İtaliya mətbuatında təhsil naziri Mikayıl Cabbarovun
bu ölkəyə səfəri
ilə bağlı yazılar dərc olunub
Sentyabrın
29-da Milan şəhərində keçirilən Azərbaycan-İtaliya
Universitetlərarası Forumu İtaliya mətbuatında
geniş şərh olunub. Yerli mətbuat forumun iki ölkə
arasında təhsil əlaqələrinin inkişafına yeni töhfə verəcəyini qeyd edir.
Ölkənin Geopolitica.info saytı iki ölkənin təhsil
qurumlarının, ali məktəb rəhbərlərinin
iştirakı ilə keçirilmiş forum çərçivəsində
aparılmış debatlar barədə geniş məlumat verib.
Məqalədə tədbirin əhəmiyyəti,
Azərbaycan və İtaliya universitetləri arasındakı əlaqələrin
daha da artırılması, tələbə mobilliyi, birgə
layihə və tədbirlərin həyata keçirilməsi,
təhsil sahəsində əməkdaşlığın
genişləndirilməsi imkanları barədə məlumat verilir. Forumun əhəmiyyətindən
danışarkən məqalə
müəllifi Françesko
Montanino haqlı olaraq qeyd edir
ki, təhsil və mədəniyyət artıq ölkələr
arasında əlaqələrin inkişafında iqtisadi və digər strateji alətlər
kimi güclü təsir vasitəsinə çevrilməkdədir. Məqalədə forumda iki ölkənin
akademik təhsil qurumlarının
- Bakı, Roma, Breşia, Venetsiya və Neapoldan olan
universitetlərin rəhbərlərinin ilk dəfə olaraq ən yüksək səviyyədə təmsil
olunduğu vurğulanır. Məqalədə
təhsil naziri Mikayıl Cabbarovun, İtaliyanın Təhsil,
Universitetlər və Tədqiqatlar Nazirliyinin ali təhsilin
beynəlmiləlləşdirilməsi departamentinin müdiri
Federiko Cinquepalminin, Roma La Sapienza Universitetinin rektoru Antonello
Biacininin, Roma Tre Universitetinin rektoru Mario Panizzanın, Brescia
Universitetinin prorektoru Maurizio Memonun və digər
iştirakçıların
çıxışlarından sitatlar gətirilir və
tədbirin hər iki ölkənin təhsil sistemi
arasında təcrübə
mübadiləsi aparmaq baxımından önəmi
vurğulanır.
Qeyd
edək ki, İtaliyanın bir
sıra digər xəbər saytlarında da forumla bağlı məqalələr
yayılıb. “ANSA” agentliyinin saytında yerləşdirilmiş
yazıda ölkələrimiz arasında bütün istiqamətlərdə,
o cümlədən təhsil sahəsində yaxşı əlaqələrin
olduğu diqqətə çatdırılır.
Vurğulanır ki, bu gün 300-dən çox azərbaycanlı
tələbə İtaliyanın aparıcı universitetlərində
təhsil alır. “Opinione pubblica” xəbər saytının
“Azərbaycan-İtaliya Universitetlərarası Forumu:
böyük mədəni uğur” sərlövhəli
yazısında tədbirin hər iki ölkənin akademik dairələrinin
nüfuzlu nümayəndələrini bir araya gətirdiyi
vurğulanır. Diqqətə
çatdırılır ki, bütün sahələrdə
yüksək səviyyədə olan münasibətlərimiz
ali təhsil sektorunda da güclənməkdədir. İtaliyanın “Il Primato Nazionale” xəbər
saytı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın
genişlənməsindən bəhs edir. Romada keçirilmiş Azərbaycan-İtaliya
Universitetlərarası Forumu bunun bariz nümunəsidir. Məqalədə
tədbirdə iştirak etmək məqsədilə
İtaliyada səfərdə olan Azərbaycanın təhsil
naziri Mikayıl Cabbarovun italiyalı həmkarı ilə
görüşünə də toxunulur.
Qeyd
edək ki, təhsil naziri Mikayıl Cabbarovun rəhbərliyi
ilə Təhsil Nazirliyinin və ölkəmizin 11 dövlət
ali təhsil müəssisəsinin məsul şəxslərindən
ibarət nümayəndə heyəti sentyabrın 29-da Milanda Azərbaycan-İtaliya
Universitetlərarası Forumunda iştirak edib. Forumun məqsədi
Azərbaycan və İtaliya ali təhsil müəssisələri
arasında mövcud əlaqələri genişləndirmək,
yeni əlaqələr qurmaq, aktual mövzuları müzakirə
etmək, təcrübə mübadiləsi və birgə
proqramlar həyata keçirmək imkanlarını dəyərləndirmək
olub.
Oruc Mustafayev
Azərbaycan müəllimi.- 2015.-
17 oktyabr.- S.3.