Şərəfli müəllim ömrü
Hər dəfə
müəllimlərdən söhbət gedərkən
yadımıza, ilk növbədə, ən
yaxşı, ən sevimli müəllimlərimiz
düşür. O müəllimlərimiz
ki, qayğılı bir
təbəssümü ilə qəlbimizi
işıqlandırmış, ürəklərə yol tapmışlar. O müəllimlərimiz ki, elmi, ustalığı, tələb və
tapşırıqları ilə bizi zirvələrə
yüksəltmişlər. Belə müəllimlərimizdən
biri də taleyini BDU
ilə bağlayan, burada
yorulmaq bilmədən
çalışaraq ömrünü tələbələrə
həsr edən, onlara böyük
rus xalqının dilini
öyrədən Lətifə Müseyibovadır. Lətifə
Mahmud qızı Müseyibova
1930-cu il iyulun 29-da
Bakı şəhərində doğulmuşdur.
Orta təhsilini müvəffəqiyyətlə
başa vurandan sonra arzuları Lətifə xanımı M.F.Axundov
adına ARDİ-yə gətirmişdir. Ali
məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1961-ci ildə BDU-nun humanitar fakültələr üzrə rus dili kafedrasında müəllim işləməyə
başlamışdır. 1970-ci ildən həmin kafedranın baş müəllimi vəzifəsində
çalışır.
Ömrünün ən gözəl, yaddaqalan illərini BDU auditoriyalarında tələbələri arasında keçirən Lətifə xanım sözün həqiqi mənasında çox bacarıqlı, mehriban müəllim, gözəl ana, qayğıkeş insandır. Məhz bu keyfiyyətlərinə görə dərs dediyi tələbələrin, işlədiyi kafedranın əməkdaşlarının böyük hörmətini qazanmışdır. O, uzunillik qüsursuz əməyinə görə Təhsil Nazirliyinin, Bakı Dövlət Universitetinin fəxri fərmanlarına layiq görülmüşdür. L.Müseyibova dərs deməklə bərabər, yaradıcı axtarışlar da aparmış, ali məktəblərdə rus dilinin tədrisinin aktual məsələləri mövzusunda onlarca məqalə yazaraq mətbuatda dərc etdirmişdir. O, 19 dərs vəsaitinin müəllifidir.
Böyük şəxsiyyətlər zaman-zaman müəllim haqqında müdrik sözlər, gözəl kəlamlar demişlər. Platon deyirdi ki, “Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir”. Ulu öndərimiz Heydər Əliyev isə müəllimi zülməti yaran nur, cəhaləti elmin qılıncıyla yox edən, elmi üstün olan, qəlbiylə insanlara yaxınlaşan, böyük örnək, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyət adlandırmışdır. Düşünürəm ki, Lətifə xanım məhz belə müəllimlərdəndir. O öz biliyini tələbələrə həvəslə aşılayan təhsil fədaisidir. Çox şahidi olmuşam ki, tələbələr dəhlizdə Lətifə xanımı görərkən ona hörmətlə yanaşırlar. Bu hörməti Lətifə xanım özü qazanıb.
85 yaşlı Lətifə müəllimlə bu günlərdə həmsöhbət oldum. Söhbət gəlib onun ömür-gün yoldaşı olmuş, Lətifə xanımla uzun illər BDU-da bir binada işləmiş hörmətli professor, coğrafiya fakültəsinin keçmiş dekanı Müseyib müəllimdən düşdü. Kövrək qəlbli Lətifə xanım Müseyib müəllim haqqında bitib-tükənməyən bir sevgi, hörmətlə danışdı. Kövrəldi...
“Ömrümün
neçə ilini Müseyib
müəllimlə birgə addımladıq. 2011-ci il sentyabrın 4-də Müseyib
müəllimi itirdik.
Ölümündən 4 il
keçib. İnanın
ki, hər yerdə, hər an Müseyib müəllimi gözüm axtarır” - deyə kövrək hisslərini mənimlə
bölüşdü. Dedi ki, ona qalan
Museyib müəllimin
xoş xatirəsi, onu yaşadan
Müseyib müəllimin
balalarıdır. “Müseyib müəllim mənim üçün həmişə sağdır”.
İnsanlara qayğını, hörməti
yüksək qiymətləndirən
qocaman müəllim Müseyib müəllimin xatirəsinə universitetdə
göstərilən sayğını
da dəyərləndirdi.
Müseyib müəllimin adının
coğrafiya fakültəsində
dərs dediyi auditoriyalardan birinə verilməsi, həmin auditoriyanın qarşısında
barelyefinin vurulmasına
görə BDU-nun rektoru
Abel Məhərrəmova minnətdarlığını
bildirdi. Bunu deyərkən gözünün
yaşı nurlu simasından süzüldü.
Onun haqqında
bu sətirləri qələmə alarkən
uzun illər bir yerdə işlədiyi həmkarlarının
fikirlərini də öyrənmək istədim. Öncə kafedranın
müdiri Ədibə
xanım Paşayeva ilə görüşdük.
“Lətifə xanımla
bağlı o qədər
xoş xatirələrim
var ki, bitib-tükənməzdir”,
- deyə Ədibə
xanım o xatirələrdən
bəzilərini bizimlə
bölüşdü: “Lətifə
xanımı 1967-ci ildən
tanıyıram. Olduqca səmimi,
mehriban, xoşxasiyyət
insandır. Uzun illərdir
ki, bu kafedrada
çalışırıq. Dərs dediyi tələbələri
də Lətifə xanımı çox istəyir. Lətifə xanım hər
bir insanın sevincinə sevinən insandır. Kafedrada iş yoldaşları ilə də çox mehribandır. Sözün əsl mənasında sevilən, seçilən
zıyalı xanımdır”.
Digər
həmsöhbətim - Azərbaycan
Respublikası Konstitusiya
Məhkəməsinin hakimi
Südabə Həsənova
da Lətifə xanım haqqında xoş sözlər dedi. Bildirdi ki, Lətifə
xanım sözün həqiqi mənasında fakültədə böyük
nüfuza malik, məğrur insandır.
Təmkinlidir. Artıq 85 yaşı olsa
da auditoriyalara girməkdən, dərs deməkdən yorulmur.
Xoşbəxt ana, xoşbəxt
nənədir. Mən Lətifə
xanıma uzun ömür, cansağlığı
arzu edirəm.
Söhbətimizin sonunda Lətifə xanımdan daha nə demək istədiyini soruşdum. Təbiətən təvazökar olan Lətifə müəllim daha özündən danışmadı. Universitetdə, kafedrada ona göstərilən qayğıya, hörmətə görə rektora, kafedra müdirinə minnətdarlığını bildirdi, iş yoldaşlarının ünvanına xoş sözlər dedi.
Biz də ona - adını universitetin tarixinə yazan, neçə-neçə tələbəsinin, yetirməsinin qəlbində özünə məhəbbətdən heykəl qoyan bu sadə, səmimi insana, gözəl müəllimə uzun ömür, cansağlığı arzu edirik.
Sədaqət
ABDULƏZİZOVA,
BDU-nun əməkdaşı
Azərbaycan müəllimi.- 2015.-
28 noyabr.- S.10.