“Seçdiyim ixtisas dünyada
ən önəmli sahə hesab olunur"
Böyük
Britaniyanın London İmperial Kollecinin tələbəsi Nərmin
Talıbova ilə söhbət
Nərmin Talıbova 1986-cı il avqustun 23-də Bakıda anadan olub. Bakıdakı Xarici
Dillər Təmayüllü Gimnaziyada oxuyub. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin
pediatriya fakültəsinə daxil olub. 2010-cu ildə
universiteti pediatr -neonatoloq ixtisası üzrə bitirib və həkim
-intern kimi fəaliyyətə başlayıb. İnternatura pilləsini bitirdikdən sonra Mərkəzi
Klinik Xəstəxananın Uşaq Mərkəzində
yenidoğulmuşların reanimasiyası və intensiv
terapiyası şöbəsində assistent-neonatoloq kimi fəaliyyətini
davam etdirib. 2014-cü ildən
etibarən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”
çərçivəsində Böyük
Britaniyanın London İmperial Kollecinin Tibb Məktəbində magistr
dərəcəsi üzrə təhsil alır. Nərmin Talıbova
ilə söhbətimizə orta məktəb illəri ilə
körpü saldıq.
“Fənlər
arasında heç bir
fərq qoymamışam”
- Məktəb
illərimi, müəllimlərimi sevə-sevə
xatırlayıram. İlk müəllimlərimlə
bağlı şanslı olduğumu düşünürəm.
Orta məktəbdə oxuyarkən bütün fənləri
eyni dərəcədə öyrənməyə
çalışmışam, fənlər arasında
heç bir fərq
qoymamışam və bunun qəti
əleyhinəyəm. Deyə bilərəm
ki, insanın dünyagörüşünün
düzgün inkişafı üçün hər bir fənnin
öz rolu var. Bunun
faydasını isə şəxsi təcrübəmdə
gördüm. Hazırda ingilisdilli ölkədə magistr təhsili
alıram və eyni vaxtda
fransızdilli ölkədə
təcrübə
keçirəm. Xarici dilləri bilməyim həm xaricdə
təhsil imkanımı genişləndirdi, həm də avropalı həmkarlarımla ünsiyyət qurmaqda üstünlüyüm oldu.
Qeyd edim ki, məktəbimiz humanitar yönümlü idi
və rayon üzrə hər zaman ən yaxşı
abituriyent göstəricilərinə malik idi. İxtisas seçimimə gəlincə nə
qədər təəccüblü olsa da, heç vaxt həkim olmağı
arzulamamışam. XI sinifdə qərarımı
ani dəyişib texniki profilli fənlər üzrə hazırlığa
başladım. Bu qərarımın səbəbi
ailə yaxınlarımızdan birinin xəstələnməsi
və bizim də çarəsiz qalmağımız idi. “Gec olmadan həkim olmalıyam” dedim
və çox qısa müddət ərzində böyük
əzm, qətiyyətlə hazırlaşdım və hədəfimə
çatdım. Nəticədə, Azərbaycan
Tibb Universitetinin pediatriya fakültəsinə daxil oldum.
“Xaricdə təhsil almaq hər zaman
arzum olub”
- Müxtəlif illərdə
Türkiyənin universitet xəstəxanalarında
qısamüddətli treninqlərdə olmuşam.
Bu da
sonrakı illərdə həm ixtisas seçimində, həm
də xaricdə tibbi təhsil almaq ideyamın
formalaşmasında müstəsna
rol oynayıb. Xaricdə təhsil
almaq hər zaman arzum olub, lakin Dövlət Proqramına
müraciət edənə qədər bu, ancaq arzu idi. Qeyd etdiyim kimi, qısamüddətli
kurslar və yerli imkanlar ilə müəyyən bir
inkişafı əldə etdim, amma hədəfini yüksək
tutan və qazandıqları ilə heç vaxt qane olmayan bir
insan olaraq, təcrübədən keçmiş,professional tibbi təhsilə ehtiyacım
olduğunu hiss etdim. Valideynlərim ən böyük dəstəyimdir, onların güvəni məni dayanmadan
çalışmağa və ən yaxşılardan
olmağa həvəsləndirib.
Qeyd edim ki, ölkəmizdə gənclərə göstərilən yüksək
diqqət və qayğının bariz nümunəsi kimi
Dövlət Proqramının əhəmiyyəti böyükdür. Dövlət Proqramının
potensiallı gənclərimizin gələcək karyera
uğrunda çox mühüm layihə olduğunu
düşünürəm və şəxsi təcrübəmə
dayanaraq bundan tam əminəm. Xüsusilə, bir
tibb təhsili alan tələbə üçün bunun vacibliyini ifadə etmək mümkün
deyil. Düşünürəm
ki, Dövlət Proqramının ölkəmizə qazandırdığı gənc kadrları gələcəkdə
ayrı-ayrı sektorlarda əldə olunmuş uğurları
ilə görə biləcəyik.
Dövlət Proqramından müsbət rəy
almağımı akademik karyeram yolunda atılan ən uğurlu
addımlarımdan biri kimi dəyərləndirirəm.
“Kitab oxumaq ən sevdiyim məşğuliyyətimdir”
-
Yaşadığım və təhsil aldığım London beynəlmiləl şəhərdir. Burada dünyanın müxtəlif ölkələrindən insanların olduğunu nəzərə
alsaq, özünü yad hiss etmək çətindir. Londonun insanları da səmimidi, yardimsevərdir. Tələbə yoldaşlarımın bir çoxu əcnəbilərdir və onlarla
da kifayət qədər səmimi münasibətimiz var. Əvvəllər də başqa ölkələrdə
yaşamaq təcrübəm olduğundan Londona, buranın
insanlarına alışmaq mənim
üçün çətin olmadı.
Tələbə
həyatımdan da çox məmnunam, çünki inkişaf etdiyimi hiss edirəm. Ölkələrin tarixi ilə
çox maraqlanıram və
xosbəxtlikdən
İngiltərədə bir çox muzeylər ödənişsizdir və
çox zəngindir, mən
də bu fürsətdən istifadə edib
boş vaxtlarımda muzeyləri kəşf edirəm və dincələ-dincələ
Avropa tarixini öyrənirəm. Həftəsonları Temza çayının
sahilində kitab oxumaq ən sevdiyim məşğuliyyətimdir.
Şəxsi təcrübəmə dayanaraq deyə
bilərəm ki, dünyagörüşümün
formalaşmasında mütaliə etmək çox əhəmiyyətlidir
və hətta bir çox hallarda əsər qəhrəmanlarından
cəsarət aldığımı belə
xatırlayıram.
“Seçdiyim ixtisas ən önəmli
sahə hesab olunur”
- London
İmperial Kolleci həm dünyanın, həm də
Böyük Britaniyanın ən
yaxşı ali təhsil müəssisələrindən
biridir. Kollec dünya universitetləri
reytinqində (Times
Higher Education World University Rankings 2015-2016) 8-ci yerdədir.
Düşündüm
kü, bir halda ki
xaricdə təhsil almaq istəyirəm, o zaman bu ali məktəb ən yaxşılardan biri
olmalıdır. İxtisasıma
gəlincə, mən pediatr-neonatoloqam və hazırda
pediatriya üzrə magistr təhsili alıram.
İşimi,
körpələri
sevirəm, bu da mənə yorulmadan, bezmədən
çalışmağa, oxumağa
stimul verir.
Hələ Ankara Universitetində keçdiyim kurs
zamanı yenidoğulmuşların reanimasiyası və
intensiv terapiyasının nə qədər çətin və
aktual olduğunu gördüm. Təəssüf ki, o körpələrin
həyat mücadiləsi yetkin insanlar kimi deyil, elə ilk doğulduqları
andan, ana qucağında deyil,
küvezdən və ventilyasiya cihazından
başlayır və onların bu savaşda professional köməyə
ehtiyacları var. Məncə,
dünyada hər 30 saniyədən bir
yarımçıqdoğulmuş körpəni itirmək
gerçəkliyi bu ixtisasın nə qədər qlobal
olduğunu ifadə etməyə kifayət edir. Buna görə də
seçdiyim ixtisas dünyada ən önəmli sahə hesab
olunur. Qeyd edim ki, bir
ölkənin sağlamlıq göstəricisi nə qədər
önəmlidisə, mənim peşəm də ən
azı o qədər
vacibdir. “Körpələr
gələcəyimizdir” deyirik, mən də sağlam gələcəyimiz
üçün çalışıram.
Yenidoğulmuşlar və körpələr, eləcə də
analar arasında
ölüm hallarının azalıb və ya
çoxalması bilavasitə
biz pediatrların məsuliyyətindədir. Hərçənd
ki, artıq inkişafını izləmək mümkün
olmayan tibb elminin yeni nailiyyətləri bu göstəriciləri
azaltmaqda bizə dəstək ola bilər. Təbii ki, ixtisaslaşmış kadrlara və mərkəzlərə
ehtiyacımızın vacibliyini inkar etmirəm. Əminəm
ki, xaricdə təhsil alan həkim həmkarlarımla birlikdə
Avropa tibb təcrübəsinin
Azərbaycan səhiyyə sisteminə inteqrasiyasını reallaşdıra
bilərik.
“Professorlarımızla sərbəst
görüşə bilirik”
- Təhsil
ocağının professor-müəllim heyəti
ilə münasibətlərimiz çox səmimi və
işgüzarlığı ilə seçilir. Əslində biz tələbələrlə,
həkim olduğumuzdan, daha çox həmkar, əməkdaş
kimi davranırlar
və hər hansı
çətinliklərlə üzləşdiyimizdə bizə
çəkinmədən öz dəstəklərini təklif edirlər. Diqqətimi çəkən ən
maraqlı məqamlardan biri professorlarımızla çox rahat görüş
təyin edib, onların məsləhətlərini ala bilməkdir. Dünyanın fərqli ölkələrindən
çox sayda əcnəbi tələbə qəbul etdiklərindən problemlərimizi bizdən də yaxşı bilirlər və
qeyri-adi motivasiya etmək
qabiliyyətləri var. Konkret bir mövzü üzərində diskussiyadan sonra görməli olduğum işin
modelini artıq canlandırmış oluram və keçilən mövzu və
ya problemli məsələ
artıq mənə əvvəlki kimi çətin gəlmir, məni
öz səylərimdə uğurlu olacağıma inandıra
bilirlər.
Kollecdə dərslər interaktiv mühazirələr
üzərində proqramlaşdırılıb. Bütün mühazirə
materialları eyni zamanda universitetin qruplar üçün nəzərdə
tutulmuş mövzular lövhələrdə (“blackboard”) yerləşdirirlir
və tələbənin istədiyi zaman təkrar dinləmə
şansı olur. Digər tərəfdən, yazılı
imtahanlar üçün
universitet bütün tibbi
materiallara çıxış imkanı verir ki, bu da yazılı imtahanlara
hazırlaşmağı xeyli asanlaşdırır.
“Təhsilə qoyulan
investisiyaların ən uğurlusu”
-
Britaniyada akademik təhsil alıram və deyə bilərəm
ki, Britaniya bu kurslarla özünün PhD tələbələrini,
alimlərini və elmə yenilik gətirəcək
kadrlarını seçir. Odur ki, gələcək həmkarlarımın
da belə bir şansa malik olmasını istərdim.
Məncə, təhsilə qoyulan investisiyaların ən
uğurlusu xaricdə təhsildir. Hər
bir tələbə oxuduğu və ya
araşdırdığı mövzu üzrə mütəxəssis
olur və nəzərə alsaq ki, Dövlət
Proqramı bütün prioritet
ixtisaslar üzrə tələbələri qəbul edir, bunun
ölkənin iqtisadi-mədəni inkişafı, konkret ixtisasım üzrə desəm,
sağlam genofondumuzun yaranması və qorunması naminə böyük əhəmiyyət kəsb
etdiyini deyə bilərəm. Tələbənin xarici ölkə
mühitində yaşaması, oxuması, qazandığı təcrübə,
problemlərə professional
yanaşma strategiyası, komanda
ruhu, uğuruna inam və s. yalnız avropalıların
yaşadığı mühitdə elə avropalılardan
öyrənməklə təcrübəyə çevrilə
bilər. Yeni dostluqların, münasibətlərin
tələbələrin istər gələcək
karyerasında, istərsə də akademik təhsilinin
davamı üçün müəyyən prespektivlər vəd
etdiyini düşünürəm.
Azərbaycanın
elmi uğurları ilə tanınmasını istəyirəm
- Gənclərimizin
dünyanın reytinqli universitetlərində təhsil
almasına, şübhəsiz ki, müsbət yanaşıram
və bu mövzuda gənc həkimlərimizə əlimdən
gəldiyi qədər dəstək olmağa hazıram.
Əmin olduğum bir şey var - insan nə qədər
intellektual olursa,
bir o qədər də alicənab, sadə olur və
bildiklərini, təcrübəsini
insanlarla paylaşmaqdan çəkinmir.
Qeyd edim ki, Dövlət Proqramı xətti ilə İngiltərədə təhsil alan azərbaycanlı tələbələrin sayı kifayət qədər çoxdur, təbii ki, bu, diasporanın sərhədlərini genişləndirən faktorlardandır və mən də İngiltərədəki səfirliyimizdə Təhsil Nazirliyinin nümayəndələrinin təşkil etdiyi görüşlərdə iştirak edirəm, onlarla qayğılarımızı paylaşırıq və onlar da mümkün olduğu qədər bizə böyük dəstək olurlar. Xüsusilə, bayramlarda doğma insanları görmək çox xoş olur və tələbələrimiz də bu görüşlərin təşkilində aktiv iştirak edirlər. Qeyd etdiyim kimi, İngiltərədə təhsil alan potensiallı tələbələrimiz özlüyündə Azərbaycanın xaricdə təbliği üçün ən uyğun faktordur. Belə ki, dövlətimizin təhsilə diqqət və qayğısı, geniş miqyasda investisiya ayırması professorlar və tələbə yoldaşlarım tərəfindən təqdirəlayiq qarşılanır. Heç bir sərvət elmdən üstün deyil və Azərbaycanın gənc mütəxəssislərinin öz elm və bacarıqları ilə ölkəmizi ən layiqli şəkildə təmsil edə biləcəyini düşünürəm. Avropanın Azərbaycanı elmi uğurları ilə tanımasını istəyirəm!
Gələcək planlarıma gəlincə, hər zaman kliniki karyeram ilə yanaşı, akademik karyeramın olmasını da arzulamışam. Dövlət Proqramı sayəsində bunu gerçəkləşdirə bildim, amma tibb elminin sərhədləri hər gün daha da genişlənir və mənim də gənc həkim olaraq borcum bununla ayaqlaşmaq, Azərbaycanda sağlam gələcəyimiz naminə əlimdən gələni əsirgəməmək və təhsilimi davam etdirməkdir.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2015.- 24 oktyabr.- S.8.