Mən direktor olsam...
Məktəb direktoru təhsilin
inkişafında aparıcı rol oynayan əsas simalardan biri,
bəlkə də birincisidir. Tanınmış təhsil
mütəxəssisləri də bizimlə söhbətlərində
direktorun kim olmasının təhsilin
inkişafında çox böyük əhəmiyyəti
olduğunu dəfələrlə vurğulayıblar. Etiraf edək
ki, Təhsil
Nazirliyi də son illərdə bu məsələyə
xüsusi önəm verir. Məktəb direktorlarının
peşə və idarəetmə bacarıqlarının artırılması
üçün mütəmadi olaraq təlimlər
keçirilir. Bu təlimlərdə
iştirakçılara müasir şəraitdə direktorluq
üçün zəruri olan kompetensiyalar
formalaşdırılır, peşəkarlığın
artırılması məqsədi ilə namizədlərin mərhələli
seçim turları keçirilir. Əslində
direktor olmaq hər bir müəllimin arzusudur. Lakin yaxşı direktor olmaq üçün təkcə
arzu kifayət deyil. Bunun üçün həm zəruri
keyfiyyətlər, həm aydın fəaliyyət hədəfləri,
həm də direktorluğa müasir baxış, təlim-tədris
prosesinin keyfiyyətinin yüksəldilməsi
üçün xüsusi yanaşma tələb olunur. Bəs, görəsən müəllimlərimiz necə
düşünür? Onlar direktor olsalar məktəbdə
daha çox hansı məsələlərə xüsusi diqqət
yetirərlər? Müasir məktəbin inkişafı
üçün nələri prioritet hesab edirlər? Bu məqsədlə paytaxtın bir neçə orta
ümumtəhsil məktəbində olduq. Müəllimlərə
“Siz direktor olsanız məktəbdə daha çox hansı
işləri görərdiniz” sualı ilə müraciət
etdik. Onların cavablarını
oxucularımıza təqdim edirik.
Pedaqoji kollektivin potensialından
maksimum istifadə edərdim
Zümrüd HƏSƏNQULİYEVA,
Bakı
şəhəri 55 nömrəli tam orta məktəbin tarix
müəllimi
Mən direktor olsam, ilk öncə məktəbdə
nizam-intizama xüsusi diqqət yetirərəm. İstər
müəllimlərin, istərsə də şagirdlərin
intizamı yüksək olmasa, heç bir uğur əldə
etmək olmaz. Müasir gənclərdə
məsuliyyət hissinin aşılanmasına
çalışaram. Valideynlərlə sıx əlaqədə
olmaqla bu məsələnin həllinə nail ola
bilərəm. Valideynlərin uşaqlarına
qarşı tələblərinin artmalı olduğunu
düşünürəm.
Pedaqoji kollektivin potensialından maksimum istifadə edərəm. Fərqlənən, tədris
prosesinə xüsusi can yandıran müəllimlərin
stimullaşdırılması yolunda müəyyən
addımlar ataram. Bu
addımları atarkən obyektivliyi öndə tutaram. Bilik və bacarıq səviyyəsi aşağı
olan müəllimlərin peşəkarlığının
artırılması yönündə işlər apararam.
Həmin müəllimləri müxtəlif
treninq və məşğələlərə cəlb etməklə
pedaqoji prosesdə yaxından və ürəkdən
iştirak etməklərinə imkan yaradaram. Məncə, pis müəllim yoxdur. Tələbkar, çalışqan və tənbəl,
öz üzərində çalışmayan müəllim
var. Dövrümüzdə müəllim nüfuzunun
aşağı düşdüyü fikrindəyəm. Bunun səbəblərindən birini də bəzi
KİV nümayəndələrində görürəm.
Onlar bəzən əhəmiyyətsiz məsələləri
gündəmə gətirməklə müəllim
nüfuzuna xələl gətirirlər. Bu
baxımdan ümumi olmasa da, heç olmasa direktor olduğum məktəbdə
müəllim nüfuzunun artmasına xüsusi diqqət yetirərəm.
Bunun üçün müəllim, şagird və
valideynlərin də potensialından istifadə etməklə
bu problemin aradan qaldırılmasına çalışaram.
Bu gün məktəblərimizdə dərnək və
fakültativ dərslərdən səmərəli istifadə
edilmədiyini düşünürəm. Bunun obyektiv və subyektiv səbəbləri
var. Sadaladıqlarımdan maksimum dərəcədə istifadə
etməklə şagirdlərin akademik biliklərini və intellektual
səviyyələrini artırmağa çalışaram. Bilirsiz, məktəb elə bir pedaqoji mühitdir ki,
hansı məsələ ilə bağlı qərar verilirsə-verilsin,
bu, tədricən həyata keçirilməlidir. Təcrübələr də göstərir ki, məktəbdə
radikal qərarlar verib birdən-birə inqilab etmək olmaz.
Bu baxımdan yuxarıda qeyd etdiyim məsələlərə
həssaslıqla yanaşılmalı, görüləcək
işlər tədricən olmalıdır.
Hər direktorun öz komandası
olmalıdır
Fərqanə İSAYEVA,
Bakıdakı
Elitar Gimnaziyanın
Azərbaycan
dili-ədəbiyyat müəllimi
Belə bir deyim var. General olmaq arzusunda olmayan əsgər,
əsgər deyil. Təbii ki, mən də məktəb
direktoru olmaq istəyirəm. Bunun
üçün direktorumuzun da xüsusi təşəbbüsü
ilə Təhsil Naziliyinin təşkil etdiyi kurslarda iştirak
etmişəm və bu kursları uğurla başa vurmuşam.
Mən direktor olsam, hansı işləri görərəm
sualına gəldikdə, deyə bilərəm ki, hər bir rəhbər
işçinin özünün məsələyə
müxtəlif baxışı, öndə tutduğu məsələlər
olduğu üçün mənim də müxtəlif fikirlərim
mövcuddur. Öncə pedaqoji kollektivdən
başlayaq. Düşünürəm ki,
hər bir direktorun öz komandası olmalıdır. Bura əsasən direktor müavinləri və məktəbin
idarə olunmasında bilavasitə iştirak edən şəxslərin
olması vacibdir. Bundan başqa,
komandanın üzvlərinin peşəkar və çevik
olması da düşünürəm ki, ən vacib amillərdəndir.
Onlar arasında işlər də bərabər
bölünməlidir. Birinə az,
digərinə isə çox yük düşməyinin tərəfdarı
deyiləm. Müəllimlərin peşəkarlıq
səviyyəsini daim nəzarətdə saxlayaram və bu
yöndə ciddi işlər apararam. Şagirdlərlə
bağlı görülən işlərə gəldikdə
isə düşündüyüm bir çox şeylər
var. Məsələn, düşünürəm ki,
şagirdlərin uğurlarını ölçən bir
meyar olmalıdır. Fərqlənən
şagirdlər mütləq
stimullaşdırılmalıdır. Bundan
başqa, uşaqlarda sosiallaşma bacarıqlarının
formalaşdırılmasını ən mühüm məsələlərdən
biri hesab edirəm. Bildiyiniz kimi, internet və
telefondan aşırı dərəcədə istifadə
şagirdlərdə sosiallaşma bacarıqlarını zəiflədir.
Bu yöndə ciddi addımlar atardım. Rus bölmələrində oxuyan şagirdləri Azərbaycan
filmlərini, ədəbiyyatını dərindən öyrənməyə
sövq edərdim. Düşünürəm
ki, bu çox vacib məsələdir. Bundan
başqa, valideynlərlə ciddi işlər aparardım.
Bildiyin kimi hazırda valideynlər övladları
bir ibtidai sinifdə, bir də X-XI sinifdə olanda məktəblə
əlaqə saxlayırlar. Arada
böyük bir boşluq yaranır. Bu
boşluğun aradan qaldırılması yönündə
ciddi addımlar atar, valideynləri məktəblə daha
sıx əlaqədə olmalarına çalışaram.
Məktəbdə müxtəlif layihələrin
həyata keçirilməsi istiqamətində işlər
görərəm.
Stabil və qərarlı bir
idarəetməyə
üstünlük verərdim
Nuridə QARAYEVA,
Bakı
şəhəri 13 nömrəli tam orta
məktəbin tədris işləri üzrə direktor müavini
Məktəb direktoru təlim-tədris prosesinin keyfiyyətinə
təhsil lideri olaraq cavabdehdir və
qarşılaşdığı bütün çətinliklərin
öhdəsindən gələ bilməlidir. Hər bir məktəb
rəhbəri qarşıya qoyduğu məqsədlərə
çatması üçün həyata keçirilməli
olduğu fəaliyyətlərin xəritəsini-strateji
planını yaratmalıdır. Məsələn,
növbəti 3 il üçün hansı fəaliyyətləri həyata keçirmək məqsədə
uyğundur?
Mən direktor olsam, mülayim, stabil və qərarlı
bir idarəetməyə üstünlük verərdim. Məncə,
düzgün ünsiyyətqurma və qərar qəbul etmədə
kollektivləşməni təmin etmə insanı mərkəzdə
tutmaq kimi dəyərlər məktəb rəhbərini sevilən
və hörmət edilən liderə çevirir. Buna görə də səmərəli məktəb
rəhbəri tədris ocağında pozitiv atmosfer
yaratmalıdır.
Eyni
zamanda müəllim-şagird,
müəllim-müəllim, müəllim-valideyn və hər
birinin ictimaiyyətlə olan münasibətlərinin daha
yüksək səviyyədə qurulması üçün
metodiki, psixoloji işlərin aparılmasına önəm verərdim.
Təlim prosesində şagirdin və müəllimin
özünə inam hissinin gücləndirilməsi çox
önəmlidir. Aparılan tədqiqatlar içərisində
bəlli olub ki, özünə güvənən, inanan
şagird və müəllim daha çox uğur qazanır,
özünü yetərli görməyən şagirdlər və
müəllimlərin nailiyyətləri isə ildən-ilə
daha aşağı düşür. Beləliklə, təlim-tərbiyənin
lideri olan məktəb rəhbəri daima şagird və müəllimləri
motivasiya etməli, onlarda özlərinə inam,
etimad hissini gücləndirməlidir və stimul verməlidir.
Kiçik hesab olunan
nailiyyətlər belə dəyərləndirilməlidir.
Nisbətən zəif müəllimlərə kömək
üçün məktəbdə mentorluq sistemi tətbiq edərdim. Belə ki, güclü
müəllimlərin zəngin təcrübəsindən
istifadə edərək zəif müəllimlərlə
iş qurardım. Müəllimlərarası əməkdaşlığın
yaradılması və təcrübə mübadiləsinin
aparılmasını da təmin edərdim.
Eyni zamanda dərsdə mənimsəmə çətinliyi
çəkən və ya yoldaşları qədər müvəffəqiyyətli
olmayan şagirdlərə öz sinif yoldaşları tərəfindən
kömək göstərilməsi işini qurardım. Məsələn,
sinifdə 4-5 qrup yaradar, hər bir qrup 1 zəif oxuyan
şagirdi öz öhdələrinə götürər və
qoyulmuş vaxt ərzində (2 həftə, bir ay və s.)
onlara köməklik göstərərlər. Bununla da qruplararası sağlam rəqabət gedər.
Nəticədə ən yaxşı əməkdaşlıq
edən qrup müvəffəqiyyət qazanar.
Məktəbdə valideynlərin idarəetmədə və
məsləhətvermədə də iştirakı çox
mühümdür. Valideyn, həmçinin məktəbin
inkişafını qiymətləndirən komandada
iştirakçı ola bilər. Valideynin məktəbə cəlb olunması, müəllimlərlə
sıx əlaqə yaradılması şagirdlərin nailiyyətlərinin
yüksəldilməsinə gətirib çıxarır.
Effektiv valideyn cəlbetmə prosesi yaxşı
planlaşdırılmış qarşılıqlı və
davamlı olmalıdır. Ünsiyyət vasitəsi kimi
sorğu məktubları, yerli KİV, valideyn
kitabçası, evlərə baş çəkmə kimi
vasitələr ola bilər. Valideynlər müəllimlərə və
şagirdlərə kömək etmək üçün
könüllü olaraq məktəb tədbirlərində
yaxından iştirak edə bilərlər. Valideynlərin
özlərinin təhsili və treninqi üçün seminarlar
təşkil oluna bilər.
Neqativ hallara qarşı
mübarizəyə üstünlük verərəm
Amənə KƏRBALAYEVA,
Bakı
şəhəri 201 nömrəli tam orta məktəbin tarix
müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin
qalibi
Əvvəla qeyd etmək istəyirəm ki, mən Təhsil
Nazirliyi tərəfindən təşkil olunan direktorların
hazırlanması ilə bağlı treninqlərdə
iştirak etmişəm. Belə deyək ki, direktor olmağa
iddialıyam. Bildirmək istəyirəm ki, məktəb direktoru
çox məsuliyyətli və çətin vəzifədir.
Sualınıza cavab olaraq demək istəyirəm ki, hər
bir şəxsin özünün idarəçilik prinsipləri,
mövcud vəziyyətin daha da müsbət hal alması
üçün planları var. Mən direktor olsam, ilk növbədə,
rəhbərlik etdiyim məktəbdə baş verə biləcək
neqativ hallara qarşı mübarizəyə
üstünlük verərəm. Düşünürəm
ki, müəllim-şagird arasında belə halların
olması tədris və təlimə mənfi təsir edir.
Müəllimlər arasında obyektivliyə,
dürüstlüyə diqqət yetirərəm. Ayrı-seçkilik hallarına qətiyyən yol
vermərəm. Bundan başqa, şagirdlərin
akademik biliklərinin artırılması yolunda müxtəlif
işlər görərəm. Onlara fənlərlə
bağlı həftəliklər, aylıqlar keçirərəm.
Tədrisdə uğur qazanan şagirdlərin
stimullaşdırılmasına xüsusi fikir verərəm. Məncə bu çox vacib amillərdən biridir.
İKT vasitələrindən istifadə etməklə
şagirdlərin xarici ölkələrin məktəblərinin
biri, hətta imkan olarsa bir neçəsi ilə təmas
qurmasına şərait yaradaram. Bu yolla onlarda tədrisə
marağı daha da artıqmaqla, beynəlxalq aləmlə
ünsiyyət vərdişləri formalaşdıra bilərəm.
Bu gün məktəblərimizin ən böyük
problemlərindən biri də valideyn-məktəb münasibətləridir. Düşünürəm
ki, valideynləri məktəbə cəlb etmək, onlara yeni
təlim üsullarının, kurikulumun mahiyyətini
aşılamaq çox vacibdir. Artıq 8
ildir tətbiq olunmasına baxmayaraq bu gün hələ də
valideynlər kurikulumun mahiyyətini dərk etmirlər. Bu hal tədris prosesinə mənfi təsir edir.
Axı valideynlər tədris prosesinin bir hissəsidir.
Məktəbdə yaxşı bir
mühit yaradaram
Firəddin EYVAZOV,
Bakı
şəhəri 225 nömrəli tam
orta məktəbin
tarix müəllimi
Mən məktəb direktoru olsam, öncə məktəbdə
yaxşı bir mühit yaradaram. Elə bir mühit ki,
burada müəllim və şagird
yaradıcılığı öndə dursun. Müəllimlərin fikirlərini, yeni
ideyalarını tətbiq etməyə çalışaram.
Düşünürəm ki, məktəblərə
daha çox müstəqillik vermək lazımdır. Bu, dünyanın bir çox ölkələrində
mövcuddur. Təbii ki, ümumi standartlar nəzərə
alınmaqla bu iş həyata keçirilməlidir. Özəl məktəblərin müəyyən qədər
uğur qazanmasının da başlıca səbəblərindən
birinin məktəblərin müstəqil olması ilə
bağlı olduğu qənaətindəyəm. Şagirdlərin bilik və bacarığını,
dünyagörüşlərinin artırılması istiqamətində
mühüm addımlar ataram. Bilirsiniz,
direktor daha çox tədris prosesinin içində
olmalıdır. Müəllimin,
şagirdin qarşılaşdığı problemi dərindən
dərk etməli, bu problemlərin həllində bilavasitə
iştirakçı olmalıdır. Müəllim-şagird-valideyn
münasibətlərindən istifadə etməklə məktəbin
idarə olunmasında, müəyyən qərarların verilməsində
onların fikirlərindən yararlanmalıdır. Bundan başqa, direktor işlədiyi ərazidə
sosial və yerli şəraiti mütləq nəzərə
almalı, müxtəlif məsələlərdə güzəştə
getməyi bacarmalıdır. Bu çox
vacib amildir.
Şagirdlərin daha çox elmi-tədqiqat institutları ilə əlaqədə olmasını vacib amillərdən hesab edirəm. Fikrimcə, texniki fənlərlə bağlı müxtəlif laborator dərsləri burada keçirmək olar. Bundan başqa, şagirdləri ekskursiyalara aparmaqla onların dünyagörüşünü, sosiallaşma bacarıqlarını inkişaf etdirmək mümkündür. Bu gün hamımıza məlumdur ki, müasir gənclik kitab oxumaqdan, mütaliədən get-gedə uzaqlaşır. Bunun qarşısının alınması yönündə çox ciddi addımlar ataram. Sinifdənxaric oxu, dərnəklərdən istifadə etməklə, kitab aylıqları keçirməklə onlarda mütaliə vərdişlərinin formalaşmasına çalışaram. Məncə bu mümkündür.
Niyazi RƏHİMOV
Azərbaycan müəllimi.- 2015.- 28 noyabr.- S.9.