50 ildən çox pedaqoji sahədə
Fikrət müəllim 75 illik ömür yolunun əlli ildən çoxunu şərəfli peşəyə - müəllimliyə həsr edib. Bu sənətlə ucalıb və yaşının kamillik çağına çatıb.
Fikrət Mövsüm oğlu Rəştiyev 1940-cı ildə Bakı şəhərində anadan olub, 1958-ci ildə Yasamal rayonundakı 199 nömrəli orta məktəbi bitirmişdir. Elə həmin il APİ-nin (indiki ADPU) fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. O, 1963-cü ildə ali məktəbi bitirdikdən sonra Şabran rayonu Gilgiçay kənd orta məktəbində fizika müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 1965-ci ilin sentyabr ayında təhsil aldığı ali məktəbin "Fizikanın tədrisi metodikası" kafedrasında baş laborant vəzifəsinə təyin edilmişdir. Müsabiqə yolu ilə 1967-ci ildə müəllim, 1968-ci ildə isə baş müəllim vəzifəsinə seçilmişdir. Pedaqoji fəaliyyətə başlarkən o, elmi yaradıcılığa da böyük həvəs göstərmişdir. Fikrət müəllim həmin dövrdə çox aktual olan televiziyadan tədris prosesində istifadə edilməsinə çalışır, tədris televiziyasının praktik problemləri üzərində işləyirdi. Tədris televiziyasının imkanlarını və şagirdlərə təsir xüsusiyyətlərini göstərmək üçün o, 1971-1976-cı illərdə televiziya ilə orta məktəb şagirdləri üçün fizika dərsləri aparırdı. O, öz tədqiqatlarının materiallarını və nəticələrini orta məktəblərdə kütləvi şəkildə tətbiq etmək, pedaqoji ictimaiyyəti maarifləndirmək məqsədilə həmin dövrdə üç tədris vəsaiti nəşr etdirir. Bu uğurlu fəaliyyətin məntiqi yekunu olaraq o, 1973-cü ildə "Televiziya - orta məktəbdə fizikanın tədrisində təlim vasitəsi kimi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. Fikrət müəllimə ötən əsrin 60-80-cı illərində professor A.Abbaszadə, dosentlər B.Şəfizadə, B.Sultanov, T.Xasməmmədov, Ə.Əhmədov, Ə.Axundov, Z.Osmanov və digər görkəmli metodist- alimlərdən dərs almaq, onların bir çoxu ilə çiyin - çiyinə işləmək xoşbəxtliyi nəsib olmuşdur. Onların zəngin təcrübəsindən bəhrələndiyini dəfələrlə qeyd edən Fikrət müəllim bu gün özü gənc müəllimlərə örnək, təcrübə məktəbidir. Tükənməz enerjiyə malik olan və pedaqoji fəallığı ilə seçilən gənc Fikrət müəllimi institut rəhbərliyi 1972-ci ildə fizika fakültəsinin dekan müavini vəzifəsinə irəli çəkmişdir. O, 1975-ci ildə dosent vəzifəsinə seçilmiş, müəyyən müddət FTM kafedrasının müdiri və dekan vəzifəsini icra etmişdir.
Fikrət müəllim fizikanın tədrisi metodikası kafedrasının "Fizikadan məktəb eksperimenti" laboratoriyasının təkmilləşdirilməsində bu gün də öz yardımını əsirgəmir. Bu məqsədlə son dövrdə Fikrət müəllimin laboratoriya işlərinin aparılmasına dair yazdığı "Məktəb fizika eksperimentinin texnologiyası" adlı metodik vəsaitini misal göstərmək olar.
"Azərbaycanda fizikanın tədrisi metodikası elminin inkişafı tarixi" mövzusunda ciddi və sistemli tədqiqat aparan Fikrət müəllimin tapıntıları və ümumiləşdirmələrinə aid respublika və beynəlxalq elmi konfranslarda məruzələri, nəşr etdiyi məqalələri pedaqoji ictimaiyyət maraqla qarşılamışdır. F.Rəştiyevin fəaliyyətində gənclərlə işləmək, onlara qayğı göstərmək xüsusi yer tutmuşdur. Hər il iki-üç tələbəsi TEC xətti ilə səmərəli fəaliyyət göstərərək maraqlı məruzələr hazırlayır və tələbə elmi konfranslarında müvəffəqiyyətlə çıxış edirlər. O, bakalavr və magistrlərin diplom və dissertasiya işlərinə bacarıqla rəhbərlik edir. Müxtəlif proqlamların müəllifidir.
Fikrət müəllim 1989-1994-cü illərdə fizikanın tədrisi metodikası ixtisası üzrə ixtisaslaşmış Müdafiə şurasının üzvü olmuşdur. Şuranın üzvü kimi o, həmişə gənc mütəxəssislərin elmi-metodik səviyyələrinin yüksəlməsinə çalışmış və bir neçə namizədlik dissertasiyasının müdafiəsində opponentlik etmişdir.
F.Rəştiyev Bakı şəhərinin bir sıra orta məktəblərinin fizika müəllimləri ilə mütəmadi əlaqə saxlayır. Bu görüşlər zamanı fizika fənninin tədrisi vəziyyətini, məktəb fizika eksperimentinin təşkili, əyaniliyin müxtəlif formalarından istifadə və s. məsələləri öyrənir və onlara məsləhətlər verir. İlin demək olar ki, 4 ayını Bakının 13 nömrəli məktəbində gələcək müəllimlərlə pedaqoji təcrübə aparır. Bu dövrdə hazırda kurikulumla əlaqədar müəllimlərə müxtəlif tövsiyələr verir. O, 10 il müddətində fakültə pedaqoji təcrübəsinin rəhbəri olmuşdur.
Fikrət müəllim sovet dövründə "Bilik" cəmiyyəti xətti ilə müxtəlif müəssisələrdə aktual mövzularda mühazirələr oxumuş və həmin mühazirələr həmişə maraqla dinlənilmişdir. Təsadüfi deyildir ki, o, respublika "Bilik" cəmiyyətinin birinci dərəcəli fəxri fərmanı ilə təltif olunmuşdur. Dəfələrlə səmərəli elmi-pedaqoji fəaliyyətinə görə rektorluğun, həmçinin Təhsil Nazirliyinin təşəkkür və fəxri fərmanlarına layiq görülmüşdür.
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent F.Rəştiyev gözəl ailə başçısıdır. İki övlad böyüdüb, tərbiyə etmişdir, hər ikisi ali təhsillidir.
Yaradıcılığı ilə həyatı vəhdət təşkil edən Fikrət Rəştiyev yüksək mənəvi keyfiyyətlərə malik bir müəllimdir. O, tələbələrinə qarşı tələbkar, eyni zamanda obyektiv olmaqla yanaşı, həm də səmimi və qayğıkeşdir. Fizikanın tədrisi metodikası kafedrasında Fikrət müəllimin özünəməxsus yeri vardır.
Ömrünün 76-cı ilinə qədəm qoyan Fikrət müəllim həyatı və yaradıcılığının başqa bir mənalı dövrünü yaşayır. Ötən 75 ilin pilləsindən geriyə boylandıqda sevinməli, fəxr etməli və düşünməli çox şey görünür. Bu ovqatla gözəl insan, bacarıqlı alim Fikrət Rəştiyevi kollektivimiz adından ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.
Mirzəli
MURQUZOV,
fizika-riyaziyyat elmləri doktoru,
professor,
əməkdar
müəllim, "Şöhrət" ordenli,
Xəlil PADAROV,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan müəllimi.- 2015.- 3
oktyabr.- S.9.