətinin ixtisasının artırılması istiqamətində də ötən il ənənəvi ixtisasartırma və stajkeçmədən əlavə xaricdə qısamüddətli treninqlər və stajkeçmələr həyata  keçirilib.

2014-cü ildə universitetin müəllimləri Türkiyədə, Litvada, Gürcüstanda, Yaponiyada, İtaliyada və başqa ölkələrdə beynəlxalq layihələr və ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində qısamüddətli stajkeçmədə olublar. Ötən ilin dekabr ayında inşaat və su təsərrüfatı fakültəsinin 10 müəllimi Cənubi Koreyada "Ekologiya və su təsərrüfatı üzrə potensialın gücləndirilməsi" proqramı ilə 10 günlük treninq keçib. Xarici stajkeçmələrin və treninqlərin artırılması üçün rektorluq müvafiq təşkilatlara müraciət edib.

Müəllim fəaliyyətinin stimullaşdırılması və əməyin daha düzgün qiymətləndirilməsi məqsədilə Strateji planlaşdırma şöbəsi Reytinq bal sisteminin layihəsini hazırlayıb.

 

 Elmi-tədqiqat işləri

 

2014-cü il ərzində universitetdə 38 kafedrada və büdcədən maliyyələşdirilən 5 elmi-tədqiqat laboratoriyasında 52 mövzu üzrə elmi-tədqiqat işləri yerinə yetirilib.

Aparılan elmi-tədqiqat işlərinin əsas məqsədi memarlığın, inşaatın, texnoloji maşın və avadanlıqlar mühəndisliyinin və digər sahələrin müasir problemlərini araşdırmaq və onların nəticələrinin tədrisə və istehsalata tətbiqindən ibarət olub. 2014-cü ildə universitet üzrə yerinə yetiriləcək elmi-tədqiqat işlərinin beş il müddətinə planı təsdiq olunub. Universitetin professor-müəllim heyəti kafedralarda və elmi-tədqiqat laboratoriyalarında apardıqları elmi mövzularla bağlı ölkədə və xaricdə fəaliyyətdə olan şirkətlər, müəssisələr və elmi-tədqiqat institutları ilə əlaqələrini genişləndirib.

Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahıya əsasən universitetdə 6 elmi konfrans (4 beynəlxalq və 2 respublikadaxili) keçirilib. Bunlarla yanaşı universitetin professor-müəllim heyəti, gənc tədqiqatçılar və doktorantlar respublikada, müxtəlif xarici ölkələrdə təşkil olunmuş elmi konfranslarda, simpoziumlarda və seminarlarda məruzələrlə çıxışlar ediblər.

Bu konfransların içərisində Azərbaycan Memarlıq və İnşaat Universitetinin MOOCAO, Azərbaycan Memarlar İttifaqı və MDB ölkələrinin iştirakı ilə Memarlıq məktəblərinin ən yaxşı buraxılış işlərinin XXIII beynəlxalq baxış- müsabiqəsi çərçivəsində keçirilən "Memarlıq təhsilində innovasiyalar" (11-18 oktyabr 2014), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Beynəlxalq Ekoenergetika Akademiyasının həmtəşkilatçılığı ilə "Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit" (21-22 oktyabr 2014), Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin, Azərbaycan Respublikası "Azərsu" ASC-nin, Mərkəzi Asiya və Qafqaz ölkələrinin Qlobal Su Əməkdaşlığının həmtəşkilatçılığı ilə "Su təsərrüfatı, mühəndis kommunikasiya sistemlərinin müasir problemləri və ekologiya" (14-15 aprel 2014) adlı konfranslar xarici və yerli mütəxəssislərin, alimlərin iştirakı ilə təşkil olunub.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası", Azərbaycan Respublikasında  2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı "Tədbirlər Planı"na uyğun olaraq fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri müsabiqəsinə universitetdən iki layihə təqdim edilib.

Ötən il universitet əməkdaşları tərəfindən 13 fəlsəfə doktorluğu, 1 elmlər doktorluğu dissertasiyaları müdafiə edilib. Həmçinin 1 nəfər professor, 4 nəfər isə dosent elmi adları alıb.

2014-cü ildə universitetin alimləri tərəfindən 482 məqalə  dərc  etdirilib və ixtiralara 2 patent alınıb. Dərc olunmuş məqalələrin 86-sı xaricdə, o cümlədən onlardan 5-i impakt-faktorlu jurnallarda dərc olunub.

2014-cü ildə universitetin müəllimləri 19 monoqrafiya, 33 dərslik, 32 dərs vəsaiti, 192 adda  proqram, metodik vəsait və s. nəşr etdiriblər. 2014-cü ildə fəlsəfə doktorluğu üzrə iki, elmlər doktorluğu üzrə isə bir dissertasiya şurası fəaliyyət göstərib.

Universitetdə "Elmi əsərlər", "Ekologiya və su təsərrüfatı", "Nəzəri və tətbiqi mexanika", "Urbanizm" adlı elmi jurnallar nəşr olunur.

"Elmi əsərlər" universitetin əsas nəşridir və onun təkmilləşdirilməsi, beynəlxalq səviyyəyə çatdırılması günün aktual tələbidir. Bu məqsədlə çox nüfuzlu sayılan "Springer" nəşriyyatı ilə gələcək əməkdaşlıq barədə razılıq əldə edilib.

"Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə "Tədbirlər Planı"na uyğun olaraq özəl sektorun cəlb edilməsi ilə universitetdə innovasiya mərkəzinin yaradılması istiqamətində işlərə başlanılacaq.

 

 Laboratoriyalar

 

Universitetdə praktiki və laboratoriya dərslərinin keçirilməsi üçün zəruru avadanlıqla təchiz edilmiş laboratoriya bazası vardır. 2014-cü ildə bu  bazanın inkişafı üçün  "Materiallar müqaviməti" və "Hidrotexniki qurğular və hidravlika" kafedralarına universitetin hesabına yeni  laboratoriya avadanlığı alınıb.

"Paşa İnşaat" şirkətinin maliyyə dəstəyilə "Dəmir-beton konstruksiyaları" laboratoriyası, "Holsim" şirkətinin maliyyə dəstəyi ilə "Yapışdırıcı materiallar" laboratoriyası yaranma prosesindədir.

"Azərsu" ASC-nin maliyyəsi hesabına Su təchizatı problemləri üzrə ET və tədris laboratoriyası yaradılıb.

"İnformasiya sistemləri" üzrə tədris laboratoriyası 2001-ci ildə yaranıb. 3 laboratoriya tədris məqsədilə kompüterlə təchiz olunub, 1 laboratoriyada isə kompüter və proyektorla təchiz olunmuş kompüter sinfi yaradılıb. Ümumilikdə 25 ədəd kompüter var.

"İnşaat materialları elmi tədqiqat və sınaq" laboratoriyası 2006-cı ildə yaradılıb. Laboratoriya Azərbaycan Respublikası Milli Sertifikatlaşma sistemində akkreditasiya olunub. Laboratoriya təsərrüfat hesablı olmaqla tikinti şirkətləri ilə müqavilə əsasında inşaat materiallarının sınağını həyata keçirir.  "Kimya" kafedrasının nəzdində üzvi, fiziki, analitik, ümumi və su kimyası tədris laboratoriyaları fəaliyyət göstərir. Burada laboratoriya işləri aparılır. Laboratoriyalar kimyəvi reaktivlərlə, turşularla və reaksiyaları həyata keçirmək üçün avadanlıqlarla təmin olunub.

"Materiallar müqaviməti" laboratoriyası 2 otaqdan ibarətdir.  Laboratoriyada tədris məqsədilə bütün növ deformasiyaları və gərginlikləri öyrənmək və ölçmələr üçün xüsusi cihazlar var.

Avropa Birliyinin TEMPUS layihəsi (CD_JEP 25043-2004) əsasında 2004-cü ildə Binanın enerji menecmenti sistemləri tədris laboratoriyası yaradılıb. Mərkəzi kondisioner sistemi ilə təmin olunmuş laboratoriya 2 otağı yayda soyuq, qışda isti hava ilə təmin etmək üçün avtomatik idarə olunur. Laboratoriyalarda kompüterlə avtomatik idarəetmə və tənzimləmə sistemi həyata keçirilir.

"Knauf" tədris mərkəzi "Knauf" şirkəti tərəfindən 2008-ci ilin sentyabr ayında təşkil olunub. Burada gips və gips əsasında inşaat materialları və məmulatlarından istifadə olunur. Memarlıq, inşaat və texnologiya fakültələrinin tələbələrinə adıçəkilən mövzu ilə bağlı dərslər burada elektron variantda tədris olunur. Binalarda "Knauf"  şirkətinin "Daxili işləmələrinin kompleks sistemləri" mərkəzdə tələbələrə əyani şəkildə öyrədilir. Eyni zamanda burada tikinti şirkətinin işçiləri üçün qısamüddətli kurslar da təşkil olunur və kursu bitirənlərə "Knauf" şirkətinin "Daxili işləmələrinin kompleks sistemləri"nin mənimsənilməsi barədə sertifikat verilir. "Mühəndis geodeziyası" kafedrasının Alətşünaslıq laboratoriyası Alətşünaslıq və müasir ölçmə texnologiyaları laboratoriyasında GPS peyk qəbulediciləri, TPS elektron taxometrləri, DNA elektron nivelirləri, Disto lite lazer məsafəölçənləri ilə təchiz edilmişdir. Bu alətlərdən məşğələ - laboratoriya dərslərində və yay çöl tədris təcrübələrində tələbələr istifadə edirlər.

Mühəndis geodeziyası kafedrasının "Netcad" tədris mərkəzi  2008-ci ildən etibarən "Mühəndis geodeziyası" kafedrasının Türkiyənin Netcad şirkəti ilə əməkdaşlığı sayəsində kafedranın nəzdində Netcad tədris mərkəzi yaradılmışdır. Mərkəzə kafedranın müdiri, dosent S.A.Qəniyeva rəhbərlik edir. Mərkəzdə həm azərbaycanlı, həm də xarici tələbələrə müxtəlif GIS, geodeziya, kadastr və s. sahələr üzrə proqramlar öyrədilir, təlimlər keçirilir.

 

 Kitabxana

 

AzMİU kitabxanası istifadəçiləri tədqiqat işlərinə uyğun mövzuları kitabxananın istifadəçi qayda-qanunları və digər müvafiq üsullarla lazımi formatlarda əldə edə bilərlər. İstifadəçilər həmçinin dünyanın aparıcı kitabxanaları ilə informasiya mübadiləsi razılaşması sayəsində elmi resurslardan sərbəst istifadə etmə üstünlüyünə də sahibdirlər.

Universitetin əməkdaşları istər çap, istərsə də elektron formatlarda olan vəsaitlərin alınmasına, həmçinin digər universitetlərin kitabxanaları ilə daimi və ya müvəqqəti istifadəçilik hüquqlarının təmin edilməsinə çalışırlar.

Universitetdə 517 mindən çox kitab fonduna malik olan elektron kitabxana (www.library.azmiu.edu.az) fəaliyyət göstərir. AzMİU-nun elektron kitabxanasında müxtəlif dərsliklər, mühazirələr və müxtəlif dillərdə olan kitablar var. Universitetdə tədrisin və elmi-tədqiqat işlərinin inkişafını təmin etmək, tələbə-magistrlərin elmi və bilik potensialını möhkəmləndirmək məqsədi ilə kitabxana Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzv olub. Universitet alimlərinin elmi məqalə və patentlərinin nüfuzlu jurnallarda dərc olunmasında və fəaliyyətlərində yeni texnologiyaların tətbiqində elektron baza böyük rol oynayır. Kitabxanalar üçün elektron informasiya bazaları gənc tədqiqatçı alimlərə böyük dəstəkdir. Təkcə EBSCO bazasında kitabxana oxucuları 7240 jurnaldan, 2500 kitabdan və 378 qəzetdən faydalana bilərlər. Bununla bərabər BioOne, Cambridge Journals Online, OECD iLibrary, Oxford English Dictionary Online, Oxford Reference Online, Springer və s. elektron resurslardan birbaşa ödənişsiz faydalanmaq mümkündür.

 

 Beynəlxalq əlaqələr

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti bir çox beynəlxaq qurumların, o cümlədən Qara Dəniz Universitetlər Birliyinin, Avropa Memarlıq Məktəbləri Birliyinin, MDB Ölkələri İnşaat Universitetləri Assosiasiyasının üzvüdür.

Beynəlxalq əlaqələr sahəsində 2013-2014-cü tədris ilində AzMİU-da təhsilin keyfiyyətinin artırılması məqsədilə bir neçə istiqamətdə iş aparılıb, ikili diplom və beynəlxalq mübadilə proqramları həyata keçirilib.

2012-ci ilin mart ayında Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İstanbul Texniki Universiteti arasında inşaat mühəndisliyi ixtisası üzrə bakalavr pilləsi üçün ikili diplom protokolu əldə olunub, 2014-cü ilin mart ayında AzMİU ilə İngiltərənin Northampton Universiteti arasında "Urbanizm" və "Tullantıların menecmenti" ixtisasları üzrə ikili magistr diplomu proqramının icrası üçün əməkdaşlıq müqaviləsi imzalanıb. Kurikulumlar uyğunlaşdırılıb, tələbələr üçün bir sıra güzəştlər əldə olunub.

İkili diplom və mübadilə layihələrinin həyata keçirilməsi üçün əsas şərt ingilis dilində təhsilin təşkilidir. Hazırda memarlıq və inşaat ixtisasında ingilis qruplarında 74 tələbə təhsil alır. Mübadilə proqramlarında iştirak etmək üçün Əcnəbi dillər kafedrası Xarici əlaqələr şöbəsi ilə birgə ingilis dili imtahanı keçirir və nəticələrə əsasən beynəlxalq tələblərə uyğun arayış verir. Bu arayışa sahib olanlar Avropa Birliyinin Erasmus-Mundus proqramının mübadilə layihələrində iştirak etmək hüququ qazanırlar. 2013-2014-cü tədris ilində 21 müəllim və 25 tələbə yüksək nəticələr göstərərək bu cür arayış alıblar.

Erasmus-Mundus proqramı olan TEMPO (Trans European Mobility Program) layihəsi çərçivəsində 2013-2014-cü tədris ilində 7 tələbə, 2014-2015-ci tədris ilində 8 tələbə, 2 müəllim tərəfdaş universitetlərə təhsil almaq və tədris məqsədilə göndərilib. Uyğun olaraq 2013-2014-cü tədris ilində Avropa ölkələrindən 3 tələbə və 1 müəllim AzMİU-da mübadiləyə qoşulub. BACKIS (Between Baltic and Caspian Seas) mübadilə layihəsi çərçivəsində 2013-2014-cü tədris ilində 4, 2014-2015-ci tədris ilində isə 1 nəfər tərəfdaş universitetlərə təhsil almaq məqsədilə göndərilib.  Hər iki layihə davam edir.

"Mövlanə" Mübadilə Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində 9 tələbə, 2 müəllim, 2014-2015-ci tədris ilində 17 tələbə (1 semestr müddətində), 3 müəllim tərəfdaş universitetlərə təhsil almaq və tədris məqsədilə göndərilib. Uyğun olaraq 2013-2014-cü tədris ilində Türkiyənin Bartın və Sakarya universitetlərindən  4 müəllim AzMİU-da mübadiləyə qoşulub. 2014-2015-ci tədris ilində isə Türkiyə universitetlərindən 6 müəllimin AzMİU-ya gələcəyi gözlənilir.

AzMİU-nun tərəfdaş universitet kimi İtaliyanın Roma "La Sapienza" Universiteti ilə birlikdə iştirak etdiyi "Nanotexnologiyalar əsasında Ekologiya mühəndisliyi tədris proqramında islahat və modernləşdirmə - ECONANO" TEMPUS layihəsi adlanır. Bu layihə çərçivəsində 2013-2014-cü tədris ilində AzMİU-nun ekologiya mühəndisliyi ixtisası üzrə magistr təhsili almış 4 məzun tələbə 9 aylıq Ekologiya Mühəndisliyi sahəsində Təkmilləşdirilmiş Kursa (Advanced Course on Ecology Engineering - ACEE) qəbul edilib. 2015-ci ilin mart-aprel-may aylarında AzMİU-nun təhsildə fərqlənmiş və layihədə iştirak edən tələbələri İtaliyanın Roma "La Sapienza" Universitetində öz dissertasiya mövzularına uyğun olaraq 3 aylıq staj keçiblər. Tələbələrin bütün xərcləri "ECONANO" TEMPUS layihəsi tərəfindən ödənilmişdir.

AzMİU "Ali təhsil müəssisələrində informasiya və kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi üçün şəraitin yaradılması - ENOTES" (ECDL National Operator and Test Centers in Azerbaijan) adlı TEMPUS layihəsində  2012-ci ildən iştirak edir. Bu layihə çərçivəsində 10 nəfər əməkdaş qısamüddətli təlim səfərlərində olmuş, universitetin müəllimləri tərəfindən bir dərs vəsaiti yazılıb, AzMİU-da İKT sahəsində müasir avadanlıqla təchiz olunmuş ECDL təlim və test mərkəzi yaradılıb.

Universitetin digər TEMPUS layihəsi "Beynəlxalq bilik mübadiləsi üzərindən təhsilin islahatları - RETHİNK" adlanır.

2014-cü ildə də universitet üzv olduğu beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirməkdədir.

Memarlıq tədrisinə yardım məqsədi daşıyan MDB Beynəlxalq Regional İctimai Təşkilatının (MOOCAO) təşkilatçılığı ilə hər il keçirilən memarlıq və dizayn üzrə buraxılış işlərinin XXIII beynəlxalq baxış-müsabiqəsi 11-18 oktyabr 2014-cü il tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universitetinin  təşəbbüsü ilə Bakıda keçirilib. Müsabiqədə MDB ölkələrinin 53 ali memarlıq məktəbini, 250-dən çox iştirakçı təmsil etmiş, 616 buraxılış və mütəxəssis işi, magistr dissertasiyasına baxış keçirilib. Yekunda dərslik və dərs vəsaitləri müsabiqəsində 2 müəllim laureat adına, 2 müəllim isə diplomlara layiq görülüb. Beynəlxalq baxış-müsabiqədə tələbələr müxtəlif dərəcəli diplomlarla təltif olunublar.

AzMİU üzvü olduğu Romualdo Del Bianko Fondu tərəfindən təşkil olunan bir sıra müsabiqələrdə iştirak edib.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin təmsilçilərilə 2014-cü ilin aprel ayında görüş keçirilib, AzMİU-da Birliyin Azərbaycan nümayəndəliyi açılıb və növbəti qurultayın 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin iştirakı ilə Bakıda keçiriləcəyi barədə təşkilati protokol imzalanıb.

Təhsilin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün universitetin 56 müəllimi 2013-2014-cü tədris ilində müxtəlif ezamiyyət səfərlərində iştirak ediblər.

 

Tələbələrin beynəlxalq tədbirlərdə

yay məktəblərində iştirakı

 

5-15 iyul 2014-cü il tarixlərində bir qrup tələbə Fransanın paytaxtı Parisin "Paris Langues" Dil Tədris Mərkəzində dil kurslarında iştirak edib.

1-15 iyul 2014-cü il tarixlərində Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) təşkil etdiyi Texniki Gəzinti və Təhsil Proqramında 5 tələbə, 06-19 iyul tarixlərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin təşkil etdiyi İstanbul Su və Kanalizasiya İdarəsində (İSKİ) stajkeçmə proqramında 15 tələbə,  iyulun 10-dan 20-nə qədər Almaniyada "İNTER Baku" şirkətinin keçirdiyi yay təcrübəsində 15 tələbə, Şimali Kipr Doğu Akdeniz Universitetində 15-29 iyulda təşkil edilən "Salamisdən Famaqustaya" adlı yay proqramlarında 24 nəfər iştirak edib.

2014-cü ilin sentyabr ayında Rusiyanın Tomsk Dövlət Universitetində keçirilən "ENACTUS" - Beynəlxalq Liderlik məktəbində universitetin komandası təmsil olunub və keçirilən müsabiqəyə qatılıb.

Hazırda bir neçə istiqamətdə maraqlı beynəlxalq proqramlarda iştirak üçün hazırlıq işləri davam etdirilir.

Belə layihələrdən biri də UNESCO-nun "Avicenna virtual campus in Central Asia" layihəsidir. Bu layihənin iki il ərzində həyata keçirilməsi nəzərdə tutulur. Nəticədə distant təhsilin təməli qoyulmalı, kiçik beynəlxalq elektron təhsil şəbəkəsi yaradılmalıdır.

Təhsil Nazirliyinin Dünya Bankı ilə birlikdə həyata keçirəcəyi Ali Təhsil layihəsi üçün respublikadan dəvət olunan beş universitetdən biri də AzMİU-dur. Onun icra müddəti 5 illik dövrü əhatə etməlidir.

Beynəlxalq təcrübə əsasında memarlıq ixtisasının bakalavr pilləsi üçün akkreditasiya üzərində işin başlanması da nəzərdə tutulub. Hazırda Beynəlxalq Memarlar Assosiasiyası - UNESCO sistemi ilə qurulmuş validasiya komissiyası ilə bu barədə yazışmalar aparılır.

Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində təkliflər üzərində də iş davam etdirilir. Bir neçə Türkiyə universiteti tərəfindən proqram çərçivəsində yeni müəssisələrarası  mübadilə proqramlarının həyata keçirilməsi üçün təkliflər alınıb.

Erasmus+ və TEMPUS proqramı çərçivəsində layihələrlə bağlı iş aparılır. Həmin layihələrin məqsədi universitetlərin tədris və təhsildə keyfiyyət meyarlarının unifikasiyası, maddi-texniki bazanın yenilənməsi və inkişaf etdirilməsi üçün təkliflər nəzərdə tutulur.

 

Muzeylər

 

AzMİU-da bir sıra muzeylər fəaliyyət göstərir. Heydər Əliyev Muzeyinin açılışı 2013-cü il dekabrın 11-də olub. Ulu öndərin həyat və fəaliyyətini, onun xalqımıza yadigar qoyduğu zəngin irsi əks etdirən videomateriallar muzeydə toplanıb. Burada toplanan sənədlər ulu öndərin memarlıq və inşaat istiqamətlərinə həsr olunmuş layihələr, foto və videomateriallar elektron vasitəsi ilə təqdim olunur. Muzeydə 4 ədəd interaktiv monitor qurulub.

AzMİU-nun Tarixi Muzeyi və onun nəzdində Sərgi salonu fəaliyyət göstərir. Sərgi salonunda universitet əməkdaşlarının və təhsil alan tələbələrin, magistrlərin, elmi işçilərin qrafiki, dizayn, şəhərsalma, qədim memarlıq abidələrinin bərpası, landşaft memarlığı, yeni tikililər, istilik-qaz təchizatı, tunellər, körpülər və s. layihə işləri, maketlər, heykəltəraşlıq,  rəsm və əl işləri, xarici səfərlərlə bağlı layihələr  nümayiş etdirilir.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Dövlət Tarixi Bədii Qoruğu, "Atəşgah məbədi" kompleksi, qalalar, karvansaraylar və s. əhəmiyyətli abidələrə həsr olunmuş tələbələrimizin gözü ilə" adlı layihə, rəsm, fotosərgilər təşkil edilir.

Foto sənəti tələbələrin fikir və ideyalarını bədii formada əks etdirməyə, sadə vasitələrlə baş verənlərə fərdi münasibət bildirməyə imkan verir. Sərgi salonunda bir neçə dəfə layihələrin, həvəskar rəssamların, fotoqrafların sərgi-müsabiqəsi keçirilib, müsabiqələrin qalibləri mükafata layiq görülüblər.

Sərgi salonunda ənənəvi olaraq hər ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş sərgi təşkil olunur.

Azərbaycan Respublikasının təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuş torpaqlarımızda, Dağlıq Qarabağda qalan tarixi abidələrimizi əks etdirən əsərlər də sərgidə vaxtaşırı yer alır. Buna şuşalı rəssam Rövşən Bayramovun "Şuşa lövhələri"adlı sərgisini misal göstərmək olar.  Sərgi salonunda 70-dən çox müəllim və tələbənin Almaniya, Misir, Türkiyə, İtaliya və s. ölkə memarlarının, tanınmış sənətkarların sərgiləri təşkil edilib.

Eyni zamanda müəllim və tələbələrin xarici ölkələr, beynəlxalq görüş, konfrans və simpoziumlardan sonra hesabat sərgilərinin keçirilməsini də qeyd etmək olar.

 

Tələbə Gənclər Təşkilatı və

tələbələrin dərsdənkənar fəaliyyəti

 

Universitetdə 2005-ci ildən TGT fəaliyyət göstərir.

Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin ayrı-ayrılıqda maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.

2014-cü il fevralın 5-də "2 fevral - Azərbaycan Gəncləri Günü" münasibətilə təşkilat 2013-cü ildəki uğurlu fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi tərəfindən mükatlandırılıb.

Universitetdə "Buta" rəqs ansamblı, şən və hazırcavablar qrupu,  xalq çalğı alətləri ansamblı, "Debat" intellektual gənclər klubu - (breyn-rinq) kimi yaradıcılıq özfəaliyyət kollektivləri də fəaliyyət göstərir.

1986-cı ildə universitetin nəzdində qızlardan ibarət "Sevinc" rəqs qrupu yaradılıb. Sonra "Sevinc" rəqs qrupunun adı dəyişdirilib və Azərbaycan mədəniyyətinin rəmzlərindən biri olaraq "Buta" adlandırılıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı əsasında keçirilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalında bu rəqs ansamblı 3 ildir ki,  1-ci yerə layiq görülür.

Bədən Tərbiyəsi İdman kafedrası 1977-ci ildən fəaliyyət göstərir. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Gənclər Tələbə İdman Cəmiyyətinin təsdiq etdiyi təqvim planına əsasən respublikadakı bütün ali məktəblər arasında yunan-Roma güləşi, sərbəst güləş, cüdo, voleybol, stolüstü tennis, şahmat, həndbol, basketbol, dama, atletika, futbol, futzal və s. idman növləri üzrə hər iki ildən bir universiadalar, hər il isə çempionatlar keçirir. Universitetin yunan - Roma və sərbəst güləş üzrə komandası respublikanın universitetləri arasında yeganə komandadır ki, ölkə birinciliyində iştirak edib.   Sonuncu unversiadada universiteti təmsil edən komanda ayrılıqda stolüstü tennis üzrə 1-ci yeri, voleybol idman növü üzrə 3-cü yeri qazanıb. Ümumilikdə isə respublika üzrə 23 komanda arasında 6-cı yeri tutub.

 

Rüfanə GÜNƏŞ

 

Azərbaycan müəllimi.- 2015.- 30 may.- S.4-5.