“Mənim zəif oxumağa
haqqım yoxdur”
700 bal toplayan tələbə Kamran Abdulrəhimovla söhbət
Kamran Abdulrəhimov
1997-ci ildə Kürdəmir
rayonunda anadan olub. 2015-ci ildə Türkiyə
Diyanət Vəqfi Bakı Türk liseyini bitirib. Çoxlu sayda sertifikatlara və
tərifnamələrə layiq
görülüb. Hazırda Bakı
Dövlət Universitetinin
hüquqşünaslıq fakültəsində
təhsil alır. Onunla BDU-da həmsöhbət oldum. Səmimi və mehriban bir gəncdir. Verdiyim sualları cavablandıranda yüksək
əxlaqi keyfiyyətlər nümayiş
etdirirdi. Ən böyük uğurum Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının
ali məktəbələrə
keçirdiyi qəbul
imtahanlarında 700 bal toplamağım
oldu,- söylədi və gülə-gülə sözünə
davam etdi. - Həmin gün mənim həyatımda ən unudulmaz bir gün
oldu. Özümü dünyanın ən xoşbəxt gənci
sayırdım. Çünki illərlə çəkdiyim
əziyyət hədər getmədi, müəllimlərimin,
valideynlərimin arzusu həyata keçmişdi. Doğrusu, onda keçirdiyim hissləri sözlə ifadə edə
bilmirəm.
- Adətən
uşaqlıq və yeniyetməlik dövründə oğlanlar polis , prokuror olmaq
arzusu ilə yaşayırlar. Sən necə, belə hisslər
yaşamısanmı?
- Yuxarı siniflərdə oxuyanda hər birimizi belə bir sual
düşündürür:
hansı peşənin ardınca getməli? Bu, çox məsuliyyətli bir
seçimdir. İnsan
elə sənət, elə peşə seçməlidir
ki, həm özünün bu peşəyə sevgisi, məhəbbəti
olsun, həm də həmin sənət və peşə ilə
xalqına, cəmiyyətə xeyir verə bilsin. Hər kəs bacardığı
işdən yapışmalı, gücü çata biləcək
ixtisası
seçməlidir.
Arzuya çatmaq üçün də əziyyət çəkmək, ağır zəhmətə qatlaşmaq, yaxşı oxumaq lazımdır. Doğru deyirsiniz mənim
də uşaqlıq arzum idi
hüquqşünas olmaq.
Bu peşəyə məni
ən çox həvəsləndirən
“Mehman” filmi oldu. Qarşıma
hüquqşünas olmaq məqsədi qoydum.
İnsanların hüquqlarını qorumağa, cinayətkarları isə cəzalandırmağa daha
çox önəm verməyi qərarlaşdırdım. İnsan öz sənətinin mahir bilicisi olmaqla
yanaşı onu sevdirməyi də bacarmalıdır. Hüquqşünaslıq
peşəsi həm
məsuliyyətli, həm də şərəflidir. Özümə söz verdim ki, əgər bu peşəyə
yiyələnsəm, saf əməllərimlə etimadı
doğruldacağam. İxtisasım üzrə
çalışdığım sahələrdə həmişə
ədalət prinsipinə yiyələnəcəyəm, vətəndaşların hörmət
və ehtiramını, sevgisini qazanacağam. Aldığım tərbiyə
kifayət edir deyəm
ki, saflıq, təmizlik devizimdir.
- 700 bal topladığını biləndə sevincini öncə
kimlərlə bölüşdün?
- Valideynlərimlə. Nəticələr elan
olunduqdan sonra valideynlərimə
saysız-hesabsız təbriklər
gəldi. Bu sevinci
onlara
yaşatdığım üçün fərəh hissi keçirirdim.
- BDU-nun tələbəsi özünü
xoşbəxt
sayırmı?
- Açığını deyim
ki, BDU-nun tələbəsi olmaq ən
ümdə arzum idi. Buna görə də özümü ikiqat xoşbəxt
sayıram. Artıq tələbəlik həyatına uyğunlaşmışam.
“Debat “ klubunun
üzvüyəm. Klubda müxtəlif
mövzular ətrafında
müzakirələr aparırıq.
Çalışıram burada da birincilər sırasında
olum. Hələ ki, ümidləri doğrulduram.
Qəbul zamanı qazandığım yüksək bal məsuliyyətimi birə-beş
artırıb. Mənim
zəif oxumağa haqqım yoxdur.
- Bu gün ali məktəb
auditoriyalarında professorların mühazirələrini dinlədiyin zaman orta məktəb müəllimlərini
xatırlayırsanmı?
- Orta məktəb müəllimlərini unutmaq olarmı?! Onlar savadlı, tələbkar
müəllimlər idilər.
Ali məktəb müəllimləri isə daha dərin elmi
biliklər aşılayırlar. Demək
olar ki, hamısı alimlik dərəcəsi olan
pedaqoqlardır. Onların da mühazirələrini diqqətlə
dinləyir, seminarlarda
fəallıq nümayiş etdirirəm.
- Artıq semestr imtahanlarına
çox az vaxt qalır...
- Şübhəsiz, ali məktəb proqramı çox mürəkkəbdir.
Mühazirələrdə çox diqqətli oluram ki, sabah
veriləcək sualların qarşısında aciz
qalmayım.
- Prezident təqaüdünə
layiq görüldün, bu, çox böyük bir etimaddır.
- Bunu dərindən dərk edirəm
və bu etimadı hökmən doğruldacağam. Möhtərəm cənab Prezident İlham Əliyevə biz tələbələrə dəstək
olduğuna görə təşəkkürümü bildirirəm.
- İxtisasın üzrə karyera
qurmaq üçün nə etməlisən?
- Arzularım çoxdur.
İlk olaraq
hüquqşünaslıq ixtisasına yiyələnməyi, təhsilimi
davam etdirməyi, daha sonra isə karyeramı qurmağı
düşünürəm. Ümumiyyətlə,
hüquq elmi, ələlxüsus kriminalistika sahəsi olduqca
maraqlıdır. Bu elmə dərindən
yiyələnməyə çalışacağam.
- Təhsilini Dövlət
Proqramı ilə xaricdə davam etdirmək
istərdinmi?
- Bu, təkcə
mənim deyil, bütün tələbələrin
arzusudur. Magistratura pilləsini Dövlət
Proqramına uyğun olaraq xarici ölkələrin birində
davam etdirə bilsəm çox sevinərəm.
- Gələcəkdə seçdiyin
sahədə
uğurlar qazanacağına
əminsənmi?
- Hər hansı bir uğurun arxasında zəhmət, gərgin
əmək durur.
Arzular yalnız onda reallaşır ki, insan ona
nail olmaq üçün səylə çalışır,
əziyyət çəkir.
- Dostluqda sadiqsənmi?
- Dostluqda sadiqlik son dərəcə
vacibdir. Gərək sədaqət nümayiş etdirəsən
ki, dost qazana biləsən. Hər
hansı bir
kiçik səhv
dostluğun pozulmasına səbəb
ola bilər. Dostlarımla münasibətdə səhvə yol verməməyə
çalışıram.
- Ürəyinin odunu, gözlərinin nurunu müstəqil Azərbaycanın
işıqlı gələcəyi
üçün layiqli nəsil
yetişdirməyə sərf edən
müəllimlərinə nə arzulardın?
- Müəllim şagirdlərinin
yaxın dostu, sirdaşıdır. Yetirmələrinin
gələcəyi üçün narahat olan, onları həyatda daim
düzgün addım atmağa
istiqamətləndirən
ilahi bir varlıqdır. Müəllim təkcə özünün deyil, həm
də hər bir şagirdinin taleyini yaşayır-sevinci, kədəri,
problemləri ilə birgə. Müəllim
yalnız sinifdə olduğu 45 dəqiqəni yox, bütün
ömrünü şagirdləri ilə paylaşır.
Müəllim söylədiyiniz kimi, gözünün nurunu, qəlbinin
odunu şagirdlərinə
verir. Onlara uzun ömür,
cansağlığı arzulayıram. Şam
kimi əriyən ömürlərinin nuru daim parlaq olsun.
Əbədi abidədir ürəyimdə müəllimə
məhəbbət.
Sifai SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2015.- 21 noyabr.- S.8.