Ürəyimin səcdəgahı
Azərbaycan - ulu Vətən,
Anamsan, dünyamsan mənim.
Dil açıb ruhumda ötən,
Laylamsan, laylamsan mənim.
Gözəllərin çiçək kimi,
İgidlərin şimşək kimi.
Vətən, sənə qurban olum-
Sinəmdəsən ürək kimi.
Dağların çiyin-çiyinə,
Hər birisi ər oğuldu.
Vurğunam gözəlliyinə,
Çölün-düzün bir nağıldı.
Qarabağ-başımın tacı,
Naxçıvan-sönməyən nurum.
Təbriz-dərdimin əlacı,
Çinarlı Gəncə-qürurum!
Babaların son pənahı,
Balalara
məskən sənsən.
Ürəyimin səcdəgahı -
Vətən, sənsən, Vətən, sənsən.
Şuşanın “Xarı bülbül”ü
Ay
ürəyim, gözüm gülü,
Nədən
oldu hüzün gülü?
Bizə
doğma uzaqlardan
Boylanırsan üzüntülü.
Sənsiz
haçan üzüm gülür?-
Şuşanın
“Xarı bülbül”ü.
Sən-dərdi
duman ağladan.
Hönkürdüb
kaman ağladan.
Bayatıya ah çəkdirən,
Şikəstəyə qan
ağladan-
Könlümüzün həsrət gülü,
Şuşanın
“Xarı bülbül”ü.
Dövran bizə qara gəlib,
Xar
yeriyib hara gəlib?!
Köhnə
dərdin bəs deyilmiş,
Yaran üstə yara gəlib;
Vətənin qan olan könlü-
Şuşanın “Xarı bülbül”ü.
Bəy yurdu gədəlik
deyil,
Ər işi vədəlik deyil.
Dünya
ki belə fırlanır,
Deyəsən bəndəlik deyil-
Tanrı açsın
bu müşgülü,
Şuşanın “Xarı bülbül”ü.
Laçınım
Yollarını otlar basan,
Yaylağını yadlar gəzən,
Ellərini dərdlər üzən
Laçınım, can Laçınım,
Qanadı qan Laçınım.
Dinməz olub
bulaqların,
Yanmaz
olub ocaqların.
Hanı sənin qaçaqların? -
Laçınım, can Laçınım,
Qanadı
qan Laçınım.
Buludların gözlərimdə,
Yoxuşların dizlərimdə.
Dumanların sözlərimdə;
Laçınım, can Laçınım,
Qanadı qan Laçınım.
Dərd
əlində qıvrılanım,
“Qeyrət” deyib qovrulanım.
Gözləməkdən yorulanım,
Laçınım, can Laçınım,
Qanadı qan
Laçınım...
Gəlib
sənə yetişməsək,
Dağlarında ötüşməsək,
Torpağına qatışmasaq-
Adını halal eyləmə,
Odunu halal eyləmə,
Yurdunu halal eyləmə;
Laçınım, can Laçınım,
Qanadı
qan Laçınım...
Orxan PAŞA
(Məhərrəm
QASIMLI),
Azərbaycan Respublikasının Dövlət
Mükafatı
laureatı
Azərbaycan müəllimi.-
2015.- 7 noyabr.- S.15.