"Birdən özümdən
asılı olmayaraq
qışqırdım ki,
700 bal toplamışam"
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik
Akademiyasının tələbəsi Xəyalə Əfəndiyeva
ilə söhbət
Xəyalə Əfəndiyeva
1998-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Vəndam qəsəbə 3 nömrəli tam orta
məktəbi bitirib. Məktəb illərində müxtəlif
tədbirlərdə iştirak
edib, eyni zamanda məktəbin folklor kollektivinin üzvü olub. Çoxlu sayda diplom və fəxri fərmanlarla təltif olunub. Qəbul imtahanlarında 700 bal toplayaraq Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının siyasi
idarəetmə fakültəsinin
hüquqşünaslıq ixtisasına
daxil olub. Onunla görüşüb
imtahan təəssüratlarını,
ümumiyyətlə, bizi maraqlandıran sualları cavablandırmağı xahiş etdim. Bakının ən gözəl guşələrinin
birində - Nərimanov parkında görüşüb həmsöhbət
olduq.
- Xəyalə, necə oldu ki, bu
ixtisası secdin?
- Hələ 5-ci sinifdə oxuyarkən məktəb kitabxanasının üzvü idim. Tarixi ədəbiyyatlar
çox oxuyurdum, məhkəmə
prosesləri ilə bağlı cinayət xarakterli filmləri seyr etməkdən zövq alırdım. Hətta seyr
etdiyim filmlərin siyahısını da tutmuşdum. Qəti qərara gəldim ki, böyüyəndə hüquqşünas olacağam. Bu qələbəmi hədəfə
doğru ilk uğurum adlandırmaq olar. İnşallah arzuma çatana
qədər var gücümlə çalışacağam.
Çünki gələcəkdə
işə girmək üçün də
imtahan verməliyəm. Əslində bu biz tələbələrin məsuliyyətini
birə-beş artırır.
- 700 bal toplayacağına inanırdınmı?
- Ali məktəbə hazırlaşmağa
başlayanda qarşıma
700 bal toplamağı məqsəd qoymuşdum. Ancaq məqsədə çatmaq
üçün gərək
tələb olunandan da artıq çalışasan. Mən vaxtımın çox
hissəsini dərslərimə
sərf edirdim. Gecəmi gündüzə qatıb çalışdım. İnanırdım
ki, yüksək bal toplayıb universitetə qəbul olacağam. Ancaq etiraf etməliyəm ki, bir
az tərəddüd də edirdim. Çünki bu, qəbul imtahanı idi, sınaq imtahanı yox.
- TQDK-nın sınaqlarında neçə
bal toplamışdın?
- Tələbə Qəbulu
üzrə Dövlət
Komissiyasının keçirdiyi sınaq imtahanlarından
670-680 bal toplamışdım. Onda çox sərbəst
idim, imtahan xofu yox idi.
Kim deyirsə ki,
imtahan zamanı həyəcan keçirməyib,
o, səmimi
deyil. Qəbul imtahanı zamanı nəinki bizi,
bəlkə otağın
divarlarını da həyəcan bürümüşdü.
- Demək həyəcan var idi...
- Çox həyəcanlı
idim. Baxmayaraq ki, test suallarına
mükəmməl hazırlaşmışdım. Bu hiss məni rahat buraxmırdı. Amma sualları
nəzərdən keçirəndə həyacanımın yersiz olduğunu düşündüm.
Sualları cavablandırarkən heç bir çətinlik çəkmədim.
Ürəyimdə müəllimlərimə və mənə dəstək olan valideynlərimə
təşəkkür etdim. Onların əməyi üzərimdə
çox olub.
- Yüksək bal topladığını biləndə
hansı hisslər keçirdin?
-
"Space" telekanalında atam cavabları
yoxladıqca mən dinməzcə işarə edirdim. Sonda atam dedi ki,
qızım, nə oldu, neçə bal toplamısan.
Dinmədim. Yenə də
təkrar soruşdu: - Qızım...
Atamın, anamın, qardaşımın həyəcanlı
baxışlarına dözmədim
və birdən özümdən asılı olmayaraq qışqırdım ki,
700 bal toplamışam.
Telefon zəngləri,
təbriklər bir-birinə
qarışdı.
İnanın ki, sevincimin
hədd-hüdudu yox idı. Valideynlərim məndən də
çox sevinirdilər. Ertəsi gün sinif yoldaşlarım, müəllimlərim, direktorumuz
Rahib Məmmədov, sinif rəhbərimiz Yeganə Abdurəhmanova məni təbrik etdilər. 700 bal toplayan
gənclərlə görüşlər
keçirildi. Qəbələ Rayon İcra
Hakimiyyətinin
başçısı S.Abdullayev uğurlarımı yüksək
dəyərləndirdi və tələbələrlə
görüşündə mənə planşet hədiyyə etdi. "Qəbələ" klubunun futbolçuları
tərəfindən ali təhsil müəssisələrinə imtahan zamanı ən yüksək bal toplayan və tələbə adını
qazanan üç Qəbələ sakininə
hədiyyələr verildi. Mənə noutbuk
hədiyyə olundu.
- Tələbə
olmaq arzusu hər bir insanın ən ümdə olan arzularından biridir. İlk dərs günü özünü
necə hiss edirdin, artıq şagird deyil, I kurs tələbəsi idin... Sevinirdinmi?
- Əlbəttə, sevinirdim. Orta məktəbə qədəm qoyan gündən tələbə
olmaq arzusu ilə yaşayırdım. Bilik günü akademiyada keçirilən
tədbirdə mənə
söz veriləndə
bu sözləri ucadan səsləndirdim. Çünki bu adı daşımaq mənim üçün
böyük şərəf,
böyük fəxarətdir. Bütün tələbələri tələbə
adı qazanmaq münasibətilə təbrik
etdim və onlara ali təhsil
illərində uğurlar, mənalı tələbə həyatı
arzuladım.
- Ölkə rəhbərinin müvafiq
sərəncamı ilə Prezident təqaüdünə layiq
görülmüsən, ilk təqaüdünü nəyə xərcləyəcəksən?
- Valideynlərimə hədiyyə
və bədii kitablar
alacağam.
Qış tətilində
təhsil aldığım
məktəbə gedib müəllimlərimlə görüşəcəyəm.
- Gələcək arzuların...
- Tələbə adını
qazandıqdan sonra insanda yeni-yeni arzular baş qaldırır. Necə deyərlər, arzular arzulara
calanır. Ən böyük arzum gələcəkdə
təhsilimi xaricdə
davam etdirməkdir. Hazırda isə fikrimi seminarlara, mühazirələrə yönəltmişəm. Qarşıda bizi qış semestr imtahanları gözləyir.
Çalışacağam ali
məktəbi fərqlənmə
diplomu ilə bitirim.
- Kirayəşin yaşayırsan?
- Xeyr, qardaşımla birgə ana babamın evində yaşayırıq.
O da Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsidir.
- Hər ikinizə uğurlar diləyirəm.
- Vaxt ayırıb mənimlə həmsöhbət
olduğunuza görə mən
də sizə və redaksiya rəhbərliyinə
öz dərin təşəkkürümü bildirirəm. Sağ olun ki,
bizi axtarıb arayırsınız, Təhsil
Nazirliyinin rəsmi orqanı olan "Azərbaycan müəllimi"
qəzetində
işıqlandırırsınız.
Bu, şəxsən mənim üçün olduqca qürurverici bir haldır. Bir daha sizə təşəkkür edirəm.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.-
2015.- 10 oktyabr.- S.9.