Müəllimlərin bilik
və bacarıqlarının diaqnostik
qiymətləndirilməsi
tədbirlərinin davam etdirilməsi barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Bu hədəfə nail olmaq üçün səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılmasını, muəllimlər arasında sağlam rəqabətin formalaşdırılmasını, müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulmuşdur.
Bu istiqamətdə 2014-cü ildə Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 30 mindən çox müəllimin bilik və səriştəsinin diaqnostik qiymətləndirilməsi həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən 2015-ci il yanvarın 1-dən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1.5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılmışdır.
Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən aşağı bal toplayan müəllimlərin ehtiyacları müəyyənləşdirilərək xüsusi təlim proqramları hazırlanmış və onların ixtisasının artırılması üzrə təlimlər təşkil edilmişdir.
Dövlət Strategiyasının icrası istiqamətində ümumi təhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi, müəllimlərin dərs yükü norması və əməkhaqqının artırılması üzrə başlanmış prosesin ölkənin digər şəhər və rayonlarının ümumi təhsil müəssisələrində davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR
EDİRƏM:
1. “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları” (əlavə olunur) təsdiq edilsin.
2. İnsan resursları şöbəsinə (F.Qədirov) tapşırılsın ki:
2.1. Nazirliyin aidiyyəti şöbələri və yerli təhsili idarəetmə orqanları ilə birgə diaqnostik qiymətləndirmə ilə bağlı hazırlıq işlərini və zəruri təşkilati tədbirlərin həyata keçirilməsini təmin etsin;
2.2. hər bir ixtisas üzrə sual bankının hazırlanması və ekspertizadan keçirilməsi ilə əlaqədar tədbirləri görsün;
2.3. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) ilə birgə diaqnostik qiymətləndirmə başa çatdıqdan sonra qiymətləndirilmənin nəticələrini təhlil etsin, müəllimlərin əmək fəaliyyətinin optimallaşdırılması üzrə təkliflər hazırlayaraq rəhbərliyə təqdim etsin. Həmçinin, diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən aşağı bal toplayan müəllimlərin ehtiyaclarını nəzərə almaqla onların ixtisasartırma üzrə təlimlərə cəlb olunmasını təşkil etsin;
2.4. Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektoru (C.Valehov) ilə birgə diaqnostik qiymətləndirmənin məqsəd və mahiyyəti barədə pedaqoji heyətin məlumatlandırılmasını təmin etmək üçün kommunikasiya planının (əlavə edilir) həyata keçirilməsini təmin etsin.
3. 2015-ci ilin oktyabr ayında Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan və müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilsin.
4. Bakı Şəhəri üzrə Təhsil İdarəsi ümumi təhsil müəssisələrində işləyən, lakin müxtəlif səbəblərdən əvvəlki qiymətləndirmədə iştirak etməyən müəllimlərin ixtisaslar üzrə siyahılarının bir həftə müddətində hazırlanıb Təhsil Nazirliyinə təqdim edilməsini təmin etsin.
5. 2015-ci ilin noyabr-dekabr aylarında Gəncə, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilsin.
6. Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Şirvan şəhər, Abşeron, Cəlilabad, Hacıqabul, Xaçmaz, İmişli, Qubadlı, Masallı, Saatlı, Sabirabad rayon təhsil şöbələrinə tapşırılsın ki:
6.1. ümumi təhsil müəssisələrində işləyən müəllimlərin ixtisaslar üzrə siyahılarının hazırlanmasını və bir ay müddətində Təhsil Nazirliyinin müəllimlərin diaqnostik qiymətləndirmə ilə əlaqədar yaradılmış bazasına elektron formada daxil edilməsini təmin etsinlər;
6.2. müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq məkan, hər bir məkan üzrə rəhbər və nəzarətçilər barədə Təhsil Nazirliyinə təkliflər versinlər;
6.3. müəyyənləşdirilmiş vaxtda müəllimlərin diaqnostik qiymətləndirmədə iştirakının təmin edilməsi üçün zəruri tədbirləri görsünlər;
6.4. müəllimlərin İKT bacarıqlarının inkişaf etdirilməsi üçün ümumi təhsil müəssisələrində müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
7. İnsan resursları şöbəsi (F.Qədirov), Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Elm və ali təhsil şöbəsi (N.İbrahimov), Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov), Təhsil Problemləri İnstitutu (Q.Novruzov) qiymətləndirmənin nəticələri əsasında ümumi təhsil üzrə fənn kurikulumlarının və ixtisasartırma təhsili proqramlarının təkmilləşdirilməsi, müəllim hazırlığı proqramlarının yeniləşdirilməsi üzrə təkliflər hazırlayıb təqdim etsinlər.
8. İqtisadiyyat şöbəsi (R.Orucov) diaqnostik qiymətləndirmənin keçirilməsi ilə əlaqədar müvafiq maliyyə məsələlərinin həll olunmasını təmin etsin.
9. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin veb səhifəsində yerləşdirilməsini təmin etsin.
10. Əmrin icrasına nəzarət nazir müavininə (C.Bayramov) həvalə edilsin.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
7 oktyabr 2015-ci il
Azərbaycan müəllimi.-
2015.- 17 oktyabr.- S.10.