“Azərbaycan tələbələrində
təhsilə,
öyrənməyə
böyük maraq var”
Almaniyanın Vürtsburq
Universitetinin professoru, Osvald fon Volkenştayn Cəmiyyətinin
prezidenti Ziqlinde Hartmann ilə
müsahibə
Alimlərimizin
respublikamızın hüdudlarından kənarda Azərbaycanı
layiqincə təmsil etmələri danılmaz faktdır. Elm
adamlarımızın müxtəlif mövzularda
keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda çıxışları,
dünyanın bir sıra nüfuzlu
ali məktəblərində mühazirələr
demələri, dünya alimləri ilə
bir araya gəlmələri,
onları öz elmi fəaliyyətləri
ilə tanış etmələri ölkələr
arasında elm və təhsil sahəsində mübadilənin
getdikcə daha da
genişlənməsinə əhəmiyyətli təsir
göstərir. Son illər xarici ölkələrin
alim və mütəxəssislərinin
ölkəmizə olan marağı, bizim ali məktəblərimizlə,
azərbaycanlı həmkarları ilə əməkdaşlıq
etmələri, birgə layihələrin həyata keçirilməsində xüsusi fəallıq göstərmələri
isə bu gün
ölkəmizin təhsil sahəsindəki
inkişafından, elmimizin Avropanın elm məkanında özünəməxsus yer tutmasından soraq verir. Elə Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda”
layihəsi çərçivəsində Bakıda səfərdə
olan
Almaniyanın Vürtsburq Universitetinin professoru, Osvald fon Volkenştayn
Cəmiyyətinin prezidenti xanım Ziqlinde Hartmannla söhbətimizdə də hər iki ölkənin təhsil səhəsindəki
birgə əməkdaşlıq məsələlərinə,
onun buradakı elmi-pedaqoji
fəaliyyətinə toxunduq,
respublikamızla bağlı təəssüratlarını
öyrəndik.
- Xanım Ziqlinde Hartmann, bir qədər fəaliyyətiniz, Azərbaycanla əlaqələriniz haqqında oxucularımıza məlumat verməyinizi xahiş edirik.
- Mən Almaniyanın Vürtsburq Universitetinin professoru, eyni zamanda Osvald fon Volkenştayn Cəmiyyətinin prezidentiyəm. “Orta əsrlər alman ədəbiyyatında məhəbbət mövzusu” kitabının müəllifiyəm.
Sizin ölkə ilə əlaqələrim ilk olaraq akademik Kamal Abdullayevin təşəbbüsü ilə vaxtilə rektoru olduğu Bakı Slavyan Universiteti ilə Almaniyanın Yohannes Quttenberq Mayns Universiteti, həmçinin Osvald fon Volkenştayn Cəmiyyəti arasında imzalanmış müqaviləyə əsasən 8 il öncə “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı layihəyə imza atılması nəticəsində yarandı. Layihədə adları çəkilən eposların müxtəlif yönlərdən tədqiqinə həsr olunmuş simpoziumların, o cümlədən bir sıra tədbirlərin keçirilməsi öz əksini tapmışdır. “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə”: Ortaçağ qəhrəmanlıq dastanlarında Şərq və Qərb” adlı 10 illik layihənin koordinatoruyam. “Kitabi-Dədə Qorqud” və “Nibelunqlar nəğməsi” qəhrəmanlıq dastanlarının araşdırılması işində bilavasitə iştirak etmişəm.
Təxminən on il müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində bu günə qədər 3 beynəlxalq simpozium təşkil olunub və bununla bağlı müxtəlif tədbirlər reallaşdırılıb. 2016-cı ildə növbəti 4-cü simpoziumun keçirilməsinə hazırlaşırıq.
Bilirsiniz, mən Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanının alman şərqşünas alimi Fridrix fon Dits tərəfindən tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümünə həsr olunmuş silsilə tədbirlərin keçirilməsini yüksək qiymətləndirirəm. Fikrimcə, dünya dastan yaradıcılığında özünəməxsus yer tutan “Kitabi-Dədə Qorqud” folklor sənəti üçün qiymətli əsərdir, dastanın tədrisi və təbliği önəmlidir.
Beləliklə, 2007-ci ildən mənim sizin ölkə ilə demək olar ki, elmi əlaqələrimin təməli qoyuldu. Bunun üçün ilk növbədə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevə minnətdaram ki, mənim sizin ölkə ilə yaxından tanış olmağıma imkan və şərait yaratdı. Artıq neçə illərdir ki, BSU-nun daimi qonağına çevrilmişəm, mütəmadi olaraq BSU-nun filologiya fakültəsinin germanşünas tələbələrinə orta ərslər alman ədəbiyyatından mühazirələr oxuyur, ustad dərsləri keçir, alman dili və ədəbiyyatını tədris edən müəllimlərlə görüşürəm.
- Budəfəki səfəriniz nə ilə bağlı idi?
- Mən ildə iki dəfə olmaqla sizin ölkənizə səfər edirəm. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində bir sıra ali məktəblərdə professor-müəllim heyəti ilə görüşür, tələbələr qarşısında mühazirələr oxuyur, ustad dərsləri keçirəm. Bu dəfə də mənim Azərbaycan Müəllimlər İnstitutunda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Xəzər Universitetində tələbə və müəllim kollektivləri ilə belə görüşlərim təşkil olundu. Tələbələr qarşısında “Orta əsrlər alman ədəbiyyatında romantizm” mövzusunda ustad dərsi keçdim. Özüm üçün doğma saydığım Bakı Slavyan Universitetinin yenidən qonağı oldum.
Mənimlə birlikdə Azərbaycana dəvət olunmuş Augsburg Universitetinin müəllimi Janina Franzke ilə birlikdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “İlahi oyun” tamaşasını izlədik.Tamaşadan sonra yaradıcı kollektivlə görüşümüz oldu. Onu da qeyd edim ki, tamaşadan xüsusi zövq aldıq. Azərbaycan təhsili ilə yanaşı, mədəniyyətinizlə tanışlıq məndə sizin ölkənizlə bağlı xoş təəssüratlar yaratdı.
Ümumiyyətlə, Bilik Fondu ilə əməkdaşlıq etmək mənim üçün çox xoşdur. Bu fondun həyata keçirdiyi layihələr, xüsusilə təhsillə bağlı proqramları olduqca əhəmiyyətlidir.
- Siz Bakı Slavyan Universitetinin fəxri professoru, 2015-ci ildən bu ali təhsil ocağının rektorunun müşavirisiz. Belə bir məsul işdə çalışmaq sizin üçün ilk növbədə nədir?
- Təbii ki, ilk növbədə məsuliyyət və universitet rəhbərliyinin mənə olan etimadıdır. Bilirəm ki, Bakı Slavyan Universiteti paytaxtın nüfuzlu ali təhsil ocaqlarından biridir. Universitetin rektoru, professor Asif Hacıyevin rəhbərliyi altında burada təhsilinizin inkişafı ilə bağlı çox mühüm işlər həyata keçirilir, xarici ölkələrin tanınmış ali məktəbləri ilə beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi önəm verilir. Bu universitet hər zaman, necə deyərlər, öz prestijini qorumağa çalışır. Mən bunu hər gəlişimdə görürəm və yeni təyinatımla ali təhsil müəssisəsinə bu işlərdə dəstək verməyə qərarlıyam.
- Budəfəki səfəriniz zamanı Bakı Slavyan Universiteti nəzdində yaradılmış Germanistika İnstitutunun açılış mərasimi keçirildi. Həmin açılış mərasimində xüsusi fəallığınızı gördük. Onu da bilirik ki, institutun açılmasında sizin də xüsusi əməyiniz var. Belə bir institutun yaradılmasında əsas məqsəd nədir?
- SSRİ dövründə heç bir sovet respublikasında germanistika fənni tədris olunmamışdır. Germanistika dil nəzəriyyəsi kimi məhdud səviyyədə olmuşdur. Bu gün isə ilk Azərbaycan universiteti kimi BSU təşəbbüs göstərərək alman nümunəsi əsasında germanistika fənninin əsasını qoymuşdur. Bu gün biz Azərbaycanda və eləcə də keçmiş Sovet İttifaqı ərazisində ilk Germanstika İnstitutunun açılışını qeyd etdik.
Germanistika İnstitutunun açılmasının əsas məqsədlərindən biri Avropa universitetləri ilə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın qurulmasıdır. Bildiyiniz kimi, Avropada kafedra anlayışı olmadığı üçün institut olaraq buna daha çox imkan yaradır. Bu imkanlardan istifadə edərək gələcəkdə bir çox universitetlərlə əməkdaşlıq yararmaq, tələbə və müəllimlər üçün qrantlar qazanmaq niyyətindəyik. Məndə olan məlumata görə, artıq bu ilin fevral ayında BSU ilə Almaniyanın Augsburg Universiteti arasında əməkdaşlıq imzalanıb. Həmin universitetdən üç mütəxəssis mühazirə və seminar keçmək üçün BSU-da olub. İnstitutun yaradılmasında digər əsas məqsəd BSU tələbələrinə alman dilini, o cümlədən qədim və müasir dövr alman ədəbiyyatını mükəmməl şəkildə öyrətməkdir. Mən bu işlərin həyata keçirilməsində azərbaycanlı həmkarlarımın-universitetin professor-müəllim heyətinin, o cümlədən Germanistika İnstitutunun müdiri, dosent Sevinc Rzayevanın əməyini yüksək dəyərləndirirəm.
- Səfərləriniz zamanı bizim müxtəlif ali məktəblərimizdə müəllim və tələbələr qarşısında mühazirələrlə çıxış edirsiniz. Tələbələrimizin bilik səviyyəsi sizi qane edirmi?
- Mən sizin tələbələrinizin mükəmməl təhsil almaq arzusunu alqışlayıram. Azərbaycan tələbələrində təhsilə, öyrənməyə böyük maraq var. Fəaliyyətimin əsas hissəsi Bakı Slavyan Universiteti ilə bağlı olduğu üçün deyə bilərəm ki, burada təhsil alan gəncləriniz olduqca nikbin və fəaldırlar. Üzunillik müşahidələrimə əsasən onu da qeyd edim ki, Azərbaycan tələbələri səmimi və xoşagəlimlidirlər. Alman tələbələri professor və müəllimlərlə məsafə saxlayırlar. Düşünürəm ki, bu, bəlkə də alman tələbələrinin sizin tələbələrdən yaşca böyük olmasından irəli gəlir. Belə ki, Almaniyada 19 yaşından, Azərbaycanda isə 17 yaşından etibarən gənclər tələbə adını qazana bilirlər.
- Səmimilikdən söz düşmüşkən, artıq neçə illərdir ki, necə deyərlər, ölkəmizlə sıx əməkdaşlıq əlaqələriniz var. Azərbaycanla bağlı təəssüratlarınızı bilmək istərdik.
- Hər gəlişimdə bu ölkədə inkişaf, gözəllik görürəm. Azərbaycan xalqı həm səmimi, həm də çox qonaqpərvərdir. Sizin ölkə özünün əsrarəngizliyi və möhtəşəmliyi ilə hər zaman məni cəlb edir desəm, məncə yanılmaram. Bakıdakı binalar mənim çox xoşuma gəlir. Bu binalarda qədimilik qorunub saxlanılıb. Şəhərinizin qarışıq memarlıq quruluşuna malik olması xüsusilə məndə maraq oyadır. Burada qədimiliklə müasirlik bir-birini tamamlayır.
Mübaliğəsiz deyə bilərəm ki, ölkənizi ikinci vətənim, özümü isə Azərbaycan vətəndaşı sayıram.
Müsahibəni
apardı:
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.- 2015.-
17 oktyabr.- S.9.