Bilik Fondu xarici əlaqələrini genişləndirir

 

Polşanın səfiri Bilik Fondunun qonağı oldu

 

Polşanın fövqəladə və səlahiyyətli səfiri cənab Marek Calka Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olub.

Fondun icraçı direktoru Oktay Səmədov Polşa ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən, iki ölkə arasında siyasi, iqtisadi, hüquqi, mədəni, elmturizm sahələrində əməkdaşlığın yüksələn xətlə inkişafından söhbət açıb. Azərbaycanın müstəqilliyini ilk aylarda tanıyan dövlətlərdən birininPolşa olduğunu vurğulayan O.Səmədov 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Polşaya ilk səfəri zamanı iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığa zəmin yaradan hüquqi müqavilələrin imzalandığını da xatırladıb. O.Səmədov rəhbərlik etdiyi Fondun həyata keçirdiyi müxtəlif layihələr barədə səfirə məlumat verib, maarifçiliyin bütün ölkələrdə cəmiyyətin inkişafına təkan verdiyini vurğulayıb.

Səfir Marek Calka Bilik Fondunda görüşdən məmnunluğunu ifadə edərək ölkələrimiz arasında əməkdaşlığın 500 ildən çox tarixə malik olduğunu bildirib. Fondun gördüyü işləri maarifçilik istiqamətində mütərəqqi addım kimi dəyərləndirən cənab səfir “Qardaşlaşmış məktəblər”, “Docendo discimus”, “Dünya elmi Azərbaycanda”, “Azərbaycan elmi dünyada” layihələrinə xüsusi maraq göstərib. Səfir Polşa məktəblilərinin azərbaycanlı şagirdlərlə Qardaşlaşma Sazişi imzalamasını arzuladığını dilə gətirib. Cənab M.Calka onu da deyib ki, Polşanın nüfuzlu universitetləri ilə yerli təhsil ocaqları arasında alimlərin mübadiləsi, qarşılıqlı ustad dərslərinin təşkili hər iki tərəf üçün uğurlu nəticələr əldə etməyə imkan yaradacaq.

 

 Çexiyalı alimlər əməkdaşlıqda maraqlıdırlar

 

Çex Respublikasının Mendel Universitetinin alimlərindən ibarət bir qrup Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.

Qonaqları salamlayan icraçı direktor Oktay Səmədov Bilik Fondunun təhsil və maarifçilik istiqamətində beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən danışıb. O.Səmədov qonaqlara Praqada “Azərbaycanın geologiya elmi Çexiyada” layihəsi çərçivəsində təşkil olunmuş sərgi barədə də ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mendel Universitetinin regional inkişaf və beynəlxalq təhsil fakültəsinin dekanı, professor Libor Qreqa təmsil etdiyi təhsil ocağı haqqında bilgi verib. Professor Bilik Fondu ilə Mendel Universiteti arasında təhsil sahəsində əməkdaşlığın mümkün variantları barədə təkliflərini səsləndirib.

Universitetin iqtisadiyyatbiznes fakültəsinin dekan müavini, dosent Tomas Foltynek, təhsil üzrə ekspert Katerina Dolnik, Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri, professor Azər Kərimov Çexiya və Azərbaycan alimlərinin, təhsil işçilərinin mübadiləsi, ikitərəfli elmi layihələrin həyata keçirilməsi barədə fikirlərini bildiriblər. Görüşdə birgə fəaliyyət planı haqqında qarşılıqlı təkliflər müzakirə olunub, təcrübə mübadiləsinin səmərəli nəticələr verəcəyinə əminlik ifadə olunub.  

 

Xatirə HÜSEYNOVA,

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik

Fondunun İnformasiya təminatı sektorunun müdiri

 

Azərbaycan müəllimi.- 2015.- 17 oktyabr.- S.8.