Bilik Fondunun rəhbərliyi "Azərbaycan
müəllimi" qəzetinin
redaksiyasında olub
Əsas məqsədi ölkə əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətini, ictimai-siyasi, sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq olan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə təhsil siyasətinin həyata keçirilməsinə mətbu sözün vasitəsi ilə hərtərəfli dəstək verən Təhsil Nazirliyinin orqanı "Azərbaycan müəllimi" qəzetinin redaksiyası arasında birgə əməkdaşlıq barədə razılıq əldə olunub. Bununla əlaqədar oktyabrın 6-da redaksiyamızda Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun rəhbərliyi altında Fondun bir qrup əməkdaşı ilə görüş keçirilib. Görüşdə Fondla redaksiya arasında birgə əməkdaşlığa dair fəaliyyət planı müzakirə edilib.
Qonaqları salamlayan və onların redaksiyamıza gəlişindən məmnunluğunu bildirən "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Bayram Hüseynzadə Bilik Fondunun fəaliyyət göstərdiyi qısa bir dövr ərzində bir sıra layihələrə imza atdığını, səmərəli işi ilə ölkə ictimaiyyətinin dərin rəğbətini qazandığını bildirib. Fondun təhsil sahəsində də maraqlı proqramlar reallaşdırdığını vurğulayan baş redaktor redaksiyanın bu istiqamətdə Fondla əməkdaşlıq etməkdə maraqlı olduğunu, birgə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb və bunun hər iki qurum üçün faydalı olacağına əminliyini ifadə edib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov səmimi qarşılanmaya görə redaksiya rəhbərliyinə və kollektivə təşəkkür edib, birgə əməkdaşlığın onlar tərəfindən də yüksək dəyərləndirildiyini, bunun üçün hər iki tərəfin kifayət qədər potensialı və imkanları olduğunu söyləyib, Fondun həyata keçirdiyi layihələr, xüsusən də təhsillə bağlı proqramları barədə məlumat verib.
Sonra birgə əməkdaşlığa dair fəaliyyət planının layihəsi müzakirə olunub, bir sıra maraqlı təkliflər irəli sürülüb. Geniş müzakirələrdən və bəzi əlavə və dəqiqləşdirmələrdən sonra qəbul olunan birgə fəaliyyət planında Bilik Fondunun fəaliyyəti ilə bağlı olan tədbirlərin "Azərbaycan müəllimi" qəzetində işıqlandırılması, hər iki qurumun təşkilatçılığı ilə şagird və tələbələr arasında müxtəlif məzmunlu bilik və yaradıcılıq yarışlarının, müsabiqələrin keçirilməsi və nəticələrin "Azərbaycan müəllimi" qəzetində dərc olunması, hər iki qurumun əməkdaşlarının birgə iştirakı ilə təhsildə olan yeniliklərin ölkə ictimaiyyətinə çatdırılması məqsədilə təhsil müəssisələrinə mediaturların təşkili, təhsil sisteminin ictimaiyyəti ən çox maraqlandıran istiqamətləri ilə bağlı mütəxəssislərin iştirakı ilə birgə "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulur. Fəaliyyət planında habelə Bilik Fondu ilə birgə təhsilin müxtəlif istiqamətləri ilə bağlı "Azərbaycan müəllimi" qəzetinin xüsusi buraxılışlarının hazırlanması, təhsildən yazan jurnalistlər, o cümlədən "Azərbaycan müəllimi" qəzetinin əməkdaşları üçün tədris səfərlərinin, seminarların təşkil olunması, bölgələrdə maarifləndirici konfransların keçirilməsi, təhsilin müxtəlif aktual problemləri ilə əlaqədar sorğuların aparılması və nəticələrin qəzetimizdə dərc edilməsi də öz əksini tapıb. Əldə olunan razılaşmaya görə, müəllim peşəsinin təbliği ilə bağlı birgə təbliğat işlərinin aparılması, yerlərdə oxucu konfranslarının keçirilməsi, Azərbaycana dəvət olunmuş xarici ölkələrin təhsil və mətbuat işçilərinin "Azərbaycan müəllimi" qəzetinin kollektivi ilə görüşlərinin təşkili, qəzetin əməkdaşlarının Bilik Fondunun layihələrində iştirakı və s. kimi tədbirlər də planlaşdırılıb.
Görüşün sonunda "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru B.Hüseynzadə müzakirənin səmərəli olduğunu qeyd edib və qonaqlara təşəkkürünü bildirib. Belə qarşılıqlı faydalı işgüzar görüşlərin vaxtaşırı keçirilməsinin zəruriliyi ifadə olunub, xatirə şəkli çəkdirilib.
Yusif
ƏLİYEV
Azərbaycan
müəllimi.- 2015.- 10 oktyabr.- S.5.