Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin rektoru tələbələrlə
görüşüb
Görüşdə
qaldırılan problemlərin operativ həlli ilə
bağlı müvafiq göstərişlər verilib
Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)
rektoru Mustafa Babanlı akt zalında tələbələrlə
görüş keçirdi. Bakalavr təhsili alan I və IV
kurs tələbələri ilə keçirilən
"açıq qapı" tədbirində rektora müxtəlif mövzularda suallar ünvanlandı.
Hər bir sual ətraflı izah olunmaqla
cavablandırıldı və hər bir kəsin - tələbənin,
müəllimin öz işindəki məsuliyyət dərəcəsi
bir daha qeyd edildi. Tələbələr tərəfindən
qaldırılan bir çox problemlərin həlli ilə
bağlı prorektor və dekanlara göstərişlər
verildi.
Rektor belə görüşlərin semestr ərzində iki dəfə - başlanğıc və imtahanlar ərəfəsində keçiriləcəyini, hər bir görüşdə tələbələrin öz fikirlərini ifadə etmələri üçün onlara sərbəstlik veriləcəyini dedi. Onun sözlərinə görə, bu görüşlər elə bir müstəvidə olacaq ki, hər bir iştirakçı bundan zövq alacaq.
Rektor hər bir tələbəyə universitetin adına layiq davranmağı, oxumağı tövsiyə etdi.
M.Babanlı bu nüfuzlu ali təhsil müəssisəsinin tarixi əzəmətinin qaytarılması, inkişaf etdirilməsi məqsədilə istər tələbənin, istərsə də müəllimin cəmiyyət üçün nümunə olması zərurətini qeyd etdi və mövcud problemlərin aradan qaldırılması istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirdi.
Rektor görüşdə müəllim - tələbə münasibətləri, tələbələrin dərsə, davamiyyətə münasibəti ətrafında danışdı, müəllimləri ədalətə, düzgünlüyə çağırmaqla bu prinsipi pozanların mütləq şəkildə cəzalandırılacağını bəyan etdi.
Rektor ulu öndər Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər salaraq, onun Azərbaycan xalqına xidmətini, azərbaycanlı olması ilə fəxr etməsini hər bir gənc üçün örnək məqam kimi ifadə etdi.
Daha sonra rektor tələbələrin müxtəlif səpgili - I kurslarda imtahanların test üsulu ilə keçirilməsi, unversitetdə olan köhnəlmiş avadanlıqların yeniləri ilə əvəzlənməsi, tibb cihazları, imtahan proseslərində obyektivliyin qorunması, laboratoriya işlərinin qəbulu və ona tələb olunan münasibətlər, auditoriyalarda sakitliyin təmini, idman klubunun təmiri və sair ilə bağlı suallarını ətraflı şəkildə cavablandırdı.
Görüşdə universitetin adının dəyişməsi ilə paralel diplomların dəyişdirilməsi məsələsinə də toxunuldu. Rektor dedi ki, universitetin loqosunun hazırlanması işi bitdikdən sonra tələbə biletləri, diplomlarda universitetin yeni adı yazılacaq.
Rektor əlil tələbələrin pilləkənləri çıxmaları ilə bağlı qaldırılan məsələyə də xüsusi diqqət çəkdi və aidiyyəti şöbələrə göstərişlər verdi. Bildirdi ki, universitetdə təhsil alan əlillərə diqqət və qayğı göstərilməli, onlara hər cür yardım edilməlidir.
Tələbələr öz çıxışlarında gənc müəllimlərə olan ehtiyacdan danışdılar. Eyni zamanda xarici ölkələrdə təhsil, xarici proqramlar üzrə tələbələrin universitetdə aldığı təhsil və universitetlərlə əməkdaşlıq məsələləri ilə bağlı məqamlara toxunuldu.
Azərbaycan müəllimi.- 2015.-
10 oktyabr.-S.4.