Orta məktəblərdə
çalışan
laborantlar nə ilə
məşğuldur?
Budəfəki yazımızda Azərbaycan
təhsilinin uzun illərdən bəri kök salmış,
daşlaşmış problemlərindən birini - orta
ümumi təhsil müəssisələrində
çalışan laborantların fəaliyyətini, daha dəqiq
desək, fəaliyyətsizliklərini, mövcud problemlərin
real səbəblərini araşdırmağa
çalışacağıq. Dünyanın
bir çox inkişaf etmiş ölkələrinin bu sahədəki
təcrübəsi ilə maraqlananda bizə aydın oldu ki,
Almaniya, Fransa, Böyük Britaniya, Türkiyə kimi dövlətlərdə
laborant, müəllim köməkçisi və bu kimi vəzifələrdə
çalışan əməkdaşlar məktəbdə tədris prosesinin düzgün qurulmasında,
dərslərin təşkilində, əyani vəsaitlərin
hazırlanmasında müəllimlərin, sözün həqiqi
mənasında, ən yaxın köməkçiləri hesab
olunurlar. Əlbəttə, bu vəzifələr bizim
qanunvericilikdə də mövcuddur. Bəs müəssisə
rəhbərlərimiz və laborantlarımız buna əməl
edirlərmi? Paytaxtın bəzi
məktəblərində araşdırmalarımız
göstərdi ki, məktəb direktorlarımız bu vəzifədən
əsasən katibə, köməkçi, hətta bir
çox hallarda “katibələrin katibəsi” qismində
yararlanırlar. Yəni, məsələyə
obyektiv yanaşsaq, bu gün orta məktəblərdə
çalışan laborantların əsas vəzifəsinin
direktorlara çay aparmaq, onları vətəndaş zənglərindən
və şikayətçilərdən qorumaq, müdirlərinin
şəxsi tapşırıqlarını yerinə yetirməkdən
ibarət olduğunu görərik. Araşdırma
apardığımız məktəblərdə eyni zamanda,
başqa bir problemin də şahidi olduq. Laborant
vəzifəsinin texniki ştat olmasına baxmayaraq, məktəb
direktorları Təhsil Nazirliyinin müəllimlərin işə
qəbulu ilə bağlı apardığı imtahandan dəfələrlə
cəhd edib keçə bilməyənləri laborant vəzifəsinə
təyin etməklə, onları dolayı yollarla (analıq, xəstəlik
və bu kimi məzuniyyətlərdə
olanların əvəzinə illərlə) müəllim
simasında auditoriyalara göndərirlər. Paytaxtın
5 məktəbində apardığımız
araşdırmaların nəticələrini təqdim edirik.
LABORANTLARIN QANUNVERİCİLİKDƏ
NƏZƏRDƏ TUTULMUŞ
VƏZİFƏLƏRİ
Laboratoriya
avadanlığının, cihazlarının, təlimin texniki
vasitələrinin saz halda olmasına çalışır,
onların vaxtında əldə edilməsi, xüsusi zavod və
emalatxanalarda təmiri üçün sifariş
hazırlayır, kimyəvi reaktivlərin düzgün
saxlanması və istifadə olunmasını təmin edir. Avadanlıqların,
cihazların, aparaturaların, reaktivlərin laboratoriya işlərində,
dərslərdə və məşğələlərdə
istifadə olunması üçün hazırlayır, həmin
avadanlıqların müvafiq təlimatlara və digər
texniki sənədlərə uyğunluğunu yoxlayır.
Filmotekalarla müntəzəm olaraq işgüzar əlaqə
saxlayır. Müəllimləri dərs məşğələsi
üçün lazım olan materiallarla təmin edir. Müəyyən
olunmuş formada hesabatlar hazırlayır.
Araşdırmamıza ilk olaraq, Suraxanı rayonu Günəşli qəsəbəsində yerləşən 285 nömrəli tam orta məktəbdən başladıq. Məktəbin direktoru Həyat Dünyamalıyeva bizimlə söhbətində bildirdi ki, məktəbdə 6 laborant var. Onlardan 4-ü kompüter, digər 2 nəfəri isə fizika və kimya fənləri üzrə laborantlardır. Laborantlarla və onların iş prosesi ilə tanış olmaq məqsədilə məktəbə baxış keçirildikdə məlum oldu ki, kompüter laborantlarından 2 nəfəri- Gülər Səfərova və İlhamə Qurbanova kompüter otağında deyil, direktorun qəbul otağında əyləşir, məktəblə bağlı sənədləşdirmə və digər işlərdə direktora köməklik göstərirlər. Digər laborant Əsmər Qasımova isə İlhamə Quliyevaya kömək edir. Yəni sadə dillə desək, köməkçiyə köməkçilik edir. Kompüter laborantlarından təkcə Gülşən Həmidzadə İKT laboratoriyasına nəzarət edir. Onlar özləri də etiraf etdilər ki, məktəbdə əsasən ümumi işlərlə məşğuldurlar, müxtəlif proqramlar üzrə əlaqələndiricidirlər. Onlardan laborantın vəzifəsinin nədən ibarət olduğunu soruşduqda isə dəqiq cavab verə bilmədilər.
Laborantlardan İlhamə Qurbanovaya ixtisası haqqında sual verdikdə tarixçi olduğunu, lakin yaşadığı ərazidəki məktəblərdə ixtisası üzrə vakant müəllim yeri olmadığı üçün laborant vəzifəsində çalışdığını bildirdi. Digər laborant Gülşən Həmidzadəyə də həmin sualı ünvanladıq. O bildirdi ki, ADPU-nun fizika fakültəsini bitirib. Planında məktəbə laborant kimi daxil olduqdan sonra müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak edərək müəllim kimi işləmək olduğunu deyən laborant, sonralar buna marağı olmadığını bilidirdi.
Kompüter laborantları ilə söhbətimizi yekunlaşdırdıqdan sonra kimya və fizika laboratoriyalarına getdik. Nəzərə çatdıraq ki, burada vəziyyət fərqli idi. Belə ki, kompüter laborantlarının əksinə olaraq, burada çalışan Səfurə Nəcəfova və Afaq Qurbanova laboratoriyada olan avadanlıqlar, cihazlar və müxtəlif maddələr, vəzifə borcları haqqında məlumatlı idilər. Bundan başqa, iş planları da səliqə ilə yazılmışdır. Onlara da ixtisasları haqqında sual verdikdə Afaq Qurbanova qeyd etdi ki, Şamaxı Mədəni-Maarif Texnikumunun ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsini bitirsə də, 2001-ci ildən məktəbin kimya laborantı vəzifəsində çalışır.
Sonra yolumuzu Bakıxanov qəsəbəsindəki
F.Tağıyev adına 72
nömrəli məktəb-liseydən saldıq. Şəhərimizin
ən böyük, müasir təmirli, maddi-texniki baza cəhətdən
zəngin təhsil ocaqlarından biri olan bu məktəbdə
işlərin daha yaxşı olacağını düşündük.
Direktorun qəbul otağında bir neçə nəfərlə
qarşılaşdıq. Sonradan bildik ki, sən demə bunlar
da direktorun laborant “köməkçiləri”dir. Məktəb-liseyin
direktoru Polad Əjdərovla görüşüb məqsədimizi
bildirdik. Direktorun dediklərindən məlum oldu ki, hazırda
1425 şagirdin oxuduğu, 121 müəllimin
çalışdığı, 58 sinif komplekti olan məktəb-liseydə
5 laborant fəaliyyət göstərir. Onlardan 2-si fizika və
biologiya, 3-ü isə informatika üzrə laborantdır.
Laboratoriyalara baş çəkmək,
laborantlarla, müəllim və şagirdlərlə söhbət
etmək istədiyimizi bildirdik. İnsafən
desək, direktor bizə çay da təklif etdi. Amma laborantlara zəhmət olmasın deyə, etiraz
etdik.
Direktorla birlikdə onun kabinetindən
çıxdıqdan sonra bir müddət foyedə ləngiməli
olduq. Hiss
etdik ki, laboratoriyaların açarlarını tapa bilmirlər.
Ancaq bizi düşündürən o idi ki, məktəbdə
tədrisin ən qızğın saatlarında nə
üçün laboratoriyaların qapıları
bağlı, laborantlar isə direktorun qəbul otağında
olmalıdır? Bəs dövlətin
yüz minlərlə vəsait hesabına aldığı bu
laboratoriyalardan şagirdlər nə zaman yararlanmalıdır?
Nəhayət, açarlar tapıldı. Öncə biologiya laboratoriyasına yollandıq.
Burada X sinfin dərsi vardı. Laboratoriya doğrudan
da yüksək təchizatlı idi. Amma nə
faydası. Şagirdlər özləri belə
etiraf etdilər ki, son bir ildə bu laboratoriyada mikroskop
altında soğan qabığını müşahidə
etməkdən başqa heç bir təcrübə
aparılmayıb. Bizimlə birlikdə
sinifdə olan direktor müavininin kömək məqsədli
müdaxilələrinə baxmayaraq şagirdlərlə
qısa söhbətdən o da məlum oldu ki, onların
heç biri biologiya üzrə laborantı tanımır.
Onu heç vaxt dərsdə, laboratoriyada görməyiblər,
adını belə bilmirlər. Qəribə
burasıdır ki, heç müəllim də ona kömək
etməli olan laborantının adını deyə bilmədi
və onu tanımadığını etiraf etdi.
Şagirdlər “Ümumiyyətlə, məktəbinizin hansısa
laborantını tanıyırsınızmı”
sualımızı da kollektiv sükutla qarşıladılar.
Kimya laboratoriyasında da 10-cu siniflə rastlaşdıq. Lakin az
sonra məlum oldu ki, onların kimya dərsi deyil. Sən demə, boş laboratoriyanı bizə
göstərməmək üçün 10-cu sinif şagirdlərini
informatika dərsindən çıxarıb ora
doldurmuşdular. Bu sinifdə də
apardığımız qısa sorğu-sualdan aydın oldu
ki, şagirdlər laborantları tanımırlar. Onlar məktəblərində ümumiyyətlə
laborantların olub-olmamasından xəbərsizdirlər.
Kimya müəllimi Sevda Cəbrayılova da kimya
laborantının olub-olmadığını bilmədi.
Burada da şagirdlər son illər kimya dərslərində
laboratoriyada yalnız bir təcrübə keçdiklərini
xatırlaya bildilər və onun da ancaq müəllim tərəfindən
aparıldığını, heç bir laborant görmədiklərini
söylədilər.
Sonra məktəb direktorunun öz kabinetinə
yığdığı laborantlarla söhbət etdik. Onların
heç biri öz vəzifə funksiyalarının nədən
ibarət olduğunu deyə bilmədi. Bizi
maraqlandıran suallara yalnız ümumi sözlərlə
cavab verdilər. Biz onlara “Şagirdlər
sizi laborant kimi tanımırlar” deyəndə onlar müəllim
kimi tanındıqlarını bildirdilər. Amma direktor
isə bizə onlardan dərs prosesində müəllim əvəzedicisi
kimi istifadə
olunmadığını vurğulamışdı.
İxtisasca
filoloq olan, Bakı Dövlət Universitetini bitirən və
2013-cü ildən 72 nömrəli məktəb-liseydə
laborant işləyən Bahar Kazımovadan nə
üçün belə bir nüfuzlu ali məktəbi
bitirib laborant işlədiyini, müəllimlərin işə
qəbulu ilə bağlı müsabiqədə iştirak etmədiyini
soruşduq. O, buna iki dəfə cəhd etdiyini, lakin lazımi
qədər bal toplamadığını
bildirdi.
Sonra Sabunçu rayonunda yerləşən digər bir təhsil
ocağına - 74 nömrəli
tam orta məktəbə üz tutduq. Burada da demək
olar ki, eyni mənzərənin şahidi olduq. Laborantlarla
tanış olarkən birinin siması bizə
tanış gəldi. Məlum oldu ki, məktəbə
girərkən bizi qarşılayanlardan biri məhz bu laborant
xanım idi. Söhbət zamanı məlum
oldu ki, bu xanım laboranta məktəbin birinci mərtəbəsinə
nəzarət etməklə yanaşı, direktorun hörmətli
qonaqlarını qarşılamaq kimi “mühüm vəzifə”
də tapşırılıb.
Sonradan direktor Rüxsarə Əliyeva
özü də etiraf etdi ki, şagirdlərə nəzarət
etmək üçün hər mərtəbəyə bir
laborantı təhkim edib. Laborantlarla
söhbətmizdə onlar da bildirdilər ki, məktəbdə
əsasən direktorun tapşırıqları, bəzi tədbirlərin
təşkili və sənədləşdirmə işləri
ilə məşğul olurlar.
Laborantlara “Axırıncı dəfə
hansı laborator işin aparılmasında iştirak etmisiniz”
sualı verdikdə isə son dəfə belə bir prosesdə
iştirak etdiklərini xatırlamadılar. İş planları ilə bağlı suala isə
cavab verməkdə çətinlik çəkdilər.
Mövzu
ilə bağlı növbəti reydimizi Xətai rayonunda yerləşən
194 nömrəli məktəbə
etdik. Ötən il istifadəyə
verilən və yüksək səviyyədə maddi-texniki
bazası olan məktəbdə bizi ilk qarşılayan direktor
Əliyusif Əliyev oldu. Direktor bildirdi ki, məktəbdə 9
laboratoriya var. Onlardan 3-ü kompüter, digərləri isə fizika,
kimya, biologiya laboratoriyalarıdır. Bu
laboratoriyaların hamısı yüksək səviyyədə
təchiz olunub. İlk baxışdan mənzərə
çox ürəkaçan idi. İşıqlı,
geniş laboratoriyalarda ən müasir avadanlıqlar yerləşdirilmişdi.
Lakin yenə bizi bu sual maraqlandırırdı.
Görəsən dövlətimiz tərəfindən
yaradılan bu yüksək imkanlardan şagirdlərin bilik və
bacarığının artırılması
üçün lazımi qədər istifadə olunurmu?
Bu məqsədlə kimya laboratoriyasında XI
sinfin dərsini izlədik. Onların bu
laboratoriyadan necə istifadə etdiklərini görmək istədik.
Lakin şagirdlərlə söhbətimizdən məlum oldu
ki, onlar çox az hallarda bura gəlirlər
və laborantı isə ümumiyyətlə
tanımırlar. Kimya müəllimi isə
laborantın məktəbdə olmadığını
bildirdi.
Fizika laboratoriyasında da vəziyyət eyni idi. Şagirdlər
laborantı tanımadıqlarını və ümumiyyətlə
dərs prosesinə hazirlıq mərhələsində
görmədiklərini bildirdilər. Onlara ən adi bir
cihazı- voltmetri göstərərək bunun nə olduğunu
soruşduqda isə heç bir şagird onun
adını bilmədi. Məktəbdə olan
laborantlardan sonuncu dəfə nə vaxt laborator məşğələdə
iştirak etdiklərini soruşduqda isə heç biri cavab
vermədi. Görünür,
bu müəssisədə də məktəb rəhbərliyinin
gələcəyimiz vaxtdan və mövzudan xəbərləri
olmadığı üçün şagirdləri
yaxşı “təlimatlandıra” bilməmişdilər.
Sonra paytaxtın mərkəzində yerləşən 132-134 nömrəli təhsil
kompleksində olduq. Əvvəlcə kompleksin direktoru Sara
Xanlarova ilə görüşüb gəlişimizin məqsədini
dedik. Direktor birinci növbənin artıq
bitdiyini və buna görə də yalnız kompüter
laborantlarının işdə olduğunu diqqətə
çatdırdı. S.Xanlarova bizimlə
söhbətində səmimi olaraq etiraf etdi ki, təhsil
kompleksində də laborantların işi bir o qədər
ürəkaçan deyil. Düzdür,
onlar dərs müddətində laboratoriyada olurlar, müəllimə
dərs prosesi zamanı bəzi köməklik də göstərirlər,
ancaq düşünürəm ki, laborantlar xüsusi
ixtisaslı olsalar, bu bizə daha çox fayda verər.
Araşdırmalarımızdan məlum
oldu ki, orta ümumtəhsil məktəblərimizin əksəriyyətində
laborant vəzifələri formal xarakter daşıyır. Onlar
qanunvericiliklə üzərlərinə düşən
işlərdən daha çox məktəb rəhbərlərinin
müxtəlif tapşırıqlarını yerinə yetirirlər.
Məsələnin digər tərəfi isə
laborantların qeyri-ixtisaslı olmaları ilə
bağlıdır. Belə ki, bir çox hallarda aidiyyəti
olmayan müxtəlif ixtisas sahibləri bu vəzifədə
çalışırlar ki, bu da dərs prosesinə mənfi
təsir göstərir. Təhsil Nazirliyinin
göstəriş və tövsiyələrinə məhəl
qoymayaraq, Sovet dövründə olduğu kimi, ədəbiyyat
müəllimini kimya, fizika laborantı vəzifələrinə
qəbul edənlər bu müəssisələrdə
hansı keyfiyyətdən danışa bilərlər? Təhsil Nazirliyinin apardığı imtahanlarda
yüksək nəticə göstərərək müəllim
adı qazananları, uzun illər çalışan təcrübəli
pedaqoqları kənarda qoyaraq, əvəzçilik
saatlarının bu imtahanlardan keçə bilməyən,
bilik səviyyəsi bir o qədər də yüksək
olmayan laborantlara verilməsi, görəsən, hansı
zərurətlə bağlıdır? Bundan başqa, dövlətə
yüksək maliyyə xərcləri bahasına başa gələn
laboratoriyalardan çox nadir hallarda istifadə olunur.
Müşahidələrimiz onu da göstərdi ki, laborant
ştatına işə götürülənlərə
onların vəzifə funksiyaları izah olunmur, iş
planı tələb edilmir.
Təəssüf
ki, bu problemlər direktorların vəzifə məsuliyyətlərindən
asılı olaraq, məktəblərin bəzisində az, bəzisində
çox olmaqla, demək olar ki, əksər müəssisələri
əhatə edir. Şübhəsiz ki, bu sahədə olan
qanunvericilikdə də müəyyən boşluqlar
mövcuddur. Yəqin
ki, Sovet dövrünün məhsulu olan, bəzi
saralmış vərəqləri, öz əhəmiyyətini
itirmiş bəzi qaydalarımızı dəyişməyin
vaxtı artıq çatıb. Nəzərə almaq
lazımdır ki, bu məsələ ilə bağlı Təhsil
Nazirliyində müəyyən addımlar atılmaqdadır.
Ötən ildən başlayaraq, paytaxt məktəbləri
üçün laborantların seçimi mərkəzləşmiş
qaydada aparılır. Bu seçimdə ixtisas və peşə
bacarıqlarına isə xüsusi önəm verilir. Ancaq eyni zamanda, müəssisə rəhbərlərinin
də üzərinə böyük məsuliyyət
düşür. Ölkə rəhbərimizin istədiyi kimi,
müasir tələblərə cavab verən bir təhsil
sistemi qurmaq istəyiriksə hər bir kəs üzərinə
düşən vəzifələri vicdanla, məsuliyyətlə
yerinə yetirməlidir. Görünür, Təhsil Nazirliyinin
bu istiqamətdə apardığı işlər, neqativ
hallara qarşı və nizam-intizamla bağlı
atdığı prinsipial addımlar hələ də bəzilərini
qəflət yuxusundan ayıltmayıb.
Yusif Əliyev,
Niyazi Rəhimov
Azərbaycan müəllimi.- 2015.-
17 oktyabr.- S.5.