700 bal
toplamaq uğurdur, yoxsa...
2007-ci ildən başlayaraq ali məktəblərə
qəbul imtahanlarında abituriyentlərin maksimum nəticə
göstərərək 700 bal toplaması artıq bir ənənəyə
çevrilib. İndiyədək 57 abituriyent bu yüksək nəticəni
əldə edib. “Azərbaycan müəllimi” olaraq, biz də təhsilimizin
ildən-ilə yüksələn bu addımlarını
böyük uğur hesab edirik və bu məsələnin təbliği ilə bağlı qəzetimizdə mütəmadi olaraq
yazılar veririk.
Ancaq məsələnin digər tərəfi
isə 700 bal toplayanların həyatlarının
sonrakı mərhələlərində cəmiyyətdə
hansı mövqe tutmaları, təhsilin növbəti pillələrində
bir peşəkar mütəxəssis kimi yetişə bilmələri,
bir sözlə, cəmiyyətin onlardan gözləntiləridir.
Nəzərə çatdıraq ki, redaksiyamız həmin
şəxslərin sonrakı təhsilini və iş
karyeralarını daim diqqətdə saxlayır. Bu məqsədlə
də qəzetimizin əvvəlki nömrələrində 700
bal toplayanların ali məktəbi bitirdikdən
sonra harada çalışmaları və təhsil
aldıqları ali məktəbdə imtahan sessiyasındakı
nəticələri ilə bağlı araşdırmalar
aparmışıq. Bu araşdırmalardan məlum oldu ki, 700 bal toplayanlar heç də qəbul
imtahanlarında əldə etdikləri uğuru iş
karyeralarında təkrarlaya bilmirlər. Onlardan əksəriyyəti
ya dövlət idarələrindəki aşağı təsnifatlı
vəzifələrdə, ya da nüfuzu olmayan özəl təşkilatlarda
çalışırlar. Hətta onların arasında
elələri də var idi ki, 3-4 il bundan əvvəl
ali məktəbi bitirməsinə baxmayaraq, hələ də
işsizdir. İmtahan sessiyasının nəticələrinə
gəldikdə isə bu məsələdə də onlar bir çox
hallarda önə çıxa bilmirlər. Yəni ali məktəblərə qəbulda göstərdikləri
nəticələri universitetlərdə doğrultmur, qəbul
imtahanlarında onlardan olduqca az bal toplayan tələbələrdən
bir o qədər də seçilmirlər. Ayrı-ayrı
pedaqoqlarla, mütəxəssislərlə müzakirə
zamanı onlar bunun ən başlıca səbəbini ali məktəblərə qəbul
imtahanlarına hazırlıq zamanı həmin şəxslərin
olduqca gərgin yüklənmələri ilə izah etdilər.
Eyni zamanda, bu tələbələrin hətta yaxın
çevrələrində olan insanlarla belə ünsiyyət
qurmaqda çətinlik çəkdikləri, ən əsası
isə sosiallaşa bilməmələri qeyd olundu. Müşahidələr göstərir
ki, onların bəziləri özlərinə qapanır, bir
yeniyetmə kimi fəal həyat tərzindən uzaq
düşürlər. Nəticədə
sağlamlıq və psixoloji baxımdan problemlərlə
qarşılaşırlar.
Araşdırmalarımız onu da
göstərdi ki, 700 bal toplamaq
üçün ixtisaslarına aid olmayan fənlərlə
bağlı abituriyentlərin yükləndikləri bəzi
incə fakt və rəqəmlər, dərin biliklər,
sonrakı fəaliyyətlərində, demək olar ki, onlara
lazım olmur və getdikcə unudulur.
“Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda şagirdlərdə ünsiyyət
bacarığı, idrak fəallığı və məntiqi
təfəkkürün inkişafı orta ümumtəhsil məktəblərinin
əsas vəzifələrindən biri hesab olunur. Ancaq
etiraf edək ki, 700 bal toplamaq arzusu bir
çox hallarda şagirdləri dövlətin ümumtəhsil
məktəbi qarşısında qoyduğu bu mühüm vəzifələrdən
yayındırır.
Bəs, bu haqda mütəxəssislər
nə düşünür? Sualımıza
cavab tapmaq üçün onlarla əlaqə saxladıq.
Şahlar ƏSGƏROV,
təhsil
eksperti
Əgər
uşaq istedadlıdırsa və təbii olaraq, deyək ki, Azərbaycanın
uzaq bir kəndindən gəlib 700 bal
toplayıbsa bu, əlbəttə, böyük nailiyyətdir.
Yəni bu adamın potensialı yüksəkdir, bütün
deyilənlər yadında qalır ki, 700 balı toplayıb. Amma
süni surətdə, yəni repetitor tutmaqla,
uşağın istirahətini, sağlamlığını
bada verməklə, valideynin təzyiqi, yəni qoy mənim
uşağım 700 bal toplasın deyib uşağı qəhrəman sifətində
görməsi ilə bu balın toplanması uğursuz bir
şeydir. Uşaq o əziyyətin hesabına 700 bal toplamaqdansa, sərbəst
olaraq 650 toplasa daha yaxşıdır. Bu həm
uşağın sağlamlığı üçün, həm
də sosiallaşa bilməsi üçün yaxşı
olar.
Mən sizə bir misal çəkim. Bizim Apple
telefonlarımızın yaradıcısı Stiv Cobsu Harvard
Universitetinin bakalavr tələbələri ilə
görüşə çağırırlar. Dünyanın ən varlı adamlarından biri
sayılan Stiv Cobs bilirsinizmi tələbələrə nə
deyir? Deyir ki, ay uşaqlar, heç mən
universitet qurtarmamışam. Ali təhsilim
yoxdur.
Hətta
deyilənə görə, Microsoft şirkətinin
yaradıcısı, dünyanın ən varlı
adamlarından olan Bill Qeytsin də ali təhsili
olmayıb. Uinversiteti çox sonralar, məşhurlaşanda
bitirib.
Buradan həm
də o qənaət hasil olur ki, insan yaradıcı
olmalıdır,
ali təhsil o qədər də önəmli deyil.
Ona görə indi kreativ sözü tez-tez
işlədilir. O məhz yaradıcı
düşüncəni, məsələlərə yaradıcı
yanaşmanı özündə ehtiva edir. Yenə deyirəm,
ümumiyyətlə mənimsəmənin, yüksək bal toplamanın özü yaxşı
şeydir, amma bunu, necə deyərlər, həyatın mənasına
çevirmək, uşağın ömrünü bu yolda xərcləmək
düzgün deyil.
Ölkəmizdə ümumiyyətlə biliyin qiymətləndirilməsi
yaxşı vəziyyətdə deyil. Biliyin qiymətləndirilməsi
təhsilə nəzarət üçün lazımdır
ki, müəllimin necə dərs deməsi, uşaqların
necə mənimsəməsini müəyyənləşdirsin.
Bunun üçün cürbəcür şkalalar var: 5
ballıq, 10 ballıq, 100 ballıq, 700 ballıq. Hazırda bunların hamısı bizdə tətbiq
olunduğundan qiymətləndirilmənin vahidlik prinsipi pozulub.
Hətta bir müddət eksperiment qaydasında 9
ballıq şkaladan da istifadə olunub. Şkala
şagirdin bildiyinin bilməli olduğuna nisbətini əks
etdirir. 700 ballıq şkala özü də
Azərbaycan cəmiyyəti tərəfindən tam dərk
olunmuş bir şkala deyil. 700 bal 5 ballıq
şkalanın 5-i,10 ballıq
şkalanın 10-u, 100 ballıq şkalanın 100-ü deməkdir.
700 ballıq şkalada bizim klassik “4” qiymət 560, “3” 420, “2” 280-dir. İndi gör bu 700
ballıq şkala cəmiyyətdə necə
dolaşıqlıq yaradıbsa
uşaq 250 bal toplayanda valideyn sevinir ki, uşağım əməlli-başlı
bal toplayıb. Halbuki bu, “2”-dən də
aşağıdır.
Qiymətləndirmədə bir vacib məsələ də
var - mənimsəmənin minimal həddi. Misal
üçün, Amerika kimi ölkədə mənimsəmə
həddi hardasa 80 faizdir. 80 faizdən
aşağı mənimsəmə qeyri-kafi hesab olunur. Amma SSRİ-də 60 faiz idi, yəni “3”. “3”-dən aşağıdakı qiymətlər qiymət
deyil, göstəricidir, yəni simvolikdir. Bu o deməkdir ki,
şagird mənimsəməyib.
Asif CAHANGİROV,
təhsil
eksperti
Bu məsələ məni də neçə müddətdir
ki, narahat edir.
Ali təhsil müəssisələrində
çalışan təhsil işçiləri ilə söhbətlərimdən
də məlum olub ki, bu gənclərin
bir çoxu ali məktəbə daxil olduqdan sonra təhsil
prosesinə uyğunlaşa bilmirlər. Onlar
çox vaxt özlərinə qapılırlar. Yaşıdları və ətrafdakılarla
münasibət qurmaqda çətinlik çəkirlər.
Qəbul imtahanlarına hazırlıq zamanı
onlarda yaranan özünəqapanma sonrakı təhsillərində
müxtəlif problemlərə gətirib
çıxardır. Belə ki, həmin tələbələrin
bir hissəsi müxtəlif məsələlərlə
bağlı müstəqil fikir yürütmək, nəticə
çıxarmaq və natiqlik qabiliyyətlərinə malik
olmurlar. Təbii ki, bunu onların
hamısına şamil etmək də düz deyil.
Məsələ ilə bağlı bir hadisəni nəzərinizə
çatdırmaq istəyirəm. Deməli, 700 bal
toplayan tələbələrdən biri oxuduğu universitetə
və tələbələrə uyğunlaşa bilmədiyi
üçün II kursdan sonra təhsilini xaricdə davam etdirmək
qərarına gəlmişdir. Valideynləri
düşünürdü ki, bəlkə xaricə getsə
oradakı təhsil mühitinə adaptasiya ola
bilər. Bu məqsədlə xarici dil öyrənmək
üçün əvvəllər mənimlə birgə çalışan
yaxşı tanıdığım müəllimlərdən
birinə müraciət etmişdi. Müəllim həmin tələbənin
biliklərini yoxlamaq üçün ona test
tapşırığı vermişdi. Tələbə test
tapşırıqlarını çox sərbəst şəkildə
düzgün cavablandırmış, lakin ingilis dilində
danışmaqda çətinlik çəkmişdir. Çox uzun müddət keçdikdən sonra
müəllim bu vərdişi onda formalaşdıra
bilmişdir. Buradan belə nəticəyə gəlmək olar ki,
həmin tələbənin qramatikanı və lüğəti
çox yüksək səviyyədə bilməsinə baxmayaraq,
şifahi nitq və ünsiyyət vərdişlərinə
yiyələnməmişdir. Bütün
bunlar həm də onu göstərir ki, repetitorlar abituriyentlərdə
zəngin bilik, zəruri kompetensiyalar yaratmaq əvəzinə
onları əzbərçiliyə alışdırırlar. Bu da onların
sonrakı inkişafına, cəmiyyətdə fəal
mövqe tutmasına mənfi təsir göstərir.
Ənvər ABBASOV,
Təhsil
Problemləri
İnstitutunun
direktor müavini
Bu sual
haqqında düşünərkən istər-istəməz
120 test üzərində üç saata qədər işləyib
nəticədə 700 bal toplayan abituriyentin
fəallığı göz qabağına gəlir. O, bir
göz qırpımında test tapşırıqlarını
həll edir. Heç şübhəsiz, özünün təhsil
illərində qazandığın bilik və bacarıqları
konkret vaxt çərçivəsində verilmiş tapşırıqlara
uyğun nümayiş etdirmək
çox böyük qabiliyyətdir və hər kəsin belə
bir uğur sahibi olması mümkün deyildir. Özünün
yüksək səviyyəli idrak fəaliyyəti ilə,
xüsusən fenomenal yaddaşı ilə fərqlənənlər
belə bir nəticəyə gəlib çata bilirlər.
Fakt və hadisələri yadda saxlamaq, yada salmaq və
nümayiş etdirməklə xüsusi bacarıq sahibi
olduqlarını göstərirlər.
700 və
ona yaxın bal toplamaq cəhdi böyük
bir zəhmətin nəticəsi olsa da, lakin müasir təhsil
dünyasının ölçüləri ilə uyğun gəlmir.
Çünki humanist tələblərin
mövcud olduğu hazırkı şəraitdə insanın
bir şəxsiyyət kimi inkişafının əsasında
biliklərinin çoxluğu deyil, məntiqi, tənqidi və
kreativ bacarıqlara hansı səviyyədə sahib olması
dayanır.
Çox
bilik əldə etmək bir tərəfdən abituriyentlərin
həddindən artıq yüklənməsi ilə, digər tərəfdən
isə onların sosiallaşa bilməməsi ilə nəticələnir. Şagird yaddaşında toplanıb qalmış
olan bu biliklər müasir məktəbin ölçüləri
baxımından inkişafın təminedici faktoruna
çevrilə bilmir.
Biz isə
həm müəllim, həm də valideyn mövqeyimizdən uşaqlarımıza müxtəlif
inzibati təsirlər göstərməklə onları daha
çox 700 və ona yaxın bal
toplamağa məcbur edirik. Müşahidələr
göstərir ki, əksər hallarda valideynləri
övladlarının səhhətindən daha çox
onların biliklərə yiyələnməsi, akademik savad
alması düşündürür. Lakin müşahidələr
onu da göstərir ki, müxtəlif təsirlərə məruz
qalaraq həddindən artıq biliklərə yiyələnən
abituriyentlər ali məktəbə daxil olduqdan sonra çox
az hallarda qeyri-adilikləri ilə fərqlənirlər. Adi tələbələrlə bir səviyyədə
oxuyur, o qədər də fərqlilik nümayiş etdirə
bilmirlər. Eyni zamanda belə tələbələrin ali məktəbi bitirdikdən sonra iş
karyeralarında uğur qazanmasında da problemlər
müşahidə edilir, onlar göstərdikləri yüksək
nəticələrə uyğun fəaliyyət ortaya qoya
bilmirlər.
Aytəkin İBRAHİMOVA,
Bakı Dövlət Universiteti
hüquq
fakültəsinin dekan müavini
Məlumdur
ki, bizim fakültəyə daxil olan və dövlət
hesabına təhsil alan tələbələr
qəbul imtahanlarında çox yüksək bal
toplayırlar. Tələbələrin arasında 700 və ona
yaxın bal toplayanların sayı
çoxdur. Onlar universitetə qədəm
qoyduqları ilk vaxtlarda, daha dəqiq desək, birinci semestrdə
müəyyən adaptasiya dövrü keçirirlər.
Belə ki, həmin tələbələr
yoldaşları ilə ünsiyyət qurmaqda, seminarlarda dərsə
cavab verməkdə çətinlik çəkirlər.
Lakin müəyyən vaxt keçdikdən sonra
onlar bu dövrü keçirlər. Bilirsiz,
bu məsələdə şəxsin özündən də
çox şey asılıdır. Elə
tələbələr olur ki, 4-cü kursu bitirənə qədər
insanlarla ünsiyyət qurmaqda, sosiallaşmaqda çətinlik
çəkirlər. Fakültə tərəfindən
tələbələrin aktiv şəkildə fəaliyyəti
üçün müxtəlif debatlar təşkil olunur.
Bundan başqa, onları Tələbə Elmi Cəmiyyətinə
sövq etməklə erkən vərdişlər
formalaşdırırıq. Sosiallaşmalarına
şərait yaradılır.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2015.- 7 noyabr.- S.11.