“Məktəbi müəllimin iş

yerinə çevirmək lazımdır”

 

 Qəzetimizin bu sayından etibarən “Müzakirə” rubrikası fəaliyyətə başlayır. Təhsil sistemimizdə mövcud olan problemləri, bu sahədə ictimaiyyəti maraqlandıran ayrı-ayrı məqamları  tanınmış alimlər, mütəxəssislər və ekspertlərlə birgə müzakirə edib bu rubrika altında oxuculara çatdırmağı nəzərdə tuturuq. Rubrikamızın ilk qonağı tanınmış alim, əməkdar elm xadimi, professor Şahlar Əsgərovla  Azərbaycan təhsilinin son vaxtlar gündəmdə olan bəzi problemlərini müzakirə edirik.

 

- Şahlar müəllim, son illər ölkə Prezidentinin rəhbərliyi altında təhsilimizdə ciddi islahatlar aparılır, mühüm layihələr reallaşdırılır. Bütün bunlar kənardan necə görünür?

- Təhsilimizdə gedən islahatları, tətbiq olunan yenilikləri mən ümumilikdə müsbət qiymətləndirirəm.Təhsil islahatlarını cəmiyyətimiz də təqdir edir. Son illərdə məktəb tikintisi, xüsusən  təhsilin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıq və İKT vasitələri ilə təchizatı sahəsində çox uğurlu addımlar atılıb. Məhz bunun sayəsində 90-cı illər məktəblərdə geniş yayılmış 3 növbəli, 2 növbəli tədris indi minimuma enib. Vaxtilə 1033 şagirdə 1 kompüter düşürdüsə, indi 20 şagirdə 1 kompüter düşür.

Hazırda Təhsil Nazirliyinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən bir sıra islahatyönümlü layihələr, o cümlədən müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu və yerdəyişməsi, orta məktəbi bitirənlərin hamısına attestatların verilməsi, ali məktəblərdə “SABAH” qruplarının yaradılması, tam orta təhsil pilləsində tədrisin təmayüllər üzrə təşkili, I siniflərə qəbulun elektron qaydada aparılması və bir sıra digərləri çox faydalı və təqdirolunası işlərdir.

- Şahlar müəllim, keçilən yola qısa nəzər saldınız. Sizcə, biz düz yollamı gedirik? Bəlkə nələri də etsək daha qısa yolla təhsilimizin inkişafına, keyfiyyətinin yüksəldilməsinə nail ola bilərik?

- Sualınız düşündürücüdür. Mənə elə gəlir ki, müəllim hazırlığına daha çox diqqət yetirmək lazımdır. Düzdür, Nazirlik bu istiqamətdə müəyyən addımlar atır. Amma bu iş daha da gücləndirilməlidir. Bilirsiniz ki, son illər ərzində çox dəyərli müəllimlər müxtəlif səbəblərdən məktəblərdən gediblər.

İkincisi, mənə elə gəlir ki, kişi müəllimlərin məktəbdə faizi çox aşağıdır. Onların məktəblərə qaytarılması üzərində düşünülməlidir. Hazırda şagirdlərimiz orta məktəbdə əsasən qadın müəllimlərin tərbiyəsi altındadır. Bunun qüsurlu cəhəti odur ki, qadın tərbiyəsi altında olan oğlanların qəhrəmanlıq potensialı ölür. Çünki qadın həmişə “dəymə”, “toxunma”, “vurma” deyir. Amma kişi tərbiyəsində bu yanaşma yoxdur. Onlar qadınlardan fərqli olaraq tərbiyə işini “dost var, düşmən var, dostu düşməndən seç, dostuna sadiq, düşməninə qarşı barışmaz ol” kimi yanaşma əsasında qururlar.

Digər ən vacib məsələ, güman edirəm ki, məktəbin demokratikləşməsi, demokratik proseslərin məktəbə gəlməsinə diqqət yetirilməsidir. Məktəbdə layiqli müəllim varsa, elə o da direktor qoyulmalıdır. Direktoru başqa yerdən gətirməyə meyil göstərilməməlidir. Çünki başqa yerdən gələn direktor öyrənənə qədər vaxt itkisi gedir. Mən layiqli deyəndə, ilk növbədə, ümumi mənafeyi şəxsi mənafedən üstün tutmağı, direktor üçün vacib olan digər keyfiyyətləri nəzərdə tuturam. Yəni dövlətin, xalqın, cəmiyyətin mənafeyini öz şəxsi mənafeyindən üstün tutan adamları direktor qoymaq  lazımdır. Bu ən vacib məsələdir. Dünya da bu istiqamətdə gedir. Direktorun kim olmasının təhsilin inkişafında çox böyük əhəmiyyəti var. Bu baxımdan mən Təhsil Nazirliyinin son vaxtlar direktor seçimi ilə bağlı yeritdiyi xətti yüksək dəyərləndirirəm.

Sovet dövründə bu prinsip partiya vasitəsi ilə qorunurdu. Belə ki, ləyaqəti olmayanı partiyaya keçirmirdilər. Partiyaya keçməyən adamı isə direktor qoymurdular. Bu özü-özünə, yəni sistem vasitəsilə tənzimlənirdi. Amma son illər verilmiş azadlıqdan sui-istifadə halları çox olub.

Bir də ki, məktəbi müəllimin iş yerinə çevirmək lazımdır. Əgər müəllim 12 saat dərs deyirsə, bu hər gün, təxminən, 2 saat edir. 2 saata isə məktəb müəllimin iş yerinə çevrilə bilməz. Müəllim məktəbdə gündə ən azı 3-4 saat olmalıdır ki, o daimi iş yerinə çevrilsin. Belə olsa, biganəlik də aradan qalxar, müəllimin saatları, buna müvafiq əməkhaqqı da artar. Ədalət naminə deyim ki, Təhsil Nazirliyi son dövrlərdə bu istiqamətdə bəzi addımlar atıb. Direktor seçimi, müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilməsi və digər tədbirlər bu baxımdan yaxşıdır. Dövlət başçısının diaqnostik  qiymətləndirmədən keçmiş müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması barədə bu ilin yanvarında imzaladığı sərəncamı da çox faydalı hesab edirəm. Bütün bunlar göstərir ki, biz düz yoldayıq. İstiqamətimiz düzdür.

- Uzun illərdir ki, təhsilimizdə repetitorluq xidməti geniş yayılıb. Bir qrup insanlar buna müsbət yanaşsalar da, digərləri onun təhsilimizin inkişafına ciddi maneə olduğu  qənaətindədirlər. Bəs siz necə düşünürsünüz?

- Birmənalı şəkildə deyirəm ki, repetitorluq zərərlidir. Bu haqda mənim çoxlu məqalələrim olub. Onların birində hətta mən repetitorluğu Azərbaycan təhsili üçün arxadan vurulan bıçaq adlandırmışam. Bunun səbəbləri var. Birincisi, repetitorluq ən azı onu göstərir ki, dövlətin təhsil sistemində qüsurlar var. İkincisi də, repetitorluq məktəbdən fərqli olaraq vətəndaş yetişdirə bilməz. Çünki təhsil sistemində müxtəlif səviyyələrdə tədris olunan bütün fənlər, tədris proqramları həm də təhsilalanların vətənpərvərlik tərbiyəsi onlara millətə, xalqa sevgi aşılamaq üzərində qurulub. Bu mövzular müxtəlif fənlərə elə daxil edilib ki, XI sinfi bitirdikdən sonra uşaq vətənpərvər, millətsevər bir adam olur. Amma repetitorluqda bu mümkün deyil. Çünki repetitor müəllimə lazımdır ki, uşaq onun öyrətdiyi mövzulara, verdiyi suallarına cavab versin. Ona sualdan kənar bir cümlə də oxutmur, nəyi öyrədir, onu da tələb edir.

Təhsil sistemimizin məqsədi isə uşaqlarımıza, gənclərimizə elə bir savad və bacarıqlar verməkdir ki, onlar gələcəkdə iştirakçısı olduqları proseslərdən, düşdükləri situasiyalardan çıxmaq üçün düzgün qərarlar qəbul edə bilsinlər. Bunun üçün o, məktəbdə öyrədilən bütün fənləri heç olmasa, minimum tələblər əsasında bilməlidir. Əgər şagird bu fənlərin, deyək ki, 15-dən 10-nu kənara qoyub 5-ni öyrənsə, onda gələcəkdə əsl vətəndaş kimi formalaşa, millətə yaxşı övlad ola bilməyəcək.

- Bəs əgər şagird məktəbə normal gəlib günün birinci  yarısında dərsdə iştirak edir, ikinci yarısında isə repetitor yanına gedirsə, yaxud deyək ki, sinifdə 40 şagird var və müəllim onlarla normal tədris qurmaqda çətinlik çəkirsə, belə hallarda valideyn övladına daha yaxşı təhsil vermək üçün repetitor tutursa, onda necə?

- Bu ola bilər. Məsələn, orta məktəblərin tədris planında müəyyən xarici dillər nəzərdə tutulur. Ancaq kimsə istəyir ki, övladı tədris planında olmayan dili, məsələn, Çin dilini bilsin, o, uşağını repetitor yanına göndərə bilər ki, gedib həmin dili öyrənsin.

Amma, bir daha təkrar edirəm ki, repetitorluq dövlət təhsil sisteminin qüsurları üzərində göyərir və biz onu aradan qaldırmaq istəyiriksə bu qüsurları islah etməliyik. Onu da deyim ki, repetitorluq dövlətin təhsil siyasətini tam aparmağa imkan vermir. Repetitorluğun olması təhsilə münasibətə mənfi təsir göstərir, tədris müəssisələrində, təhsili idarə edən bəzi dövlət qurumlarında təhsilin keyfiyyəti üçün məsuliyyət hissini azaldır, “əşi birtəhər oxusunlar, onsuz da repetitor yanına gedib öyrənəcəklər” qənaəti yaradır. Müvafiq qanunvericilikdə olan bəzi  boşluqlar da repetitorluğun rəvac tapmasına səbəb olur. Əgər biz bundan imtina etmək istəyiriksə təhsil sahəsi üçün lazımi qanunlar qəbul edilməlidir. Bir də bizdə elə məktəblər olub və var ki, məsələn, keçmiş Azərbaycan-türk liseyləri, bəzi təmayül liseyləri, Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi və s. onlarda təhsil alanların repetitor yanına getməsinə ehtiyac qalmır. Diyanət vəqfi liseyinin məzunlarının demək olar ki, hamısı hər il repetitor yanına getmədən yüksək balla ali məktəblərə qəbul olurlar. Onların təcrübəsindən, tədris sistemindən geniş istifadə olunmalıdır.

Fikrimcə, repetitorluğu aradan qaldırmağın bir yolu da universitetlərin öz qapılarını qəbul olmaq istəyənlərin üzünə geniş açması, norma ilə tələbə qəbulundan imtina edilməsi ola bilər. Universitetlərə ancaq qeydiyyat getməlidir. Qoy Azərbaycan orta məktəbini qurtaran və ali təhsil almaq istəyən hər kəs universitetlərə gedə bilsin. Necə deyərlər, universitetin girişini yox, çıxışını bərkitmək lazımdır.

Repetitorluğun qarşısını almaq, təhsildəki digər qüsurları aradan qalırmaq üçün ilk növbədə dövlət müəssisələrində təhsilin keyfiyyətini yüksəltməliyik. Buna,  dediyim kimi, məktəb direktorundan başlanılmalıdır. Direktorun niyyəti bu olmalıdır ki, mən gedirəm o məktəbdə keyfiyyəti yüksəltməyə. Belə direktorlarımız olub. Mən birinin adını çəkmək istəyirəm. Bakıdakı 190 nömrəli məktəbə uzun illər rəhbərlik etmiş Sona xanım Tağıyevanın. Onun haqqında çıxmış kitabın təqdimatı mərasimində Sona xanımın xalq, ictimaiyyət arasında necə böyük bir hörmətə, nüfuza malik olduğunu gördüm. Çünki Sona xanım heç zaman məktəbdən şəxsi mənafeyi üçün istifadə etməyib. Ona görə də ictimaiyyət onun hörmətini dünyasını dəyişəndən sonra da saxlayır. Lakin elələri də olur ki, vəzifədə olanda ancaq özünə, yaxınlarına “xidmət” göstərir. Belələri lap akademik olsa belə, ondan fayda görənlər dünyadan köçdükdən sonra  kimsə tərəfindən xatırlanmır, yad edilmir. Çünki onlar cəmiyyətə qulluq etməyiblər ki, cəmiyyət də onları xatırlasın.

- Şahlar müəllim, bəs bu məsələlərdə valideynlərin, cəmiyyətin rolu necə olmalıdır?

- Cəmiyyətin rolu çox vacibdir. Oturuşmuş ölkələrdə, hətta keçmiş sosialist sisteminə daxil olan Çexiya, Slovakiya, Polşa və s. kimi ölkələrdə hər sahəyə, o cümlədən təhsilə güclü ictimai nəzarət var. 4-cü hakimiyyət deyilən media, KİV cəmiyyəti passivləşməyə, laqeydləşməyə qoymur, onu daim, necə deyərlər, diri saxlamağa çalışır. Təəssüf ki, bizdə belə deyil. Mətbuatda, televiziyalarda bu mövzuda debatlar çox az keçirilir. Biz də gərək ictimaiyyəti fəallaşdıraq. Cənab Prezident də son çıxışlarında bu məsələni, yəni cəmiyyətin aktiv olmasının, ölkədə gedən proseslərə fəal müdaxilə etməsinin vacibliyini vurğulayıb. Hər şeyi dövlətin üzərinə yıxmaq olmaz. Camaat özü də fəal olmalıdır.

- Son illər ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayanların sayı getdikcə artmaqdadır. Ancaq 700 bal özlüyündə ən yüksək nəticə olsa da, cəmiyyətimizdə bu zirvəni fəth edənlərə də münasibət fərqlidir. Bəzi mütəxəssislər, ekspertlər bu abituriyentlərin sosiallaşa bilməməsini, sonralar istər təhsil dövründə, istərsə də məzun olub işləyəndə bu nəticəyə aqekvat uğur qazanmadıqlarını deyirlər...

- Əgər uşaq istedadlıdırsa və təbii olaraq, deyək ki, Azərbaycanın uzaq bir kəndindən gəlib 700 bal toplayıbsa bu, əlbəttə, böyük nailiyyətdir. Yəni bu adamın potensialı yüksəkdir, bütün deyilənlər yadında qalır ki,  700 balı toplayıb. Amma süni surətdə, yəni repitetor tutmaqla, uşağın istirahətini bada verməklə, valideynin təzyiqi, yəni qoy mənim uşağım 700 bal toplasın deyib uşağı  qəhrəman sifətində görməsi ilə bu balı toplaması uğursuz bir şeydir. Uşaq o əziyyətin  hesabına 700 bal toplamaqdansa, sərbəst olaraq 650 toplasa daha yaxşıdır. Bu həm uşağın sağlamlığı üçün, həm də sosiallaşa bilməsi üçün yaxşı olar.

Mən sizə bir misal çəkim. Bizim Apple telefonlarımızın yaradıcısı Stiv Cobsu Harvard Universitetinin bakalavr tələbələri ilə görüşə çağırırlar. Dünyanın ən varlı adamlarından biri sayılan Stiv Cobs bilirsinizmi tələbələrə nə deyir? Deyir ki, ay uşaqlar, heç mən universitet qurtarmamışam. Ali təhsilim yoxdur.

Hətta deyilənə görə, Microsoft şirkətinin yaradıcısı, dünyanın ən varlı adamlarından olan Bill Qeytsin də ali təhsili olmayıb. Universiteti çox sonralar, məşhurlaşanda bitirib.

Buradan həm də o qənaət hasil olur ki, insan yaradıcı olmalıdır,  ali təhsil o qədər də önəmli deyil. Ona görə indi kreativ sözü tez-tez işlədilir. O məhz yaradıcı düşüncəni, məsələlərə yaradıcı yanaşmanı özündə ehtiva edir. Yenə deyirəm, ümumiyyətlə mənimsəmənin, yüksək bal toplamanın özü yaxşı şeydir, amma bunu, necə deyərlər, həyatın mənasına çevirmək, uşağın ömrünü bu yolda xərcləmək düzgün deyil.

Ölkəmizdə ümumiyyətlə biliyin qiymətləndirilməsi yaxşı vəziyyətdə deyil. Biliyin qiymətləndirilməsi təhsilə nəzarət üçün lazımdır ki, müəllimin necə dərs deməsi, uşaqların necə mənimsəməsini müəyyənləşdirsin. Bunun üçün cürbəcür şkalalar var: 5 ballıq, 10 ballıq, 100 ballıq, 700 ballıq. Hazırda bunların hamısı bizdə tətbiq olunduğundan qiymətləndirilmənin vahidlik prinsipi pozulub. Hətta bir müddət eksperiment qaydasında 9 ballıq şkaladan da istifadə olunub. Şkala şagirdin bildiyinin bilməli olduğuna nisbətini əks etdirir. 700 ballıq şkala özü də Azərbaycan cəmiyyəti tərəfindən tam dərk olunmuş bir şkala deyil. 700 bal 5 ballıq şkalanın 5-i,10 ballıq şkalanın 10-u, 100 ballıq şkalanın 100-ü deməkdir. 700 ballıq şkalada bizim klassik “4” qiymət 560,  3”  420, “2” 280-dir. İndi gör bu 700 ballıq şkala cəmiyyətdə necə dolaşıqlıq yaradıbsa  uşaq 250 bal toplayanda valideyn sevinir ki,  uşağım əməlli-başlı bal toplayıb. Halbuki bu, “2”-dən də aşağıdır.

Qiymətləndirmədə bir vacib məsələ də var - mənimsəmənin minimal həddi. Misal üçün, Amerika kimi ölkədə mənimsəmə həddi hardasa 80 faizdir. 80 faizdən aşağı mənimsəmə qeyri-kafi hesab olunur. Amma SSRİ-də 60 faiz idi, yəni “3”. “3”-dən aşağıdakı qiymətlər qiymət deyil, göstəricidir, yəni simvolikdir.  Bu o deməkdir ki, şagird mənimsəməyib.

- Son illər cəmiyyətimizdə dərsliklərlə bağlı da geniş müzakirələr gedir. Sizin də fikrinizi bilmək istərdik. Mövcud dərsliklər normaldırmı? Bəlkə onlar fərqli olmalı, dərsliklərın yazılmasına başqa cür yanaşılmalıdır?

- Dərslik təhsil sisteminin ən vacib həlqəsidir. Çünki gələcək nəsli dərsliklər formalaşdırır və onların necə olması məhz dərsliklərdən asılıdır. Siz dərsliyi elə yaza bilərsiniz ki, şagird orta məktəbi bitirəndən sonra gözəl vətəndaş olar. Elə yaza bilərsiniz ki, uşaq çox güclü millətçi olar. Elə də yaza bilərsiniz ki, böyüyən nəsil ateist və ya dindar olar. Fikrimcə, dərslik nə qədər sabit olsa bir o qədər yaxşıdır. Elmi yenilikləri dərsliyə gətirmək adı altında onları tez-tez dəyişmək, təzələmək məqbul deyil. Birincisi, elm gündə yox, hər 10-20 ildən bir inkişaf edir və bu inkişaf da 10-20 ildən bir dərslikdə öz əksini tapa bilər. Belə olan halda dərsliyin hər 4 ildən bir yenilənməsinə nə ehtiyac var?

İkincisi də, dərslik təkcə şagird üçün deyil, həm də müəllim üçündür. Dərslik sabit olsa o, müəllim tərəfindən möhkəm dərk edilmiş olar və orada müəllimə qaranlıq bir şey qalmaz. Dərslik tez-tez dəyişəndə isə müəllim onu axıradək dərk edə bilmir və orada onun üçün qaranlıq məsələlər qalır. Müəllim üçün qaranlıq olan isə şagird, tələbə üçün zülmətdir. Hər yeni dərslik yeni müəllif, yeni fəlsəfə deməkdir. Bunu nəzərə almaq lazımdır.

Dərslik həmin sahənin biliciləri tərəfindən  yazılmalıdır. Düzdür, indi dərsliklə bağlı müsabiqələr, tenderlər keçirilir, bu prosedurların qalibləri olan nəşriyyatların hazırladıqları dərsliklərə Təhsil Nazirliyinin Dərslikləri Qiymətləndirmə Şurasında baxılır və müvafiq seçim aparıldıqdan sonra dərsliklər çap olunur. Bu ola bilsin hüquqi cəhətdən düzdür. Lakin mən bunu o qədər də məqbul yol saymıram. Nəşriyyat bu işə nə qədər məsuliyyətlə yanaşsa da onun müəllif tapması qüsurlu haldır. Çünki nəşriyyat özünün bütün fəaliyyətini biznes maraqları üzərində qurur. Fikrimcə, Təhsil Nazirliyi bu məsələyə diqqətini daha da artırmalıdır. Düzdür, nazirlik bu işə nəzarət edir. Lakin bu bir qədər də gücləndirilməlidir. Çünki dərslikdəki səhvlərə, onların yararsızlığına görə heç kim nəşriyyatı günahlandırmır. Hamı üzünü Təhsil Nazirliyinə tutur, sözünü onun ünvanına deyir.

- Bu gün Təhsil Nazirliyinin əsas strateji hədəflərindən biri də neqativ hallara qarşı barışmaz mübarizədir. İstərdik ki, bu məsələyə də münasibət bildirəsiniz. Bu yolla biz istədiyimizə nail ola biləcəyikmi?

- Avropada bir müdrik misal var: problemin həllinin yarısı onu qəbul etməkdir. Problem qəbul olunandan sonra onu həll etmək də asan olur. Təhsil nazirinin bir xüsusiyyəti mənə xoş gəlir ki, o, problemi qəbul edir. Demir ki, təhsildə rüşvət yoxdur. Əgər qəbul edirsə, demək həll edəcək. Bu sahədə atılan və cəmiyyətdə birmənalı müsbət qarşılanan addımlar, xüsusən də uşaqların I sinfə qəbulunun elektron qaydada təşkili, müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilməsi, orta məktəb məzunlarının hamısına attestatların verilməsi də bunu sübut  edir.  Bu  addımları düzgün hesab edirəm. Yanaşma düzgündür.

Fikrimcə, özəl məktəblərin şəbəkəsinin genişləndirilməsi də bu işə kömək edə bilər. Onların yaranmasını təşviq etmək lazımdır, nəinki qarşısını almaq. Bu, iki baxımdan faydalıdır. Birincisi, özəl məktəblər müəyyən qədər yükü dövlətin üzərindən götürüb cəmiyyətin üzərinə qoyurlar. İkincisi də sağlam rəqabət yaradır, valideynlərin seçim imkanlarını genişləndirirlər. Üstəlik belə məktəblərdə rüşvət, başqa neqativ hallar, demək olar ki, olmur.

- Şahlar müəllim, təhsilin bir çox probleminə toxunub, sizinlə birlikdə müzakirə etdik. Daha hansı məsələyə toxunmaq istərdiniz?

- Təhsildə maraqlı məsələlərdən biri də xarici təcrübənin öyrənilməsinin xeyri olub-olmaması məsələsidir. Araşdırmalardan bu qənaətdəyik ki, xeyri var, amma müəyyən şərtlər daxilində.

Bilirsiniz ki, inkişaf səviyyəsi və bu səviyyənin əsas göstəricisi olan adambaşına düşən milli gəlir, insanın inkişaf potensialı indeksinə görə dünya ölkələri 3 qrupa bölünür: inkişaf etmiş, inkişaf etməkdə olan və üçüncü qrup, yəni inkişaf etməmiş ölkələr. Azərbaycan inkişaf etməkdə olan dövlətlərə aiddir. Təcrübənin qrup daxilində öyrənilməsinin əhəmiyyəti var. Yəni hər qrupa daxil ölkələr öz qruplarındakı ölkələrin uğurundan bəhrələnə, yaxud qüsurlarından nəticə çıxara bilər. Lakin ikinci qrup ölkələr birinci qrup ölkələrin təcrübəsindən bəhrələnə bilməz. Çünki orada müəllimə yüksək maaş verirlər, adambaşına düşən milli gəlir yüksəkdir, deyək ki, 20-30 min ABŞ dollarıdır, insanın inkişaf potensialı indeksi 0,85-dən yüksəkdir. Bizdə isə bu göstəricilər müvafiq olaraq 12 min dollar və 0,73-dür. Belə ölkələrin təcrübəsini öyrənməyimiz ona bənzəyər ki, 1-2 mərtəbəli ev tikmək istəyirik, lakin müəyyən məsələləri öyrənmək üçün gedib 5-6 mərtəbəli bahalı bir villaya baxırıq. Sadə dildə desək, hər ölkə özünə münasib olan ölkənin  təcrübəsini öyrənməlidir. Bu baxımdan biz inkişaf nöqteyi-nəzərindən özümüzə yaxın ölkələrin təcrübəsini öyrənməliyik. Təcrübə öyrənmək üçün uzaq  Meksikaya getmək daha yaxşıdır, nəinki yaxın Finlandiyaya ki, tətbiq edəndə də əlli problem ortaya çıxır.

- Şahlar müəllim, maraqlı söhbət üçün çox sağ olun. Redaksiyamıza gəldiyinizə görə təşəkkür edirik.

 

Yusif ƏLİYEV 

 

Azərbaycan müəllimi.- 2015.- 7 noyabr.- S.9.