Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin
“Bilik
günü"ndə Bakıdakı 148 nömrəli məktəbin
açılış
mərasimindəki
nitqindən irəli gələn vəzifələrin
icrası barədə
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr Bilik günündə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki proqram xarakterli nitqində ümumi təhsilin inkişaf istiqamətləri, xüsusilə uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi barədə irəli sürülmüş vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini əsas tutaraq
ƏMR
EDİRƏM:
1. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Təhsil Nazirliyinin Fəaliyyət planı təsdiq olunsun (əlavə edilir).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Nazirlik tabeliyindəki ümumi təhsil müəssisələri:
2.1 Bu əmrin mahiyyəti və Fəaliyyət planı barədə ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin məlumatlandırılmasını təmin etsinlər.
2.2 Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi ilə bağlı təşkilati-pedaqoji işləri vaxtında həyata keçirsinlər.
2.3 Fəaliyyət planının icrası barədə 2015-ci ilin dekabr, 2016-cı ilin aprel ayında Nazirliyə arayış təqdim etsinlər.
3. Məktəbəqədər və ümumi təhsil şöbəsi (A.Əhmədov) və Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev) Fəaliyyət planındakı tədbirlərin yerinə yetirilməsini nəzarətdə saxlamaqla yerli təhsili idarəetmə orqanlarına əməli köməklik göstərsinlər, müəyyən edilmiş vaxtlarda onların hesabatını dinləyib təkliflər hazırlasınlar.
4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil
naziri
19 oktyabr 2015-ci il
Azərbaycan müəllimi.-
2015.- 24 oktyabr.- S.6.