70 il xalqımızın və elmimizin xidmətində
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti, akademik Akif Əlizadənin Akademiyanın 70 illik yubileyi
münasibətilə “Azərbaycan müəllimi” qəzetinə
müsahibəsi
“XXI əsrdə yalnız yüksək
elmi potensiala və elmi tutumlu texnologiyalara malik ölkələr
öz xalqları
üçün xoşbəxt və
firavan həyat tərzi
təmin etmək imkanına
malik olacaqlar”.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri
Bu il Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 70 ili tamam olur. Möhtəşəm yubiley ərəfəsində respublikamızda ali elmi qurum olan Akademiyanın keçdiyi tarixi və şərəfli yola nəzər salmaq, xalqımıza, elmimizə verdiyi böyük töhfələr barədə, ölkə başçısının rəhbərliyi ilə orada aparılan çoxşaxəli islahatlar haqqında oxucularımızı məlumatlandırmağı məqsədəuyğun hesab etdik. Yubiley ərəfəsində gərgin iş qrafikinə baxmayaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə müsahibəyə məmnuniyyətlə razılıq verdi. AMEA-nın Rəyasət Heyətinə, məşhur “İsmailiyyə”yə yollandıq. Akif müəllim iş otağında bizi mehribanlıqla qarşıladı. Akademik öncə bizi yubiley münasibətilə nəfis şəkildə çap olunmuş yeni kitablarla tanış etdi. Bütövlükdə Akademiyanın fəaliyyətini əks etdirən “AMEA -70” fundamental nəşri, Akademiyanın prezidentləri haqqında olan ensiklopedik məlumat toplusu, 70 il öncə Akademiyanın təsisçisi olmuş, elmimizin inkişafında müstəsna rol oynamış 15 görkəmli alimə həsr olunmuş on beş kitab, AMEA-nın bütün üzvləri haqqında bioqrafik məlumatlar toplusu olan “Akademiya simalarda”, neçə-neçə nəfis şəkildə nəşr olunmuş bukletlər, broşürlər... Nəşrlərin təşəbbüsçüsü və ideya rəhbəri olan Akif müəllim kitablar haqqında bizə ətraflı məlumat verdi. Sonra hörmətli akademiklə söhbətə başladıq:
- Akif müəllim, öncə Akademiyanın 70 illik yubileyi münasibəti ilə Sizi təbrik edirik. Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası artıq yubiley tədbirlərinə hazırlıq ərəfəsindədir. 70 illik şərəfli bir yol keçmiş Akademiyanın xalqımızın sosial-mədəni inkişaf tarixində rolunu necə dəyərləndirərdiniz?
- Biz bu günlər həqiqətən də möhtəşəm bir bayram ərəfəsindəyik. Azərbaycan elminin tərəqqisində, müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq ideyasının formalaşmasında, ziyalı elitasının yetişdirilməsində, respublika iqtisadiyyatının inkişafında mühüm rol oynamış Elmlər Akademiyasının 70 illik yubileyidir. Mübaliğəsiz demək olar ki, bu 70 il Azərbaycan xalqının tarixində renessans, dirçəliş dövrüdür. Bu mənada Akademiyanın, bu milli elm məbədinin yubileyi tək bir qurumun bayramı deyil, xalqımızın şərəfli tarixində müstəsna əhəmiyyətə malik olan ümummilli bir hadisədir.
Akademiya 70 illik fəaliyyət müddəti ərzində, istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycanın sosial-mədəni tərəqqisinə misilsiz töhfələr vermiş, cəmiyyətin əksər sosial-mədəni sferalarının inkişafında təkanverici qüvvə kimi çıxış etmişdir. Respublikada güclü təhsil sisteminin formalaşması, milli kadr potensialının yetişməsi, iqtisadiyyatın inkişafı, xüsusən Azərbaycan neft strategiyasının reallaşması, milli mədəniyyətimizin, mənəvi dəyərlərimizin, dilimizin tədqiqi kimi ümummilli maraqlar baxımından xüsusi əhəmiyyət kəsb edən sahələr Akademiyanın fəaliyyəti ilə bilavasitə bağlıdır.
Tarixən Azərbaycanda ayrı-ayrı mütəfəkkirlər, müstəqil şəkildə fəaliyyət göstərən elmi məktəblər çox olmuşdur. Lakin sistemli şəkildə təşkil olunmuş, qarşısında konkret vəzifələr müəyyənləşdirilmiş, dövlət tərəfindən dəstəklənən qurum olmamışdır. Məhz 70 il bundan əvvəl Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi ilə qədim və zəngin ənənələrə malik milli intellektual potensial tarixdə ilk dəfə olaraq müasir tələblər baxımından təşkil olundu, nəticədə, elmi fəaliyyətin cəmiyyətin inkişafında iştirakı sistemli və intensiv xarakter aldı.
Bilirsinizmi, hazırda dünyada elm əvvəlki dövrlərdən fərqli, tamamilə yeni məzmun kəsb edərək xüsusi bir sosial fenomenə çevrilmişdir. İndi elmi-texniki tərəqqiyə və biliklərə əsaslanan innovativ fəaliyyət cəmiyyətin mövcudluğunu, təhlükəsizliyini, davamlı inkişafını şərtləndirən əsas amil kimi çıxış edir. Eyni zamanda, hər bir dövlətin sosial-iqtisadi, siyasi və mədəni inkişafının da əsas təminatçısı elmdir. Azərbaycanda da elmin inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Dəfələrlə bəyan edildiyi kimi, dövlətimizin əsas strateji inkişaf xəttini hakimiyyətlə intellektin, neft kapitalı ilə insan kapitalının, təbii resurslarla intellektual potensialın vəhdəti təşkil edir. Belə bir şəraitdə Akademiyanın yubileyi xüsusi məna kəsb edir. İndi biz 70 illik zəngin elmi təcrübə işığında gələcək hədəflərimizə doğru addımlamalıyıq. Bir daha vurğulamaq istərdim ki, müasir dövr gələcək hədəflərə məhz elmin, intellektin, zəkanın işığında nail olmağın mümkünlüyünü təsdiq edir. Bu mənada ümummilli lider Heydər Əliyevin Akademiya haqqında dediyi dahiyanə formul, “Akademiya Azərbaycan xalqının milli sərvətidir. Onu qoruyub saxlamalıyıq” tamamilə yeni məzmun kəsb edir. Milli sərvət statuslu Akademiyanı həm də ona görə qoruyub saxlamalıyıq ki, müasir dövrdə bu mənəvi sərvətin intellektual-mənəvi dividenti hesabına strateji oriyentirləri dəqiq müəyyənləşdirməyi bacaraq, necə deyərlər, hardan gəldiyimizi bilməklə yanaşı, hara yön aldığımızı da dəqiq müəyyənləşdirə bilək...
- Akif müəllim, Akademiyanın 70 illik tarixinin böyük bir mərhələsi ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə təsadüf etmişdir. Azərbaycan elminin inkişafında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu barədə düşüncələrinizi oxucularımızla bölüşməyinizi xahiş edərdik.
- Hər bir xalqın mənəvi-intellektual potensialı, qüdrəti onun yetişdirdiyi tarixi şəxsiyyətin fərdi keyfiyyətlərində, tarixin özünün inkişafını şərtləndirən titanik fəaliyyətində təzahür edir. Xalqımızın XX əsrdə yetişdirdiyi belə görkəmli şəxsiyyətlərdən biri Heydər Əliyevdir. Müasir Azərbaycanın ictimai-mədəni həyatının elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Bu sahələr içərisində elmin xüsusi yeri vardır. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir.
Mübaliğəsiz demək olar ki, Akademiyanı “milli sərvət” adlandıran ümummilli lider Heydər Əliyev həm də bu quruma dövlət statusunun verilməsinin təşəbbüskarı olmuşdur. Elmlər Akademiyasının 70 illik tarixinin ən parlaq mərhələsi 1969-1985-ci illəri əhatə edən dövrdür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan həmin tarixi mərhələdə yalnız keçmiş SSRİ miqyasında deyil, dünya miqyasında çoxsaylı elmi uğurlar əldə edilmişdir. Bu, bilavasitə Heydər Əliyevin elmə, təhsilə müstəsna qayğısı nəticəsində mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyev hələ respublikanın Dövlət Təhlükəsizliyi Komitəsinə rəhbərlik edərkən o dövrdə təzyiqlərə məruz qalmış görkəmli alimlərimizi, elm xadimlərimizi öz imkanlarından istifadə edərək qoruyurdu. 1969-cu ildə respublika rəhbərliyinə gəldikdən sonra isə elmimiz demək olar ki, yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Mən çox xoşbəxtəm ki, həmin illərdə ölkə iqtisadiyyatının inkişafı baxımından prioritet sahə olan geologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdikdən sonra ulu öndərin tövsiyəsi ilə Akademiyanın Geologiya İnstitutunda rəhbər vəzifəyə təyin olundum. Bu illər ərzində mən ulu öndərin Akademiyaya göstərdiyi diqqət və qayğının canlı şahidi olmuşam.
Heydər Əliyevin ən mühüm xidmətlərindən biri yüksəkixtisaslı elmi kadrların yetişdirilməsi olmuşdu.
Həmin illərdə Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə istedadlı azərbaycanlı gənclərin təhsil almaq, elmi təcrübə keçmək məqsədilə SSRİ-nin müxtəlif elm və təhsil mərkəzlərinə göndərilməsi intensiv xarakter aldı. O dövrdə yaşayanlar yaxşı bilərlər ki, o vaxt Moskvada, Leninqradda, Kiyevdə, Novosibirskdə, Volqoqradda və digər şəhərlərdə çoxlu sayda tələbələrimiz oxuyurdu. Dəfələrlə şahidi olmuşam ki, Heydər Əliyev hər il ölkəmizdən kənara təhsil almaq üçün gedən tələbələrlə Respublika Sarayında görüşlər keçirərdi. Bu görüşlər olduqca möhtəşəm bir bayrama çevrilər, böyük ruh yüksəkliyi yaradardı. Həmin kadrlar təhsil alıb ölkəmizə qayıtdılar və böyük bir intellektual qüvvə kimi Azərbaycan elmi, iqtisadiyyatı və mədəniyyətinin yüksəlişinə xidmət göstərdilər.
Ulu öndər alimlərə böyük diqqət və qayğı göstərirdi. Bu sırada alimlərin sosial şəraitinin yaxşılaşdırılmasını, onlar üçün mənzillərin tikilməsini, alimlərə müxtəlif imtiyazlar yaradılmasını, tez-tez onların yubiley tədbirlərinin keçirilməsini xüsusi qeyd edərdim. Bu böyük elm hamisi alimlərlə şəxsən özü görüşürdü. Bu münasibət elmi mühitdə, insanlar arasında ruh yüksəkliyi yaradırdı.
Bildiyimiz kimi, ötən əsrin 80-ci illərinin sonunda həm regionda, həm də dünyada olduqca mürəkkəb bir vəziyyət yaranmışdı. SSRİ-nin süqutu, ənənəvi dövlət və ictimai institutların dağılması, dərin iqtisadi böhran, hüquqi nihilizm cəmiyyətin üzləşdiyi problemlərin yalnız bir qismi idi. Cəmiyyətdəki bu proseslərin nəticəsi olaraq Azərbaycan Elmlər Akademiyası da öz inkişafı tarixində ən ağır böhran mərhələsinə qədəm qoymuşdu. Qeyd olunan proseslər elmi potensialın tənəzzülünə, yüksəkixtisaslı kadrların xarici ölkələrə axınına, onilliklərlə yaranmış elmi əlaqələrin qırılmasına gətirib çıxardı. Təbii ki, bu hadisələr elmin inkişafına çox mənfi təsir göstərdi.
1993-cü ildə ulu öndər Azərbaycanda yenidən hakimiyyətə qayıtdı. Hamımıza yaxşı məlumdur ki, Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra ictimaiyyətlə ilk görüşünü 1993-cü ilin sentyabrında Elmlər Akademiyasında keçirmişdi. Bu tarixi görüşdən sonra Elmlər Akademiyasının fəaliyyətində canlanma baş verdi. Elmdən uzaq düşən, xaricə üz tutan alimlərimiz tədricən geri qayıtmağa başladılar. Ulu öndərin tövsiyələrini rəhbər tutaraq Akademiyada islahatların aparılması, elmi tədqiqat istiqamətlərinin yenidən müəyyənləşdirilməsi üzrə tədbirlər getdikcə intensivləşdi.
Ümummilli lider Heydər Əliyevin 15 may 2001-ci il tarixli fərmanı ilə Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası”, yəni dövlət statusu verildi. Bu da Akademiyanın cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi, dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında daha yaxından iştirakının təmin edilməsi baxımından olduqca mühüm addım oldu.
- Məlumdur ki, Akademiyanın 70 illik fəaliyyəti ərzində Azərbaycan alimləri tərəfindən istər fundamental, istərsə də tətbiqi elm sahələrində əldə olunmuş bir sıra mühüm nailiyyətlər ölkəmizin həm iqtisadi, həm də mədəni inkişafında mühüm rol oynamışdır. Bütövlükdə Azərbaycan elminin cəmiyyətin inkişafına verdiyi töhfələr barədə danışmağınızı xahiş edərdik.
- Əlbəttə, mən tam məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan alimləri nəinki ölkə daxilində, həm də dünya miqyasında elmi uğurlara imza atmış, elmimizi yüksək səviyyədə təmsil etmişlər. Təsadüfi deyildir ki, 70 illik yubiley ərəfəsində bu uğurlara, nailiyyətlərə həsr olunmuş cildlərlə kitab işıq üzü görmüşdür. Əgər biz Azərbaycan elmində əldə olunmuş uğurları ən qısa şəkildə xülasə etmək istəsək, onda elmi istiqamətlərə və şəxsiyyətlərə nəzər salmalıyıq.
Bu baxımdan ilk olaraq dünya kimya elminə layiqli töhfələr vermiş Yusif Məmmədəliyevin adını qeyd etmək istərdim. Onun elmi nailiyyətlərinin miqyası və əhəmiyyəti o qədər böyükdür ki, əgər SSRİ kimi qapalı bir ölkədə deyil, başqa bir inkişaf etmiş ölkədə yaşasaydı, Nobel mükafatına layiq görülə bilərdi. Onun kəşf etdiyi yüksəkoktanlı aviabenzini qeyd etmək elə kifayət edər. Bax bu, Azərbaycan elminin və intellektual potensialının gözəl nümunəsidir.
Ötən illər ərzində Akademiyanın alimləri fizika, riyaziyyat, astronomiya, mexanika, kibernetika, informasiya texnologiyaları sahəsində də böyük uğurlar əldə etmişlər. Mən bu gün Həsən Abdullayevin, Zahid Xəlilovun, Əşrəf Hüseynovun, Azad Mirzəcanzadənin, İsmayıl İbrahimovun və başqa böyük alimlərin adlarını qeyd etmək istərdim. Bu alimlərin hər biri öz sahəsində böyük nailiyyətlər əldə etməklə bərabər, Azərbaycanda elmi məktəblərin də formalaşmasına töhfələrini vermişlər.
Elmlər Akademiyası respublikada tibb elmi və təhsilinin təşəkkülündə də mühüm rol oynamışdır. Bu fəaliyyət sahəsindəki uğurlar xüsusilə diqqəti cəlb edir. Əgər biz Akademiyada bu elmi istiqamətin nailiyyət və uğurlarına baxsaq, onların müəlliflərinin ölkənin sərhədlərindən kənarda tanınan görkəmli bioloq və həkimlər olduğunu görərik. Azərbaycanda kliniki cərrahiyyənin baniləri Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, oftalmologiya sahəsində Zərifə Əliyeva, biologiya sahəsində Cəlal Əliyev, onkologiya sahəsində Cəmil Əliyev, Əhliman Əmiraslanov və bir sıra başqa alimlər bu sahələrin inkişafına dəyərli töhfələr vermişlər.
Azərbaycan geoloqlarının əldə etdiyi uğurları da qeyd etməyi özümə borc bilirəm. İstər sovet dövründə, istərsə də müstəqillik illərində geoloqlarımız böyük əhəmiyyətə malik olan neft və qaz yataqlarının elmi əsaslandırılması və proqnozlaşdırılması istiqamətində mühüm işlər görmüşlər. Təsadüfi deyildir ki, Neft Daşları, “Azəri”, “Çıraq”, “Günəşli”, “Şahdəniz” kimi dünya əhəmiyyətli yataqların kəşfində, işlənməsində bizim alimlərin tədqiqatları mühüm rol oynamışdır. Elm və istehsalatın vəhdətinə gözəl nümunə olan bu uğurlar böyük Azərbaycan alimlərinin - Musa Əliyev, Əşrəf Əlizadə, Şəfayət Mehdiyev, Həsən Əhmədov, Sübhi Salayev, Xoşbəxt Yusifzadə, Baba Babazadə, Faiq Bağırzadə və başqalarının adları ilə bağlıdır.
Akademiyada xalqımızın sosial-mədəni inkişafına töhfə verən sahələrdən biri də humanitar və ictimai elmlərdir. Bu elm sahəsinin görkəmli alimləri xalqımızın milli varlığının, mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılması, Azərbaycan tarixi, dili, ədəbiyyatı, folkloru, mədəniyyəti, incəsənətinin tədqiqi və təbliği istiqamətində mühüm işlər görmüşlər. Bu şəxsiyyətlər xalqın milli özünüdərkində, milli düşüncənin inkişafında, həmçinin ölkədə gedən yüksək quruculuq işləri ilə həmahənglik təşkil edən “70-80-ci illər mədəni intibahı”nın yetişməsində müstəsna rol oynamışlar. Akademik Ramiz Mehdiyevin Azərbaycan tarixinə, mədəniyyətinə və ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş fəlsəfi tədqiqatları humanitar və ictimai elmlərin cəmiyyətimizə, elmimizə ən dəyərli töhfələrindəndir.
Sözsüz ki, bizim dediklərimiz, Azərbaycan elmində əldə olunmuş nailiyyətlərin az bir hissəsini təşkil edir. Qeyd etdiyimiz elmi istiqamətlər üzrə bu gün də müasir dünyanın tələb və çağırışlarına müvafiq olaraq inkişaf etməkdə, yeni-yeni nailiyyətlər əldə olunmaqdadır.
- Bu gün Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual inkişaf modelinə əsaslanan biliklər cəmiyyətinin formalaşdırılması əsas strateji inkişaf xətti kimi qəbul edilmişdir. Belə bir şəraitdə respublikanın əsas elmi mərkəzi olan Akademiyanın üzərinə xüsusi vəzifələr düşür...
- Sualınıza cavab olaraq bir az əvvəldən başlamaq istərdim. 2003-cü ildən ümummilli lider Heydər Əliyevin elmin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Təsadüfi deyildir ki, “Neft kapitalını insan kapitalına çevirməliyik!” devizi altında təbii resurslara əsaslanan iqtisadiyyatdan biliklər iqtisadiyyatına keçid ölkənin strateji hədəfi elan edilmişdir. Belə bir strategiya kontekstində milli elmi potensialın inkişafı özünün yeni mərhələsinə qədəm qoydu. Elmin yeni tendensiyalara uyğunluğunu təmin etmək məqsədilə 2009-cu ildə möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya” qəbul edildi. Strategiyanın icrası istiqamətində beynəlxalq elmi əməkdaşlıq, yüksəkixtisaslı kadrların hazırlanması, xüsusən gənclərin Avropanın aparıcı elmi mərkəzlərinə göndərilməsi, Akademiyanın dövlət proqramlarının icrasında yaxından iştirakı və s. kimi istiqamətlər üzrə olduqca əhəmiyyətli işlər görüldü. Həmçinin elm və təhsilin inteqrasiyası, elmi işçilərin sosial müdafiəsi, elektron elmin formalaşması sahəsində də çox ciddi uğurlar əldə olundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elmin inkişafına böyük təkan verəcək addımlarından biri də sizin adını qeyd etdiyiniz “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını qəbul etməsidir. Bu Konsepsiya son dərəcə uğurlu bir inkişaf proqramıdır. Əgər biz bu Konsepsiyanın elm, Akademiya qarşısında qoyduğu vəzifələrə baxsaq görərik ki, burada ənənəvi iqtisadiyyatdan biliklər iqtisadiyyatına, neft kapitalından insan kapitalına keçid hədəf kimi seçilmişdir. Bu da ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını tələb edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında təmir və yenidənqurmadan sonra vəziyyətlə tanış olarkən elan etmişdir ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Həqiqətən də, artıq Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər cür şərait vardır. İndi Akademiyada bu istiqamətdə köklü islahatlar aparılmaqdadır. 2020-ci ilədək konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. İslahatlar prosesində bir tərəfdən elmi müəssisə və təşkilatların fəaliyyətinin bu tələblərə uyğunlaşdırılması baxımından addımlar atılırsa, digər bir tərəfdən də yüksəkixtisaslı elmi kadrların hazırlanması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, yeni kadr potensialının gücləndirilməsi sahəsində də işlər görülür. Bizim bu istiqamətdə həyata keçirdiyimiz işlərdən biri də alimlərin əməyinin qiymətləndirilməsi, sosial təminatının yaxşılaşdırılmasıdır.
Heç şübhəsiz ki,
Akademiyanın qarşısına qoyulmuş bu tələblərin
icrasının daha səmərəli həyata keçirilməsi
birbaşa olaraq beynəlxalq elmi əməkdaşlığın
genişləndirilməsi, təcrübə mübadiləsinin
inkişaf etdirilməsi ilə bağlıdır.
Artıq bu istiqamətdə də bir sıra addımlar
atılmışdır. Belə ki, ötən
il Akademiyada ABŞ-ın, Almaniyanın, İtaliyanın nüfuzlu elmi mərkəzləri
ilə birlikdə müvafiq olaraq Geologiya və Geofizika
İnstitutunda, Respublika Seysmoloji Xidmət Mərkəzində,
Botanika İnstitutunda, Ədəbiyyat İnstitutunda, Kataliz və
Qeyri-üzvi Kimya İnstitutunda 10-a yaxın beynəlxalq
laboratoriya yaradılmışdır. Hesab edirik ki, bu
qarşılıqlı əməkdaşlıq elmimiz
üçün əhəmiyyətli olmaqla yanaşı,
dövlət proqramının uğurlu icrası
baxımından da mühüm əhəmiyyətə
malikdir.
Yeri gəlmişkən onu deyim ki, Akademiyada bu işlər pərakəndə şəkildə həyata keçirilmir. Burada kadr təminatı, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, gənc alimlərin təcrübə mübadiləsinə göndərilməsi, alimlərin sosial şəraitinin yaxşılaşdırılması məsələləri konkret proqram şəklində əks olunmuşdur. Əgər biz elmimizin gələcəyini parlaq görmək istəyiriksə, bu gün həmin gələcək üçün səfərbər olmalı, əməli addımlar atmalıyıq.
- Akif müəllim, son üç ilə yaxın müddət ərzində Akademiyanın fəaliyyətindəki canlanma diqqəti cəlb edir. Burada Sizin rəhbərliyinizlə çox ciddi islahatlar aparılır. Bu islahatların bir sahəsini də prioritet elmi istiqamətlərin, müasir elmi problemlərin müəyyənləşdirilməsi təşkil edir. Burada hansı elm sahələri əsas götürülür və bunlar hansı zərurətdən irəli gəlir?
- Biz “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəalarına, müasir dünyanın çağırışlarına, ölkə başçısının elm qarşısında müəyyənləşdirdiyi tələblərə, eləcə də elmi araşdırmaların məntiqindən doğan istiqamətlərə əsaslanaraq Azərbaycan elminin qarşımızdakı illər ərzindəki prioritetlərini müəyyənləşdirərək təsdiq etmişik. Mənim dəfələrlə vurğuladığım kimi, elm hadisə və proseslərin arxasında deyil, önündə getməlidir. Bütün fəaliyyət sahələrində elmin tətbiqi, elmi yanaşma inkişafa yol açmaqla bərabər, risklərin də minimallaşdırılmasında mühüm rol oynayır. Bu gün Azərbaycan sürətlə beynəlxalq aləmə inteqrasiya olunur, iqtisadiyyatımız dünya iqtisadiyyatının tərkib hissəsinə çevrilir. Belə bir şəraitdə elmin bu proseslərdə yaxından iştirakı, heç şübhəsiz, əsas hədəflərdəndir.
Bütün bunları nəzərə alaraq, biz konkret elm sahələri üzrə prioritetləri müəyyənləşdirmiş və onların elmi proqramlar şəklində maliyyələşdirilməsinə başlamışıq.
Bu istiqamətlərdən energetika, həyat
haqqında elmləri xüsusilə qeyd etmək istərdim.
Bura biofizika, biokimya, biotəbabət, biotexnologiya və s.
daxildir. Ümumilikdə, Akademiyada bütün istiqamətlər
üzrə ciddi elmi yeniliklərin əldə olunması
üçün müasir informasiya-kommunikasiya
texnologiyalarının imkanlarının tətbiqi əsas
şərtdir. Bilirsiniz ki, müasir dövrdə heç bir
sahəni İKT-siz təsəvvür etmək mümkün
deyil. Bu gün AMEA-nın bütün struktur
bölmələri və institutları ən müasir İKT
avadanlığı və İnternetə
çıxışla təmin edilib. İndi Akademiyanın
bütün müəssisələri AzScienceNet şəbəkəsinə
birləşdirilib, onların tələbatlarının
ödənilməsi üçün böyük yaddaş və
emal imkanlarına malik olan Data mərkəzi
yaradılmışdır. Bir sözlə, İKT-nin tətbiqi
Akademiyanın mühüm elmi prioritetlərindən biri olmaqla
bərabər, Azərbaycan elminin müasir dünyanın
çağırışlarına adekvat cavab verməsinə
şərait yaradan əsas amillərdən biridir.
Eyni zamanda humanitar və ictimai elmlərin də özünəməxsus
prioritetləri vardır. Məlum olduğu kimi, Azərbaycan
müstəqillik əldə etdikdən sonra sovet
ideologiyasına uyğun yanaşmaları, fakt və
izahları, bir sözlə, təhrifləri aradan
qaldırmağa böyük ehtiyac yaranmışdır.
Bu gün Azərbaycançılıq
ideologiyasının, multikulturalizm nəzəriyyəsinin daha
mükəmməl şəkildə öyrənilməsi və
təbliği humanitar və ictimai elmlərin
qarşısında duran əsas məsələlərdəndir.
Həmçinin bu gün Azərbaycanın
tarixi, ədəbiyyatı, dili, arxeologiyası,
etnoqrafiyası, folkloru dünyanın müasir nəzəri
metodoloji bazası əsasında təhlil olunmalı və
dünyanın qəbul etdiyi üsulla təqdim
olunmalıdır. Bu məqsədlərə nail olmaq
bizim humanitar və ictimai elmlər qarşısında müəyyənləşdirdiyimiz
əsas prioritetlərdir.
Qeyd etməliyəm ki, bu prioritetlərə
uyğunlaşmaq məqsədilə, Akademiyanın elmi müəssisə
və təşkilatlarının strukturunda dəyişiklik
edilməklə yanaşı, yeni elmi təşkilatlar da
yaradılmışdır. Bilirsiniz ki, bu gün
Azərbaycanın artan beynəlxalq nüfuzu kontekstində
dünyaya inteqrasiya güclənmiş, Azərbaycanın beynəlxalq
münasibətləri daha da genişlənmişdir. Belə bir şəraitdə dünyada gedən
siyasi prosesləri dərindən öyrənmək, analiz etmək,
proqnozlaşdırmaq, bir sözlə, Azərbaycanın beynəlxalq
maraqlarının elmi şəkildə təhlil və tədqiqinə
böyük ehtiyac yaranmışdır. Məhz
bunu nəzərə alaraq, biz Dünya Siyasəti
İnstitutunu yaratmışıq. Həmçinin
elmimizin tarixinin, onun müxtəlif vaxtlarda əldə etdiyi
nailiyyət və uğurlarının
araşdırılması və təbliğ edilməsi məqsədilə
Elm Tarixi İnstitutu yaradılmışdır.
Təbiidir ki, qeyd etdiyim bu prioritet istiqamətlər
Akademiyada öyrənilən problemlərin yalnız bir qismini
təşkil edir.
- Akif
müəllim, Akademiyada görülən işlərin
mühüm istiqamətlərindən birini də elmlə təhsilin
inteqrasiyası təşkil edir. Bizə məlumdur
ki, son dövrlərdə Akademiyada bu sahədə bir sıra əməli
tədbirlər həyata keçirilmişdir. Onlar təhsil ictimaiyyətimiz üçün də
maraqlı olardı.
- Sizin qəzetinizin
oxucu auditoriyasının daha çox təhsil işçiləri,
müəllimlər və tələbələr olduğunu nəzərə
alaraq qeyd etmək istəyirəm ki, elm və təhsilin
inteqrasiyası olduqca aktual və gərəkli məsələdir.
Vaxtilə böyük rus alimi M.V.Lomonosov bu məsələ
ilə bağlı çox maraqlı və dəyərli bir
fikir söyləmişdir:
“Akademik reqlament elə
düşünülmüşdür ki, onun mahiyyəti nəinki
öz alim sıralarını zənginləşdirib,
sayını dəfələrlə artırmaq, hətta
onları bütün dövlət üzrə yerləşdirməkdir...
Universitet Elmlər Akademiyasının dostu,
onunla qan qardaşı olub Vətənin rifahı naminə
birgə xidmət etməlidir. Universitetin nəzdində
gimnaziyanın mövcudluğu vacibdir, çünki onsuz
universitet sanki toxumsuz bir əkin sahəsidir”. Məncə, bu, sualınıza ən yaxşı
cavabdır.
Qeyd edim ki, bu gün Akademiyada elm və təhsilin
inteqrasiyası konseptual xarakter daşıyır. Məlum
olduğu kimi, Akademiyada illərlə formalaşmış
böyük elmi potensial, müxtəlif elmi istiqamətlər
üzrə çoxsaylı mütəxəssislər,
müasir elmi avadanlıq və cihazlarla təmin olunmuş
laboratoriyalar mövcuddur. Bu potensialın
ölkə səviyyəsində səmərəliliyini
artırmaq üçün elmlə təhsilin inteqrasiyasına
böyük ehtiyac vardır. Alimlərimiz
təhsil prosesində iştirak etməli, auditoriyalara üz
tutmalı, tələbələrimiz isə elmi təhlil və
təcrübələrin aparıldığı
laboratoriyalara gəlməlidirlər. Təhsilin
tələbləri elmi araşdırmalarda öz əksini
tapmalıdır. Elmin tələbləri
isə yetişməkdə olan gənc nəsildə
formalaşdırılmalıdır. Bu
gün biz alimlərin pedaqoji prosesdə yaxından
iştirakında maraqlıyıq. Həqiqətən də,
bu gün püxtələşmiş alimlərimiz öz təcrübələrini
universitet auditoriyalarında gənc nəslə öyrətməkdədirlər.
Biz bu prosesi daha da təkmilləşdirmək məqsədilə
konkret addımlar da atmışıq. Artıq
bu gün Akademiyada 15-ə yaxın baza kafedrası fəaliyyət
göstərir. Bu kafedralar universitetlərdəki
kafedraların elmi mütəxəssislərlə daha
yaxşı təmin olunmasına, təcrübə və nəzəriyyənin
bölüşdürülməsinə geniş imkanlar
yaradır. Bu isə bizə Akademiyada
magistratura təhsil pilləsini təşkil etməyə imkan
yaratdı. Artıq bu il Akademiyada 7 prioritet ixtisas
üzrə magistraturaya qəbul həyata keçirilmişdir.
Biz bununla gənclərin elmə daha erkən cəlb
olunmasına nail olmaq istəyirik.
Mən Azərbaycan
Alimlərinin I Qurultayındakı məruzəmdə qeyd
etmişdim ki, biz
gələcək alimi orta məktəblərdən
seçməli və yetişdirməliyik. Bu
gün təhsil prosesində tətbiq olunan kurikulum da əslində
dünyanın müasir çağırışları zəminində
meydana çıxmışdır. Burada əsas
məqsəd şagirdlərdə ilkin tədqiqat,
araşdırma vərdişlərini aşılamaqdır ki,
bu da gənclərdə elmi araşdırmalara marağın
yaradılmasına imkan verir. Çox sevindirici haldır
ki, artıq Azərbaycan təhsilində də bu proses
uğurlu şəkildə gedir və heç şübhəsiz
ki, yaxın gələcəkdə biz bunun müsbət nəticələrinin
şahidi olacağıq.
- Akif
müəllim, bu gün Azərbaycanda gənclər siyasəti
əsas prioritetlərdəndir. Akademiyada həyata
keçirilən islahatların da mühüm istiqamətlərindən
birini müasir tələblərə uyğun intellektual gənclərin
yetişdirilməsi təşkil edir. Sonda
gənclərə tövsiyələrinizi eşitmək istərdik.
- Bəli,
bu gün Azərbaycanda gənclik dövlətin xüsusi diqqət
və qayğısı ilə əhatə olunmuşdur. Dövlətin birbaşa dəstəyi ilə gənclərin
ölkənin ictimai, siyasi, iqtisadi, təhsil sahəsində
uğurlar əldə etməsi üçün münbit
şərait yaradılmışdır. Mən
arzu edərdim ki, gənclərimiz, o cümlədən
intellektual gənclərimiz yaradılmış bu imkanlardan səmərəli
istifadə etməyi bacarsınlar.
Bu gün dünyada baş verən sürətli proseslər
tələb edir ki, müasir gənclik öz sahəsinə
dair nəzəri bilikləri mənimsəməklə bərabər,
xarici dillərə yiyələnsin, İKT bacarıqlarına
sahib olsun. Gələcək məhz bu tələblərə
cavab verə bilən gəncliyin simasında nikbin
görünür.
Bütün sahələrdə olduğu kimi, elmdə də
varisliyin qorunması, təcrübə və ənənələrin
ötürülməsi intellektual gəncliyin üzərinə
düşür. Gənclərimiz böyük tarixə
malik olan elmimizin əldə etdiyi təcrübəni dərindən
mənimsəməli, Vətənin və xalqın
inkişafı naminə praktikada tətbiq etməli,
özündən sonrakı nəslə ötürməlidir.
Azərbaycan gəncliyinə bir daha xatırlatmaq istəyirəm
ki, müasir dünyanın reallıqları və
çağırışları dahi Nizaminin XII əsrdə
dediyi fikrin doğruluğunu hər an daha əminliklə
təsdiq etməkdədir:
Qüvvət elmdədir, başqa
cür heç kəs,
Heç kəsə
üstünlük eyləyə bilməz.
- Akif
müəllim, maraqlı və geniş müsahibə
üçün Sizə təşəkkür edirik.
Müsahibəni apardılar:
Bayram HÜSEYNZADƏ,
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.-2015.- 7 noyabr.- S.6-7