185 yaşlı Şuşa məktəbi

 

Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühiti  böyük rol oynamışdır. 1830-cu il  dekabrın 30-da Şuşada 19 şagirdlə  açılan qəza məktəbi ilə Azərbaycanda dövlət təhsil sisteminin bünövrəsi qoyulmuşdur. Ümummilli liderimiz Heydər  Əliyev uzaqgörənliklə 1982-ci ilin  yanvar ayının 12-də Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik  yubileyinin qeyd olunması haqqında  Azərbaycan KP MK Bürosunun qərarını  imzalamış və bu qərar əsasında  məktəbin yubileyi təntənəli şəkildə  keçirilmişdir. 2010-cu ilin dekabr ayında məktəbin 180 illik yubileyinin dövlət  səviyyəsində mütəşəkkil və təntənəli surətdə keçirilməsi, bu münasibətlə möhtərəm  Prezidentimiz cənab İlham Əliyevin məktəbin müəllimləri  Babayeva Sevil Həsən qızının və Süleymanova Aidə  Vəli qızının “Əməkdar müəllim” fəxri adı, Hüseynov Yunis Rza  oğlunun, Allahverdiyeva Gülşən Qafar qızının və Kərimova Bahar Hüseyn  qızının “Tərəqqi” medalı ilə təltif  edilməsi haqqında imzaladığı sərəncamlar və  yubileydə məktəbin kollektivinə  ünvanladığı  təbrik məktubu bütün şuşalılar,  o cümlədən rayonun çoxsaylı təhsil  işçiləri tərəfindən sonsuz minnətdarlıq  hissi ilə qarşılanmışdır. 

 

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 14 sentyabr 2011-ci il  tarixdə imzaladığı 1720 nömrəli Sərəncama uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal - 2 yaşayış massivində  inşa edilmiş Şuşa şəhər 1 nömrəli tam orta  məktəbin yeni binası 2015-2016-cı dərs ilinin ilk  günündə bütün təhsil infrastrukturu ilə ərazidə yaşayan məcburi köçkün ailələrin övladlarının istifadəsinə verilmişdir.

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun  məktəbin yeni binada fəaliyyətə  başlaması münasibətilə göndərdiyi  səmimi təbrik  məktubu rayonun pedaqoji kollektivlərində böyük ruh yüksəkliyi  yaratmışdır.

2015-ci il sentyabrın 15-də  məktəbdə “Bilik günü” münasibətilə  keçirilən möhtəşəm tədbirdə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun, Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədovun, millət vəkillərinin iştirakı rayonun təhsil işçiləri tərəfindən dövlətimizin təhsilə olan böyük diqqət və qayğısı kimi qiymətləndirilmişdir.

Azərbaycandakı tarixi məktəblərdən söz düşəndə  185 yaşlı Şuşa  məktəbinin adı  birincilər sırasında çəkilir. Xalqımızın mədəniyyət beşiyi sayılan Şuşa şəhəri həm də maarif ocağı olmuşdur. Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonra  bir-birinin ardınca meydana gələn müxtəlif tipli  dünyəvi məktəblərdən biri də təbiətin füsunkar  guşəsi olan Şuşada həyata vəsiqə almışdır. Çar hökuməti Zaqafqaziyada dövlət məktəblərini açmazdan əvvəl  belə məktəblərin nizamnaməsini hazırlayaraq 1829-cu il avqustun 2-də təsdiq etmişdir. Həmin nizamnamədə nəzərdə tutulan şəhərlərdən birinci olaraq Şuşada qəza məktəbi yaradılmışdır.Yerli əhalinin dünyəvi  təhsil verən məktəb açmaq səyi və Şuşanın iqtisadi tərəqqisi ona bu sahədə birincilik qazandırmışdı. Azərbaycan  ərazisində ilk qəza məktəbinin  təntənəli açılışı 1830-cu il dekabrın 30-da  olmuşdur. Açılışda məktəbin müdiri N.Mixaylovski Zaqafqaziyada  tədris  müəssisələri təsis etmək üçün  1829-cu il nizamnaməsindən çıxarışı oxumuş və qəza məktəbinin təsisini elan etmişdir. Həmin gün I sinif açılmış və məktəb 19 şagirdlə təlimə  başlamışdır. Beləliklə, Azərbaycanda ilk dövlət məktəbi sisteminin bünövrəsi qoyulmuşdur.

Şuşada qəza məktəbi Azərbaycanda ilkin olaraq yaradıldığı kimi, fəaliyyət göstərdiyi bütün illərdə təlim-təhsil keyfiyyətinə görə də birinci yerdə gedirdi. Lakin o dövrdə böyük maraqla açılan bu və digər qəza  məktəblərinin verdiyi təhsilin  səthiliyi az keçməmiş üzə çıxdı. Hökumət  yeni nizamnamə ilə maarif sahəsində təkmilləşdirmə işi aparmağı lazım bildi. Beləliklə, 1835-ci il mayın 12-də Zaqafqaziya məktəblərinin ikinci nizamnaməsi təsdiq edildi. Bu nizamnamədə Azərbaycan üzrə 4 qəza məktəbini, o cümlədən Şuşa qəza məktəbini təkmilləşdirmək nəzərdə tutulurdu. Şuşa qəza məktəbi yeni nizamnamə ilə işləməyə başladı. II və III siniflərdə rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab, Azərbaycan dili, hüsnxətt, rəsm fənləri tədris edilirdi. Azərbaycan dili ruslar üçün  məcburi fənn kimi həftədə 6 saat  keçilirdi.

 

1848-ci il dekabrın 18-də Zaqafqaziya məktəblərinin yeni nizamnaməsi qəbul edildi. Qəza məktəblərinin,   o cümlədən Şuşa qəza məktəbinin qarşısında yeni vəzifələr qoyulurdu. Belə ki, əvvəlki fənlərdən əlavə dəftərxana qaydalarına aid qısa məlumat  da tədris planına daxil edilmişdi. Azərbaycan dilinin öyrənilməsinə daha geniş yer verilirdi.

Tez-tez olan bu dəyişikliklərə  baxmayaraq, Şuşa qəza məktəbində  tədris-təlim işi digərlərinə nisbətən  yüksək səviyyədə gedirdi. Şagirdlərin  sayına görə bu məktəb bütün  Zaqafqaziyada birinci yeri tuturdu.  1865-ci ildə Şuşa qəza məktəbində 240 şagird  oxuyurdu.

Şagirdlərin bədii zövqünü təmin  etmək və sinifdənxaric oxusunu təşkil  etmək üçün Şuşa qəza məktəbində  kitabxana yaradılmışdı. 1845-ci ilin  məlumatına görə, Şuşa qəza məktəbinin  kitabxanasında 301 adda kitab  digər tədris vəsaiti olmuşdur.

1868-ci ildən tədris planına latın və Avropa dilləri daxil edildi. Şuşa  qəza məktəbində fransız dilinin tədrisi  tətbiq olundu.

Azərbaycanda qəza məktəblərindən bir neçəsini şəhər məktəbinə  çevirmək fikri meydana çıxdı.  Bu baxımdan ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1874-cü ildə Zaqafqaziyada şəhər məktəblərinin də  qaranquşu oldu-Şuşa şəhər məktəbinə  çevrildi.

Beləliklə, Şuşa şəhər məktəbi xeyli  şagirdi, kitabxanası, tədris-maddi  bazası olan Şuşa qəza məktəbinin  bazasında 1874-cü ildə  fəaliyyətə başladı. Yeni məktəb daha yüksək tipli idi. Ona görə də pedaqoji heyətin  əksəriyyəti Tiflis Aleksandrinski Müəllimlər  İnstitutunu bitirənlərdən ibarət idi. Onlar xalq içərisində hörmət və nüfuz sahibi kimi tanınırdılar. Şuşa şəhər  məktəbinin ana dili müəllimləri Mirzə  Həsən Əmirov və Aslan bəy Əmirov  məhz belələrindən idilər.

Şuşada şəhər məktəbi şagird  çoxluğuna görə yenə də seçilirdi. 1876-cı  ildə Şuşa şəhər məktəbində təkcə I  sinifdə 70, 1877-ci ildə isə 160 şagird  var idi.

Şuşa şəhəri XIX əsrin 70-80-cı illərində yüksək iqtisadi inkişafı ilə  yanaşı,  ədəbiyyat  və incəsənət, elmmaarifin tərəqqisi ilə də seçilirdi. 1870-ci ildən başlayaraq burada teatr tamaşaları göstərilirdi. 1880-ci ildən isə Şuşa şəhər məktəbi  nəzdində xüsusi musiqi sinifləri açıldı.

Şuşa şəhər məktəbi müəllim  hazırlığında da müəyyən rol oynayırdı. Bu məktəbi daha yaxşı  qurtaranlar imtahan vermək yolu ilə  ibtidai məktəb müəllimi adını ala  bilirdilər. Belələrindən biri    Əbdüləli Muxtarov idi. Ə.Muxtarovun yüksək  hazırlığını nəzərə alaraq onu 1896-cı  ildə Qori Müəllimlər Seminariyası  nəzdindəki Azərbaycan ibtidai  məktəbinə müdir təyin etmişdilər.

Şuşa şəhər məktəbinin ilk buraxılışından bir neçə nəfər 1879-cu ildə Qori Müəllimlər Seminariyasına daxil  olmuşdu. Bunların arasında məşhur  müəllim Əliş bəy Tahirov,  Azərbaycan elmi-pedaqoji tarixində görkəmli ədəbiyyatşünas, pedaqoq kimi  yer tutan Firidun bəy Köçərli və  tanınmış pedaqoq Səfərəli bəy Vəlibəyov  da var idi. XIX əsr Azərbaycan  ədəbiyyatının görkəmli nümayəndəsi  Nəcəf bəy Vəzirov və bir çox görkəmli  simalar da ilk təhsillərini Şuşa (qəza)  şəhər məktəbində almışlar.

Məktəb XX əsrin ilk iki onilliyində də fəaliyyətini davam etdirmiş, xeyli məzun buraxmışdır. XX əsrin 20-ci illərindən sonra isə məktəb özünün əsl çiçəklənmə dövrünə qədəm qoymuş, müqəddəs təhsil ocağına çevrilmişdir. Belə ki, Şuşa şəhər məktəbi 1927/1928-ci dərs  ilindən yeddiillik məktəbə çevrildi. Yeddiillik məktəbə çevrildikdən sonra o, həm də şagirdləri orta ixtisas məktəblərinə daxil olmağa hazırlayırdı. Şuşa yeddiillik məktəbi ən  yaxşı təhsil ocaqlarından hesab edilirdi.

1933-cü ildən bu məktəb Şuşa yeddiillik nümunə məktəbi adını aldı. 1933-1934-cü dərs ilində məşhur şairlərdən Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm Şuşa yeddiillik  məktəbində olmuşlar.

Şuşa yeddiillik nümunə məktəbinin bütün məzunları həyatda layiqli iz qoymuşlar. Süleyman Ələsgərov, Əşrəf Abbasov, Aftab Kazımova və başqaları xalqımızın fəxri olmuşlar.

Şuşa yeddiillik nümunə məktəbi  1937-1938-ci dərs ilindən 1 nömrəli  şəhər orta məktəbinə çevrildi. 1939-1940-cı tədris ilində 110 yaşlı məktəbin orta təhsil üzrə ilk buraxılışı oldu.

1966-cı ildə 1 nömrəli məktəbdən  yeni bir təhsil ocağı-4 nömrəli  orta məktəbi yarandı. 1 nömrəli Şuşa şəhər  orta məktəbi yeni binaya köçdü  burada dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyaraq fəaliyyətini  davam etdirdi. Həmin dövrdə Şuşada  yaşayıb pedaqoji fəaliyyət göstərmiş müəllimlərin əksəriyyəti bu məktəbin  yetirmələri idilər. Əməkdar müəllimlər Zəhra Məmmədova, Məmməd Zöhrabov, Nisə Şəfiyeva, Gülarə Məmmədova bu məktəbin məzunları  olmuşuzun müddət doğma məktəbdə işləmişlər.

Sovet dövründə məktəbin yetirmələri içərisində ümumittifaq şöhrəti qazanmış elm, maarif, mədəniyyət və dövlət xadimləri, hərbi sərkərdələr çox olmuşdur. Onlardan akademiklər Lətif İmanov, Səttar Əsədov, Cəlal Allahverdiyev, elmlər doktorları Paşa Rüstəmov, Validə Yusifzadə, Sabir Rüstəmov, Əbülfət Rüstəmov, Cəlal Şükürov, Sayalı xanım Tağıyeva, Əkbər Ağayev, Əhəd Əhmədov, Kamran Məmmədov, Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədov və  başqalarının adlarını iftixarla çəkmək olar. Məktəb öz kadrları və yetirmələri ilə  həqiqətən fəxr etməyə layiqdir. Sovet dövründə məktəbin direktorları olmuş Hacı Zalov, Zülfüqar Abdullayev, Səttar Kərimov, Murtuza Allahverdiyev, Mütəllim Abbasov, Tovuz Abbasova, Mərdan Əliyev, Çərkəz Səfixanov, Ərkinaz Səfərova, Dadaş Dadaşov, müstəqillik dövründə isə Sevil Babayeva, Naimə Əliyeva zaman-zaman güclü pedaqoji  kollektivlər təşkil edərək məktəbin   qarşısında dayanan vəzifələrin yerinə  yetirilməsinə səy göstərmişlər.

Şuşa şəhər 1 nömrəli orta məktəbi  yarandığı vaxtdan 1992-ci ilin may ayınadək Şuşa şəhərində öz fəaliyyətini fasiləsiz olaraq davam etdirmişdir. Məktəbdə hər cür avadanlıqla təmin  olunmuş 4 fənn laboratoriyası, 2  linqafon kabineti, maşınşünaslıq  kabineti, gənclərin çağırışaqədərki hazırlığı  kabineti, zəngin kitabxana, geniş  idman zalı, akt zalı, yeməkxana və s. fəaliyyət göstərirdi. Məktəb mərkəzi  istilik sistemi ilə təmin olunmuşdu.

Ötən əsrin 80-ci illərindən Şuşa 1 nömrəli orta məktəbini bitirən  gənclərdən 6 nəfəri qızıl, 7 nəfəri isə gümüş medala layiq görülmüşdür.

Şəhərin ermənilər tərəfindən işğal  edilməsindən sonra məktəbin şagird  pedaqoji kollektivi respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşsalar da, bu və digər məktəblərimizin şagirdləri və müəllimləri cəlb  olunmaqla yenidən təşkil edilmiş və 1992-ci ildən 2015-ci ilədək Bakı şəhəri Yasamal rayonu 38 nömrəli  orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə II növbədə fəaliyyət göstərmişdir.

Hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin  müvafiq Sərəncamı əsasında  Yeni Yasamalda tikilmiş müasir maddi-texniki vasitələrlə 70-dən çox sinif otaqları, 280 yerlik akt zalı, idman zalı, fənn laboratoriyaları, informatika kabineti, şahmat otağı, tibb otağı, bufeti olan 1200 şagird yerlik 4 mərtəbəli möhtəşəm məktəb binasında fəaliyyət göstərən Şuşa şəhər 1 nömrəli tam orta məktəbində 300-dən artıq şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur, məktəbə Elçin Dadaşov  rəhbərlik edir. Bu məktəbin müəllimləri gənc nəslin vətənpərvər ruhda  böyüməsi üçün bütün qüvvələrini  səfərbər edirlər. Son on ildə məktəbin  50-dən çox məzunu respublikanın  müxtəlif ali məktəblərinə qəbul olmuşdur. Məzunlardan xarici ölkələrin ali  məktəblərində təhsilini davam etdirənlər də vardır.

Ulu öndərimiz  tərəfindən əsası qoyulan, möhtərəm Prezidentimiz İlham  Əliyev tərəfindən uğurla davam etdirilən xaricidaxili siyasəti  dəstəkləyən bütün şuşalılar kimi, 1 nömrəli tam orta məktəbin pedaqoji  kollektivi də gələcəyə böyük inamla  baxır. Onlar məcburi köçkün övladlarını fiziki və mənəvi cəhətdən sağlam, savadlı böyütmək, onları doğma Şuşaya qayıdacağımız günə hazırlamaq kimi  şərəfli bir işlə məşğul olurlar. İnanırlar ki, tezliklə ölkə Prezidenti İlham Əliyev cənablarının müdrik siyasəti  nəticəsində tarixi yurdları olan doğma Şuşamıza qayıdacaq və daha  müasir Şuşa şəhər 1 nömrəli məktəbin  sinif otaqlarında doğma Azərbaycanımız üçün XXI əsrə layiq müasir  gənclər yetişdirəcəklər.

Prezident İlham  Əliyev “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni qərargahının açılış mərasimində çıxış  edərək demişdir: “Mən şübhə etmirəm  ki, Azərbaycanın ərazi bütövlüyü  bərpa olunacaq, biz Dağlıq Qarabağa  qayıdacağıq və o bölgəni yenidən  quracağıq, bütün dağıdılmış binaları, məscidləri, məktəbləri, evləri bərpa  edəcəyik. Biz sadəcə istəyirik ki, buna tezliklə nail olaq, bu gün qaçqın  həyatı yaşayanlar tezliklə öz ata-baba torpaqlarına qayıtsınlar”.

Artıq bu il dekabrın 30-da təhsil sahəsində həmişə öz ənənəsi ilə  seçilən Şuşa şəhər 1 nömrəli  məktəbin 185 yaşı tamam olur.  Ölkəmizdə təhsilin inkişafına göstərilən qayğı nəticəsində əldə olunmuş nailiyyətlərdə  185 yaşlı Şuşa məktəbinin də öz payı  vardır.

 

Təvəkkül ƏLİYEV,

Şuşa Rayon Təhsil Şöbəsinin müdiri,

əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2015.- 28 noyabr.- S.11.