“Kitab ixtiyar
sahibidir, idarə
edir, oxucu isə
ona itaət edir”
Kitablar qoynunda yaşadığımız bu kainatın sirlərini özündə əks etdirən, ətraf aləmdə baş verən proseslərdən xəbərdar sonsuz məlumat mənbəyi, bütün elmlərin açarını özündə gizləyən bir xəzinədir. Elə xəzinə ki, elmə, biliyə, mədəniyyətə, tərbiyəyə gedən yola sahiblik edir.
Zamanın durmadan dönən çarxı bizləri daim inkişafda olan, hər gün bir yenilik yaşadığımız xoş gələcəyə doğru aparır. Günü-gündən müasirləşən, yeniləşən, qloballaşan dünyamızda texnologiya inkişaf etdikcə insanların həyatı yüngülləşir. Hər bir sahədə olduğu kimi, məlumat mənbəyimiz olan kitabxanalarda da bu sürətli dəyişməni görürük. Müasir dövrümüzdə elektron kitabxanalardan istədiyimiz bir çox kitabların pdf variantını əldə edib, evimizdən çıxmadan, vaxt itirmədən mütaliə edə bilirik. Ancaq bütün bu inkişaf, yenilik əlimizə götürüb oxuduğumuz kitabları əvəz edə bilmir. Birincisi, monitordan oxumaq gözləri və zehni yorur, ikincisi isə, elektron kitabxanalar bizim ehtiyaclarımızı hələ tam ödəyə bilmir, tam baza ilə təmin olunmayıb.
Son illərdə insanların kitablara münasibəti də dəyişib. İnsanlar gün ərzində sosial şəbəkələrdə vaxt keçirməklə mütaliə mədəniyyətindən uzaq düşüblər. İndi çox az adam tapılır ki, boş vaxtını mütaliəyə sərf etsin, beynini, zehnini, təfəkkürünü inkişaf etdirsin, onu gücləndirsin.
Yadıma “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Bir qalanın sirri” filmi düşür. Uşaqlıq illərimin sevimli qəhrəmanları: Elşən və Mətanət obrazları. Mətanəti xilas etmək yolunda günlərlə kitab oxuyan Elşənin ani yorğunluğunda kitablar ona: “Sən hələ bizi oxumamısan, bizsiz bu dünyanın sirlərindən xəbərdar olmazsan”, - deyirlər. Bax, mən də uşaq ağlımla hələ onda dərk edirdim ki, kitablar bilmədiyim, xəbərsiz olduğum sirlər dünyasına bir açardır. Sonsuz xəzinəyə sahib olmaq üçün kitab oxumalı, yaşadığım həyatın sirlərinə bələd olmalıyam.
Məktəbdə ilk ədəbiyyat dərsliymiz bu cümlə ilə başlayırdı: “Ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir. Ədəbiyyatın əsas vəzifəsi insanları tərbiyə etməkdir”. Elə isə belə bir sual yaranır: Bəs nə üçün biz valideynlər bu gün övladlarımızın tərbiyəsində böyük və əvəzsiz rol oynayan kitablara, xüsusilə də bədii kitablara laqeyd yanaşırıq. Övladlarımızın hər istəyini ölçülməz maddiyatla təmin etdiyimiz halda, kitab almağa niyə əlimiz gəlmir? Onlarda niyə mütaliəyə maraq oyatmırıq? Bugünkü cəmiyyətimizin qarşısında duran ciddi bir problem var: Vətən övladlarımızın mütaliədən uzaq düşməsi, söz ehtiyatları olmadığından fikirlərini ifadə etməkdə çətinlik çəkmələri, ümumən kitab oxumağa durmadan sönən həvəsləri. Bəs bu yolda biz hansı işləri görməliyik? Hansı tədbirlərə əl atmalıyıq ki, gənc nəsildə oxumağa maraq oyadaq, uşaqları bədii kitabları mütaliə etməyə həvəsləndirək ki, onlar həyatı tanısınlar, həyatın kəşməkeşli yollarında büdrəməsinlər, duruş gətirsinlər.
Bu problemin həlli yolunda ilk atılmalı olan addım, hər bir ailədə kiçicik bir kitabxananın yaradılmasıdır. Övladımız dünyaya gəlib özünü tanıyanda ailəsinin üzvlərini kitab oxuyan, kitaba hörmətlə yanaşan şəxs kimi görməlidir ki, o da kitabı sevsin, onu oxusun. Özümü tanıyandan valideynlərimi əllərində kitab oxuyan görmüşəm. Mənim mütaliəyə marağım da məhz valideynlərimin sayəsində olub. Hər gün yemək sonrası əlində qəzet oxuyan atam dünyada olub-bitənlərdən xəbərdar idi. Boş vaxtlarını kitab oxumağa sərf edər, tövsiyəsi də bu olardı ki, kitab oxu! Oxu ki, həyatı öyrənəsən, insanları tanıyasan! Bugünkü gün dünyada həkimlər hətta uşaq dünyaya gəlməmiş, bətndə ikən anaya kitab oxumağı tövsiyə edirlər. Biz valideynlər uşaqlara erkən yaşlarından maraqlı nağıllar, hekayələr oxuyaraq onlarda dinləmə qabiliyyətini formalaşdırmalıyıq. Daha sonra rəngli, şəkilli kitablarla, daha yaxşı olar ki, qabarıq səthli kitablarla onların diqqətini çəkməyi bacarmalıyıq. Övladımız məktəb yaşına çatanda mütaliəyə maraq oyatmaq ilk öncə, ibtidai sinif müəllimlərinin, daha sonra isə birbaşa bizim-ədəbiyyat müəllimlərinin üzərinə düşür. Bu yolda bir ədəbiyyat müəllimi olaraq çox böyük məsuliyyət daşıyırıq. Dərs zamanı gözəl və rəvan nitqimizlə, ifadəli oxumuzla şagirdlərimizin emosional dünyasına nüfuz etməyi bacarmalı, onlarda şeirə, poeziyaya sonsuz maraq oyatmalıyıq. Tez-tez ədəbiyyat gecələri təşkil etməli, tədbirlər keçirməli, yazıçılarla görüşlər təşkil etməli və yaxud hər hansı bir yazıçının kitabını siniflər arasında oxudaraq onun müzakirəsini aparmalıyıq.
Təhsil Nazirliyinin 16 dekabr 2014-cü il tarixli “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə əsasən bütün məktəblər əmrin icrasına səfərbər edildilər. Bizim məktəbdə də qısa zaman ərzində bir sıra tədbirlər həyata keçirildi.
Bildiyimiz kimi, mütailəyə maraq oyadan məqamlardan biri də mədəniyyət ocağı olan teatrlarda professional aktyor heyətinin ifasında bədii əsərləri canlı olaraq izləməkdir. Mən ötən günlərin birində VI sinif şagirdlərim ilə Akademik Milli Dram Teatrında S.S.Axundovun “Qaraca qız” əsərinin tamaşasında oldum. Böyük təəssüratlarla teatr salonundan ayrılan şagirdlərim ruh yüksəkliyi ilə uzun müddət həmin günü müzakirə etdilər. Bütün bunlar isə şagirdlərin mütaliəyə istiqamətləndirilməsi yolunda atılan bir addım idi.
“Bu günümüz sabahımızdır”, - deyirlər. Demək, gələcəyimiz olan nəslimizin nümayəndələrini nurlu sabahlara çıxarmaq, həyatı onlara tanıtmaq üçün biz ədəbiyyat müəllimləri öz öhdəmizə düşəni lazımınca yerinə yetirməli, onlarda mütaliəyə həvəs oyatmalıyıq. Hər şagirdə heç olmasa bir kitabı sevdirib oxuda bilsək, onu o kitabın ixtiyarına tabe etsək, demək ki, hədəfimizi düzgün nişan almışıq və o zaman biz artıq gələcəyimiz üçün rahat ola bilərik. Axı Herman Hessenin təbirincə demiş olsaq, “Kitab ixtiyar sahibidir, idarə edir, oxucu isə ona itaət edir”.
Təranə
VƏLİYEVA,
Bakı şəhəri
313 nömrəli tam orta
məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi
Azərbaycan müəllimi.- 2015.-
21 mart.- S.12.