“Biləndə ki, 700 bal toplamışam...”
Prezident təqaüdçüsü, tələbə
Arzu Həsənli ilə söhbət
Arzu Həsənli 1999-cu il aprelin 2-də Bərdə şəhərində
anadan olub. 2015-ci ildə Bərdə şəhər
akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyi əla qiymətlərlə bitirib.
Təhsil aldığı
müddətdə ictimai
tədbirlərdə fəal iştirak edib. Respublika üzrə keçirilən bilik yarışlarında məktəb-liseyi layiqincə təmsil edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK-nın)
2015-2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanında ən yüksək nəticə -700 bal
toplayıb.
Bakı Ali Neft Məktəbinin “Proseslərin
avtomatlaşdırılması mühəndisliyi” ixtisasına
qəbul olub. Ölkə rəhbərinin müvafiq
sərəncamı ilə Prezident təqaüdünə layiq
görülüb. Bu şad
xəbərin sorağı
ilə biz də onu aradıq, təbrik edib bəzi sualları cavablandırmağı xahiş
etdik.
- 700 bal çox yüksək nəticədir, onu qazanmaq üçün
bilik və istedad kifayət edir, yoxsa bəxtin də gətirməlidir?
- Məncə 700 balı toplamaq üçün xüsusi bir istedada sahib olmaq mütləq deyil, sadəcə gündəlik
dərslərə mütəmadi
olaraq yaxşı hazırlaşmaq, müəllimlərə
diqqətlə qulaq asıb, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmək kifayətdir. Mən də belə etdim, məktəbə getdiyim ilk gündən etibarən dərslərimə
məsuliyyətlə yanaşdım,
yuxarı siniflərə
keçdikcə qarşıma
qoyduğum məqsədi
daha da konkretləşdirdim: Universitetə ən yüksək balla daxil olmalıyam,-
deyə düşündüm
və məqsədimə
nail olmaq üçün
gecə-gündüz çalışdım.
Mənim boş vaxtlarım demək olar ki, olmayıb.
Hazırlıq müddətində televizora
baxmaqdan və başqa əlavə işlərlə məşğul
olmaqdan tamamilə imtina etmişdim. Qəbul imtahanından
əvvəl keçirilən
sınaqların hamısında
iştirak etmişəm.
TQDK-nın sınaq imtahanlarında ən
yüksək balım
670 olurdu. Hər sınaqda çətin mövzular qarşıma çıxdıqca
həmin mövzuların
üzərində daha
çox çalışırdım.
Şükür ki, çəkdiyim əziyyət
hədər getmədi
və mənə göstərilən bütün
etimadları 700 ballıq nəticə ilə doğrultdum.
- İmtahandan əvvəl və imtahandan sonrakı əhvali-ruhiyyən hansı təəssüratlarla
yadda qalıb? Həyəcanlanmırdın ki? Axı,
bu, necə olmasa qəbul imtahanı idi, sınaq imtahanı yox!
- İmtahan çox yüksək səviyyədə
keçdi. Nəzarətin güclü
olması məni tam qane edirdi. Doğrusu, əvvəlcə
bir az həyəcanlı
idim. Düz deyirsiniz: özümə inansam da, müəyyən qədər tərəddüd,
həyəcan var
idi. Sual kitabçasını aldıqdan
sonra ilk öncə asan suallardan başladım ki, həyəcanım az da olsa keçsin
və məncə bunun çox köməyi oldu. İmtahandan sonra isə
sualların hamısını
düzgün cavablandırdığıma
əmin oldum. Ancaq biləndə ki, 700 bal toplamışam, həmin
anda keçirdiyim sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Sevincimi ilk olaraq ailəmlə, daha sonra isə müəllimlərim və
başqa yaxınlarımla
bölüşdüm. Onlar
da mənim bu uğuruma ürəkdən sevinirdilər və mənə görə fəxarət hissi keçirirdilər. Valideynlərimin sevincdən yaşaran gözlərini görəndə özümü
dünyanın
ən xoşbəxt
adamı sayırdım.
Çünki bu böyük
sevinc hissini onlara mən bəxş etmişdim.
- Niyə məhz bu ixtisası və Bakı Ali Neft Məktəbini seçdin?
Bu seçimi edərkən hansı məqsədləri qarşına
qoymuşdun? Yoxsa
valideynlərinin məsləhəti
önəmli oldu?
- Düzdür, bu, olduqca
çətin sahədir.
Bilirdim ki, BANM-ə qəbul olmaq üçün yüksək
bal toplamalıyam və bunun üçün
var gücümlə çalışırdım. Həm də
ölkəmizdə neft-qaz
sənayesi ən inkişaf edən sahələrdən biri olduğuna görə yüksək ixtisaslı mühəndislərə tələbatın
çox olduğunu düşünüb “Proseslərin
avtomatlaşdırılması mühəndisliyi” ixtisasını
seçməyə qərar
verdim.
Niyə məhz bu ali məktəbi seçdiyimə gəldikdə isə, deyə bilərəm ki, BANM-dəki yüksək keyfiyyətli, ingilisdilli təhsilin olması, tələbələrin hərtərəfli
inkişafı üçün
yaradılan geniş imkanlar və şərait, gələcəkdə
tələbələrin işlə
təmin edilməsi, dərslərin nüfuzlu və peşəkar müəllimlər
tərəfindən keçilməsi
məni bura cəlb etdi. Qəbulda 15 ixtisas kodu verilsə
də, mən əminliklə ancaq 1 ixtisas kodunu yazdım, çünki
BANM-ə qəbul olub
və beynəlxalq səviyyəli mühəndis
kimi yetişmək mənim arzum idi. Və
arzuma da nail oldum.
- Arzular tükənmək bilmir. Həyat davam etdikcə,
arzular da yeniləşir, bir-birini əvəz edir. Necə deyərlər, arzulardan arzular doğur...
- Hər bir arzunu
reallaşdırmaq üçün,
atam demişkən, gərək vaxtın, zamanın qədrini biləsən, zəhmətə
qatlaşasan, çalışasan və yenə də çalışasan.
Bu ali məktəbi
fərqlənmə diplomu ilə bitirib vətənim üçün
ən layiqli mütəxəssis olmağı
qarşıma məqsəd
qoymuşam.
Sonra isə magistratura
üzrə təhsilimi
xaricdə davam etdirəcəyəm. Gələcəkdə
SOCAR-da işləməyi arzulayıram. Çox doğru dediniz ki,
arzular tükənmək
bilmir, yaşayarıq,
görərik.
Amma eyni zamanda bilirəm
ki, bu arzuları
gerçəkləşdirmək üçün
çox
çalışmalıyam.
- Elə gənclər var ki, yalnız
xarici universitetlərə
qəbul olmaq üçün ingilis
dilini və yaxud sair dilləri öyrənirlər.
Sən necə?
- Dünyagörüşümün inkişafı üçün
məhz müxtəlif
ölkələrin informasiyalarını
əldə etmək məqsədilə dil bilmək vacib şərtdir.
Söhbətə başlamazdan öncə
qarşımda olduqca lətafətli, tərbiyəli,
bir az da
utancaq bir qızın dayandığını görsəm
də, onunla xüdahafizləşəndə artıq yetkin bir gənclə
həmsöhbət olduğuma
əmin oldum. Həyata baxışı,
fikir və mülahizələri, bilik yarışmasının qalibi
olan Arzunun bütün arzularını
reallaşdıracağına məndə tam əminlik yarandı.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.-
2015.- 17 oktyabr.- S.9.