Aqressiya və onu yaradan səbəblər

 

Müasir dövrdə biz  uşaqlarda  aqressiya  hallarını  tez-tez müşahidə edirik. Bu hal ilə uşaqların olduğu hər bir yerdə, demək olar ki, qarşılaşırıq. Amma orta təhsil məktəbləri aqressiv usaqların özlərini daha da qabarıq şəkildə göstərən  yerlərdəndir. Bəs aqressiya və onu yaradan səbəblər nədir - bu suallara cavab tapmaqla öz uşaqlanıza kömək edə bilərsiniz. 

 

Aqressiya sözü latınca “aggressio” sözündən yaranıb və mənası hücüm deməkdir. Aqressiya başqa şəxsə (fiziki və mənəvi) zərər verə bilən hirs emosiyasını ifadə edən ən fəal formalarından biridir. Hər hansı digər emosiya kimi aqressiyanın da təzahür forması qadağan edilə bilməz. Bu halda uşaqlar öz təbii hisslərini büruzə verə bilmir və özlərini günahkar hiss edə bilərlər. İnsanın hər davranışının arxasında o davranışı istiqamətləndirən səbəblər var və aqressiyanı da istiqamətləndirən bir neçə səbəb var. Aqressiyanın əsasında qorxu hissi dayanır və həmin hiss çətin vəziyyət yaranan hallarda bir müdafiə üsulu kimi özünü ifadə edə bilər.Uşaq aqressiyası ilə həm kollektiv arasında olarkən, həm də uşağı fərdi qaydada müşahidə edərkən rastlaşmaq olar.

Buna misal olaraq deyə bilərik ki, müəllimlərdən biri yaxın zamanda rastlaşdığı bir situasiya haqqında bizimlə bölüşdü: şənbə günü 2- ci sinif şagirdləri sinif yoldaşlarının ad gününə toplaşmışdılar. Bir müddət keçdikdən sonra uşaqlar səs-küylü oynamağa və bərkdən gülməyə başladılar.  Sonra uşaqlar növbəti oyun oynamaq üçün qatar sırası ilə düzülməli idilər. Tezliklə oyundan əsər-əlamət qalmadı, uşaqlar bir-birinin üz-gözünü cırmaqlamağa və bir-birinə qışqırmağa, itələməyə başladılar. Bu da nəticədə bəzilərinin üzlərində qan görməsi ilə nəticələndi. Belə bir bayram hər kəs uçün gözlənilməz oldu. Bu halda balaca məktəblilər aqressiya göstərməyə heç bir sərhəd gözləmədilər və şənliyi dava-dalaşa çevirdilər. Biz burda nəyi görürük? Valideynlərin hara baxdığı sualını bir qırağa qoyaq. Uşaqların nizam- intizam qaydalarını nümayiş etdirməməkləri, ictimayi yerlərdə və qonaqlıqlarda, başqa yaşlı adamların arasında özlərini necə aparmaq haqqında məlumatlı olmamaqları bir tərəfə, onlar bir- birinə qarşı çox aqressiv münasibət göstəriblər. Burda aqressiya liderlik uğrunda olan rəqabətin bir formasıdır, bu da destruktiv aqressiya sayılır. Belə olan hallarda uşaqlarla kollektiv formada işləmək və bu rəqabəti daha məhsuldar istiqamətə yönəltmək lazımdır. Bu aqressiyanın kollektiv şəklində büruzə verməsinin parlaq nümunəsidir. Qeyd edək ki, belə hallar az saylı uşaqlar arasında da ola bilər və onun dağıdıcı təsiri isə heç də az deyil. Aqressiv kollektivdə uşaqlar bir-birindən çəkinirlər və özlərini təhlükə altında hiss edirlər. Onlar tez-tez həyəcan hissi də keçirirlər ki, bu da onların həm şəxsiyyətlərinin formalaşmasında, həm də tədris proseslərinə mənfi təsir göstərir.

Bu kimi problemlərin aradan qaldırılması məqsədilə belə siniflərdə korreksiya işlərinin aparılması çox vacibdir.

Aqressiyanın müxtəlif növləri olur. Onların təsnifatı və əsasları müxtəlifdir. Dünya təcrübəsində A. Bass və A.Dark Amerika psixoloqlarının aqressiya təsnifatı istifadə edilir. O təsnifata əsasən 5 növ aqressiya mövcuddur:

1. Fiziki aqressiya-fiziki təsir;

2. Dolayısı aqressiya-gizli yolla konkret şəxsə yönləndirilməyən aqressiya;

3. Qıcıqlandırma- xarici qıcıqlandırıcılara qarşı yüksək həssaslıq, qızğın emosional reaksiya;

4. Şifahi (verbal) aqressiya-neqativ hisslərin söz üsulu ilə büruzə verilməsi;

5. Neqativizm - qoyulmuş qaydalara qarşı passiv və ya aktiv şəkildə göstərilən əks reaksiya.

Çoxsaylı təsnifatlara baxmayaraq, uşaqlar ilə işləyərkən onların aqressiyalarını düzgün şəkildə büruzə vermələri üçün istiqamətləndirmə vacibdir.

Yadda saxlamaq vacibdir ki, hər bir uşaq öz ailəsinin güzgüsüdür. Uşağın problemi öz ailəsindən gələn problemdir. Uşaqlar ailədə aldıqları hər təcrübəni öz davranışlarında - məktəbdə, başqa kollektivlərdə sərgiləyirlər. Əgər məktəb kollektivi mehribandırsa, aqressiya ancaq on uşaqdan bir uşaqda büruzə verirsə, onda səbəb ailə ilə bağlıdır. Uşaq çalışır ki, ailədə olan çətinlikləri və problemləri təkbaşına həll etsin. Bu işdə ona heç kim kömək etmir, hətta bəzi hallarda ona heç diqqət də yetirmirlər.

Müasir dövrün öz gözəllikləri var. İnkişaf etmiş yeni texnologiyalar sayəsində uşaqlar faydalı informasiyalar alır, özləri yeniliklər əldə edir və yeni nəsə icad edə bilərlər. Bütün bunlarla yanaşı, medalın əks tərəfi də vardır. Yeni texnologiya və onun  məhsulları uşaqlarda yaranan və inkişaf edən aqressiyanın əsas mənbəyidir. Kompüter oyunları, online-oyunlar uşaqlarda aqressiya yaradır. Uşaqlar məktəb yaşlarında çox sadəlövh olurlar, onların psixikası zədələnməyə meyillidir. Nəzərə almaq lazımdır ki, uşaqlar kompüter oyunlarının təsiri altına tez düşür, rəqibə qalib gəlmək üçün bütün vasitələrdən,  hətta senzuradan kənar sözlərdən belə istifadə etməyə hazırdırlar. Görün, nə qədər uşağın psixikasına mənfi təsir edən amillər mövcuddur. Bütün bunları aradan qaldırmaq çox çətindir. Hər bir valideyn uşaq psixikasına təsir edən belə zərərli oyunlar haqqında məlumata sahib olmalıdır və vaxtında qarşısını almağı bacarmalıdır.

Valideynlər bilməlidirlər ki, aqressiyalı uşaqların öz aqressiyalarını büruzə vermələrinə mane olacaq bir faktor olmamalıdır. Bu, uşaqlarda əsəb sisteminin pozulmasına və somatik xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Buna görə də biz uşaqların bu hisslərini düzgün ifadə etməyi öyrətməliyik. Biz gözləməməliyik ki, bu aqressiya hissi bizim daxilimizi doldursun. Biz özümüzün və uşaqlarımızın davranışına nəzarət etməliyik. Onlarla sakit tərzdə danışmalıyıq. Əgər bizi nəsə qane etmirsə, onda biz səsimizin tonunu qaldırmalıyıq bir şərtlə ki, uşağın şəxsiyyətinə toxunmamalıyıq. Biz onun hərəkətlərini qiymətləndiririk, bizə xoş gəlməyən cəhətlərini göstəririk. Uşağın mənliyinə toxunmuruq. Bütün bunları onu sevilmədiyini bildirəcək şəkildə etməməliyik. Bunları bir neçə dəfə etməklə aqressiyanı konstruktiv yola yönləndirə bilərik.

 

Gülnar HÜSEYNOVA, 

psixoloq 

 

Azərbaycan müəllimi.- 2015.- 14 noyabr.- S.12.