Universitetlərdə beynəlxalq
akkreditasiya:
beynəlxalq təmayüllər,
reallıqlar və perspektivlər
Universitetlərin
akkreditasiyasında
beynəlxalq
təcrübə və təmayüllər
Dünya
universitetlərinin, ali təhsilin inkişaf tarixi göstərir
ki, ali məktəblərin, ali təhsilin göstəricilərinin
inkişafı ilə cəmiyyətin bütün sahələrində
əsaslı inkişaf müşahidə edilir. Əksinə
bu sahədə baş verən çatışmazlıqlar və
geriqalmalar sonradan cəmiyyətdə müxtəlif kataklizmlərin
yaranmasına səbəb olur. Tarixi mənbələrdə
göstərilir ki, hələ XI-XVII əsrlərdə
Avropanın siyasi, iqtisadi və mədəni cəhətdən
çiçəklənməsi məhz həmin dövrlərdə
Avropanın müxtəlif ölkələrində ali təhsil
cəmiyyətinin formalaşması, yəni universitetlərin
yaradılması ilə əlaqədar olmuşdur. Bu
baxımdan, ölkəmizdə son illər ali təhsil sahəsində
aparılan islahatlar respublikamızın davamlı
inkişafına, insan kapitalının formalaşmasına
öz müsbət təsirini göstərməkdədir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
29 noyabr 2011-ci il tarixdə təsdiqlənən “Azərbaycan
2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyasında müasir təhsil sisteminin
formalaşdırılmasının prioritet istiqamətləri
müəyyən edilmişdir. Şəxsə hərtərəfli
bilik və bacarıqların verilməsinə nail olmaq
üçün təhsil sisteminin institusional əsaslarının,
infrastrukturunun və insan resurslarının inkişafı vəzifəsi
qarşıya qoyulmuşdur. Odur ki, respublikamızda ali təhsil
sistemində həyata keçirilən islahatların müsbət
nəticələr verməsi üçün yeni yanaşmalar tələb edilir.
Xüsusilə, keyfiyyətin idarə olunması məsələsi
ali təhsil sistemində prioritet təşkil etməlidir. Bu mənada
keyfiyyətin idarə olunması, təhsilin qiymətləndirilməsi
məsələsi nəticələrin qiymətləndirilməsində
müstəsna əhəmiyyət kəsb edir.
Biz
bu istiqamətdə beynəlxalq təmayülləri öyrənmək
və təhlil etməklə müsbət çalarları Azərbaycan
ali təhsil sistemində tətbiq etməli və yüksək
ixtisaslı kadrların hazırlığına nail olmaq
istiqamətində ciddi addımlar atmalıyıq. Beynəlxalq
təcrübədə əsas məqamlardan biri ali təhsildə
keyfiyyətin təminatı və qiymətləndirilmənin
aparılmasıdır ki, bu da akkreditasiya vasitəsilə həyata
keçirilir. Ali təhsil sistemində akkreditasiya sahəsində
ən böyük təcrübə ABŞ-a məxsusdur.
ABŞ bu sahədə təxminən yüz illlik təcrübəyə
malikdir. Digər ölkələr, o cümlədən Avropa
ölkələri yalnız XX əsrin 90-cı illərindən başlayaraq
ABŞ-ın təcrübəsini tətbiq etməyə
başlamışlar. Akkreditasiya prosesində əsaslı
canlanma Avropa İttifaqı ölkələrinin təşəbbüsü
ilə ali təhsildə ümumavropa məkanının
yaradılması məqsədilə baş vermişdir. Burada
da əsas məqsəd və
öndə duran amil keyfiyyətin qiymətləndirilməsi
proseduruna söykənir.
Avropa
ali təhsil sistemində keyfiyyətin qiymətləndirilməsi
və təminatı vacib əhəmiyyət kəsb edir. Odur
ki, Azərbaycan ali təhsil sistemində, xüsusilə mühəndis kadrların
hazırlığı zamanı kadr
hazırlığının və kadr
hazırlığı üçün tədris-metodiki
kompleksin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi
bu gün xüsusilə aktualdır. Ali təhsilin beynəlmiləlləşməsi
kontekstində təhsil proqramlarının beynəlxalq
akkreditasiyasının aparılması həm beynəlxalq əməkdaşlıq,
həm də müxtəlif sistemlərin
qarşılıqlı olaraq tanınması və
uyğunlaşması üçün böyük əhəmiyyətə
malikdir. Bu baxımdan beynəlxalq praktikanın ölkəmizin
ali təhsil müəssisələrində mənimsənilməsi və Azərbaycan
reallıqlarını nəzərə almaqla tətbiq
olunması vacib məsələlərdən biridir. Mühəndis
kadrların hazırlığında bu amil daha qabarıq
olaraq özünü göstərir. Akkreditasiya bir qayda olaraq:
- təhsil proqramına və ya təhsil
müəsssisəsinə müəyyən status verir;
- mütəxəssislərə verilən akademik dərəcələrin
tanınmasını təmin edir;
- birbaşa və ya dolayısı ilə
maliyyələşmə üçün əsas təşkil
edir;
- qazanılan kreditlərin digər
ali təhsil müəssisələri tərəfindən qəbul
olunmasına şərait yaradır və mobilliyi təmin
edir.
Avropa
ölkələrində ali təhsildə akkreditasiya prosesi sərbəst
təşkilatlar tərəfindən həyata keçirilir və
əsas etibarilə təhsil proqramının və ya təhsil
müəssisəsinin onlar tərəfindən müəyyən
edilmiş standarta uyğun olub-olmamasına cavab almaq məqsədilə
aparılır. Bu zaman akkreditasiya təşkilatı tələbələrin,
valideynlərin, əmək bazarının üzvlərinin, təhsil
cəmiyyətinin və nəhayət, dövlətin
maraqlarını və hüquqlarını qoruyur. Ona görə
də akkreditasiya agentlikləri Avropada, o cümlədən
Almaniyada sərbəst təşkilat olsalar da, bu təşkilatların,
agentliklərin fəaliyyətinə lisenziya verilməsi,
onların fəaliyyətinə nəzarət dövlətin,
yəni Təhsil Nazirliyinin səlahiyyətində qalır. Həmin agentliklərin fəaliyyəti
üçün standartları Təhsil Nazirliyi müəyyən
edir. Avropada akkreditasiya prosesi zamanı əsas rolu Avropa
Universitetlər Assosiasiyası, Ali Məktəblərdə
Keyfiyyətin təminatı üzrə Avropa Şəbəkəsi,
Avropa Komissiyası, Avropa Milli Tələbə İttifaqı
və s. kimi təşkilatlar oynayır.
Amerikada isə əsas rol universitetin daxilində olan sərbəst
özünüqiymətləndirmə təşkilatlarına
məxsusdur.
Beləliklə,
təhsil sistemi mərkəzləşmiş qaydada idarə
olunan ölkələrdə qiymətləndirmə və
akkreditasiya prosesinə nəzarət dövlət orqanları
tərəfindən, digər hallarda isə bu məsələ
universitetlərin daxilində fəaliyyət göstərən
təşkilatlar və ya sərbəst ekspertlər qrupu tərəfindən
həyata keçirilir.
Bu prinsipə uyğun olaraq Amerika
sistemində özünüqiymətləndirmə daha
çox inkişaf etmişdir. Ümumilikdə ştatların
administrasiyası tərəfindən universitetlərin tədris
prosesinə nəzarət mexanizmi zəifdir. Buna baxmayaraq,
Amerika ali məktəbləri təhsil sistemində keyfiyyətin
artırılması üçün özünüqiymətləndirmə
metodundan səmərəli istifadə edirlər. Son illər
bir sıra Avropa ölkələrində də
özünüqiymətləndirmə metodikası inkişaf
etməkdədir. Məsələn, belə ölkələrdən
biri olaraq Norveçi göstərmək olar. Norveçdə
son onilliklərdə öz təhsil proqramlarını qiymətləndirən
universitetlərin sayı əsaslı şəkildə
artmışdır.
Ekspertlərin
qiymətləndirməsinə gəldikdə isə ABŞ-da
müxtəlif peşələr üzrə təşkil
edilmiş assosiasiyalardan universitetlərin təhsil
proqramlarının qiymətləndirilməsi praktikasından
geniş istifadə olunur. Avropada belə assosiasiyalar bir qədər
sonralar yaradılmağa başlamışdır, lakin
hazırda onların sayı kifayət qədərdir və
onlar da ayrı-ayrı universitetlərin proqramlarının
qiymətləndirilməsində yaxından iştirak edirlər.
Həmin assosiasiyalarda uyğun sahənin görkəmli mütəxəssisləri
təmsil olunurlar ki, həmin şəxslər də öz
peşələrinin prestijini qorumaq üçün qiymətləndirmə
zamanı maksimum dərəcədə obyektivlik və tələbkarlıq
göstərirlər.
Göründüyü
kimi, ümumiləşdirmə aparsaq, Amerika təhsil sistemində
ali təhsil proqramlarının qiymətləndirilməsi əsasən
professional ekspertlər tərəfindən özünüqiymətləndirmə
yolu ilə aparılırsa, Avropa təhsil sistemində isə
bu məqsədlə yaradılmış agentliklər tərəfindən
aparılır. Məsələn, Qiymətləndirmə
üzrə Fransa Milli Komitəsi (Comite Nationale d’Evaluation),
İsveç Ali Təhsil Agentliyi (National Agency for Higher
Education (Hogskoleverket), Almaniya Elmi Şurası
(Wissenschaftsrat), Ali Təhsilin
Qiymətləndirilməsi üzrə Finlandiya Şurası
(Finnish Higher Education Evaluation Council) təşkilatları tərəfindən
həyata keçirilir.
Sürətlə
qloballaşan dünyada Azərbaycan təhsil sisteminin Avropa təhsil
sisteminə inteqrasiya prosesi labüddür. Ölkəmizdə
təhsil islahatları milli mənafelər nəzərə
alınmaqla həyata keçirilməlidir. Təlim məsələlərində
(ayrı-ayrı fənlərin tədrisinin plan və proqramlarında,
yeni metodların yaradılmasında) inkişaf etmiş ölkələrin
əldə etdikləri müsbət təcrübə müəyyən
araşdırmalardan sonra ölkəmizin təhsil sisteminə
tətbiq olunmalıdır. Ali təhsil müəssisələrində
milli özünüdərk və dövlətçilik
prinsiplərinin aşılanması ön plana çəkilməlidir.
Bu kontekstdən yanaşmaqla Azərbaycan Texniki Universiteti də
Avropada mövcud olan akkreditasiya prosesini öyrənmək,
xüsusilə, qiymətləndirmə və keyfiyyətin təminatı
üçün metodik hazırlığı artırmaq, tədrisin
keyfiyyətinin yüksəldilməsi, optimal biliyin verilməsi
imkanlarını axtarmaq üçün beynəlxalq
proqramlarda iştirakı prioritet hesab etmişdir. Odur ki, 2001-ci
ildən başlayaraq AzTU TEMPUS proqramı çərçivəsində
layihələrdə aktiv tərəfdaşlardan birinə
çevrilmişdir.
AzTU-da bir
sıra ixtisasların
beynəlxalq
akkreditasiyasına aparan yol
Azərbaycan
Texniki Universiteti ölkəmizin digər tərəfdaş
universitetlərilə birgə 2001-ci ildən indiyədək 4
TEMPUS layihəsi həyata keçirmişdir. Bu layihələrin
yerinə yetirilməsində əsas məqsəd Azərbaycanda
mühəndis hazırlığının Avropa təhsil
sisteminə inteqrasiyası və tədris prosesinin keyfiyyətinin
yüksəldilməsindən ibarət olmuşdur.
Avropa
Birliyi Təhsil və Mədəniyyət üzrə
Komissiyasının verdiyi ilkin layihələrdən biri
2001-2003-cü illərdə Azərbaycan Texniki Universitetində
yerinə yetirilmişdir. Bu layihə Almaniyanın Köln və
Hollandiyanın Heerlen Tətbiqi Elmlər universitetləri ilə
birgə həyata keçirilmişdir. Layihə AzTU-da
“Elektrotexnika fakültəsində tədrisin müasirləşdirilməsi”
olmuşdur. Bu layihə çərçivəsində bir
sıra ixtisasların tədris metodiki materialları Avropa təhsil
sisteminə, xüsusilə Almaniya təhsil sisteminə
uyğunlaşdırılmış və 3 yeni bakalavr və magistr
ixtisasının “Elektroenergetika”, “Avtomatika və informasiya
texnikası” və “Avtomobillərin elektrik və elektron
avadanlıqları” ixtisasları üzrə kadr
hazırlığı həyata keçirilmişdir.
Bu məqsədlə
Azərbaycan Texniki Universitetində TEMPUS Bürosu Mərkəzi
yaradılmışdır. Layihənin yerinə yetrilməsi
dövründə 20-dək əməkdaş Almaniyanın
Köln və Hollandiyanın Heerlen Tətbiqi Elmlər
universitetlərində təcrübə mübadiləsində
olmuşlar. Eyni zamanda həmin universitetlərin təcrübəli
professorları AzTU-da müasir laboratoriyaların qurulmasında
və tədris prosesinin optimallaşdırılmasında
yaxından iştirak etmişlər. Birgə hazırlanan tədris
planları Təhsil Nazirliyi tərəfindən təsdiq
edilmişdir. 2002-2013-cü illərdə TEMPUS proqramı ilə
təhsil alan 150 tələbə məzun olmuşdur.
Yuxarıda
göstərilən layihələrin həyata keçirilməsi
dövründə Azərbaycan Texniki Universitetində beynəlxalq
konfranslar təşkil edilmişdir. Konfranslarda Azərbaycan
Respublikasının təhsil naziri, Almaniyanın Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri və digər
rəsmi şəxslər iştirak etmişlər. Əldə olunan nəticələr
və qarşıda duran perspektiv planlar müzakirə
edilmişdir. Avropa Komissiyasının monitorinq qrupu bu layihələrdə
görülmüş işləri müsbət qiymətləndirmiş
və alınmış nəticələrin Azərbaycanın
digər ali məktəblərində tətbiq
olunmasını tövsiyə etmişdir.
Hazırda
Azərbaycan Texniki Universitetində yerinə yetirilən TEMPUS
layihəsi üzrə bakalavr səviyyəsində 2 ixtisasda
60 bakalavr və 4 magistrant təhsil alır. Layihənin yerinə
yetirilməsi zamanı tələbələrin təhsili
üçün tədris planlarının
optimallaşdırılması; praktiki məşğələlərin,
kurs və layihə işlərinin təkmilləşdirilməsi;
laboratoriya avadanlıqları ilə təchizat; tədris
planlarına uyğun olaraq akkreditasiyanın şərtlərinə
cavab verən formada modul kitabları və s. işlənib
hazırlanmışdır.
Sonuncu
layihə üzrə 2013-2014-cü tədris ilində
aparılan tələbə qəbulu zamanı yüksək nəticələr
əldə olunmuşdur. Proseslərin
avtomatlaşdırılması mühəndisliyi ixtisasları
üzrə 15 tələbə daxil olmuş, onların
universitetə qəbul balları 400-494 bal həddində
olmuşdur. “Elektroenergetika mühəndisliyi” ixtisasına da 15
nəfər tələbə qəbul olunmuşdur və qəbul
balı 370 - 411 bal həddində olmuşdur. Bu qruplarda dərs
aparan müəllimlər əsasən əvvəlcə TEMPUS
layihəsində iştirak etmiş təcrübəli müəllimlər
arasından seçilmişdir və daim diqqət mərkəzində
olmuşlar.
Hazırda
yerinə yetirilən TEMPUS proqramının əvvəlki layihələrdən
əsas fərqi ondan ibarət
olmuşdur ki, bu layihədə bakalavr səviyyəsində
“Proseslərin avtomatlaşdırılması” və
“Elektroenergetika mühəndisliyi”, magistr səviyyəsində
“Proseslərin avtomatlaşdırılması” və “Elektrik
mühəndisliyi” ixtisaslarının akkreditasiyasının həyata
keçirilməsi üçün lazımi işlər
görülmüş və nəticədə bu proses
uğurla başa çatdırılmışdır. Bundan
ötrü hər üç
universitetdə Avropa ali məktəbləri üçün
vacib əhəmiyyət kəsb edən Qiymətləndirmə
və Keyfiyyət menecmenti üzrə mərkəzlər
yaradılmışdır. Bu mərkəzlərin hər 3
universitetdən olan rəhbərləri Köln Tətbiqi Elmlər
və Varşava Texnologiya universitetlərində lazımi
proqram təminatını öyrənməklə universitetlərdə
həmin qiymətləndirmə mərkəzlərini
qurmuş və tətbiq etmişlər. Akkreditasiyanın
keçirilməsi zamanı bu parametr xüsusi diqqət mərkəzində
olmuşdur. Avropada akkreditasiyanın keçirilməsi sahəsində
nüfuzlu təşkilat olan ASİİN-in əməkdaşları
AzTU, ADNSU, SDU-nun əməkdaşları üçün
Vork-Shoplar təşkil etmişdir. Nəhayət, bu il mart
ayının 30-dan aprelin 2-nə qədər ASİİN-in təşkil
etdiyi səlahiyyətli akkreditasiya komissiyası universitetlərdə
olmuş və akkrediyasiya prosesini aparmışdır.
Akkreditasiya yüksək tələbkarlıqla, konstruktiv
müzakirələr şəraitində keçmişdir.
Sözsüz ki, bu proses bir və ya bir neçə gündə
deyil, tədris prosesinin ilkin mərhələsindən
başlanmışdır və son mərhələdə
avropalı ekspertlər görülən işlərin və
alınan nəticələrin qiymətləndirilməsini həyata
keçirmişlər. Layihənin tərəfdaşı olan
Avropa akkreditasiya təşkilatı ASİİN tərəfindən
Azərbaycan Texniki Universitetində üç tərəfdaş
ali məktəbin əlaqələndirici şəxsləri,
ixtisas rəhbərləri və qiymətləndirmə və
keyfiyyətə təminat üzrə məsul şəxslər
üçün “Tədrisdə keyfiyyətin təminatı“
mövzusunda seminar keçirilmişdir. Bütün bu tədbirlər
Azərbaycan Texniki Universitetinin
göstərilən ixtisaslarının beynəlxalq
akkreditasiyadan uğurla keçərək müvafiq beynəlxalq
sertifikat almasına şərait yaratmışdır.
Azərbaycan
Texniki Universitetində 23 sentyabr 2015-ci il tarixdə 2013-cü
ildən başlayan növbəti TEMPUS layihəsinin uğurla
başa çatması ilə əlaqədar olaraq tərəfdaş
təşkilatlarla - Azərbaycan Respublikası Təhsil
Nazirliyi, ADNSU, SDU, Almaniyanın Köln Texniki Universiteti,
Avstriyanın Qraç Universiteti, Varşava Texnologiya
Universiteti, akkreditasiya agentliyi ASİİN-lə birgə beynəlxalq
konfrans keçirilmişdir.
Azərbaycan
Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov konfransda
çıxış edərək bildirmişdir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf
Konsepsiyası və “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası” kimi
proqram sənədlərində Azərbaycan təhsilinin
dünya və Avropa təhsil məkanına
inteqrasiyasının gücləndirilməsi, təhsil
standartlarının unifikasiyası və Bolonya prosesinin dərinləşdirilməsi
ilə yanaşı, Azərbaycan ali təhsil müəssisələrinin
beynəlxalq əlaqələrinin genişləndirilməsi,
onların təhsil sahəsində həyata keçirilən
beynəlxalq proqramlara cəlb olunması mühüm yer tutur.
Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri
xanım Malena Mard, Almaniya Federativ Respublikasının Azərbaycandakı
səfirinin müavini Schoenfeld, layihənin koordinatoru, Köln
Texniki Universitetinin professoru Reza Talebi-Dəryani, Azərbaycanda
“Erasmus+proqramlar” ofisinin rəhbəri Pərviz Bağırov
konfransda çıxış edərək Azərbaycan
Respublikası ali məktəblərində Avropa
Komissiyasının TEMPUS layihəsi ilə bağlı
görülmüş işlərin əhəmiyyətindən
danışmışlar. Köln Texniki Universitetinin sabiq
prezidenti, professor Joachim Metsner çıxışında AzTU
ilə Köln Texniki Universiteti arasındakı uzunmüddətli
səmərəli əməkdaşlıqdan danışaraq,
bu əməkdaşlıqda xüsusi xidmətlərini nəzərə
alaraq və Avropa
Komissiyasının TEMPUS layihəsinin həyata keçirilməsi
istiqamətində göstərdiyi xidmətlərə görə
Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədova
təmsil etdiyi Köln Texniki Universitetinin Senatı tərəfindən
təsis edilmiş Qızıl Xatirə Medalını təqdim
etmişdir.
AzTU-da
beynəlxalq akkreditasiyanın
nəticələri
və gələcək gözləntilər
Bəzi
ixtisasların beynəlxalq akkreditasiyadan keçməsi bizə
nə vəd edir? Aydındır ki, bu prosesin aparılması
AzTU-nun bu işə məsul əməkdaşlarının
lazımi bilik və bacarıqlar qazanmasına şərait
yaratmışdır. Akkreditasiyanın uğurla başa
çatdırılması üçün universitetlərdə
qiymətləndirmə və keyfiyyətin təminatı
üzrə mərkəzlər fəaliyyət göstərmişdir
ki, bu Azərbaycan ali təhsil sistemi üçün, bir
növ, yeni bir yanaşma idi. Akkreditasiya komissiyası bu sistemin
AzTU-da çox yaxşı səviyyədə təşkil
edildiyini bildirmişdir. Digər vacib məqamlardan biri qiymətləndirmə
və keyfiyyətin təminatı prosesində əsas komponent
olaraq tələbələrin təhsilin aparılma keyfiyyətinə
birbaşa qiymət vermə imkanlarının olmasından ibarətdir.
Bu proses universitetin həmin mərkəzi tərəfindən
tələbə nümayəndələri ilə birgə
anonim olaraq aparılmış və Köln Texniki Universitetində
fəaliyyət göstərən mərkəzə birbaşa
bağlanmaqla nəticələr emal olunmuşdur. Nəticələri
aşağı olan təhsilverənlərin nə
üçün belə nəticələr göstərməsinin
nəticələri müzakirə olunmuşdur. Bütün
bunlar tələbə və müəllimlərin
qarşılıqlı olaraq bir-birlərinə yaxşı mənada
nəzarətinə və münasibətlərin sağlam
aspektdə qurulmasına imkan yaradacaq amil hesab edilə bilər.
Ənənəvi
olaraq biz belə düşünürük ki, qiymətləndirmə
dedikdə, yalnız tələbənin biliyinin qiymətləndirilməsi
başa düşülürsə, bu sistemdə isə təhsilalanların,
yəni tələbələrin həm müəllimin, həm
də tədris prosesində metodiki indikatorların tələbələr
tərəfindən qiymətləndirilməsi ön plana
çıxır. Sual oluna bilər ki, nə üçün
bu məsələdə tələbələrə daha
çox üstünlük verilir? Avropa, xüsusilə,
Almaniya ali məktəblərində belə hesab edirlər ki,
əmək bazarının ən maraqlı tərəfi tələbə
kontingentidir. Odur ki, əmək bazarının daha çox nəyə
tələbi varsa, onu tələbə daha dərindən
öyrənir və onu tədris prosesi zamanı qazanmağa
çalışır. Bu mənada tələbə amili
ön plana keçir. Təsadüfi
deyil ki, industrial cəmiyyət üçün əsas nəzarətetmə
və qiymətləndirmə missiyası pedaqoqlar tərəfindən
yerinə yetirilirdisə, postindustrial
cəmiyyət üçün
nəzarət və qiymətləndirmə öyrənənlərin
özününəzarət və özünüqiymətləndirmə
yolu ilə həyata keçirilməsi vurğulanır.
Belə beynəlxalq layihələrdə iştirak və akkreditasiyanın keçirilməsi bizə mühəndis kadrların hazırlığında, keyfiyyətin təmin olunmasında innovativ təlim texnologiyalarının tətbiqi üçün yeni imkanlar yaradacaqdır. Bütün bunlar sübut edir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin iqtisadi kapitalın insan kapitalına çevrilməsi ilə bilik iqtisadiyyatının yaradılması istiqamətində apardığı siyasətə uyğun olaraq son zamanlar ali təhsil sahəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar öz müsbət bəhrəsini verəcəkdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təhsildə keyfiyyətin yüksəldilməsi, peşə ixtisası təhsilinin və regionlarda təhsilin inkişafı üçün atılan addımlar, müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində həyata keçirilən layihələr sübut edir ki, təhsil sferası Azərbaycanın strateji platformasıdır. Bu strateji platformanın həyata keçirilməsində biz ali təhsil ictimaiyyətinin üzvləri olaraq əlimizdən gələni əsirgəməməliyik.
Havar MƏMMƏDOV,
Azərbaycan Texniki Universitetinin
rektoru,
əməkdar elm xadimi, texnika elmləri
doktoru, professor
Azərbaycan müəllimi.- 2015.- 24
oktyabr.- S.4.