"Amerikalı
uşaqlara riyaziyyat
fənnini tədris edirəm"
ABŞ-ın
Texas ştatının azərbaycanlı müəllimi Naseh Mirizadə ilə söhbət
Naseh Mirqələm oğlu Mirizadə 1987-ci il sentyabrın 26-da Zəngilan rayonunun Mincivan qəsəbəsində müəllim ailəsində anadan olub. Nasehin atası Mirqələm müəllim Zəngilan rayonu ermənilər tərəfindən işğal olunana qədər Cahangirbəyli kənd və Mincivan natamam orta məktəbində ingilis dili fənnini tədris edib. İşlədiyi müddətdə "Baş müəllim" adına layiq görülüb və "Təhsil əlaçısı" döş nişanı ilə təltif olunub. Ailə 1993-cü ildə, rayon işğal edildikdən sonra Bakıya köçüb. Mirqələm müəllim Bakıxanov qəsəbəsindəki 271 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. O, "ali kateqoriya"lı müəllim adına layiq görülüb. Anası Nigar Əliyeva da coğrafiya müəllimidir, uzun müddət Zəngilan rayonu Cahangirbəyli kənd orta məktəbində coğrafiya fənnini tədris edib. Bakıya köçdükdən sonra 271 nömrəli tam orta məktəbdə coğrafiya və tarix müəllimi kimi fəaliyyətini davam etdirib. Naseh ilk təhsilinə 271 nömrəli tam orta məktəbdə başlayıb. 1998-ci ildə IV sinfi başa vurduqdan sonra ailəsi ilə Amerika Birləşmiş Ştatlarına köçüb. Orta məktəbi ABŞ-ın Texas ştatındakı Hyuston şəhərində bitirib. 2013-cü ildə Hyuston Universitetini bitirən Naseh hazırda Hyustonda orta məktəbdə riyaziyyat və dünyəvi biliklər (Science) fənnini tədris edir. Göründüyü kimi, Nasehdə müəllim olmaq həvəsi ailədən qaynaqlanıb.
Yeni dərs ilinin ilk günləri dünyanın müxtəlif ölkələrində yaşayan və müəllimlik missiyasını özünün şərəfli işi hesab edən soydaşlarımız üçün də əlamətdar hadisədir. Vətəndən uzaqlarda olmalarına baxmayaraq öz fəaliyyətləri ilə daim ölkəmizi, mədəniyyətimizi, adət-ənənələrimizi məskunlaşdıqları ölkələrin şagirdlərinə çatdıran, onlara müəllimilk edən həmvətənlərimizdən biri də ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan Naseh Mirqələm oğlu Mirizadədir.
Qəzetimizə verdiyi müsahibədə Naseh müəllim Amerika təhsil sistemi və yeni tədris ilinin başlanması ilə bağlı bəzi təəssüratlarını bizimlə bölüşdü.
- ABŞ-da yeni dərs ili necə başlayır?
- Hazırda
Hyustonda John E.Codwel school-da işləyirəm. Amerikalı uşaqlara riyaziyyat fənnini tədris edirəm. Texasın bütün məktəblərində
yeni dərs ili avqust ayının üçüncü həftəsində
və ya ondan sonrakı
həftədə başlayır
(bəzi ştatlarda bu tarix dəyişə
bilər). Belə ki, bu il
bizim məktəblərdə dərs ili avqust ayının 24-də
başladı. Ölkənin digər təhsil
müəssisələrində dərslər sentyabrda başladı. Yeni dərs ilinin başlanması münasibətilə
heç bir mərasim keçirilmir, ancaq dərslər başlamazdan əvvəl bütün valideynlər
uşaqlarla
birlikdə məktəbə
gəlir, onlara dərs deyəcək müəllimlərlə görüşürlər. Bütün məktəblərdə dərsliklər pulsuzdur. Amerikadakı məktəblər
bir qədər fərqlidir, belə ki, şagirdlər
I-V sinifləri ibtidai
məktəbdə (Elementary school),
VI-VIII sinifləri əsas məktəbdə
(Middle school) və IX-XII sinifləri isə orta məktəbdə (High school) oxumaqla
biliklərə
yiyələnirlər.
- Yeni dərs ili ərəfəsində
valideynlər hansı qayğılarla
yaşayır?
- Yeni dərs ili ərəfəsində valideynlərin
məktəbə hazırlıqla
bağlı hər hansı bir qayğısı
olmur. Dərs ilinin sonunda bütün valideynlərə yeni dərs ili üçün alınacaq ləvazimatların siyahısı
verilir. Bu, əsasən
ibtidai məktəblərə aiddir,
yəni 1-ci sinifdən
5-ci sinfə qədər. Hər məktəbin öz geyim forması var, həmin geyimləri valideynlər məktəbdən sifariş
edə (məktəblərdə satılan geyimlər bir az baha
olur) və ya da mağazalardan ala bilərlər. Şagirdlərin geyəcəyi
formanın nümunələri
məktəblərdə nümayiş
etdirilir. Yuxarı siniflərdə isə xüsusi geyim forması yoxdur, bəzi məktəblər
istisna olmaqla. Amma şagirdlər bir rəngli (3 düymə) köynəklər,
cins şalvar və idman ayaqqabısında (krossovka)
olmalıdırlar, yəni
üzərində şəkil və ya yazı olan
köynəkləri geyməyə icazə verilmir.
- Uşaqlar neçə yaşdan məktəbə
gedirlər?
- Amerikada şagirdlər məktəblərə 4 yaşları
tamam olandan sonra gedirlər. Əvvəl bu "Pre-K" (bağçadan
öncə)
-1 tədris ili, sonra
"Kindergarten" (bağça) 1
tədris ili adlanır. Yəni, 2 ildən sonra azyaşlılar I sinifdə
oxumağa başlayır.
Uşaqlar artıq I sinfə başlamazdan öncə saymağı və əlifbanı bilirlər.
- Şagirdlərin
bilikləri necə qiymətləndirilir?
- Məktəblərdə hər həftəsonu
öyrənilən mövzularla əlaqədar testlər keçirilir, altı həftədən
sonra hər valideynə şagirdin bütün fənlərdən
aldığı
qiymətlərin nəticələri,
eləcə
də
davranışı məktub
vasitəsilə
bildirilir (bu, "Report
card" adlanır). Şagirdlər
gündəlik qiymətləndirilmir,
70-dən aşağı, yəni 69 bal toplayan
pis (qeyri- kafi), 70-80 (kafi), 80-90 (yaxşı),
95-100 (əla) qiymətlərdir.
Bu qiymətləndirmə "Report card"Tda göstərilir.
Bütün şagirdlər
III sinifdən başlayaraq ilin sonunda sinifdən-sinfə keçərkən STAAR-The State of Texas Assessments of
Academic Readiness (Texas Ştatında Akademik Hazırlığın Qiymətləndirilməsi)
testlərini verməlidirlər.
- Valideynlərin məktəb həyatında
iştirakı barədə
nə deyə bilərsiniz?
- Məktəblərdə
valideyn komitələri
(əsasən könüllülərdən
ibarət) PTO-"Parent Teacher
Organization" (Valideyn Müəllim
Təşkilatları) fəallıq
göstərir, onların
üzvləri problemləri
məktəb rəhbərliyinin
nəzərinə çatdırırlar.
- Kurikulumların
tətbiqi necədir?
- Tədris prosesində kurikulumlardan geniş istifadə olunur. Kurikulum materialları Texas
ştatının təhsil
departamenti tərəfindən
hazırlanır və
bütün məktəblər bu
kurikulumlar əsasında
öz işlərini təşkil edirlər.
- Tədris prosesində hansı texnologiyalardan istifadə edirsiniz?
- Təbii ki, müasir tədris prosesini texnologiyalarsız
təsəvvür etmək
olmaz. Məktəbimizin təlim
sistemində IPad,
Iphone, Projektor, kompüter və şəkillərdən istifadə olunur. Burada müəllimlər üçün
xüsusi mağazalar vardır ki, oradan tədris
ilə bağlı bütün fənlərə
aid əyani
vəsaitləri almaq
olar.
- Amerikada kimlər müəllim işləyə bilər?
- Universiteti bitirdikdən sonra müəllim olmaq üçün Texas ştatının tətbiq
etdiyi 2, bir-birindən
fərqli testlərdən
imtahan verməlisən,
bu testlərdən keçənlər "Müəllimlik
sertifikatı" alır. Sertifikatı olan istənilən şəxs müəllim işləyə
bilər. Bu testlərdən
biri PPR Tests-Pedagogy and Professional
Responsibilities (Pedaqogika və
Professional Vəzifələr), o birisi isə TEKS -
Texas Essential Knowledge and Skills (Texas Əsas
Bilik və Bacarıqlar) testidir. Sonuncu test I-V,
VI-VIII və IX-XII siniflərdə dərs deyən müəllimlər
üçün bir-birindən
fərqli testlərdir.
- Müəllimlərin
ixtisasartırma və
ya təkmilləşməsi
barədə nə deyə bilərsiniz?
- Müəllimlərin təkmilləşməsi demək olar ki, ən
başlıca vəzifələrdəndir. Dərslər avqust ayının
sonu başlasa da müəllimlər avqustun əvvəllərindən
işə başlayırlar.
Onlar hər gün yeniliklərlə tanış edilir, sonra müəllimlər başqa məktəblərə göndərilir,
beləliklə də bu proses hər gün davam edir. Dərs başlayanda isə bu, bəzi dərs olmayan günlərdə,
yəni şənbə
günləri davam etdirilir. Burada bütün məktəblər
5 günlükdür. Şənbə
və bazar günləri dərs keçilmir.
- Birincilərin
məktəbə qəbulu
prosesi necədir?
- Amerikada ilk dəfə məktəbə gedən
şagirdin sənədlərinə
mütləq peyvənd
olunma sənədi daxil edilməlidir. Əgər şagird vaxtlı-vaxtında
peyvənd olunmayıbsa, peyvənd
olunana qədər dərslərə
buraxılmır. Bu da əsasən
başqa ölkələrdən
gələnlərə aiddir, çünki Amerikada hər bir uşaq vaxtında peyvənd olunur. Amerika məktəblərində
dərslərə davamiyyət
məcburidir, şagirdləri
üzrsüz səbəb
olmadan dərsdən saxlamaq olmaz. Şagird üzrlü
səbəbdən məktəbə getməyibsə,
valideyn şagird məktəbə
qayıdanda mütləq məktub yazmalı və şagirdin evdə qalma səbəbini göstərməlidir. Əgər şagird
3 gün üzrsüz səbəbdən
məktəbə getməyibsə,
işə
polis qarışır və valideyn məhkəməyə
cəlb olunur.
Məktəblərin hamısı aztəminatlı
ailələrin uşaqlarını
səhər və günorta yeməyi ilə pulsuz təmin edir, elə məktəblər
də var ki, bütün şagirdlər pulsuz yeməklə təmin olunurlar. Valideynlər hər gün müəllimlə görüşə bilməzlər,
bunun üçün müəllimə müraciət olunmalı və o, görüşün
vaxtını təyin
etməlidir. Ancaq müəllimlə email (elektron
poçt) vasitəsilə hər gün əlaqə saxlamaq olar. Valideyn məktəbdə uşağını görmək və ya icazə almaq
istəsə, birbaşa
sinfə gedə bilməz. Bunun üçün o, məktəbin ofisinə (müdiriyyətə)
gəlir,
növbətçi müəllim
və ya şagird görüşmək
istədiyin məktəb
işçisini ora dəvət edir. "Middle
school" və
"High school"da məktəbin təhlükəsizliyi polislər tərəfindən
qorunur. Burada dərslər bütün
məktəblərdə səhər
saat 8-də başlayır və 3-də başa çatır. Bütün məktəblərdə dərslər
birnövbəlidir. Şagirdlər
məktəbdən 2 mil (təxminən
3.2 kilometr) uzaq məsafədə yaşayırsa, onları
məktəb avtobusları səhər pulsuz məktəbə gətirir, dərsdən sonra isə evə aparırlar.
- Naseh müəllim,
sizə uzaq Amerikadakı şərəfli
və məsuliyyətli
müəllimlik fəaliyyətinizdə
yeni-yeni uğurlar arzu edirik.
- Mən də Azərbaycanda yeni dərs ilinin başlanması münasibətilə
bütün müəllimləri,
pedaqoji sahədə çalışan mütəxəssisləri
təbrik edir, onlara işlərində uğurlar arzulayıram.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2015.- 3 oktyabr.- S.10.