“Bu, üzərimə daha
böyük məsuliyyət
qoyub
Prezident
təqaüdçüsü Nihad Abbasovla söhbət
Abbasov Nihad Natiq oğlu 5 yanvar 1999-cu ildə Sumqayıt şəhərində
anadan olub. 2015-ci ildə
Qubadlı rayonunun Aşağı Mollulu kənd tam orta məktəbini əla
qiymətlərlə bitirib. Məktəbli
olduğu illərdə müxtəlif fənn
olimpiadalarında yüksək yerlər tutub. Eyni zamanda “İNEPO” beynəlxalq layihə
olimpiadasının və “Sabahın alimləri” müsabiqəsinin
iştirakçısı olub. Bu il TQDK-nın keçirdiyi
ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin
(BANM) “Neft-qaz mühəndisliyi”
ixtisasına qəbul olunub. Ölkə Prezidentinin
müvafiq sərəncamı ilə Prezident təqaüdünə layiq
görülüb.
- Nihad, sirr deyilsə, açıqla görək 700 ballıq nəticə tale bəxşişidir, yoxsa gərgin əməyin bəhrəsi?
- 700 bal toplamaq üçün şagird öz üzərində tələb olunandan da artıq çalışmalıdır. Məncə, heç bir halda şansa güvənmək olmaz. Bilik yarışmasında bilik də qalib gəlir. Yüksək nəticə əldə etmək üçün öncə gələcək hədəflər düzgün müəyyən olunmalı və əlbəttə ki, bu hədəflər insanın maraq dairəsinə uyğun gəlməlidir. Daha sonra bu yolda yorulmaq nədir, bezmək nədir bilməməlisən. Mənim I ixtisas qrupunu seçməyimə səbəb texniki fənlərə, xüsusən də riyaziyyat fənninə olan həvəsim olub. Seçimin düzgün olduğuna inanırdım və Bakı Ali Neft Məktəbinə qəbul olmaq üçün çalışmağa qərar verdim. Öz potensialıma çox güvənirdim, ancaq müəllimlərimin və valideynlərimin dəstəyi az olmayıb. Onlar mənim 700 bal toplamağa inamımı daha da artırdılar. Vaxtımı düzgün bölərək ondan səmərəli şəkildə istifadə etməyə çalışdım. İlk uğurum bu oldu ki, 11-ci sinfi əla qiymətlərlə bitirdim. Sınaq imtahanlarında 680-690 bal toplamağım qəbul imtahanında yüksək bal toplayacağıma inamımı daha da artırdı və gördüyünüz kimi zəhmətim hədər getmədi. Bir də təkrar edirəm: bilik meydanında bəxtə, şansa arxalanmaq olmaz. Bu, sadəlövhlük olar.
- İmtahandan əvvəlki və sonrakı psixoloji məqamlar sənin üçün necə yadda qalıb?
- Qəbul imtahanından öncə mümkün qədər həyəcanlı olmamağa çalışırdım. Ancaq etiraf edim ki, həyəcan var idi, bu elə bir psixoloji məqamdır ki, onu öz içindən çıxarıb ata bilmirsən. Çünki həmin gün mənim gələcək taleyim həll olunurdu. Amma imkan daxilində özümü toplayıb bütün fikrimi testlər üzərinə yönəltdim. İmtahandan sonra nəticələrimi yoxladıqda və bütün cavablarımın doğru olduğunu gördükdə isə sözlə ifadə edə bilmədiyim qeyri-adi hisslər keçirdim. Mənə elə gəlirdi ki, dünyanın ən xoşbəxt insanıyam. 700 bal topladığımı ailə üzvlərim, müəllimlərim və yaxınlarım eşidəndə sevinclərinin hədd-hüdudu yox idi. Həm qürur hissi keçirir, həm də parlaq gələcək üçün hələ çox çalışmalı olacağımı anladım. Ölkədə 700 bal toplayan azsaylı abituriyentlərdən biri olmaq qürurverici bir haldır. Bu, ilk növbədə mənə olan etimadları artırır, üzərimə daha böyük məsuliyyət qoyur. Bu etimadları doğrultmaq üçün bundan sonra da çox çalışmağımı düşünürəm.
- İxtisas seçimi zamanı BANM-ı seçməyin də yəqin ki, təsadüfi olmayıb?
- Yüksək keyfiyyətli ingilis dilli təhsil verməsi, xarici ölkələrlə əlaqələri, reytinq cədvəlində öncül yerdə olması, tədris prosesində müasir texnologiya imkanlarından maksimal dərəcədə istifadə edilməsi, gələcəkdə xaricdə təhsil almaq imkanları kimi üstünlükləri BANM-ı seçməyi qərar verməyimə təkan verdi. Ailə üzvlərim, müəllimlərimim də bu seçimimi bəyəndilər, mənə dəstək oldular. Düşünürəm ki, bu ali məktəbdə hərtərəfli inkişaf edəcəyimə zəmin var. Çalışacağam ki, bu tempi aşağı salmayım, ali məktəbi fərqlənmə diplomu ilə bitirim.
- Ən böyük arzun nədir?
- BANM-də təhsil aldığım müddətdə seçilən tələbələrdən olmağı arzulayıram və bunun üçün də çox çalışacağam. Təhsilimi xaricdə davam etdirərək yüksək ixtisaslı, təcrübəli, öz ixtisasını mükəmməl bilən bir mühəndis olmaq arzusundayam. Bu, təkcə mənim deyil, ailə üzvlərimin də arzusudur və bu arzumun reallaşacağına inanıram. Gecəmi-gündüzümə qatıb arzularımı həyata keçirəcəyəm.
- İngilis dilini, ümumiyyətlə, xarici dil bilmək vacibdirmi?
- Hansı ixtisasa sahib olursan ol, hansı istiqamətdə karyeranı qurursan qur, ingilis dilini, hər hansı bir xarici dili hökmən mükəmməl bilməlisən. Çünki zaman bunu tələb edir.
- İnsan həyatının ən maraqlı illəri tələbəlik həyatı hesab olunur. Bəs sənin üçün tələbə həyatı nə deməkdir?
- Artıq iki aya yaxındır ki, tələbəyəm. Özümə çoxlu dost qazanmışam. Tələbəlik illərinin daha maraqlı məqamları hələ qarşıdadır.
Bu dilli-dilavər gənclə söhbətim o qədər şirin keçirdi ki, zaman bizi bu qədər tezliklə ayıra bilməzdi, amma növbəti dərsin başlanmasına işarə edən zəng mənim hələ bir çox suallarımın cavabsız qalmasına səbəb oldu və gələcəkdə onunla görüşmək, təhsil aldığı ali məktəb barədə təəssüratlarını dinləmək arzusunda olduğumu bildirdim. Təklifimi Nihad da ürəkdən bəyəndi.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2015.- 14 noyabr.- S.10.