Rusiyanın ən yaxşı müəllimi
qəzetimizə müsahibə verdi
Sergey Koçerejko 1989-cu il oktyabrın 8-də
Rusiya Federasiyasının Samara vilayətinin Tolyatti şəhərində anadan olub. 1996-2006-cı illərdə “Radiant” qeyri-dövlət ümumtəhsil
gimnaziyasında oxuyub, ilk təhsilini
gümüş medalla başa vurub. 2006-2011-ci illərdə Samara
Dövlət Universitetinin tarix fakültəsində
oxuyub. Ali məktəbdən fərqlənmə
diplomu ilə məzun olub.
III kursdan
Rusiya tarixi kafedrasında ixtisaslaşma keçib. 2011-ci ildən
Samara Dövlət İqtisadiyyat Universitetinin iqtisadi tarix kafedrasının
aspiranturasında oxuyur. Samara
Dövlət Universitetinin V kursundan 1 nömrəli
gimnaziyada pedaqoji fəaliyyətə başlayıb və bu
günə kimi davam etdirir.
2013-cü ildə “Piter” nəşriyyatında onun “Tarix: tam
kurs, multimedia repetitoru” tədris vəsaiti çap olunub. Bu il
“Samara təhsilinin lideri-2015”, “Samara vilayətinin ilin müəllimi-2015” və
nəhayət, ölkə üzrə “İlin müəllimi
-2015” müsabiqələrinin qalibi seçilib. 2012-ci ildən işlədiyi 1
nömrəli gimnaziyada
“İskra” adlı gənc
müəllimlər klubunun yaradılmasının təşəbbüskarlarından
biri olub, hazırda kluba rəhbərlik edir. 2013-cü
ildə Samara şəhər gənc pedaqoqlar
assosiasiyasının yaradılması təşəbbüsü
ilə çıxış edib. 26 yaşlı müəllimin ən
böyük pedaqoji uğuru, mübaliğəsiz demək olar ki, “İlin müəllimi” müsabiqəsində
qalib gəlməsidir.
Rusiyada artıq 26 ildir ki, ilin ən
yaxşı müəlliminin müəyyən edilməsi
üzrə müsabiqə keçirilir. Bu ilin yanvar ayından
başlayan “İlin müəllimi-2015” müsabiqəsində
Samara şəhərindəki 1
nömrəli gimnaziyanın tarix müəllimi, 26
yaşlı Sergey Koçerejko qalib gəlib. Ölkənin 47 min təhsil
işçisi arasında baş tutan çox mürəkkəb
və məsuliyyətli yarışmanın qalibi “Azərbaycan
müəllimi” qəzetinə böyük sevinc hissilə
müsahibə verməyə razılığını
bildirdi.
- Öncə
sizi yüksək ad münasibətilə təbrik edirik.
“İlin müəlimi-2015” necə keçdi?
- Mən
“İlin müəllimi” müsabiqəsinin 3 mərhələsini keçdim. 2015-ci
ilin yanvar-mart aylarında şəhər (Samara), mart-aprel
aylarında vilayət (Samara), avqust-oktyabr aylarında
ümumrusiya final mərhələsində iştirak etdim. Çox ciddi rəqabətə
baxmayaraq,
inanılmaz dərəcədə bütün bu 3 mərhələdə rəqiblərimə qalib gələ bildim. Ümumrusiya
müsabiqəsinin Böyütmək üçün
seçin final mərhələsi 2 - əyani və qiyabi mərhələlərdən
ibarət idi. Qiyabi mərhələdə
3 sınaq üzrə
- metodik seminar (istifadə olunan pedaqoji texnologiyalar, metodlar,
üsullar, tapıntılarla bağlı təqdimat və
onlara dair izahedici məktub), esse (“öyrətmək
və öyrənmək” mövzusunda) və müəllimin şəxsi
saytına dair materiallar təqdim etmək tələb
olunurdu. Əyani tur əvvəlcə
Kazanda keçirildi,
çünki ötən ilin ən yaxşı
müəllim müsabiqəsinin qalibi bu şəhərdən
olan biologiya müəllimi Alla Qolovenkina idi. Yekun sınaq mərhələ
Moskvada oldu. 2015-ci ilin regionlar
üzrə qalibləri olan 77 müəllim əvvəlcə Kazanda mübarizə apardı. Kazanda keçirilmiş
“açıq dərs”in nəticələrini qiymətləndirən
münsiflər heyəti
müsabiqənin final mərhələsinə 15 nəfərin namizədliyini təsdiq
etdi. Onlar 3 sınaq üzrə mübarizə aparırdılar - ustad dərsləri (səhnədən bütün
müəllim həmkarlarına
uşaqları məhz necə öyrətdiyini göstərməli idin), təhsil
layihəsi (qruplarda 5 nəfər
olmaqla 6 saat ərzində hazırladıq) və pedaqoji
şura (məktəbin problemlərinə dair açıq
diskussiya). Bundan sonra müsabiqənin
5 qalibinin adları açıqlandı ki, onların da Rusiyanın təhsil və elm naziri Dmitri Livanov və təhsil
siyaətçiləri ilə “dəyirmi masa”da iştirak etməsi
əsl sınaq oldu. Rusiya
Dövlət Dumasında keçirilən bu sınaqda idarəetmə, strateji
düşünmə bacarıqlarını nümayiş etdirmək tələb
olunurdu. Nəticədə, oktyabrın 5-də ölkəmizdə 50-ci dəfə
keçirilən Beynəlxalq Müəllimlər
Günündə Böyük Kreml Sarayında “İlin müəllimi-2015”
müsabiqəsinin mütləq
qalibi elan olundı. Bu adı daşımaq şərəfi
mənə nəsib oldu.
Mənim üçün müsabiqə cari ilin
yanvarından oktyabrınadək davam etdi, lakin bu olduqca dar
çərçivədir.
Birincisi, müsabiqəyə
hazırlıq yanvarda deyil, məktəbdə fəaliyyətimin
ilk günündən başlayıb. Məşhur pedaqoq D.Suxomlinski
qeyd edirdi ki, əsl müəllim dərsə bütün
ömrü boyu hazırlaşır.
İkincisi, nəticələr məlum olsa da, müsabiqə onun
iştirakçılarının heç biri
üçün başa çatmayıb. Onlar indi öz regionlarında ilin müəllimləri
assosiasiyasına daxildirlər,
ümumrusiya forumlarında görüşəcək və təcrübə mübadiləsi
aparacaqlar.
- 47 min müəllim arasından qalib seçildiniz. Təəssüratlarınız
necədir?
- Mənim
müsabiqədən
təəssüratlarım necədir? Birincisi, müsabiqə səni qüvvə və vaxtın çatmadığı bir işi
görməyə məcbur edir.
O, vaxtın çatmadığı adi həyat
qarmaqarışıqlığında səni
öz-özünə suallar verməyə vadar edir: sən nə
edirsən, onu məhz necə
edirsən, niyə onu başqa
cür deyil, məhz bu cür edirsən? Müsabiqə səni öz peşə təcrübənə,
öz sisteminə yenidən baxmağa, dəyərləndirməyə məcbur
edir.
İkincisi,
müsabiqə
gözəl insanlarla
tanış olmaq imkanı verir, onlarla ünsiyyətdə olmaq çox xoşdur, onlardan öyrənməli çox
şey var. Onlar müsabiqə
iştirakçıları olan
həmkarlarımızdır,
müsabiqənin təşkilatçılarıdır, münsiflər heyətinin üzvləridır
və ötən illərin
qalibləridır.
Üçüncüsü, müsabiqə gözəl duyğular bəxş
edən möhtəşəm bayramdır. Səni qaliblərin ilk 5-liyində elan edəndə, ələlxüsus
da sonra
Kreml Sarayının səhnəsindən MDU-nun rektoru
V.Sadovniçi qiymətli zərfi
açaraq sənin adını qalib kimi çəkəndə o anların sevinc və heyrətini ifadə etməyim mümkün
deyil! Məhz bu müsabiqə
sayəsində Kazandakı gözəl 177 nömrəli məktəbdə, Dövlət Dumasında
olmağım, Soçidə “Sirus” mərkəzində
prezident Vladimir Putinlə görüşməyim mümkün olmuşdur. Mən müsabiqənin bütün təşkilatçılarına,
“Uçitelskaya qazeta”ya, Təhsil və Elm Nazirliyinə minnətdaram.
- Sizin cəmi
4 illik pedaqoji
iş təcrübəniz var. Necə oldu ki,
müsabiqədə iştirak etmək qərarına gəldiniz? Müsabiqəyə hansı ideya ilə qatıldınız?
- Mənim
müsabiqədə iştirakım elə özüm üçün də gözlənilməz oldu. Ötən il mənim 3 il pedaqoji
stajım var idi, mən özüm müsabiqədə
iştirak etməyə hazırlaşmırdım, hesab
edirdim ki, belə kiçik bir təcrübə
ilə müsabiqədə iştirak mənim
üçün hələ tezdir,
təcrübəli həmkarlarıma nəyisə öyrədə bilmərəm.
Amma ötən ilin payızında gimnaziyanın direktoru məni öz otağına
çağırıb müsabiqədə iştirak etməyimi
təklif etdi. Mən gimnaziyanı müsabiqənin şəhər
mərhələsində təmsil etməyə
razılıq verdim. İştirakım
uğurlu oldu.
Mənim ideyam nə idi? Əgər
metodiki ideyadan
danışsaq,
ideyamın əsasında tənqidi təfəkkürün
inkişafı dayanır. Amma
bu gün onu adətən dar mənada, 20 il əvvəl Qərbdə
işlənilib hazırlanmış və fişboun , sinkveyn, klaster və b.
bu kimi ekzotik metodların tətbiqinə əsaslanan konkret
pedaqoji texnologiya kimi başa düşürlər. Çox vaxt isə bu metodlar dərsdə
məqsədə çevrilir: uşaqlar bütün 45 dəqiqə
ərzində müəllimlə birlikdə növbə ilə
gah fişboun, gah
klaster təşkil edir,
informasiyanı ixtisar etməyi
və genişləndirməyi
öyrənir, dərsin məzmunu, informasiyanın mənasını təhlil
etmək bacarıqlarının inkişafı isə kənarda qalır. Mən isə tənqidi təfəkkürün
geniş mənada, informasiyaya
inamı qəbul etməyən, sərbəst
düşüncədən çəkinməyən elmi
dünyagörüş kimi
anlaşılması nöqteyi-nəzərindən
çıxış edirəm. Bu cür düşüncə
adi düşüncənin çərçivəsindən kənara
çıxır. Mənim
müsabiqədə ustad dərsimin mövzusu düşüncənin mifləşdirilməsi
idi.
- Sizcə,
ən yaxşı müəllim kimdir?
- Müəllimi
müəllim edən nədir? Onun bənzərsiz şəxsiyyəti,
azadlığı və cəsarəti. Uşaqlar
heç vaxt
hamının qorxduğu
adamlara qulaq asmayacaqlar.
Müəllim uşaqlar üçün nümunə
olmalıdır, onlar mütləq
ona bənzəmək istəyəcəklər. Yalnız azad və cəsarətli
müəllim gələcəyi yaradacaq azad və cəsarətli
şəxsiyyət yetişdirə bilər. Əsl müəllim,
ilk növbədə,
yaxşı insan, ziyalı, prinsipial olmalıdır. Bu il mən 11-ci sinif şagirdləri arasında sorğu
keçirdim, onlardan ən
yaxşı müəllimin başlıca keyfiyyətlərini
sadalamağı xahiş etdim. Onların əksəriyyəti müəllimin ədalətli olmasını qeyd etdilər. Müəllim uşaqlardan çox
özünə qarşı tələbkar
olmalıdır. Bu ona ən başlıca keyfiyyəti
- uşaqlar tərəfindən hörməti, valideynlər və məktəb rəhbərliyi
tərəfindən isə
etimadı verəcək. Mən bütün bu keyfiyyətləri
öz doğmalarımdan, universitet müəllimlərimdən,
məktəb müəllimlərimdən, 1 nömrəli
gimnaziyadan olan həmkarlarımdan öyrənməyə
çalışıram.
- Niyə
müəllim olmaq qərarına gəldiniz və ilk dərsinizi necə
xatırlayırsınız?
- Hər
bir insan peşə
seçimi qarşısında dayanır, mənin taleyimdə
də bu baş verib. Müəllim olmaq arzusu məndə, digər bir
çox həmkarlarım kimi, uşaqlıqda, ibtidai məktəbdə oxuyanda yaranıb.
Məktəb həyatı ilə
bağlı ilk təəssüratlarım məni heyran
etmişdi. Öz
müəllimlərim kimi olmaq istəyirdim. Ancaq ildən-ilə hər şey dəyişirdi. Məktəbi bitirən il qarşımda 3 yol dururdu: tarixçi,
hüquqşünas və ya jurnalist olmaq. Orta məktəbin
buraxılış ilində verdiyim vahid dövlət
imtahanları mənin tarix fənnini seçməyimə birbaşa
yol açdı. Nəticədə
mən Samara Dövlət Universitetinin tarix fakültəsinə daxil
oldum. Birinci kursda oxuyarkən mən eyni zamanda Tolyatti televiziyasında da
çalışırdım.
Arxeoloji praktika ilə əlaqədar televiziyada işim başa
çatdı və mən tamamilə tarixçi ixtisasıma
bağlandım. Beşinci kursda
oxuyarkən
Samaradakı 1 nömrəli gimnaziyada pedaqoji təcrübədə
oldum. Məhz burada tarix və ictimaiyyat
müəllimlərinin uşaqlarla necə işləmələri
mənim uşaqlıq
arzumun yenidən canlanmasına
səbəb oldu. Bir sözlə,
5 həftəlik təcrübənin sonunda mən məktəbdə
işləmək istədim, elə ki, gimnaziyanın
direktoru mənə təhsil
müəssisəsində qalıb işləməyi təklif
etdi, mən həvəslə razılıq verdim. Bizim həyatımızda təsadüflər
çoxdur, ancaq
onların hansı qanunauyğunluqlara çevriləcək, bu, hər bir
insanın şəxsiyyətindən
asılıdır.
Praktika və dərhal
ondan sonrakı dövrdə ilk
dərslərimi yaxşı xatırlayıram. Çətin, ancaq çox maraqlı
idi. Müəllimlərin
uşaqlarla necə işləmələri məni
ruhlandırırdı. Mən bütün
bilik və bacarıqlarımı dərhal uşaqlarla bölüşmək istəyirdim. Məktəb rəhbərliyi məni
lağa qoyaraq səylərimi “gənc müəllimlərin
xəstəliyi” adlandırırdı. Bəlkə də bu, “xəstəlik”dir,
lakin əsas məsələ odur ki, sən öz emosiyalarını və ilk dərslərdə uşaqlarla
görüşə getdiyin əhvali-ruhiyyəni, onlar üçün yeni dünya
açmaq, onlara bildiklərini öyrətmək arzusunu qoruyub
saxlayasan. Zaman keçdikcə anlamağa başladılar
ki, uşaqların yaş
xüsusiyyətlərini real olaraq necə nəzərə almaq olar, dərsdə məhz hansı bilik və
bacarıqların mənimsənilməsi
mərhələlərindən istifadə etmək
lazımdır, ancaq bu,
texnikanın işidir. Əgər daxildə istək varsa, texnika
gələcək.
- Sizin
pedaqoji kredonuz?
- Mən
pedaqoji kredo kimi Martin Lüterin (alman
protestantlığının banisi) bu sözünü götürmüşəm:
“Sözümün üstündə dururam, başqa cür də ola bilmirəm”. Həqiqətən, elə şeylər var ki, mən
onların doğruluğuna əminəm və həmişə sübut edirəm:
müəllim azadlığı və müəllimə
etimadın göstərilməsi. Əgər valideynlər, məktəb
müdiriyyəti, bütövlükdə cəmiyyət,
hakimiyyət orqanları müəllimə etibar və onun azadlığına hörmət
edirsə, işləmək onun
üçün komfortdur və o, işləmək istəyir.
Müəllim dərsdə tədris
materiallarının
detallarını, vasitələrini, iş
formaları və üsullarını, metodlarını özü seçir, tədris prosesində elektron vasitələrdən istifadə etmək və ya
ümumiyyətlə etməmək
barədə özü qərar verir. Məndən
soruşanda ki, pedaqoji texnologiya və metodları, dərsin məzmununu necə seçirsiniz, mən onlara deyirəm: siz şəxsən
nəyi vacib hesab edirsiniz, onu. O
müəllimin dərsi uğurlu alınır ki, onun dərs metodları, seçdiyi
iş vasitələri və formaları, texnologiyalar bir-biri ilə üzvi əlaqədədir.
- Sizin
fikrinizcə, bu gün məktəbdə nə
çatışmır?
- Mənim
fikrimcə, müasir məktəbdə müəllimə inam çatışmır. Müəllimə inamsızlıq
həm valideynlər, həm məktəb
administrasiyası, həm də hakimiyyət tərəfdən tez-tez özünü göstərir. Özgələrin məsuliyyətini sənin
üzərinə atanda, hər
şeydə səni ittiham edəndə daha çox əllərini yanına salmaq istəyirsən. Təəssüf ki,
tez-tez hər şeydə müəllimlər günahkar
hesab olunur. Əgər
hamının qarşısında məhz o günahkardırsa, o zaman
kim müəllim işləyəcək?
Dövlət müəllimlərə qarşı
çoxsaylı tələblərin
işlənib hazırlanmasına və onların bu tələblərə
uyğun olub-olmadığına dair yoxlamalara əhəmiyyətli
dərəcədə resurslar sərf edir. Bu etimadsızlıq üzündən
E.Yamburqun sərrast deyiminə görə, “məktəb getdikcə daha
çox şagirdlərin müəllimlərin sənədlərlə işləmələrinə
mane olduğu yerə
çevrilir”. Müəllimlərin
əsas işlə - uşaqlarla işləməsinə daha az vaxtları qalır.
Əminəm ki, əgər bu resurslar yoxlamalara sərf
olunmasa, məktəbə,
müəllimə və şagirdə yönəldilsə,
daha çox fayda verə bilər.
- Sizcə,
müasir məktəb və uşaqlar çox dəyişib?
- Mən
hesab edirəm ki, uşaqlar bütün dövrlərdə
müxtəlif olublar. O qədər
müxtəlif ki,
eyni bir dərsi heç vaxt iki dəfə eyni cür
keçmək müyəssər
olmur. Müxtəlif siniflərlə bu, fərqli
dərslər olacaq. Şübhəsiz ki, müasir uşaqlar informasiya
dünyasına , sosial şəbəkələr aləminə çox böyük
şəkildə cəlb olunmaları ilə fərqlənir.
Amma onları həm də canlı ünsiyyət birləşdirir, onlar həmçinin bir çox dərnək
və bölmələrə gedir, idmanla da məşğul
olur, həyətdə də vaxt keçirirlər. Yəqin ki, onlar kitab az oxuyurlar, bu isə
problemdir, bu məsələni həll etmək lazımdır.
Mən əminəm
ki, uşaqlara
valideynləri ilə ünsiyyət çox lazımdır. Valideynlərin
övladlarının uğurlarında maraqlı olması,
hiss və həyəcanlarını onlarla bölüşmələri
böyük əhəmiyyət kəsb edir. Tez-tez olur ki, müasir valideynlərin
uşaqlarla ünsiyyət saxlaması üçün
vaxtları və ya istəkləri yoxdur,
çünki ya öz
işləri ilə bağlı və yaxud da uşaqları üçün uğur
şəraitinin təmin edilməsindən
narahatdırlar. Amma başa düşmək lazımdır ki,
uşaqların uğurunun əsas şərti - onların ən nüfuzlu məktəbə
qəbul edilməsi, hansısa 5
dərnək və bölmədəki
məşğələlərə xərclənən
pullar, övladlarına 6-cı
nəsil IPhone cihazının alınması deyil, ən əsası ailədə
anlayış, yaxınların diqqətidir. Uşaqların
tərbiyəsinə görə məsuliyyəti
bütünlüklə məktəbin üzərinə qoymaq
olmaz. Tərbiyə bütün cəmiyyətin,
xüsusən də valideynlərin
cəlb olunduğu, əvvəli
və sonu olmayan prosesdir.
- Sizin
pedaqoji uğurunuzun sirri nədədir?
- Məndən
uğurun sirri haqda tez-tez
soruşurlar. Mən sosial şəbəkələrdə rastlaşdığım
aşağıdakı bir fikrə qədər bu barədə
çox uzun müddət
düşünmüşdüm: “Bax, sən həmişə
uğurunun sirrini axtarırsan, lakin uğurun hansısa
bir sirri yoxdur, hər zaman uğurun sirrini
axtarmaqdansa, sadəcə işləmək lazımdır”. Həqiqətən,
“İlin müəllimi” müsabiqəsi əyləncə deyil, bu, həyatımı yarım ildən çox məşğul
edən böyük zəhmətdir.
Düşünürəm ki, işə məsuliyyətli
münasibət və öz daxili prinsiplərinə uyğun hərəkət
etmək ən mühüm amildir. Sözsüz ki, ənənələrə
istinad edilməsi də vacibdir. Məktəbdə işlədiyim
bütün 4 il ərzində mən
tez-tez 1 nömrəli sosial elmlər
gimnaziyasının ən təcrübəli müəllim həmkarlarımın -
S.Losevanın, S.Şelkovskayanın, V.Kamayevanın,
V.Tısçenkonun və digərlərinin dərslərində
iştirak etməyə çalışmışam. Yalnız ustad dərsində müəllim sənətini
öyrənmək olar. Mən onlara çox minnətdaram!
-
Müasir məktəbin inkişafı innovasiyalar vasitəsilə həyata
keçirilə bilər. Siz tədris prosesində
hansı fəal təlim metodlarından istifadə edirsiniz? Dərslərinizi necə
qurursunuz?
- Metodiki
üsulları aktiv və passiv kimi iki yerə bölmək və hesab etmək
ki, guya birincilər dərsin 100
faizini təşkil etməlidir, ikincilərin isə istifadə haqqı yoxdur,
bu, mümkün deyildir. Hətta o məqamlar ki, uşaqlar
sinifdə müəllimin söhbətini dinləyir, bu da
onların fəallığının təzahürüdür. Axı onların
qarşısında əvvəlcədən keçilən
mövzuyla bağlı müəyyən suallara cavab vermək
tapşırığı qoyulur. Dərslərimdə mən uşaqlarda
tarix və tarix elminə maraq oyatmağa
çalışıram, bunun üçün məlum olan və
çoxdan ehkama çevrilmiş şeyləri qeyri-adi tərəflərdən göstərməyə
çalışıram. Uşaqlara həmişə
maraqlıdır ki, dərslik mətni onlara son instansiya olaraq həqiqət
kimi yox, baxış bucağından çatdırılır, onun da yanında başqa
yanaşmalar ola bilər.
Uşaqlara həmişə maraqlıdır ki, dərsdə birgə iş
zamanı biz qeyri-standart nəticələrə gəlirik. Dərs
prosesində “hər kəsin
bildiyi” çox şeylər, məlum olur ki, tarixi mif
imiş. Və bu mif suallar verilən
andan dağılmağa başlayır. Məsələn, Kazan şəhərindəki 177
nömrəli orta məktəbin X sinif şagirdləri ilə
“Qədim rus dövləti”
mövzusunda keçdiyimiz müsabiqə dərsində biz salnamənin nə olduğunu
aydınlaşdırmağa
çalışdıq.
Adətən hesab olunur ki, salnamə gələcək nəsillər
qarşısında hesabatdır. Amma orta əsrdə yaşayanlar çox
dindar olublar və onlar
real olan dünyanın tezliklə sonunu
gözləmə şəraitində yaşayıblar (Qiyamət
günü, İsanın ikinci gəlişi). Onlara görə, bundan sonra görünür, nəsillər
olmayacaq. Uşaqlar nəticəni özləri
ifadə ediblər: salnamə
müasirlər tərəfindən heç də gələcək
nəsillər qarşısında hesabat deyil, Qiyamət günü əvvəli baş verənlərlə
bağlı Allah qarşısında bir növ hesabatdır.
- Gələcək
planlarınız və hobbiniz barədə...
- Gələcək
üçün planlarım birdir -
yalnız işləmək. Çünki indi işləmək daha
çox lazım gələcək. Məni “İlin müəllimi” müsabiqəsinin
qalibi elan edəndə Samarada həyat
yoldaşıma dedilər: İndi sən onun üzünü
bir il görməyəcəksən.
Həqiqətən də müsabiqədən sonra
ölkə üzrə çoxsaylı səfərlərim olur, müxtəlif müəllim toplantıları, konfranslar, “dəyirmi masa”larda
iştirak edirəm. Məsələn,
Rusiyanın Təhsil və Elm Nazirliyi məni irimiqyaslı “Rusiya elektron məktəbi”
layihəsində iştirak etməyə dəvət edib. Layihənin məqsədi ümumtəhsil məktəb
fənlərinin bütün mövzularını əhatə
edən 12 mindən artıq videodərslərdən ibarət
bankın yaradılmasıdır. Planlarımdan biri 8 aylıq qızım Lizaya tərbiyə
vermək və böyütməkdir. Uşaqlarla işləyən
müəllimlərin çox vaxt öz uşaqları ilə
məşğul olmalarına vaxt qalmır, ancaq çox istərdim
ki, onunla tez-tez ünsiyyətdə olum. Mən boş vaxtlarımı ailə üzvlərim
və çox dəyər verdiyim dostlarımla birlikdə
keçirməyə çalışıram. Bir az vaxt tapanda hobbimə - intellektual oyunlara da diqqət
ayırıram. Mən Samara şəhərindəki “60 saniyə” klubunda “Nə?
Harada? Nə vaxt?” intellektual oyununda iştirak edirəm.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 7 noyabr.- S.12.