Məktəb kitabxanalarının
işinin
təkmilləşdirilməsi və modernləşdirilməsi
Bu gün məktəb kitabxanaları təhsil işçilərinin öz axtardıqları məlumatları tapmağa müvəffəq olduqları bir müəssisə, şagirdlərin və müəllimlərin şəxsi təhsil bazası kimi qiymətləndirilir. Bütün dünyada məktəb kitabxanaları müxtəlif formada olsa da bir məqsədə qulluq edir: “təhsil və təlim hamı üçündür”. Buna görə də məktəb kitabxanalarının mütəxəssisləri hər kəsə və hamıya eyni yanaşma prinsipindən çıxış edirlər. Hər bir məktəb kitabxanası məktəbin daxilində fəal dərs proqramını həyata keçirən dərs və təhsil mərkəzi kimi fəaliyyət göstərir.
Məktəb kitabxanalarının məqsədi təhsilalanların informasiyalaşdırılmış təhsili, cəmiyyətin gələcək üzvlərinin məsuliyyətli və fəal, etik prinsiplərə uyğun tərbiyəsidir. Məktəb kitabxanası aid olduğu təhsil ictimaiyyətinin tələblərinə cavabdehdir və bu cəmiyyətin hər bir üzvünə xidmət edir.
Məktəb kitabxanaçıları məktəb rəhbərliyi və müəllimlərlə birlikdə dərslik və təhsilə aid materiallardan ibarət kitabxana fondunun yaradılması və təkmilləşdirilməsi istiqamətində siyasəti həyata keçirir. Fondun idarə olunması
siyasəti dərs planı və məktəb ictimaiyyətinin konkret tələb və maraqları ilə əsaslandırılmalıdır. Məktəb kitabxanası təlim və təhsil prosesinin
tələbatını ödədiyi üçün onu idarə edənlər
də məktəb müəllimləri ilə eyni peşəkar
təhsil və hazırlıq səviyyəsində
olmalıdırlar. Həmçinin, məktəb
kitabxanaları yerli istehsal olunmuş resurslarla yanaşı, məktəb
kontingentinin tələbatına uyğun beynəlxalq səviyyədə
istehsal olunmuş dünya xalqlarının ədəbi, elmi-mədəni
irsini özündə əks etdirən və qədim
xalqların oxşar cəhətlərini təmsil edən
dövlət, etnik, mədəni, linqvistik və s. əhəmiyyətli
resursları da almalıdırlar.
Məktəb
kitabxanalarının kadr strukturu yerli kontekstdən,
qanunvericilikdən, iqtisadi inkişaf səviyyəsindən və
təhsil sisteminin infrastrukturundan asılıdır.
Araşdırmalar göstərir ki, məktəb
kitabxanasının işinin effektivliyinin əsas göstəricisi
ixtisaslı peşəkar məktəb
kitabxanaçısıdır. İFLA və UNESCO-nun birgə
hazırladığı - “Məktəb kitabxanaları
haqqında manifest”də bu kitabxanaların
ixtisasçılarının əsas vəzifələri belə
izah edilir: kitabdan, başqa informasiya mənbələrindən,
bədii və sənədli, nəşr və elektron
informasiya, lokal və məsafəli informasiyalardan istifadəni
təmin etmək, dərslik və tədris materiallarında əks
etdirilən məlumatları daha da dolğunlaşdırmaq.
Məktəb
kitabxanaları təlim və təhsilə xidmət etdiyi
üçün onların işi və
yaradıcılığı peşəkar müəllimlərin
hazırlığı ilə eyni səviyyədə nəzarətdə
saxlanılmalıdır. Əgər məktəb
kitabxanaçısı məktəbdə rəhbər rol
oynayırsa, onun təhsili və hazırlığı da digər
məktəb rəhbərlərindən aşağı
olmamalıdır. 50 ildən
artıq vaxt ərzində aparılan beynəlxalq
araşdırmalar göstərir ki, məktəb kitabxanaçılarının
məktəb kitabxanasının işi və pedaqogika sahəsində rəsmi
təhsili olmalıdır. Onlar təlimə aid zəruri
kompleks tapşırıqların yerinə yetirilməsi
üçün öz peşəkar bilik və
bacarıqlarını, oxu və savadlılıq səviyyələrini
rəsmiləşdirməli, məktəb kitabxanasının
idarə olunmasında müəllim kontingenti ilə əməkdaşlıq
etməlidirlər. Hər bir məktəb
kitabxanaçısı şagirdlərin şəxsi təhsilində
iştirak edir və onun həyata keçirdiyi iş sırf
pedaqoji xarakter daşıyır. Bununla əlaqədar tədrisdə
layihə-yaradıcı modellər işlənib
hazırlanır. O fikir təsdiq edilir ki, təhsil təkcə
“şəxsi istiqamətli” deyil, “şəxsi - inkişaf edən”
olmalıdır. “İFLA-nın məktəb kitabxanalarına
rəhbərlik” sənədində deyilir: “Məktəb
kitabxanasının idarə olunması kitabxananı mütaliə,
araşdırma və kollektiv yaradıcılıq mərkəzi
kimi təsdiq edən dəqiq hazırlanmış konsepsiya
çərçivəsində həyata keçirilməlidir.
Məktəb kitabxanasının işini tam həyata
keçirmək üçün rəhbərliyin müvafiq
kitabxana konsepsiyası ilə dəstəyi mütləqdir”.
Məktəb
kitabxanası təhsilə xidmət etməklə
yanaşı, şəxsi təhsilin və fasiləsiz təhsilin
vasitəçisi olmalıdır. Bununla bağlı təhsil
naziri Mikayıl Cabbarov 16 dekabr 2014-cü il tarixində “Ümumtəhsil məktəbləri
şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi
və onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması ilə bağlı tədbirlər
barədə” müvafiq əmr imzalamışdır.
Məktəb
kitabxanalarının problemlərini təhlil edərkən məlum
olur ki, onların əksəriyyəti yeni təhsil
standartlarına, məktəb proqramlarının və pedaqoji
kollektivin tələblərinə cavab vermək iqtidarında
deyil. Əksər məktəblərdə, xüsusilə regionlarda kitabxana
avadanlığı (stol, stul, şkaf, kitabxana rəfləri və
s.) çatışmır. Məktəb
kitabxanalarının sahəsi çox kiçikdir, fondun və
oxu zalının təşkili üçün yer
çatışmır. Məktəb kitabxanaları oxucu
formulyarı və kataloq kartoçkaları ilə təmin
olunmur. Kitabxana fondunu əks etdirən məlumat-biblioqrafiya
aparatı yoxdur. Kitabxanalarda kütləvi tədbirlərin təşkili
üçün vəsait ayrılmır və şərait
yaradılmır.
Həmçinin,
məktəb kitabxanalarının fondlarında oxucuların təlim-tədris
prosesində tələbatını ödəmək
üçün ənənəvi və rəqəmsal
informasiya resursları da yox dərəcəsindədir. Məktəb
kitabxanalarında olan kitabların elektron resurslara
köçürülməməsi və online istifadəsinin
təmin edilməməsi səbəbindən oxucular tərəfindən
az istifadə edilir. Kitabxanaların beynəlxalq əlaqələr
sahəsindəki fəaliyyəti müasir tələblərə
cavab vermir, müəllim və şagirdlərin tələblərini
ödəmir. Ölkədə pedaqoji statuslu toplu elektron
kataloqun, elektron kitabxananın yaradılmaması, təlim-tədris
prosesinə xidmət edən lokal kitabxana şəbəkələrinin
olmaması təhsil məkanına layiqli kitabxana-informasiya xidməti
göstərməyə imkan vermir.
Müasir
dövrdə respublikamızda aparılan təhsil
islahatları orta məktəb kitabxana fondlarının təşkilində
və indiki vəziyyətinin müasir tələblər
baxımından öyrənilməsini,
ümumiləşdirilməsini, yeni elmi tövsiyələr və
konsepsiyalar hazırlanmasını tələb edir. Bu məqsədlə
məktəb kitabxanalarının işinin təkmilləşdirilməsi
və beynəlxalq standartlara uyğun qurulması olduqca
vacibdir. Bununla əlaqədar olaraq məktəb
kitabxanalarının təhsil ictimayyətinin və məktəbin
fəaliyyətinə kömək məqsədilə
işinin təkmilləşdirilməsi üçün
aşağıdakı tədbirlərin həyata keçirilməsi
təklif olunur:
-
Kitabxanaların şagirdlərin
dünyagörüşünün artmasına kömək edəcək
yaş səviyyələrinə uyğun
hazırlanmış tövsiyə siyahılarına əsasən
nəşrlərlə komplektləşdirilməsi;
-
Kitabxanaların kitabxana texnikası, kompüter və
İnternetlə təmin olunması;
- Elektron
texnologiyaların köməyi ilə real zaman miqyasında fəaliyyət
göstərən virtual sorğu xidmətinin
yaradılması;
- Məktəb
kitabxanası istifadəçilərinin sistemli (müəllim
və şagirdlərin) rəsmi təhsilini və fasiləsiz
təhsil mühitini təmin etmək, İnternet zalların təşkili
və biliklərin idarə edilməsi proseslərinin təmin
edilməsi;
-
Mütaliəyə marağın yaradılması
üçün məktəb kontingenti arasında Azərbaycan Respublikası təhsil
nazirinin “Ümumtəhsil məktəbləri şagirdlərinin
mütaliə vərdişlərinin təkmilləşdirilməsi
və onlarda mütaliə mədəniyyətinin
formalaşdırılması ilə bağlı tədbirlər
barədə” əmrinin icrası istiqamətində tədbirlərin
və məktəblərdə “qiraətə yardım” layihələrinin hazırlanması və həyata
keçirilməsi;
- Mədəni
ənənələrin qorunub saxlanılması (yaddaş) və
onların zənginləşdirilməsi
məqsədilə kitabxanaları kütləvi tədbirlərin
(diskussiyalar, konfranslar, viktorinalar və s.) keçirildiyi mərkəzə
çevirmək;
- Təhsil
siyasətinə uyğun olaraq 5 ildən bir yenilənən dərsliklərin
nəşrlərinin repozitar mühafizəxanalarının
yaradılması;
- Məktəb
kitabxanalarının ənənəvi və elektron nəşrlərlə
mütəmadi olaraq təmin edilməsi üçün məcburi
nüsxə haqqında qanunun işlənib hazırlanması;
- Məktəb
kitabxanalarının oxu zallarında və xüsusi
saytlarında istifadəçilərin test banklarına, mətnlərə, fotoşəkillərə,
plakatlara, interaktiv təlim və multimedia materiallarına
müraciət etmək imkanının təmin edilməsi;
- Kitabxana
işçilərinin şagirdlərin mütaliə
bacarıqlarının və mütaliə diapazonunun
inkişafında, informasiya axtarmaq, seçmək və
informasiya ilə işləmək bacarıqlarının
formalaşmasında iştirakının təmin olunması;
- REPK-a tərəfindən
regionlarda yeni istehsalat vəzifələrinin həlli zərurətinin
yaranması ilə əlaqədar
problem mahiyyətli və
ya funksional -istiqamətlənmiş tədris kurslarının
təşkili (qısamüddətli seminar və treninqlər);
- Təhsil
islahatları şəraitində məktəb
kitabxanalarına regional idarəetmə sistemi rayon (şəhər)
təhsil şöbələrində kitabxanalara ixtisaslı (metodist) nəzarət
edənlərin bərpası.
Tamilla İSMİXANOVA,
Respublika Elmi Pedaqoji Kitabxanasının
direktoru,
Səyyarə MƏMMƏDOVA,
Respublika Elmi Pedaqoji
Kitabxanasının metodisti
Azərbaycan müəllimi.- 2015.- 17
oktyabr.- S.14.