Təhsil fəlsəfəsinin inkişaf
tendensiyalarının bəzi aspektləri
Dünyada gedən qlobal
proseslər, müasir dövrdə cəmiyyətin
inkişaf tendensiyaları təhsilin
problemlərinə, o cümlədən onun məzmununa, idarə olunmasına və digər
məsələlərinə yeni
baxış tələb edir. Bu gün təhsil bütöv bir sistem kimi başa
düşülməklə yanaşı, həm də dəyər,
proses, nəticə kimi
qəbul edilir. Bütov
bir sistem kimi təhsil anlayışının mahiyyətini
aşağıdakı şəkildə ifadə etmək olar: Təhsil pedaqoji prosesin mühüm bir tərkib hissəsi kimi
tədris müəssisələrində verilən tərbiyə
və inkişaf imkanlarına malik bilik, bacarıq və vərdişlər sistemidir. Təhsil
fəlsəfəsi anlayışını izah
edərkən eyni zamanda
fəlsəfə anlayışına da
münasibət bildirməliyik. Elmi araşdırmalardan əldə olunan
ümumi qənaət budur
ki, fəlsəfə varlığın -
təbiət və cəmiyyətin, insan
təfəkkürünün və idrak prosesinin tabe olduğu ən ümumi qanunauyğunluqlar haqqında elm,
nəticə etibarı ilə cəmiyyətin iqtisadi
münasibətləri ilə müəyyən edilən
ictimai şüur
formalarından biridir.
Təhsil fəlsəfəsi dedikdə isə hesab edirik ki, bu anlayış cəmiyyətin bir şəxs, yaxud qrupdan digərinə təcrübə, bilik və dəyərlərinin ötürülməsinin rəsmiləşdirilmiş prosesi kimi başa düşülməlidir. Bütövlükdə təhsil, bir elm sahəsi kimi pedaqogika və fəlsəfədən təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Bu baxımdan təhsil fəlsəfəsi mühüm əhəmiyyət kəsb edir.
Təhsil fəlsəfəsi ilə məşğul olan tanınan mütəxəssis F.Paulsen yazırdı: “Pedaqogikanı bir elm olaraq fəlsəfədən ayırmaq mümkün deyil. Psixologiyasız və etikasız o, öz təməlindən ayrı düşür. Bu fənlər də öz növbəsində metafizika və idrak nəzəriyyəsindən ayrılmazdır”.
Pedaqoq-filosof V.V. Krayevskinin “fəlsəfə ilə əlaqə pedaqoji fikrin inkişafının və pedaqoji nəzəriyyənin qurulmasının zəruri şərtidir” qənaəti də, fikrimizcə, pedaqogikanın elmi əsaslarla inkişafı üçün əsas tələblərdən biri sayıla bilər.
Pedaqoq-filosof Qureviç İqor İlinskinin də baxışlarında təhsil fəlsəfəsi məsələləri xüsusi yer tutur. Bu baxımdan onun aşağıdakı fikirlərinin maraq doğurduğunu qeyd etmək olar: “Təhsil problemləri bizi mürəkkəb fəlsəfi düşüncələr sisteminə cəlb edir. Pedaqogika və tərbiyə tarixi ilə bağlı bir çox tədqiqatların çatışmazlığı bundadır ki, onların müəllifləri təhsilə baxışlar kompleksini, fəlsəfi və psixoloji düşüncənin ümumi axarından ayırırlar. Ona görə də pedaqogika tarixi müxtəlif didaktika üsullarının sadalanmasından ibarət olur. Lakin bu üsullar özü konkret bir dövrdə doğulmuşdur və özündə zamanın dünyagörüşü təsəvvürlərinin izini əks etdirirlər”.
Ümumiyyətlə, təhsil fəlsəfəsi digər elm sahələri ilə, məsələn, epistemiologiya, hermenevtika, psixologiya, metafizika, ontologiya, pedaqogika, iqtisadiyyat, aksiologiya və başqaları ilə bilavasitə bağlı olmaqla, özünün məzmun komponentləri də müxtəlif elm sahələrindən çıxarılan ideyalar əsasında formalaşır. Təhsilin məzmununda əksini tapan bu ideyalar isə nəticə etibarı ilə insanların ehtiyaclarının, tələbatlarının ödənilməsinə yönəldilir.
Türk-islam fəlsəfi fikrinin tanınmış nümayəndəsi Əbu Turxan (Səlahəddin Xəlilov) yazır: “İnsanlar təhsil üçün yox, təhsil insanlar üçündür və o, insanların konkret ehtiyaclarına uyğunlaşdırılmalıdır”. Alimlərin bu fikri də təhsilin inkişafı probleminə müasir yanaşmanı əks etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, təhsil fəlsəfəsinin elm sahəsi olaraq inkişafına nəzər salsaq,1941-ci ildə ABŞ-da təhsil fəlsəfəsi cəmiyyəti, 1965-ci ildə Böyük Britaniyada təhsil fəlsəfəsi cəmiyyəti, 1990-cı ildə isə - Təhsilin demokratikləşdirilməsi sahəsində beynəlxalq konfrans, “Beynəlxalq Təhsil filosofları şəbəkəsi” adlı assosiasiya - birliyin yarandığını bir fakt kimi qəbul etmək olar.
Bundan əlavə, fəlsəfənin inkişaf mərhələlərinə gəldikdə isə həmin mərhələləri müvafiq səciyyəvi xüsusiyyətləri ilə birlikdə aşağıdakı şəkildə göstərmək olar:
* Birinci mərhələ - 1940-1950-ci illərdə təhsil fəlsəfəsinin problematikasının müstəqil sahə olaraq deyil, ayrı-ayrı elementlərə əsasən fəlsəfə, psixologiya, pedaqogikada nəzəri tədqiqatlarda əksini tapması;
* İkinci mərhələ - 1950-1960-cı illərdən başlayaraq təhsil fəlsəfəsinin məzmun məsələləri barədə şüurlu şəkildə vəzifələrin qoyulması;
* Üçüncü mərhələ - 1960-1970-ci illər, fəlsəfi baxımdan əsaslandırılan və fəlsəfə-təhsil problematikasının müxtəlif aspektlərini aydınlaşdıran təhsil proqramlarının hazırlanması;
* Dördüncü mərhələ - 1980-1990-cı illər, paradiqmaların dəyişməsi, yenidən işlənib hazırlanması, refleksiya, metodoloji tədqiqat tiplərinin, təcrübənin layihələndirilməsinin konseptual sxemi olaraq müzakirə olunması, fəlsəfə - təhsil problematikasının şüurlu şəkildə ifadə olunması;
* Beşinci mərhələ - 1990-cı illər təhsil fəlsəfəsinin metodoloji, nəzəri və sosial əsaslarının sistemli şəkildə araşdırılmasının təşkili, ümumi biliklərlə ehtiva olunması;
* Altıncı mərhələ - XXI yüzilliyin əvvəllərində sosiologiya, refleksiv psixologiya və humanist pedaqogika çərçivəsində sosiomədəni və sosiotexniki aspektlərin qarşılıqlı təsir problemləri üzərində cəmləşmə.
“Təhsil fəlsəfəsi” termininin problemin statusu baxımından səciyyələndirdiyi çoxmənalılıq və müəyyən edilən tədqiqat aspektləri bunlardır:
* nəzəri baxımdan, elmi-pedaqoji aspekt;
* pedaqogika elminin
metodoloji əsası olaraq, metodoloji-pedaqoji aspekt;
* təhsil prosesinin
dərk olunması və insanın yaradılış mahiyyətinə
uyğunluğu, refleksiv-fəlsəfi
aspekt;
* pedaqoji gerçəkliyin
təhlil olunması üçün vasitə
olması aspekti.
Qeyd olunan məsələlər təhsil
fəlsəfəsinin pedaqogika
elminin inkişafı üçün nə qədər mühüm əhəmiyyət kəsb
etdiyini təsdiqləyir. Maraq doğuran
məsələlərdən biri təhsil fəlsəfəsinin inkişafının
əsas, dünyəvi
tendensiyalarıdır. Bu baxımdan həmin tendensiyaları aşağıdakı
şəkildə qruplaşdırmaq
olar:
a) təhsil sistemi
və klassik modeldəki böhranla əlaqədar təhsilin sosiomədəni paradiqmasının
dəyişməsi, humanitar
elmdə təhsil sosiologiyası və fəlsəfəsinin fundamental pedaqoji
ideyaların yenidən
işlənib hazırlanması;
b) eksperimental və
alternativ məktəblərin
yaradılması;
c) təhsilin demokratikləşdirilməsi,
fasiləsiz təhsil sisteminin yaradılması;
d) təhsilin humansitləşdirilməsi,
humanitarlaşdırılması və kompüterləşdirilməsi;
e) azad təhsil
və təlim proqramları seçimi.
Müasir təhsil fəlsəfəsinin
inkişaf tendensiyaları
və əsas vəzifələrindən bəhs
edərkən qeyd etməliyik ki, bu gün ənənəvi
pedaqoji paradiqmanın qüvvədən düşməsinin,
təhsilin ənənəvi
formalarının kifayət
etməməsinin və
mövcud problemlərin
həllinin imkan və yollarının dərk edilməsi məsələləri ön
planda olmalıdır. Bütün bunlar
belə bir fikri söyləməyə
əsas verir ki, təhsil fəlsəfəsi pedaqogika
və təhsilin son hədd üçün əsaslarından bəhs edir. Burada təhsilin mədəni
mahiyyəti və yeri, insanın və təhsillilik idealının dərk edilməsi, pedaqoji fəaliyyətin xüsusiyyəti
və mahiyyəti məsələləri əhatə
olunur.
Təhsil sisteminin, onun məzmununun, texnologiyalarının
yeniləşdirilməsinin cəmiyyət üçün
vacibliyini, əhəmiyyətini
əsaslandıran və
bu işin uzaqgörənliklə ideya
əsaslarını irəli
sürən ümummilli
lider Heydər Əliyev gələcək
inkişafın bilavasitə
haqlı olaraq təhsillə bağlı
olduğunu vurğulayırdı. “Gələcəyimiz bu gün gənclərə nəyi və necə öyrətməkdən
asılıdır”, - deyən
ulu öndər Heydər Əliyev təhsilin yeni məzmununun formalaşdırılmasını,
yəni nəyi öyrətməyin, nəyi
öyrənməyin zəruriliyini
ön plana çəkərək, həm
də necə öyrətməyin, innovativ
yanaşmaların tətbiq
əhəmiyyətini dərk
etməyə xüsusi
önəm verirdi.
Qeyd etmək
lazımdır ki, pedaqogika bir çox suallara, əsasən nəyi və necə öyrətmək suallarına
cavab verir. Lakin öyrətmə
prosesinin məntiqi-idraki
və psixoloji aspektləri də vardır ki, bunlar pedaqogikanın predmetindən kənara çıxır, bilavasitə
psixologiya və fəlsəfə ilə, həmçinin təhsil fəlsəfəsi ilə
daha çox bağlı olur. Müasir dövrdə elm sahəsi kimi formalaşan təhsil fəlsəfəsi
ümumi pedaqogikanın
nəzəri, metodoloji
bazasının zənginləşdirilməsinə
ciddi təsir göstərə bilər.
Bütövlükdə milli təhsil
sisteminin formalaşdırılmasında
təhsil fəlsəfəsinin
xüsusi rolu vardır. Bu baxımdan
milli təhsil sistemi formalaşdırılarkən
aşağıdakı zəruri
məsələlərə diqqət yetirilməsi məqsədəuyğun bilinir:
* dünya təhsil
sisteminin tendensiyaları;
* ayrı-ayrı qabaqcıl ölkələrin
təhsil təcrübəsi;
* ümumi, invariant xüsusiyyətlər;
* sosial-iqtisadi islahatların tələbləri;
* milli dəyərlər
(ana dili, vətən tarixi, ənənəvi davranış
normaları).
Dünya ölkələrinin təcrübəsi,
təhsil tarixindən
məlumdur ki, xalqın inkişafının
əsas amillərindən
biri milli təhsil sistemini formalaşdırmaq və qoyulan hədəflərə
doğru məqsədəuyğun
fəaliyyətdir. Köhnə sistemdən
uzaqlaşmaq naminə
yalnız xaricdən mütəxəssis cəlb
etməklə milli təhsil, milli ruhu formalaşdırmaq, həqiqətən, mürəkkəb
bir məsələdir.
Milli təhsil sistemi xalqın milli ruhunun yüksəldilməsində,
strateji hədəflərə
nail olunmasında ən
güclü təsir vasitəsidir.
XIX əsrin əvvəllərində
İ.Fixte alman xalqına müraciət edərək xalqın səfərbər olunması,
xalqın ruhunun yüksəldilməsi üçün
yaranmış çətin
vəziyyətdən çıxış
yolunu milli təhsil sisteminin qurulmasında görürdü.
Yasuxiro
Nakasone konsepsiyasında (“Yaponiya:
XXI əsr üçün
konsepsiya”) qeyd edirdi ki, “islahatın
fəlsəfi ideoloji prinsiplərindən başlamaq
lazımdır. Əvvəlcə
karkası qurmadan bina tikmək olmaz” .
Müasir
təhsil fəlsəfəsindən
bəhs edərkən
“Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası”na münasibət bildirməyi
vacib hesab edirik. Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən bu sənəd ilk növbədə
konseptuallığı ilə diqqəti cəlb edir. Sənəddə əksini
tapmış və aşağıdakı 5 strateji
istiqamət müasir dövrün təhsil fəlsəfəsinin ideyalarına
əsaslanmışdır:
1) səriştəyə əsaslanan şəxsiyyətyönlü
təhsil məzmununun
yaradılması;
2) təhsilalanların fərdi xüsusiyyətlərini
nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə
təhsilin məzmununun
səmərəli mənimsənilməsini
təmin edən yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması;
3) nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə
mexanizmlərinə malik,
dövlət-ictimai xarakterli
və dövlət-biznes
partnyorluğuna əsaslanan
təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması;
4) müasir tələblərə
cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması;
5) təhsilin dayanıqlı
və müxtəlif mənbələrdən istifadə
olunmaqla yeni maliyyələşdirmə mexanizminin
yaradılması .
Ümumiyyətlə, ölkəmizdə dövlət
siyasətinin ən mühüm istiqamətlərindən
biri təhsildir. Təhsilin
bugünkü vəziyyəti,
iqtisadiyyatın, mədəniyyətin,
siyasətin gələcəyinə
istiqamətlənmişdir .
Dünya
təcrübəsi də
göstərir ki, dövlət iki müxtəlif miqyasda fəaliyyət göstərmək
üçün zəruri
tədbirlər görür:
1) çağdaş şəraitin tələblərinə
uyğun, cari ehtiyacların ödənilməsinə
xidmət edən operativ tədbirlərin həyata keçirilməsi;
2) uzun müddətə
hesablanmış, strateji
məqsədə, dövlətçiliyə
və milli özünütəsdiqə xidmət
edən islahatlar planının hazırlanması.
Fəaliyyət paralel surətdə fəlsəfi-ideoloji əsasa
söykənməlidir.
Bu baxımdan “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası”nın fəlsəfi-ideoloji
əsasları onun tətbiqinin səmərəliliyinə
təminat verir.
İslahatın təmsilçisi olaraq
hər bir təhsilverən fərdi şəkildə təhsil
fəlsəfəsini müəyyənləşdirməyi bacarmalıdır:
* konkret kateqoriya
üçün;
* konkret mövzu
üçün;
* konkret fənn
üçün;
* sistem olaraq
təhsil üçün.
Təhsil
fəlsəfəsinin tətbiqi
aşağıdakı məsələlərin
həllinə və nəticə etibarı ilə ölkənin davamlı inkişafına
əlverişli şərait
yaradır:
* səriştəli təhsilverənlərin hazırlanması;
* ən yeni
texnologiyalara əsaslanan
infrastrukturun yaradılması;
* keyfiyyət nəticələri
və əhatəlilik.
* iqtisadi cəhətdən
dayanıqlılıq;
* dünyanın aparıcı təhsil sistemlərinin standartlarına
uyğunluq;
* təhsilin məzmununun,
kadr hazırlığının,
təhsili idarəetmə
sisteminin və təhsil infrastrukturunun qabaqcıl beynəlxalq təcrübəyə və
Azərbaycanın inkişaf
konsepsiyasına uyğun
yenidən qurulması;
* ölkədə biliklərə əsaslanan
iqtisadiyyatın bərqərar
olması;
* informasiya cəmiyyətinin
təşəkkülü.
İntiqam CƏBRAYILOV,
pedaqogika üzrə elmlər
doktoru, professor,
Azərbaycan Respublikasının Təhsil
Problemləri
İnstitutunun təhsil nəzəriyyəsi
şöbəsinin müdiri
Azərbaycan müəllimi.-
2015.- 14 noyabr.- S.11.