Bilmir

 

Sən  hardan  biləsən  mənim  halımı,

Tufanlar  kükrəyir, küləklər  bilmir.

Sən hardan  biləsən qeyli-qalımı,

Çiynimdə oturub  mələklər  bilmir.

 

Seçənlər  qaranı  ağdan  seçiblər,

Səpilib  cığıra  yoldan  keçiblər.

Arzudan  boylanıb  arzu  içiblər,

Ürəkdən  keçəni  diləklər   bilmir.

 

Arxada  dayanıb  arxa  durdular,

Haramdan  yapışıb  hala  qurdular.

Dəmiri  incidib  belə  yordular,

Ələnib  urvası  ələklər  bilmir.

 

Qarışıb

 

İllərin həsrəti qırov gətirib,

Saçımın qarası ağa qarışıb.

Buludlar tökülüb tutub hər yanı,

Dağ arana, aran dağa qarışıb.

 

Bir ömür yaşayır bitməyib hələ,

Arzusu kamına yetməyib hələ,

Hardasa burdadı ötməyib hələ,

Ötüşür, ötüşən çağa qarışıb.

 

Ovudub-ovudub dara çəkiblər,

Burdan-bura, ordan-ora çəkiblər,

Dəmiri yandırıb yara çəkiblər,

Dərd dərdim, dərd deyil dağa qarışıb.

 

Yol da gəlmir

 

Baxıram gözünü görüm,

Çöhrəni üzünü görüm.

Gözümdə özünü görüm,

Gözüm yolda, yol da gəlmir.

 

Əlimi qolumu tutur,

Sağımı solumu tutur,

Doqqazda yolumu tutur,

Gözüm yolda, yol da gəlmir.

 

Oxu atım oxum gəlsin,

Azım vardı çoxum gəlsin,

Gözümü gör yuxum gəlsin,

Gözüm yolda, yol da gəlmir

 

Dəmir  ÇEŞMƏLİ,

Bakı Qida Sənayesi Kollecinin müəllimi

 

Azərbaycan müəllimi.- 2015.- 7 noyabr.- S.15.