“Pedaqogika” dərsliyi nəşr
olunub
Bu günlərdə çapdan çıxmış “Pedaqogika” dərsliyi (R.L.Quseynzade, T.M.Mamedov. Pedaqoqika. ADPU, 2015.) Azərbaycan ali məktəblərinin rus qruplarında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Qeyd edək ki, indiyə qədər tələbələr Rusiyanın pedaqogika dərsliklərindən istifadə edirdilər. İndi isə artıq Azərbaycan nəfəsi duyulan, Azərbaycan pedaqoji fikrini əks etdirən rus dilində dərslik tələbə və müəllimlərin ixtiyarına verilmişdir. Pedaqoji elmlər doktoru, professor Rüfət Hüseynzadə və dosent Tariyel Məmmədov tərəfindən ADPU-nun nəşriyyatında nəşr edilən dərsliyin redaktoru professor Ləzifə Qasımova, rəyçiləri professor Hikmət Əlizadə, professor Akif Abbasov, professor Məcid İsmixanovdur. Dərslik pedaqoji təmayüllü ali məktəblərin və müəllim kadrları hazırlayan fakültələrin bakalavr təhsil pilləsi üçün nəzərdə tutulmuşdur. Dərslik dörd hissədən ibarətdir: 1.Pedaqogikanın ümumi əsasları; 2.Təlim və təhsil (Didaktika); 3.Tərbiyə; 4.Məktəbşünaslıq. Hər bölmə dolğun, məzmunlu yazılmışdır. Hər mövzunun əvvəlində plan sonunda ədəbiyyat siyahısı, sual və tapşırıqlar verilmişdir.
Dərslik yeniliklərlə zəngindir. Burada təhsilimizin Avropa məkanına inteqrasiyası, Boloniya prosesinin xüsusiyyətləri, kurikulum haqqında dəyərli məlumatlar verilir.
Burada verilən yeni pedaqoji texnologiyalar, innovasiyalar, yeni təlim metodları, fəal və intearktiv metodlar, habele distant təhsil, virtual təhsil, konstruktiv təhsil, inklüziv təhsil, sinergetik təhsil, sinektika və s. bu kimi yeniliklər ilk dəfədir ki, yeni pedaqogika dərsliyində özünə yer tutmuşdur.
Dərslikdə Azərbaycan pedaqoji fikrinə də xüsusi yer ayrılmışdır. Azərbaycan təhsil sisteminin quruluşu, prinsipləri, ulu öndərimiz Heydər Əliyevin diqqət və qayğısı ilə başlanan təhsil islahatları, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsil strategiyası haqqında sərəncamı və bu sənədlərdən irəli gələn vəzifələr aydın şəkildə göstərilmişdir.
Dərslikdə pedaqoji elmin inkişafı, yetişən gənc nəslin təlimi və tərbiyəsi haqqında, Azərbaycan məktəbinin inkişafında görkəmli pedaqoqlarımızın, tanınmış şəxsiyyətlərin fikirləri, elmi-nəzəri ideyaları öz əksini tapmışdır. Burada ilk dəfədir ki, qədim məktəblərin yaranma tarixinə pedaqoji ekskursiya edilmiş, Yunanıstanda yaranması qəbul edilən məktəb - “ŞKOLA” anlayışına yeni pedaqoji təfəkkürdən yanaşılmış, bu barədə dahi çex pedaqoqu Yan Amos Komenskinin, I əsrdə yaşamış böyük filosof İosif Flaviyin fikirlərinə istinadən ilk tədris müəssisələrinin, məktəbin bizim ərazilərdə yaranması haqqında maraqlı elmi materaillar da öz əksini tapmışdır.
Dərslik çox sadə bir dillə, oxunaqlı şəkildə, gözəl dizaynla hazırlanıb nəşr edilmişdir. İnanrıq ki, bu dərslikdən nəinki rus dilli tələbə qruplarımız, həmçinin ana dilində təhsil alan azərbaycanlı tələbələr də, müəllim və pedaqoqlar da, pedaqogika üzrə tədqiqatçılar da faydalanacaqlar.
Azərbaycan müəllimi.- 2015.-
17 oktyabr.- S.14.