Mütaliə ibtidai sinifdən başlamalıdır

 

Şagirdlərdə oxu bacarığının inkişafı təcrübəsindən 

 

Təhsil Nazirliyinin həyata keçirməyə başladığı yeni layihələr - “Mütaliə vərdişlərinin və oxuya motivasiyanın yüksəldilməsi” layihəsi və “Ədəbiyyat biliciləri” müsabiqəsi bir müəllim kimi böyük sevincimə səbəb oldu. Son illərdə bu sahədəki təcrübəmi həmkarlarımla bölüşmək istədim.

 

Orta məktəbdə oxu bacarığı Azərbaycan dilinin əsas məzmun xətlərindən biridir. Şagirdlərə nitq bacarıqlarına yiyələnməyin texnologiyasını öyrədən bu fənn bütün fənlər arasında körpü rolunu oynayır. Çünki dinləmə, danışma, oxu və yazı bacarıqları yüksək olan şagird istənilən digər fəndən uğur qazanır. K.D.Uşinski yazırdı: “Hər bir fənnin öyrənilməsi, mənimsənilməsi həmişə söz şəklində ifadə olunur. Sözün mənasını dərindən anlamayan..., sözdən şifahi, həm də yazılı nitqdə sərbəst surətdə istifadə etmək vərdişi qazanmayan uşaq hər hansı başqa bir fənni öyrənəndə də bu əsas nöqsandan həmişə əziyyət çəkəcəkdir. ...İbtidai siniflərdə ana dilinin tədrisi baş fənn, mərkəzi fənn, başqa fənlərə daxil olan və onların nəticələrini özündə toplayan bir fənn olaraq qalır”.

Zənnimcə, oxu bacarığının digər nitq bacarıqları arasında çəkisi daha böyükdür, çünki orta məktəbə qədəm qoyan şagird məlumatların böyük bir qismini oxumaqla alır. O nə dərəcədə sürətlə oxuyursa, nə dərəcədə anlayaraq oxuyursa, intellekti bir o qədər sürətlə inkişaf edir. Ona görə də şagirdin təhsildə uğuru xeyli dərəcədə oxu bacarığının səviyyəsi ilə bağlıdır.

İbtidai siniflərdə oxu bacarığı iki istiqamətdə inkişaf etdirilir:

1. Oxu texnikasının inkişafı (sürətli, ifadəli oxu).

2. Oxuyub anlama bacarığının inkişafı (şüurlu oxu).

Birinci istiqamət, adından da göründüyü kimi, texniki məsələdir, onu tədris prosesində reallaşdırmağın öz üsulları varbu istiqamət ibtidai təhsilin müəyyən mərhələsində sona çatır. İkinci istiqamət (şüurlu oxu) daha mürəkkəb prosesdir. Mətni qavrama bacarığı orta məktəbin sonuna kimi inkişaf etdirilir.

Uzun illərin təcrübəsindən belə qənaətə gəlmişəm ki, şagirdlərdə sürətli oxuyub qavrama bacarığına nail olmaq üçün yalnız dərs saatları ilə və dərsliklərdə verilmiş mətnlərlə kifayətlənmək olmaz. Onlara daim yaş səviyyələrinə uyğun maraqlı, məlumatverici, mənəvi dəyərlər aşılayan yeni kitablar təklif etmək lazımdır. Oxu şagirdlərin həyat tərzinə çevrilməlidir. Onlar asudə vaxtlarının böyük bir hissəsini oxuya sərf etməlidirlər. Daha çox kitab oxuduqca, mütaliə etdikcə şagirdlərin lüğət ehtiyatları zənginləşir, nitq bacarıqları inkişaf edir, intellektual səviyyələri yüksəlir.

Şagirdlərimdə oxuyub anlama bacarığının  inkişafına nail olmaq üçün məktəbə qədəm qoyduqları ilk günlərdən onlarda bədii ədəbiyyata maraq yaratmağa çalışıram.

Şagirdlərim 1-ci sinifdə təhsil aldıqları müddətdə əlifba təlimi dövrünü başa vurduqdan sonra sinifdə “Bizoxuyuruq” layihəsinə start verdik. İlk olaraq valideynlərə “Mənim ilk kitabım” seriyasından olan kitabları almağı məsləhət gördüm. Hər həftənin 5-ci günü şagirdlərə növbəti 5-ci günədək oxuyacaqları kitabın adını deyirdim. Bir həftə ərzində uşaqlar tapşırdığım kitabı oxuyurdular. Həftəsonu sinifdənxaric oxu dərsində həmin kitabın müzakirəsini keçirirdik. Şagirdlərim xüsusi ayırdıqları dəftərə həmin əsərdən çıxan nəticəni, yaxud da əsərin ideyasını (1-ci sinifdə mənim köməyimlə) yazıb hər hansı hissənin ya şəklini çəkir, ya da əsərə aid illüstrasiya hazırlayırdılar. Bu ənənə 2-ci sinifdə də davam etdirildi. Bu sinifdə onlar kitabxanalarına “Altun klassika” seriyasından daha 7 kitab da daxil etdilər.

2014-cü il fevral ayının 21-də ikincilərim “Nağıllar aləminə səyahət” adlı musiqili-ədəbi gecədə məktəb rəhbərliyi, müəllimlər və valideynlər qarşısında çıxış etdilər. Onlar çıxışlarında bir daha nümayiş etdirdilər ki, müntəzəm mütaliə nəticəsində lüğət ehiyatları daha da zənginləşib, nitq qabiliyyətləri, ünsiyyət bacarıqları genişlənib, doğma ana dilində daha gözəl, səlis danışma vərdişlərinə yiyələniblər.

2014-cü ilin dekabrında Azərbaycan Respublikası təhsil nazirinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmri ilə tanış oldum. Bu əmr bizi başladığımız layihəni daha geniş və mütəşəkkil şəkildə həyata keçirməyə ruhlandırdı. Mənim şagirdlərim artıq 3-cü il idi ki, məktəb daxilində  daha çox kitab oxumaları, mütaliə etmələri  ilə digər yaşıdlarından fərqlənirdilər. İndionlar məktəb rəhbərliyi qarşısında “Abdulla Şaiqin əsərlərini oxuyuruq” adlı müzakirə-diskussiya ilə “Bizoxuyuruq” layihəsinin növbəti hesabatını təqdim  etdilər. Onlar bu tədbirdə A.Şaiqin əsərlərindən tamaşalar göstərməklə, oxuduqları şeirləri əzbər deməklə, nəsr əsərlərindən çıxan ideyanı söyləməklə çıxış etdilər.

Bu tədbirdən sonra növbəti mərhələnin mövzusu şagirdlərin özlərindən gəldi. Onlar müasir uşaq yazıçısı Reyhan Yusifqızının əsərlərini oxumağı qərara aldılar. 19 may 2015-ci il tarixində 23 nömrəli tam orta məktəbin 3A sinif şagirdləri uşaqların sevimlisi, yazıçı Reyhan Yusifqızının əsərlərini səhnələşdirib təqdim etdilər. Təqdimatda məktəb rəhbərliyi, müəllimlər, valideynlər ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, uşaq ədəbiyyatı tədqiqatçısı, tərcüməçi Füzuli Əsgərli, TPİ-nun direktor müavini Ənvər Abbasov, “Altun kitab” nəsriyyatının direktoru Rafik İsmayılov, F.Köçərli adına Respublika uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova və b. qonaqlar iştirak edirdilər. Şagirdlər R.Yusifqızının  “Tələtin sirri”, “İki gül”, “Hamıdan qəşəng” əsərləri əsasında qurulmuş pyesləri sevə-sevə nümayiş etdirdilər. Balaca iştirakçılar həmçinin rəqs, mahnı və başqa nömrələr də göstərdilər. Yekunda qonaqlar ürək sözlərini söyləyib uşaqları təbrik etdilər.

Artıq şagirdlərim ibtidai sinfin son pilləsində - 4-cü sinifdə təhsil alırlar. Sevindirici haldır ki, onlar Azərbaycan yazıçılarından başqa dünya klassiklərinin yaradıcılığı ilə də tanış olur, “Dünya ədəbiyyatından seçmələr” seriyasından olan kitabları oxuyurlar. Dünya uşaq ədəbiyyatı özündə güclü ideya-estetik və mənəvi yük daşıyır. Bu ədəbiyyat yalnız maraqlı süjetləri ilə deyil, həm də ümumbəşəri dəyərləri ilə səciyyələnir. Zənnimcə, qloballaşan dünyamızda şagirdlərimiz öz şair və yazıçılarımızla yanaşı, Mark TveninTom Soyerini, Jül Vernin, Herbert Uelsin elmi fantastikasını, Konan Doylun detektiv əsərlərini, “Don Kixotu, “Qulliverin səyahəti”ni və başqalarını oxumasalar, intellektual baxımdan natamam qalarlar, başqa xalqların gənc nəsilləri ilə ayaqlaşa bilməzlər.

İki  həftədə bir dəfə şagirdlər son oxuduqları kitabı sinfə gətirir, bu kitabdakı əsərin məzmunu ilə digər yoldaşlarını tanış edir, əsərdə xoşlarına gələn hissələri danışır, digər uşaqlarda həmin kitabı oxumağa maraq yaradırlar.

4-cü sinfin sonunda şagirdlərim dünya ədəbiyyatından oxuduqları klassik nümunələri məktəb kollektivinə təqdim etməklə “Bizoxuyuruq” layihəsinə yekun vuracaqlar. Lakin əminəm ki, bu onların oxu mədəniyyətinin inkişafında yalnız ilk mərhələdir. Əsas məsələ odur ki, mən uşaqlarıma kitabı sevdirə bilmişəm və buna görə bir müəllim kimi fəxr duyuram.  Artıq görürəm ki, şagirdlərdə mütaliəyə böyük həvəs yaranıb. Onlar öz fikirlərini sərbəst ifadə etməyi bacarırlar. Şagirdlərim məktəb kitabxanasının da fəal oxucularındandırlar. Tənəffüslərdə oxuduqları kitablardan danışmalarının, müzakirə, mübahisə etdiklərinin dəfələrlə şahidi olmuşam. İnanıram ki, onlar 1-ci sinifdən götürdükləri estafeti yuxarı siniflərdə də davam etdirəcəklər. Çox istərdim ki, bizim bu layihəmiz məktəb daxilində qalmasın. Digər məktəblərin müəllimləri də bu cür layihələr təşkil etsinlər və “Ədəbiyyat biliciləri” müsabiqəsi yalnız VIII-XI siniflərə deyil, ibtidai siniflərə də şamil olunsun.

 

Solmaz ABDULLAYEVA,

Bakı şəhəri 23 nömrəli tam orta

məktəbin müəllimi, əməkdar müəllim

           

Azərbaycan müəllimi.- 2015.- 14 noyabr.- S.11.