Tərbiyəçi və müəllim
kimi doğulmuş insan
"Tərbiyəçi və müəllim kimi doğulmaq lazımdır, onları anadangəlmə bacarıqlar idarə edir". Böyük alman mütəfəkkiri və pedaqoqu A.Disterveqə məxsus olan bu sözlər Azərbaycan Respublikasının əməkdar müəllimi, Bakı şəhərindəki 145 nömrəli tam orta məktəbin direktoru, gözəl insan, bacarıqlı müəllim, həyatının mənasını yaratmaqda, gənc nəslin təlim-tərbiyəsində görən təcrübəli təşkilatçı Vasilçenko Nikolay Zinovyeviçin xarakter və yaradıcılığını hərtərəfli əks etdirir.
O, ömrünün 25 ilini bizim məktəbin inkişafına həsr etmiş və onun əməyi bir çox mükafatlarla qiymətləndirilmişdir.
Təhsilin inkişafındakı xidmətlərinə görə Nikolay Zinovyeviç Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilmişdir. Fəal ictimai və peşəkar yaradıcılığının nəticəsidir ki, onun adı "XXI əsrin Azərbaycan ziyalıları", "Azərbaycanın məşhur təhsil işçiləri", " Yaxşıların yaxşısı" adlı Fəxrı kitablara salınmışdır. Azərbaycanla Rusiya arasındakı humanitar əlaqələrin inkişafına verdiyi töhfəyə görə Rusiya XİN -in fərmanı ilə mükafatlandırılmışdır. 2004-cü ildən Vasilçenko Nikolay Zinovyeviç Beynəlxalq Pedaqoji Cəmiyyətin əlaqələndirmə şurasının üzvü, "Moskva merinin təqaüdü" hamilik şurasının koordinatorudur.
Bizim direktorun əqidəsi belədir: "Mən uşaqları çox sevirəm. Mənim işim - mənim həyatımın əsas hissəsidir". Bu, həqiqətən də belədir. Müasir dövrdə direktor olmaq çox çətindir. Çünki direktor ətrafında hər şeyi görməli və ən çətin gözlənilməz vəziyyətlərdə qərar çıxarmağı bacarmalıdır. Yalnız savadlı və təcrübəli şəxs müasir məktəbə başçılıq edə bilər. Nikolay Zinovyeviç belələrindəndir.
Onun yaradıcılığındakı uğurlar daim axtarışda olması, pedaqoji kollektivi də yaradıcı işə cəlb etməsidir. O, motoidman üzrə idman ustası, SSRİ yığmasının üzvü, on dəfə Azərbaycan çempionu, beynəlxalq dərəcəli hakim olmuşdur.
1990-cı ildə Azərbaycanın ağır günlərində Nikolay Zinovyeviç bizim məktəbimizə direktor təyin edildi. Respublikamızdakı vəziyyətlə əlaqədar məktəbimizdə də bir çox çətinliklər yaranmışdı: bir sıra fənn müəllimlərinin və şagirdlərin sayı azalmışdı. Kollektivi möhkəmləndirmək, nizam-intizamın, təlim-tərbiyənin səviyyəsini yüksəltmək, məktəbdən şagird axınının qarşısını almaq lazım idi. Məhz bu zaman təcrübə imdada çatdı.
Vasilçenko Nikolay Zinovyeviç artıq 25 ildir ki, bizim məktəbə başçılıq edir. Bu müddət ərzində şagird kontingenti sürətlə yüksəlmiş, 750 nəfərdən 2018 nəfərə çatmışdır. Bu gün məktəbin məzunları ölkənin və başqa suveren dövlətlərin ali məktəblərinə qəbulun sayına görə respublika məktəbləri arasında aparıcı yerlərdən birini tutur. Müəllimlərin və şagirdlərin birgə əməyi nəticəsində məktəbimiz Nikolay Zinovyeviçin rəhbərliyi ilə iki dəfə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur. Bundan əlavə, hər il məktəbi bitirən 130-150 məzunun 6-7 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplayır.
2002-ci ildən başlayaraq məktəbimizin 9-11-ci sinif şagirdləri Moskva şəhərində keçirilən MDB və Baltikyanı ölkələri məktəblilərinin Beynəlxalq olimpiadasında iştirak edir və yüksək nailiyyətlər qazanırlar.
Məktəbimiz bir çox göstəricilərə görə respublikanın ən yaxşı məktəbləri sırasındadır. 2000-ci ildən Təhsil Nazirliyinin təqdimatına əsasən 145 nömrəli məktəb UNESCO-nun əlaqələndirmə məktəbləri sırasına daxil edilmişdir.
Böyük pedaqoji təcrübəsindən istifadə edən Nikolay Zinovyeviç tez-tez şəhər, respublika və beynəlxalq konfranslarda çıxışlar edir.
Vasilçenko Nikolay Zinovyeviç böyüyən nəslin tərbiyəsinə dair ideya və təkliflərini "Oxumaq üçün oxumalı" kitabında bölüşüb. Bu kitabda müəllifin təşkilati metodikanın yüksəlməsi və müəllimin yeni təlim prosesindəki fəaliyyəti əsasında təlim-tərbiyə işinin aparılması yollarına diqqət yetirilir.
Bizim direktor həm də fəal ictimai işlərə də vaxt tapır. O, Azərbaycanda Rus icması sədrinin müavinidir və dəfələrlə respublika müəllimlər qurultaylarına nümayəndə seçilmişdir. 2012-ci ildə isə MDB müəllimlər qurultayında respublikamızı təmsil etmişdir.
Gözəl müəllim, ata, baba olan Nikolay Zinovyeviç həm pedaqoji kollektivin, həm də dost və əzizlərinin hörmət və sevgisini qazanmışdır. Biz fəxr edirik ki, belə bir insanla çiyin-çiyinə çalışırıq.
70 illik yubileyi ərəfəsində biz Nikolay Zinovyeviçə möhkəm cansağlığı, yeni yaradıcılıq axtarışları, gənc nəslin tərbiyələndirilməsi işində və Azərbaycanın çiçəklənməsi naminə böyuk uğurlar arzulayırıq.
Əziz Nikolay Zinovyeviç! Yaş artsa da qoy qəlbiniz həmişə gənc olaraq qalsın. Uğurlar sizi kölgə kimi izləsin, çətinlikləri arxada qoyub irəlidə sonsuz sevinclər dadasınız.
Sitarə
MÜRSƏLBƏYOVA,
Bakı şəhəri
E.Quliyev adına 145
nömrəli tam orta məktəbin
müəllimi
Azərbaycan müəllimi.- 2015.-
3 oktyabr.- S.9.