Təhsil Nazirliyi cavab verir

 

Hüquqi məsələlər

 

Sual: Təhsil prosesinin iştirakçıları kimlərdir? Təhsilverənlərin hüquq və vəzifələrinə nələr daxildir?

Cavab: "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə görə  təhsil prosesinin iştirakçıları aşağıdakılardır:

1. təhsilalanlar - uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər, magistrantlar, doktorantlar və başqaları;

2. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, assistentlər,  məsləhətçilər, tyutorlar, tərbiyəçilər, müəllim köməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki, tədris-köməkçi işçilər, dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabxanaçıları, nəşriyyat-redaksiya işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları, təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri, təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial müdafiə, səhiyyə və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;

3. valideynlər və ya digər qanuni nümayəndələr;

4. təhsili idarəetmə orqanları və bələdiyyələr;

5. təlim-tərbiyə prosesində iştirak edən digər fiziki və hüquqi şəxslər.

Təhsilverənlərin hüquqları aşağıdakılardır:

1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;

3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;

4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;

6. ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;

7. müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;

8. təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əməkhaqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq;

9. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

8. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;

9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;

10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

Sual: Əmək məzuniyyəti nədir və əmək məzuniyyətindən istifadə etmək hüququ nə vaxt yaranır? Pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətinin müddəti nə qədərdir?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 113-cü maddəsinə görə əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti Əmək Məcəlləsində nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Həmin Məcəllənin 131-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

Pedaqoji və elmi fəaliyyətlə məşğul olan aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:

a) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;

b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);

c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;

ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa) eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;

d) sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;

e) elmi tədqiqat müəssisələrinin, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;

ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.

Aşağıdakı işçilərə isə əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir:

a) uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara;

b) metodika kabinetlərinin və mərkəzlərinin rəhbərlərinə, metodistlərinə və təlimatçılarına;

c) ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərinə;

ç) məktəbdənkənar uşaq müəssisələrinin dərnək rəhbərlərinə, kütləvi işçilərinə;

d) məşqçi müəllimlərə;

e) elmi tədqiqat müəssisələrinin, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə.

Sual: Məhkəmədə nümayəndə qismində kimlər iştirak edə bilər? Qanuni nümayəndələr kimlərdir?

Cavab: Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 69-cu maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.

Məhkəmədə iş aparmaq üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş hər hansı fəaliyyət qabiliyyətli şəxs nümayəndə ola bilər. Tam fəaliyyət qabiliyyəti olmayan, yaxud qəyyumluq və ya himayəçilik altında olan şəxslər məhkəmədə nümayəndə ola bilməzlər.

Hakimlər, müstəntiqlər, prokurorlar, Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, onların prosesdə müvafiq orqanın səlahiyyətli təmsilçiləri və ya qanuni nümayəndələr kimi iştirak etdiyi hallar istisna edilməklə, məhkəmədə nümayəndə ola bilməzlər.

Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxsləri müdafiə edə bilərlər.

Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər.

Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.

İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi gostərilməlidir.

Sual: İddia müddəti anlayışı nədir və necə müəyyən edilir? Hansı tələblərə iddia müddəti şamil edilmir?

Cavab: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə 6 il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 il təşkil edir.

Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

Əsas tələb üzrə iddia müddətinin keçməsi əlavə tələblər (zaminlik, dəbbə pulu, beh, saxlama və s.) üzrə iddia müddətinin keçməsinə səbəb olur.

İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. İddia muddətinin axımı aşağıdakı hallarda dayandırılır:

1. iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda;

2. iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda;

3. müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə;

4. fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda;

5. müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ huquqi aktın qüvvəsi dayandırıldıqda.

İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

İddia müddəti aşağıdakılara şamil edilmir:

- şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər;

- əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri;

- fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər;

- mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;

- dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri.

 

Azərbaycan müəllimi.- 2015.- 10 oktyabr.- S.8.