Fəxri ad və "Tərəqqi"
medalı alan təhsil
işçiləri
ölkə başçısına minnətdarlıq edirlər
Dövlətimizin
diqqət və qayğısını
hər zaman hiss etmişəm
Gülnarə İBRAHİMOVA,
Bakı şəhəri
6 nömrəli məktəb-liseyin
riyaziyyat müəllimi,
əməkdar müəllim
1961-ci ildə Bakı şəhərində anadan olmuşam. 1978-ci ildə Səbail rayonundakı 189 nömrəli orta məktəbi, 1985-ci ildə isə Azərbaycan Dövlət Universitetini bitirmişəm. 1989-cu ildən 6 nömrəli məktəb-liseydə işləyirəm. İki dəfə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşam. 2004-cü ildə Azərbaycan Respublikasının "Təhsil" mərkəzi tərəfindən "Nəsirəddin Tusi" fəxri diplomuna layiq görülmüşəm. 2005-ci ildə təhsildə nümunəvi fəaliyyətimə görə Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşam. Bu il isə möhtərəm Prezidentimiz İlham Əliyev öz sərəncamı ilə bir qrup təhsil işçisi kimi mənə də "Əməkdar müəllim" fəxri adını verib. Fəxri ad mənim bayram sevincimi qat-qat artırdı. Kollektivimizin üzvlərindən, yaxınlarımdan, tanışlarımdan çoxlu təbriklər alıram. Təbii ki, bu məni sevindirir və qürurlandırır. Eyni zamanda məsuliyyət hissimi artırır. Bundan sonra da çalışacağam ki, fəxri ada layiq olum.
Dövlətimizin diqqət və qayğısını hər zaman hiss etmişəm. Biz müəllimlərə böyük diqqət və qayğı göstərən möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.
Mükafat almaq çox sevindirici
haldır
Mehriban SALAHOVA,
Bakı şəhəri
İ.Hacıyev adına "Tərəqqi"
liseyinin
təlim-tərbiyə işləri üzrə direktor müavini
Hər il Beynəlxalq Müəllimlər Günü ərəfəsində
təhsil işçilərinin böyük bir qrupunun ölkə
başçısı tərəfindən fəxri adla, orden
və medallarla mükafatlandırılması artıq
yaxşı bir ənənə halını alıb. Bu, müəllimlərin əməyinin daim dövlətimizin
diqqətində olduğunun ən bariz göstəricisidir.
Bu il də xeyli təhsil işçisi
mükafatlandırıldı. Mən "Tərəqqi"
medalı aldım.
1993-cü
ildə M.F.Axundov adına Azərbaycan
Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu
bitirmişəm. 2000-ci ildə N.Tusi adına
Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin
pedaqogikası və metodikası fakültəsində ikinci
ixtisasa yiyələnmişəm.
Pedaqoji fəaliyyətim dövründə müəllimlikdən
başlayaraq uşaq birliyi rəhbəri və direktor
müavinliyinə qədər müxtəlif vəzifələrdə
işləmişəm. Hazırda "Tərəqqi" liseyində
çalışıram. Artıq 10 ildir
ki, burada direktor müavini vəzifəsini daşıyıram.
İşlədiyim müddət ərzində
liseyimizin uğurları çox olub. Liseyimiz
hələ ilk dəfə "Ən yaxşı ümumtəhsil
məktəbi" müsabiqəsi elan olunandan onda iştirak
edib və Prezident sərəncamı ilə pul mükafatı
alıb. Düşünürəm ki, burada az da olsa mənim də əməyim olub. Buna
görə özümü xoşbəxt hiss edirəm.
Müxtəlif layihələrdə, bir çox təlimlərdə
dəfələrlə iştirak edib sertifikatlar, diplomlar
almışam. Məktəb rəhbərliyi tərəfindən
diplom və fəxri fərmanlarla təltif olunmuşam. 2010-cu ildə "Qabaqcıl təhsil
işçisi" döş nişanına layiq
görülmüşəm. Ən
böyük mükafatım isə ölkə Prezidentinin sərəncamı
ilə Azərbaycan təhsilinin inkişafında xidmətimə
görə təltif olunduğum "Tərəqqi"
medalıdır. Sevinirəm ki, dövlətimiz
mənim də əməyimi yüksək qiymətləndirib.
Bu, mənim məsuliyyətimi
onqat artırır. Bundan sonra daha əzmlə
işləmək, ölkəmizin inkişafı və tərəqqisinə
bir müəllim, təhsil işçisi kimi öz töhfəmi
vermək istəyirəm. Əməyimə verdiyi
yüksək qiymətə görə liseyimizin rəhbərliyi
və kollektivi
adından dövlətimizin
başçısına dərin minnətdarlığımı
bildirirəm. Mənimlə birlikdə fəxri ad və medal alan bütün təhsil işçilərini
təbrik edirəm.
Bu etimadı layiqincə
doğruldacağam
Amaliya MİRZƏYEVA,
Bakı şəhəri 5 nömrəli
tam orta
məktəbin ingilis dili müəllimi
Oktyabrın
2-də gecə saat 24:00-da telefonuma zəng gəldi. Danışan tanışlarımdan biri idi. "Amaliya xanım,
sizi təbrik edirəm! Siz Azərbaycan
Respublikası Prezidentinin sərəncamına əsasən
"Tərəqqi" medalı ilə təltif
edilmisiniz". Bu xəbər mənim
üçün gözlənilməz olduğundan
qulaqlarıma inanmadım, həyəcanımdan gözlərim
doldu. Yəqin ki, o anlar həyatımın
ən gözəl, ən həyəcanlı anları kimi
xatirimdə qalacaq.
1953-cü ildə ziyalı ailəsində anadan olmuşam. 1970-ci ildə Bakı şəhərindəki
111 nömrəli orta məktəbi bitirmişəm.
Məndə ingilis dilinə həvəs lap uşaqlıqdan
oyanmışdı, anam evdə məni bu dildə
danışdırardı, çünki o da ingilis dili müəllimi
idi. Bu həvəslə mən Azərbaycan Dillər
Universitetinin ingilis dili fakültəsinə daxil oldum və
oranı 1974-cü ildə fərqlənmə diplomu ilə
bitirdim. Elmi şuranın qərarı ilə universitetdə
saxlanıldım, bir
müddət işlədikdən sonra ailə vəziyyətimlə
əlaqədar iş yerimi dəyişməli
oldum.
1988-ci ildən
Bakı şəhərindəki 5 nömrəli tam orta məktəbdə
işləyirəm. İşlədiyim illər ərzində
şagirdlərə Şekspir dilini sevə-sevə öyrətmişəm,
dəfələrlə rayon səviyyəsində
"açıq dərs"lər vermiş və
çalışmışam ki, dərslərimi günün tələbləri səviyyəsində qurum. Müxtəlif
innovativ kurslarda iştirak edərək öz üzərimdə
daim çalışıram. Təhsildə
olan yeniliklər məni daha da həvəsləndirir, işləməyə
sövq edir.
2012-ci ildə "Qabaqcıl təhsil
işçisi" döş nişanı ilə təltif
edilmişəm.
Deyirlər insanin əməyinə yüksək qiymət
verildikdə o daha da yüksəlir, yaşamaq həvəsi
artır. Bu doğrudan da belədir. Müəllimlik
şərəfli və müqəddəs peşədir,
neçə-neçə ömürlərə pay
duşür bir müəllim ömründən, neçə
qəlbə nur çilənir. Düşünən
beyni, yuxu şirəsi dadmayan gözləri, yorulmayan
qolları ilə qazanır bu ömrü müəllim.
40 illik təcrübəyə malik olan bir müəllim
kimi bu mükafatı almaq mənim üçün
böyük şərəfdir. O gündən telefonum susmur. Yetişdirdiyim şagirdlər məni təbrik edirlər.
Qürur duyuram.
Təhsildə aparılan islahatlara, yeniliklərə, təhsil
işçilərinə diqqət və qayğısına
görə Prezident İlham Əliyev cənablarına öz dərin
təşəkkürümü bildirirəm. Söz verirəm
ki, bu etimadı layiqincə doğruldacağam.
Bu ad təkcə mənə yox, məktəbimizin
bütün kollektivinə verilib
Çingiz ŞİRƏLİYEV,
Şirvan şəhəri 16 nömrəli
tam orta
məktəbin direktoru, əməkdar müəllim
1951-ci ildə Sabirabad
rayonunun Kalinovka kəndində anadan olmuşam. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun riyaziyyat fakültəsini bitirmişəm.
Həmin ildən Əli Bayramlı şəhər 5 nömrəli
orta məktəbdə (1972-1976), Əli Bayramlı Pedaqoji Məktəbində
(1976-1979), Əli Bayramlı Sənaye Texnikumunda müəllim,
əyani şobənin müdiri, təlim-tərbiyə işləri
üzrə direktor müavini (1979-2005) vəzifələrində
işləmişəm. Əli Bayramlı Sənaye
Texnikumu ləğv edildikdən sonra Əli Bayramlı Pedaqoji
Texnikumunda müəllim, tədris metodika kabinetinin müdiri vəzifələrində
çalışmışam. 2006-cı ildən 2008-ci
ilə kimi Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta məktəbə
rəhbərlik etmişəm. 2008-ci ildən isə
Şirvan şəhər 16 nömrəli tam orta məktəbin
direktoruyam. Pedaqoji elmlər üzrə fəlsəfə
doktoruyam.
Rəhbərlik
etdiyim Şirvan şəhər 16 nömrəli tam orta məktəb
2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və
Dünya Bankının vəsaiti hesabına əsaslı
şəkildə təmir olunmuş, ən müasir tələblərə
cavab verən kimya - biologiya və fizika laboratoriyaları ilə
təmin edilmiş, internet şəbəkəsinə
qoşulmuş 3 kompüter kabineti şagirdlərin istifadəsinə
verilmişdir. Mənim fikrimcə, belə maddi-texniki bazaya malik təhsil
müəssisəsinin təlimdə zəif nəticə
göstərməyə haqqı yoxdur.
Son illərdə məktəbimiz respublika və beynəlxalq
layihələrdə, o cümlədən Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihə çərçivəsində
2010-2012-ci illərdə "Səmərəli məktəb"
layihəsində fəal iştirak edən 10 məktəbdən
biri olub. Çoxlu uğurlara sahibik, onlardan təkcə birini
qeyd edim.
2015-ci ildə
məktəbimizin 11-ci sinfini 60 nəfər şagird bitirib, onlardan 34 nəfəri
respublikanın və xarici ölkələrin ali məktəblərinə qəbul
olunub. Ali məktəblərə qəbul olunanlardan 13 nəfəri
500-dən çox,
o cümlədən 7 nəfəri 600-dən
çox bal toplayıb. Bütün bu göstəricilərə
görə məktəb 2014-cü ildə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə
keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olub.
Bu günlərdə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə
mənə "Əməkdar müəllim" fəxri
adı verilib.
Mən bu xəbəri ilk dəfə
yaxınlarımdan eşitdim və çox sevindim. Bu ad təkcə mənə yox, məktəbin
bütün pedaqoji kollektivinə, ümumilikdə isə təhsilimizə
göstərilən diqqət və
qayğıdır. Təhsilə və təhsil
işçilərinə göstərdiyi diqqət və
qayğıya görə öz adımdan və eləcə
də rəhbərlik etdiyim pedaqoji kollektivin adından hörmətli
Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü
bildirirəm. Onu əmin edirəm ki, kollektivimiz
bundan sonra da əzmlə işləyəcək, gənc nəslin
dərin biliklərə yiyələnməsində, milli-mənəvi
dəyərlər ruhunda tərbiyə olunmasında əlindən
gələni əsirgəməyəcəkdir.
"Əməkdar müəllim"
adı məni
daha da ruhlandırır
Xoşqədəm ORUCOVA,
Bakı şəhəri Məktəb-lisey
kompleksinin
müəllimi, əməkdar müəllim
Respublikamızın
müəllimləri hər il oktyabrın
5-də öz peşə bayramlarını qeyd edirlər. Təhsilə
və təhsil işçilərinə daim diqqət və
qayğı göstərən möhtərəm Prezidentimiz hər
il bayram ərəfəsində
qabaqcıl müəllimlərin bir qrupunu fəxri adlarla və
medallarla mükafatlandırır. Bu il mənim də əməyim
ölkə başçısı tərəfindən
yüksək qiymətləndirilərək "Əməkdar
müəllim" fəxri adına layiq
görülmüşəm.
1987-ci ildə
Bakı Dövlət
Universitetinin biologiya fakültəsini bitirdikdən sonra təyinatla
Kürdəmir rayonunun Sor-sor kənd
tam orta məktəbində pedaqoji fəaliyyətə
başlamışam. 1990-cı ildən bu günə qədər
Bakı şəhər Məktəb-lisey kompleksində biologiya müəllimi işləyirəm.
21 ildir ki, metodbirləşmə sədriyəm.
Şagirdlərimə bilik verməklə kifayətlənmir,
həm də onların qəlblərində vətənə,
həyata məhəbbət hissi aşılayıram.
Sinifdənxaric
və məktəbdənkənar tədbirlər də fəaliyyətimdə
əhəmiyyətli yer tutur. Belə ki, 2010-cu ildən Azərbaycan Respublikası Təhsil
Nazirliyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin
(GİZ) birgə layihəsi olan "22 may - Beynəlxalq
Biomüxtəliflik Günü" tədbiri çərçivəsində
hər il şagirdlərlə ekoloji dərslər, ekskursiyalar
təşkil edir, maarifləndirmə işləri aparıram.
Bir təcrübəli
müəllim kimi metodiki tövsiyələr də
hazırlamışam. 1996-2007-ci illərdə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurası Biologiya bölməsinin qərarı
ilə "Azərbaycanın flora və faunası",
"Azərbaycanın dərman bitkiləri" və
"Bizim parklar" dərnək proqramları təsdiq
olunmuşdur.
İndiyədək
pedaqoji fəaliyyətim dövlətimiz tərəfindən bir neçə dəfə yüksək
qiymətləndirilmişdir. Belə ki, Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 4 oktyabr
tarixli Sərəncamı ilə "Tərəqqi"
medalı ilə təltif olunmuşam. "Ən yaxşı
müəllim"
müsabiqəsində qalib gəldiyimə görə
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 sentyabr
tarixli Sərəncamı ilə
mükafatlandırılmışam. Bu günlərdə
isə ölkə başçısının sərəncamı
ilə "Əməkdar müəllim" fəxri
adını almışam. Deyim ki, fəxri ada layiq
görülməyim məni daha da yaxşı
çalışmaq üçün ruhlandırır. Bu ad müəllim əməyinə verilən ən
yüksək qiymətdir. Möhtərəm
Prezidentimizə təhsil işçilərinə göstərdiyi
böyük qayğıya görə dərin minnətdarlığımı
bildirirəm. Mən respublikamızın bütün müəllimlərini
bayram münasibəti ilə təbrik edirəm.
Sevincimin hədd-hüdudu yoxdur
Məlahət ƏLƏSGƏROVA,
Bakı şəhəri 160 nömrəli
Klassik
gimnaziyanın müəllimi, əməkdar müəllim
29 ildir ki, doğma Azərbaycan dilinin incəliklərini,
ədəbiyyatımızın zənginliyini şagirdlərimə
sevə-sevə öyrədirəm. Seçdiyim sənətin
vurğunuyam. Daim çalışıram
ki, dövlət dilimizi bütün şagirdlərim yüksək
səviyyədə mənimsəyə bilsinlər. Bu bir həqiqətdir ki, dilimizin
inkişafının yüksək səviyyədə təmin
edilməsi daim dövlətimizin diqqət mərkəzində
olmuşdur. Təhsildə islahatlar, yeni
proqram və layihələrin həyata keçirilməsi,
kurikulumun uğurlu tətbiqi biz müəllimləri daim
öz işinə can yandırmağa, həvəslə
işləməyə sövq edir. Mən
də bacardığım qədər bu işdə əmək
sərf etməyə çalışmışam. Hələ
2000-ci ildən başlayaraq, təlimi qeyri-Azərbaycan dilində
olan məktəblərin 2 , 6, 7-ci sinifləri
üçün yazılmış dərsliklərin yenidən
işlənməsində, həmin məktəblərin 1, 2,
3, 4-cü sinifləri üçün tərtib edilmiş
"İş dəftəri", "Yay
tapşırıqları"nın tərtibində
çalışmışam. 2011-ci ildə
"Ən yaxşı müəllim" müsabiqəsinin
qalibi olmuşam. Dəfələrlə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin və Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin fəxri fərmanlarına
layiq görülmüş, təşəkkürlər
almışam.
Son 5 ildə
müəllimlik fəaliyyətimlə məşğul olmaqla
bərabər, təlimi qeyri-Azərbaycan dilində olan məktəblərin
3-cü (2010-cu il), 5-ci (2012-ci il), 6-cı (2013-cü il), 7-ci
(2014-cü il), 8-ci sinif (2015-ci il) dərslik komplektlərinin də
həmmüəllifiyəm.
İndi sevincimin hədd-hüdudu yoxdur. Möhtərəm
Prezidentimiz İlham Əliyevin müəllimə, onun fəaliyyətinə
göstərdiyi diqqət məni çox sevindirir. Axı müəllim ömrü bir
çıraqdır, ona diqqət yetirəndə, qayğı
ilə yanaşanda o daha da şölələnər, ətrafına
işıq saçar. Biz müəllimlərin
ətrafa saçdığı o şölələr isə
yetirmələrimizdir. Dövlət tərəfindən
yüksək mükafata - "Əməkdar müəllim"
fəxri adına layiq görülməyim
məni daha da səmərəli çalışmağa
ruhlandırır. İnsan əməyinə bu qədər
dəyər verilən bir cəmiyyətdə
yaşadığım üçün xoşbəxtəm.
Bu hissləri mənə yaşadan dövlət
başçımıza dərin minnətdarlığımı
bildirirəm.
Fəxri ad məsuliyyətimi daha da
artırır
Məsmayə RƏHİMOVA,
Bakı şəhəri 91 nömrəli tam
orta məktəbin
ibtidai sinif müəllimi, əməkdar müəllim
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və
metodikası fakültəsini bitirmişəm. 1975-ci
ildən pedaqoji fəaliyyətdəyəm. İşlədiyim
40 il ərzində müxtəlif məktəblərdə
çalışmışam. Belə ki, Bakıdakı 158 nömrəli
məktəbdə uşaq birliyinin rəhbəri olmuş, 21
nömrəli məktəbdə əvvəlcə tərbiyə
işləri üzrə direktor müavini, sonra isə ibtidai
sinif müəllimi işləmişəm. 23
ildir ki, 91 nömrəli tam orta məktəbdə ibtidai sinif
müəllimi kimi fəaliyyətimi davam etdirirəm.
1983-cü ildə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin "Qabaqcıl təhsil işçisi"
döş nişanına layiq görülmüşəm. Kurikulumun tətbiqindən
bəri I-IV siniflərdə riyaziyyat dərsliklərinin
hazırlanmasında iştirak edirəm. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 05.07.2010-cu il
tarixli 973 nömrəli əmri ilə təsdiq edilmiş
"Riyaziyyat 3" müəllim üçün metodik vəsaitin
müəlliflərindən biriyəm.
Pedaqoji fəaliyyətimin
40 illiyi ərəfəsində Prezident İlham Əliyevin sərəncamı
ilə "Əməkdar müəllim" fəxri adına layiq görülməyim digər
mükafatlandırılanlar kimi mənə də böyük
sevinc bəxş edib. Biz müəllimlər dövlətimiz
tərəfindən təhsilə və təhsil
işçilərinə göstərilən böyük
qayğı və diqqəti daim hiss edirik. Hər il Beynəlxalq Müəllimlər Günü
münasibətilə müəllimlərə müxtəlif
təltiflərin verilməsi bunun bariz nümunəsidir. Mənə göstərilən etimada görə
hörmətli Prezidentimiz İlham Əliyev cənablarına
öz minnətdarlığımı bildirirəm. Bu fəxri ad mənim məsuliyyətimi daha da
artırır. Mən bir müəllim kimi
yaxşı dərk edirəm ki, ibtidai sinif təhsilin
özülüdür. Bu özül elə
qurulmalıdır ki, ümumi təhsilin digər səviyyələri
onun üzərində yüksələ bilsin, vətənə
layiq övladlar yetişsin. Bunun
üçün elə işləməliyik ki, dövlət
qarşısında üzərimizə düşən vəzifəni
layiqincə yerinə yetirək.
Fürsətdən
istifadə edib bu il
fəxri ad alan bütün həmkarlarımı
ürəkdən təbrik edirəm.
Həyatda ən böyük
mükafatım
İdris ƏZİZOV,
Salyan rayonu Yuxarı Noxudlu
kənd tam orta məktəbinin direktoru
Mətbuatdan
məlum olduğu kimi, bu günlər ölkəmizin təhsil
işçilərinin böyük bir qrupu Beynəlxalq Müəllimlər
Günü münasibətilə ölkə Prezidenti tərəfindən
mükafatlandırılıb. Onların
arasında mən də varam. Layiq
görüldüyüm "Tərəqqi" medalı bayram
sevincimi qat-qat artırdı. Buna görə
də möhtərəm Prezidentimizə minnətdarlığımı
bildirirəm. Təxminən 40 illik pedaqoji
fəaliyyətim dövründə müxtəlif
mükafatlar almışam. Lakin
Prezidentimizin sərəncamı ilə aldığım
"Tərəqqi" medalı onların hamısından
yüksəkdir.
1951-ci ildə Salyan rayonunun Noxudlu kəndində anadan olmuşam. 1968-ci ildə Salyan şəhər 3 nömrəli orta məktəbi bitirmişəm. 1969-1973-cü illərdə Bakı şəhərində Neftayırma zavodunda operator işləmişəm. 1979- cu ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişəm. 1976-cı ildən müəllim işləmişəm. 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmüşəm. 2007-ci ildən Yuxarı Noxudlu kənd tam orta məktəbinə direktor təyin olunmuşam.
İşlədiyim müddətdə şagirdlərimdə coğrafiya elminə böyük həvəs oyatmışam.Yüzlərlə şagirdim ali məktəblərə qəbul olub və coğrafiya müəllimi kimi mənim sənətimi davam etdirir.
2015-ci ildə rəhbərlik etdiyim məktəbin məzunlarından Ayşən Səfərəliyeva təhsildə xüsusi nailiyyətlərinə görə qızıl medala layiq görülüb və 654 bal toplayaraq ATU-ya daxil olub.
2015-ci ilin məzunlarından Səbinə Həsənova 636 balla Azərbaycan Dillər Universitetinin tələbəsi olub. 4 məzunumuz isə yüksək balla respublikamızın ayrı-ayrı universitetlərinin tələbəsi adını qazanıb.
Dövlətimizin təhsilə qayğısı bizi daha səmərəli işləməyə sövq edir. Biz bu qayğıya təhsilin keyfiyyətini yüksəltməklə cavab verməyə çalışırıq.
Azərbaycan müəllimi.-
2015.- 10 oktyabr.- S.6.