Ümumi təhsil müəssisələrində
işləyən
müəllimlərin bilik
və bacarıqlarının
diaqnostik qiymətləndirilməsinin
aparılması
QAYDALARI
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin
07.10.2015-ci il tarixli 994 nömrəli əmri
ilə təsdiq edilib
1. Ümumi müddəalar
1.1.
“Ümumi təhsil müəssisələrində işləyən
müəllimlərin bilik və bacarıqlarının
diaqnostik qiymətləndirilməsinin aparılması
Qaydaları” (bundan sonra - Qaydalar) “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
24.10.2013-cü il tarixli Sərəncamına, “Dövlət
ümumi təhsil müəssisələrində
çalışan bilik və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi aparılan müəllimlərin dərs
yükünün və əməkhaqqının
artırılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına,
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə
Dövlət Strategiyası”nın həyata keçirilməsi
ilə bağlı Fəaliyyət Planının təsdiq
edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin
19.01.2015-ci il tarixli Sərəncamına uyğun
hazırlanmışdır.
1.2.
Bu Qaydalar Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil
müəssisələri, o cümlədən xüsusi tipli
ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilmənin
aparılması ilə bağlı təhsili idarəetmə
orqanlarının, müəssisə rəhbərlərinin,
müəllimlərin hüquq və vəzifələrini
müəyyən edir.
1.3.
Diaqnostik qiymətləndirilmənin aparılması nəzərdə
tutulan şəhər və rayonların siyahısı Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təklifi əsasında Azərbaycan
Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən
edilir.
2. Diaqnostik qiymətləndirilmənin məqsədi
2.1. müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması.
2.2. bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının
optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi.
2.3. nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi.
3. Diaqnostik qiymətləndirilməyə cəlb
olunan müəllimlər
3.1. Diaqnostik qiymətləndirilməyə aşağıdakı kateqoriyada olan müəllimlər cəlb olunur:
3.1.1. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;
3.1.2. Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlər.
3.2. İki və daha artıq fəndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər.
4. Diaqnostik qiymətləndirilmənin keçirilməsi
forması
4.1. Diaqnostik qiymətləndirilmənin aparılması Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir.
4.2. Diaqnostik qiymətləndirilmə ümumi təhsil müəssisələrinin tədris planlarında nəzərdə tutulan fənlər üzrə təşkil edilir.
4.3. Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndirilir.
4.4. Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılır.
5. Diaqnostik qiymətləndirilmənin
yekunları
5.1. Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.
5.2. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.
5.3. Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.
5.4. Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər iş yerini qiymətləndirilmə həyata keçirilməyən şəhər və rayona dəyişərlərsə, Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamının həmin müəllimlərə şamil edilməsi aidiyyəti şəhər və rayonda qiymətləndirilmə keçirildikdən sonra həyata keçirilir. Həmin müəllimlərə təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.
6. Diaqnostik qiymətləndirilmədə iştirak edənlərin hüquqları
6.1. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edə bilərlər.
6.2. Müəllimlər diaqnostik qiymətləndirilmə imtahanının yeri və vaxtı, həmçinin imtahan proqramı barədə əvvəlcədən məlumatlandırılmalıdırlar.
6.3. Diaqnostik qiymətləndirilmə prosesinin gedişatı, sualların məzmunu və digər məsələlər ilə bağlı imtahan verən müəllimlərin müraciətlərinə qiymətləndirilmə başa çatdıqdan sonra bir həftə ərzində baxılır. Bunun üçün www.dq.edu.az saytına daxil olaraq elektron formada müraciət edilməlidir.
6.4. Diaqnostik qiymətləndirilmədə iştirak edib zəif nəticə göstərmiş müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə qiymətləndirilmədə yenidən iştirak etmək üçün müraciət edə bilərlər.
7. Diaqnostik qiymətləndirilmədə iştirak edənlərin vəzifələri
7.1. Müəllimlər imtahan keçiriləcək məkana nəzərdə tutulmuş vaxtda gəlməli, imtahan qaydaları ilə tanış olmalı və həmin qaydalara riayət etməlidirlər.
7.2. Yerli təhsili idarəetmə orqanları imtahanda iştirak edəcək müəllimlər haqqında məlumatların www.dq.edu.az saytına daxil edilməsi, məlumatların dürüstlüyünün təmin edilməsi, eləcə də diaqnostik qiymətləndirilmənin məqsədinin müəllimlərə düzgün formada çatdırılması öhdəliyini daşıyırlar.
7.3. Yerli təhsili idarəetmə orqanları və təhsil
müəssisələrinin rəhbərləri müəyyənləşdirilmiş
vaxtda müəllimlərin diaqnostik
qiymətləndirilmədə iştirakının təmin
edilməsi üçün zəruri tədbirlərin
görülməsi üçün birbaşa
məsuliyyət daşıyırlar
Azərbaycan müəllimi.- 2015.-
17 oktyabr.- S.10.