Prezident təqaüdü alan müəllim

 

Hələ orta məktəbdə oxuduğu illərdə ətrafda baş verən hadisələrə yaradıcılıqla yanaşmağı bacaran Fərhad Əsgərov gördüklərini kiçik məqalələr şəklində qələmə almağı xoşlayırdı. Onun buna xüsusi marağı var idi. Məktəb illərində bu yazılarını bir dəftərdə toplayardı. Arzusu müəllim olmaq idi, amma yazmaq həvəsi də onu rahat buraxmırdı. Beləliklə, illər keçdi, Fərhad Əsgərov öz arzusunun qanadlarında müəllimlik peşəsinə yiyələndi, lakin bir yazar kimi qələmini də əlindən qoymadı.

Tanışlıq üçün qeyd edək ki, Əsgərov Fərhad Ramiz oğlu 1960-cı il dekabrın 24-də Bakının Mərdəkan qəsəbəsində anadan olub. Qəsəbədəki 181 nömrəli orta məktəbdə təhsil alıb. 1980-ci ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunun texniki əmək və rəsmxət müəllimi ixtisasını bitirib.

Axırıncı kursda oxuyarkən tələbələrə işləmək üçün təyinat verilirdi. Tələbələrin əksəriyyəti təyinatı öz rayonlarına götürməyə çalışırdı. Lakin Fərhad burada başqa mövqe tutdu. O, təyinat komissiyasına müraciət edib ucqar dağ rayonlarının birində işləmək istədiyini bildirdi. Onun təyinatını Kəlbəcərə verdilər.

Beləliklə, 1980-ci ilin 1 sentyabrında Fərhad Əsgərov Kəlbəcər rayonunun Kilsəli kənd orta məktəbində müəllim işləməyə başladı. O dövrdə ucqar kəndlərdə işləyən müəllimləri hərbi xidmətə göndərmirdilər. Hələ gənc yaşlarından həyatın çətinliklərindən çəkinməyən Fərhad Əsgərov hərbi xidməti də bir həyat məktəbi saydığından hərbi xidmətə getmək üçün Kəlbəcər Rayon Hərbi Komissarlığına müraciət etdi və 1980-ci ilin noyabr ayında Qazaxıstana hərbi xidmətə göndərildi. Hərbi xidməti başa vurub yenidən Kəlbəcərə qayıtdı. Bu dəfə isə onun yeri Kəlbəcər rayonunun Seyidlər kənd orta məktəbi oldu. Təyinat müddəti bitdikdən sonra o, Bakıya qayıtdı.

1983-cü ildən 1993-cü ilin yanvar ayına kimi F.Əsgərov Şağan qəsəbəsindəki 124 nömrəli səkkizillik məktəbdə və Mərdəkandakı 181 nömrəli orta məktəbdə müəllim işlədi. Elə 1983-cü ildən başlayaraq onun təhsil, səhiyyə, tikinti, mədəniyyət, idman sahələri ilə bağlı informasiya və məqalələri "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Bakı", "İdman", "Bakinskiy raboçiy" qəzetlərində dərc olunmağa başladı. Qeyd edək ki, onun ilk məqaləsi 1978-ci ildə hələ tələbə ikən "Azərbaycan müəllimi" qəzetində dərc edilmişdi.

90-cı illərdə Fərhad Əsgərov jurnalistika sahəsində artıq öz sözünü demiş, öz prinsiplərini həyata keçirən bir jurnalist kimi tanınırdı. O, tez-tez müxtəlif mətbu orqanlarından işləmək üçün dəvətlər alırdı. Beləliklə o, 1993-cü ilin əvvəllərində təhsildən uzaqlaşdı və mətbuatda çalışmağa qərar verdi.

Jurnalistika fəaliyyəti ilə yanaşı Fərhad müəllim bədii yaradıcılıqla da ciddi məşğul olur. Onun müxtəlif illərdə "Tale", "Ötən günlər", "Yurd həsrəti, Vətən sevgisi", "Neslomlennıy repressiyami", "Qaranlıq meşədə gizli oyunlar", "Qara qızıl fatehi", "İllərin nəfəsi" və digər kitabları işıq üzü görmüşdür. Bu kitablarda onun müxtəlif illərdə yazdığı oçerklər, sənədli və bədii povestlər, hekayələr, alleqorik nağıl və poemaları toplanmışdır.

Fərhad müəllim 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Artıq 2000-ci ilin əvvəllərində Fərhad müəllim ədəbiyyat sahəsində tanınmış şəxs idi. Belə ki, 2004-cü ildə Teymur Əhmədovun müəllifliyi ilə çapdan çıxmış "XX əsr Azərbaycan yazıçıları - ensiklopedik məlumat kitabı"nda onun haqqında məlumat verilmişdir. Onu da qeyd edək ki, həmin kitab 1800-ci ildən sonra Azərbaycanda yaşamış yazıçıların, şairlərin, tənqidçilərin haqqında ensiklopedik məlumatları əhatə edir.

Qazandığı bilikləri, həyat təcrübəsini yeniyetmələrlə bölüşmək istəyi onu yenidən öz köhnə işinə-məktəbə işləməyə yönəltdi. Belə ki, o, imtahan verərək,  2012-ci ildə Bakıdakı 156 nömrəli  tam orta məktəbə işə düzəldi. O, hazırda məktəbdə texnologiya və rəsmxət fənlərini tədris edir. Fərhad müəllim öz işinə məsuliyyətlə yanaşır. O, təhsildə olan yenilikləri daim öz işində tətbiq etməyə çalışır.

Ömrünün kamil çağında Fərhad müəllim həm jurnalistika sahəsində, həm də təhsil sahəsində məhsuldar çalışır.

Ölkə Prezidenti cənab İlham Əliyev 2007-ci ilin  6 avqust tarixində "Yaşlı, gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında" fərman imzalamışdır. Bu fərmana uyğun olaraq, Fərhad Əsgərova 2015-ci ildə birillik Prezident təqaüdü verilmişdir.

Müəllim günü münasibəti ilə yazıçı-jurnalist və müəllim Fərhad Əsgərovu təbrik edir, ona məsuliyyətli müəllim peşəsində uğurlar arzulayırıq.

 

Şəmsiyyə KƏRİMOVA,

"Yeni təfəkkür" qəzetinin baş

redaktoru, əməkdar jurnalist

 

Azərbaycan müəllimi.- 2015.- 3 oktyabr.- S.9.