“Mən
heç bir repetitor
yanına getməmişəm”
700 bal toplayan tələbə Əli Allahverdiyev ilə söhbət
Əli Allahverdiyev 1998-ci ildə
Naxçıvan MR Şərur rayonunun Zeyvə kəndində anadan olub. 2015-ci ildə Zeyvə kənd tam orta məktəbini bitirib. Riyaziyyat fənni üzrə respublika olimpiadasında gümüş,
Nigeriyada
keçirilən olimpiadada
qızıl, Türkiyədə
riyaziyyat fənni üzrə keçirilən olimpiadalarda isə 2 qızıl, 2 bürünc
medal qazanıb.
- Əli, riyaziyyat və fizika fənlərinə üstünlük
verməyinin səbəblərini
necə izah edərdin? Müəllimlərin güclü idi,
yoxsa bu fənlərə marağın
daha çox idi?
- Bu, bəlkə də riyaziyyat, fizika alimlərinə daha çox rəğbət göstərməyimlə bağlıdır,
çünki onlar daha çox yaradıcı düşünürlər.
Eyni zamanda həyat qanunlarının əsası bu iki elmdən qaynaqlanır. Mən bu fənlərə həqiqi sevgiylə yanaşmışam. Əslində yüksək yaradıcılıq qabiliyyəti
olmayan şəxs bu fənləri qavraya bilməz. Buna görə də həmişə poeziyanı riyaziyyatla müqayisə edirlər.
- Ali məktəbə hazırlaşarkən
I qrupu seçəcəyinə necə
qərar verdin?
- Mənim fikrimcə, gələcəkdə alim
olmaq üçün
bu qrup daha məqsədəuyğun
göründü. Çünki burada texniki fənlər daha çox üstünlük
təşkil edir. Mən müəllim və
valideynlərimin
məsləhətlərinə həmişə
hörmətlə yanaşmışam,
amma bu seçim şəxsən özümün
olub. Çünki gələcək arzularım heç
kimə yox, yalnız mənə
aiddir.
- Bu gün abituriyentlərin
bir çoxu imtahana hazırlaşarkən repetitora
üstünlük verir. Sən necə düşünürsən, bu, vacibdirmi?
- Şəxsən
mən heç bir
repetitor yanına getməmişəm. Sadəcə özüm
hazırlaşmışam, orta məktəb və lisey müəllimlərimə güvənmişəm. Müəllim yanına getməyi artıq vaxt
itkisi hesab edirəm, dərsliklərdə təqdim olunan materiallar kifayət edir ki, qəbul
imtahanlarına qatıla biləsən. Çətinlik çəkdiyim anlarda isə öz müəllimlərimə müraciət etməkdən
çəkinmirdim. Bəzən
2-3 gün düşünürdüm və ən çətin düsturun
cavabını özüm tapmağa
çalışırdım.
Bilik bazasını möhkəmləndirmək
baxımından bu, ən
yaxşı metodlardan biridir.
- İmtahan zamanı
həyəcan keçirirdinmi?
- Həmin gün bizim gələcək
taleyimiz müəyyən olunurdu.
İmtahanda həyəcan keçirmək
normal haldır. Amma az da olsa həyəcan
keçirirdim. İnsan həyəcan
keçirdikdə bildiklərini də unuda bilər. Amma özümü
idarə etdim. Sualları cavablandırarkən həyəcan
keçdi.
- 700 bal toplayacağına
əmindinmi?
- Bu imtahan digərlərindən
fərqli idi, sınaq imtahanı deyildi, məsuliyyəti çox böyük idi. Qaldı ki,
700 bal məsələsinə, imtahan prosesində bal
haqqında deyil, təqdim olunan sualların cavabları barədə
düşünürdüm.
- İxtisas
seçimində çətinlik
çəkdinmi?
- Qətiyyən. Qafqaz
Universitetinin mexanika mühəndisliyi fakültəsini
seçdim. Yüksək biliyə, savada
yiyələnəcəyəm. İxtisasımın
ən yüksək bilicisi olmağa
çalışacağam.
- Gələcək abituriyentlərə
hansı məsləhəti verərdin?
- Abituriyentlərə məsləhətim
odur ki, dərslərə sistemli şəkildə hazırlaşsınlar. Önəmli
olan odur ki, çox çalışmaq lazımdır
. Yalnız mükəmməl biliyə malik olmaqla arzuya
çatmaq olar. Əzmli
və özlərinə inamlı olsunlar. Asudə
vaxtlarında kitab
oxumağı da unutmasınlar.
Ümumiyyətlə, bütün gənclərə
bilik ardınca getməyi tövsiyə edirəm. Mən də öz ixtisasım
üzrə çalışacağam təhsilimi uğurla başa
vurum, gənc kadr kimi məhz
ölkəmizin inkişafı istiqamətində əlimdən
gələni edim. Əgər mən bu gün 700 bal toplayıb ali məktəbə daxil ola bilirəmsə,
demək həqiqətən də bilik qiymətləndirilir. Mən
də ölkəmə gənc kadr kimi biliyimlə və
sevgimlə xidmət etməliyəm.
Bu gün ən yüksək
balla Qafqaz Universitetinin tələbəsi olduğum
üçün qürur hissi
keçirirəm.
- Ailə vəziyyətinizlə
bağlı nə isə söyləmək istərdinmi?
- Atam
Şərur rayon Dövlət Dəmiryol İdarəsində maşinist
işləyir. Anam evdar qadındır. Kiçik
qardaşım isə Naxçıvan Texniki Kollecində təhsil
alır. Sadə, gözü-könlü tox bir ailənin
övladıyam.
- Universitetdə keçirilən
tədbirlərdə iştirak edirsən?
- Əlbəttə.
Bilik Gününə həsr olunan
tədbirdə iştirak etdim.
Universitetin müəllim-tələbə heyəti,
valideynlər və digər
qonaqlarla tanış oldum. Burada yüksək bal toplayan tələbələr
də iştirak edirdilər.
Universitetin rektoru, professor Ahmet
Saniç yüksək bal
toplayan tələbələri təbrik etdi. Qafqaz
Universitetinin tələbəsi olduğum
üçün bir daha
qürur hissi keçirdim, fərəhləndim.
Sevindim ki, universitetdə yüksək
təhsil almaq üçün hər cür şərait var. Kompüter, kimya, mexanika, fizika və
digər ixtisaslar üzrə laboratoriyalar tələbələrin
ixtiyarına verilib. Qafqaz Universitetinin infrastrukturu, maddi-texniki
bazası və kadr potensialı yüksək səviyyədə
olduğundan burada hazırlanan kadrlar iş karyerasında
uğur qazanır, ölkəmizin inkişafında üzərlərinə düşən
vəzifəni layiqincə yerinə yetirirlər. Mən də
əzmkarlıqla çalışacağam ki, gələcəkdə çoxlarına nümunə ola
biləcək mütəxəssis
olum.
- Universitetin ictimai işlərində fəallıq göstərirsənmi?
- Beynəlxalq tələbələr
klubunun üzvüyəm.
Klubun 400-ə yaxın
üzvü var. Xarici tələbələrlə tez-tez seminarlarda iştirak edirəm. Klubun məqsədi ölkəmizi
xarici tələbələrə
tanıtmaq və onları darıxmağa qoymamaqdır. Bu günlərdə havanın soyuq olmasına baxmayaraq Qubaya gəzməyə gedəcəyik.
Ümumiyyətlə, asudə vaxtımızdan
səmərəli istifadə edirik. Eyni zamanda xeyriyyəçilik
məqsədi ilə yaranan H.Z.Tağıyev adına klubun da üzvüyəm...
- Gələcək planların...
- Planlarım, arzularım çoxdur. Çalışacağam
ki, qarşıdan gələn
qış semestr imtahanlarını da əla qiymətlərlə
başa vurum. Ölkə rəhbərinin
müvafiq sərəncamı
ilə Prezident təqaüdünə layiq
görülmüşəm. Mənə göstərilən etimadı doğrultmaq üçün səylə
çalışmalıyam. Gələcəkdə isə Oksford
Universitetində təhsilimi
davam etdirmək arzusundayam.
Sifai SƏFƏROA
Azərbaycan müəllimi.-
2015.- 28 noyabr.- S.8.