“Böyük Britaniyada müəllimlərin
imtahan seçimi sərbəstdir”
Kembric Universitetinin tələbəsi Murad
İsmayılovla söhbət
Murad İsmayılov 1982-ci ildə Sumqayıtda
anadan olub. 1998-ci ildə Sumqayıtdakı 11
nömrəli tam orta məktəbi əla qiymətlərlə başa vurub. 1998-2004-cü illərdə Bakı Dövlət Universitetində
beynəlxalq münasibətlər ixtisası üzrə əvvəlcə
bakalavr və daha sonra magistr təhsili alıb. Hər
iki təhsil pilləsini
əla qiymətlərlə
başa vurub. 2007-2009-cu illərdə eyni ixtisas
üzrə Böyük
Britaniyanın Kembric
Universitetində təhsilini magistr pilləsində davam etdirib.
Eyni zamanda Rumıniyanın NATO
Araşdırmalar Mərkəzi, Siyasi Elmlər və Dövlət
İdarəçilik Milli İnstitut tərəfindən təşkil
olunmuş dörd aylıq NATO Ali İcraçı
Proqramının (fevral-may, 2005) məzunudur. 2006-2009-cu illərdə SOROS-un
“Returning Scholar Fellowship” təqaüd proqramı çərçivəsində
Bakı Dövlət Universitetinin
beynəlxalq münasibətlər fakültəsində
müəllim, 2008-2014-cü illərdə
“ADA” Universitetində tədqiqat
proqramları üzrə koordinator,
direktor və daha sonra elmi işçi qismində
çalışıb. 2008,
2012 və 2015-ci illərdə Birləşmiş
Krallığın Qlazqo Universitetində, ABŞ-ın
Miçiqan Dövlət Universitetində və Finlandiyanın Aleksanteri İnstitutunda elmi işçi
kimi tədqiqat layihələri
üzərində çalışıb. O, bir sıra kitab və
məqalələrin (ingilis və rus dillərində) müəllifidir.
Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı” çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində sosial-siyasi elmlər ixtisası
üzrə doktorantura təhsili alır. Beləliklə də
M.İsmayılovla söhbətimizə orta məktəb illərindən
başladıq.
“Orta məktəbdə
fənləri bir-birindən ayırmırdım”
Orta məktəbdə
ən çox sevdiyim fənlərdən rus dili və ədəbiyyat,
fizika, riyaziyyat və biologiyanı qeyd edə bilərəm.
Ümumən isə fənləri bir- birindən
ayırmırdım və hamısına eyni dərəcədə
diqqət ayırmağa çalışırdım. Bəlkə ona görə də məktəbi
əla qiymətlərlə bitirdim.
İlk təhsilimi yüksək göstəricilərlə
bitirməyimdə
mənə uşaqlıqdan oxumaq sahəsində
intizamı öyrədən
anamın rolu çox böyük olub. Ümumiyyətlə, məktəb
illəri zamanı, xüsusən də aşağı siniflərdə,
uşağın akademik uğurlarında valideynlərin rolu
böyük olur. Eyni
zamanda, onu da qeyd edim ki, məktəbdə müəllimin
şagirdə öz fənnini sevdirməkdə rolunun nə qədər
böyük olduğunu öz üzərimdə hiss etdim. Xoşbəxtlikdən
məktəbdə mənə dərs deyən müəllimlərin
əksəriyyəti savadlı və çox gözəl
insani keyfiyyətlərə malik peşəkarlar olub. Xüsusilə də, mənə
ibtidai siniflərdə dərs deyən Valentina Pavlovna, fizika fənni
üzrə dərs deyən Afət Qumbatovna, rus dili və ədəbiyyat
fənləri üzrə dərs deyən Valentina Andreyevna,
sonra Yevdokiya Aleksandrova və
daha sonra Olqa Badalovna və
riyaziyyat fənnini mənə tədris etmiş olan və
artıq dünyasını dəyişmiş (Allah rəhmət etsin) Yuri
Petroviçi qeyd etmək istərdim. Bu müəllimlərin
hamısı peşəkar və öz fənnini həddindən
artıq çox sevən və şagirdə sevdirə bilən
insanlar idi.
“Maraq
göstərdiyim ixtisas çox idi”
İxtisas seçimimə
gəldikdə deməliyəm ki, sözün düzü, həm
məktəb illərində, həm də məktəbi bitirəndən
sonra maraq göstərdiyim ixtisas çox idi. Xüsusilə də həkimliyə, dinə,
hüquqa, ədəbiyyat və dilə,
yazıçılığa, siyasətə və qədim
dünya tarixinə marağım böyük idi. Sadəcə müasir təhsil sistemi dünya
üzrə elə qurulub ki, insan bir dar ixtisası seçib həyatını
ona həsr etməli olur. Bu cür situasiya ilə razı olmasam da vəziyyət elə alındı
ki, orta məktəbi bitirdikdə
mən məhz sosial və siyasi elmlər üzrə
ixtisaslaşmağa qərar verdim, halbuki anam həmişə
mənim həkim olmağımı istəyirdi.
Azərbaycanda
ali təhsilimi bitirdikdən bir az sonra anladım ki, mən həyatımı
elmə həsr etmək istəyirəm və bu istiqamətdə
özümdə müəyyən
boşluqlar olduğunu və
onları yeni biliklərlə doldurmağa ehtiyac
yarandığını
hiss edirdim. Buna görə
də həmişə
daxilən narahat idim. Bu baxımdan, xaricdə təhsil özümdə
hiss etdiyim intellektual və mənəvi potensialı tam olaraq
ortaya çıxarmaq istəyimin gerçəkləşməsi
üçün mühüm bir addım idi.
Bu yola başlayıb davam etməyimdə mənə
daxili güc verən valideynlərimin rolu danılmazdır.
Hər zaman
mənə dayaq olan atam bu dəfə də mənim
qərarımı dəstəklədi və bu illər ərzində
mənə böyük dəstək
oldu. Anamın mənəvi dəstəyi və daxili
dünyamı mükəmməl başa düşməsi də
çətin vəziyyətlərdə seçdiyim yolu
davam etməkdə mənim üçün mühüm
stimullaşdırıcı bir faktor idi. Bir neçə
dostumun da bu yolda mənə dəstəyi böyük oldu.
“SABAH
qruplarının yaradılmasını
çox
müsbət qarşılayıram”
Ölkəmizin
təhsil sistemində baş verən yeniliklərdən
danışanda, ilk növbədə, hazırda təhsilimizdə
aparılan islahatları, o cümlədən ali məktəblərimizdə SABAH qruplarının
yaradılmasını çox müsbət
qarşılayıram. Ümumiyyətlə, Azərbaycanın
gəncləri çox yüksək intellektual potensiala
malikdirlər, bir balaca təkanla böyük nailiyyətlərə
imza atmağa qadirdirlər.
Bu baxımdan, dövlətimizin təhsil sahəsində
həyata keçirdiyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”nın rolu
danılmazdır və
proqramın təkmilləşdirilməsi istiqamətində
son iki il ərzində atılan addımlar da təqdirəlayiqdir.
“Mütaliəyə
daim daxili ehtiyac duyuram”
Boş vaxtım çox olmasa da onu aktiv şəkildə
keçirməyə çalışıram. Bu illər ərzində
bir neçə tematik qrupa üzv olmuşam ki, onlar ilə
müntəzəm olaraq müəyyən mövzu və ya mətni
müzakirə etmək üçün
yığışırıq. Universitet çərçivəsində
də daim müxtəlif mövzularda konfrans və seminarlar
keçirilir, onların arasında mənim üçün
xüsusi maraq kəsb edən tədbirlərə qatılmağa
çalışıram. Eyni zamanda həftənin ən azı bir
gününü - adətən cümə axşamı
dostlarımla keçirirəm.
İmkan daxilində, asudə vaxtımda
dostlarımla tennis və ya “pinq- ponq” da oynayırıq. Tələbələrin
iştirakı ilə təşkil olunan bir sıra ictimai tədbirlərdə
iştirak edirəm. Mütaliəyə daim daxili ehtiyac duyuram və bir
müddət mütaliəsiz qalanda darıxıram.
Kembric
universitet şəhəridir və oxumaq
üçün burada
bütün şərait var.
Əcnəbi tələbələrin arasında mən əsasən
keçmiş sovet məkanı (xüsusilə də Orta
Asiya) və Yaxın Şərqdən olan tələbələrlə
sıx münasibət saxlayıram, amma digər millətlərdən
(məsələn, italyan və ingilis) olan insanlarla da yaxın
münasibətim var. Kembric tələbə şəhəri
olduğuna görə burada hər
bir mədəniyyət və mənəviyyatın
daşıyıcısı var və hər insan öz şəxsiyyətinə
uyğun çərçivəsini qurub formalaşdıra
bilir.
Gənclərimizin
dünyanın nüfuzlu ali məktəblərində təhsil
almasının onların həyatda əsl peşəkar kimi
yetişməsində mühüm rolu var. İnsanın
intellektual və mədəni tələbatını ödəyən
iki əsas faktor mütaliə və səyahətdir (və səyahətin
bir parçası olan yeni insanlarla ünsiyyət). Buna
görə insan hər il ən azı bir
dəfə imkan daxilində çalışmalıdır ki,
öz kontekstindən çıxıb digər ölkəyə
(və ya öz ölkəsi daxilində digər rayona) səyahət
etsin ki, öz çevrəsini dəyişib yeni insanlarla
rastlaşıb yeni ideyalarla tanış olsun. Bu
baxımdan, xaricdə təhsil həm oxumaq, həm səyahəti
özündə cəmləşdirərək insanın
inkişafının müəyyən mərhələsində
həmin tələbatını çox gözəl ödəmiş
olur.
Elmi rəhbərimlə
ilk dəfə görüşüb sağollaşandan sonra
onun velosipedə minib getdiyini görəndə nə qədər təəccüblənməyimi
hər dəfə təbəssümlə xatırlayıram:
-
Oxuduğum Kembric Universiteti dünyanın ən nüfuzlu, reytinqli ali təhsil
ocaqlarından biridir. Təhsil
aldığım siyasi elmlər, psixoloqiya, sosiologiya və beynəlxalq münasibətlər
fakültəsi kifayət qədər liberaldır və elmdə,
bir çox digər (xüsusilə də ABŞ-da olan)
universitetlərdən fərqli olaraq, kreativlik
(yaradıcılıq) və müstəqil, tənqidi
düşüncəni dəstəkləyir. Yuxarıda qeyd
etdiyim kimi, maraq dairəm geniş olduğundan mən ömürlük elmi səyahətimdə
bu mərhələyə özüm üçün son
deyil, başlanğıc kimi baxıram. Kembric Universitetində hər
gün müşahidə etdiyim müəllim - tələbə
münasibətlərinə gəlincə deməliyəm ki,
sözün düzü, bu məsələdə çox
şey həm müəllimdən, həm də tələbədən
asılıdır. Adətən
tələbənin müəllimlə qeyri-rəsmi şəraitdə
ünsiyyət qurması üçün, xüsusən
də konfrans və seminarlar zamanı xeyli imkanı
mövcuddur. Müəllimlərin əksəriyyəti öz tələbələri ilə
qeyri-rəsmi ünsiyyət qurmaq üçün onlarla nahar
süfrəsi arxasında müntəzəm görüşlər
də təşkil edir. Bundan əlavə, istənilən zaman tələbə
hər hansı bir müəllimlə razılaşdırılmış
vaxtda görüşüb məsləhət ala bilir. Ümumiyyətlə,
müəllimlərin əksəriyyəti olduqca sadədir.
Mən, məsələn, elmi rəhbərimlə ilk dəfə
görüşüb sağollaşandan sonra onun velosipedə
minib getdiyini görəndə nə qədər təəccüblənməyimi
hər dəfə təbəssümlə xatırlayıram.
Universitetdə
imtahan sessiyası və mühazirələrin təşkilinə gəlincə,
qeyd etməliyəm ki, bu məsələ də
müəllimdən asılı olan məsələdir.
Böyük Britaniyada müəllimlərin
imtahan seçimi sərbəstdir. Amma Kembric və
Oksfordun bakalavr təhsilinin bir fərqli cəhəti də
ondan ibarətdir ki, mühazirədən əlavə sinif bir neçə kiçik (1-4 nəfərdən
ibarət) qruplara bölünür ki, həmin qruplar da ayda bir
neçə dəfə xüsusilə onlar üçün
təyin olunmus tyutor ilə
görüşüb mühazirədə əhatə
olunmuş məsələləri daha dərindən
müzakirə edirlər. Tyutorlar adətən
doktorantura pilləsində oxuyan tələbələrdən
təyin olunur. Həmin sistem də tələbələrin tədris
edilən mövzunu qavramalarında və özlərini sərbəst,
çəkinmədən ifadə etmək
bacarıqlarının inkişafında çox mühüm
rol oynayır.
Müsahibimiz
elmi tədqiqatlarla yanaşı, Böyük Britaniyada fəal
diaspora fəaliyyətlərində də təmsil olunur:
- Biz Azərbaycana
aid mədəni tədbirləri Kembric Universitetində fəaliyyət
göstərən və hazırda sədrlik etdiyim Azərbaycan
Cəmiyyəti çərçivəsində
vaxtaşırı təşkil edirik. Eyni zamanda, 2014-cü
ildə Azərbaycanla bağlı
elmi tədbirlər keçirmək, Azərbaycan və
regiona marağı olan araşdırmaçı və alimləri
bir araya toplamaq məqsədilə Azərbaycan Tədqiqat Qrupu
yaratmışıq və açılış mərasimini
həmin ilin martında ölkəmizin Böyük
Britaniyadakı səfirliyinin iştirakı ilə uğurla
keçirmişik. Təşkil
etdiyimiz digər tədbirlərimizdən 2014-cü ilin oktyabr
ayında çox böyük uğurla başa
çatdırılmış, Azərbaycanın müasir ədəbiyyatı və
dövlətimizin İKT
strategiyasına həsr olunmuş seminarı da qeyd etmək
olar. Adıçəkilən qrup çərçivəsində
fəaliyyətimizdə biz Böyük Britaniyadakı səfirliyimizdən
əlavə, Kembric Universitetinin Orta Asiya Forumu, İnkişaf
üzrə Tədqiqatlar Mərkəzi, Asiya və Yaxın Şərq
fakültəsi ilə sıx əməkdaşlıq edirik.
Gələcək
planlarım vətənimə və
bəşəriyyətə
xidmət etməkdir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 21 noyabr.- S.10.