Fərqli dizayna malik sinif
otağı, fərqli tədris mühiti
Əsas məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarət olan “Sağlam təhsil-sağlam millət” layihəsi bu gün valideynlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanmaqdadır. Artıq bir sıra məktəblərdə fəaliyyət göstərən, fərqli dizayna malik sinif otağı, fərqli tədris mühiti ilə seçilən “Sağlam təhsil sinif”lərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Həmin sinif otaqlarında həm oturacaqlı, həm də hündür masalar yerləşdirilib. Bu da həmin sinifdə təhsil alan şagirdə həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. Son nəticədə şagirdlərin, eyni zamanda müəllimlərin də hər zaman hərəkətliliyi təmin olunur. Bu gün dünyanın bir sıra inkişaf etmiş ölkələrinin üstünlük verdiyi hərəkətli tədris mühitinə bizim həkim və mütəxəssislərimiz tərəfindən də böyük dəstək verilir.
Onu da qeyd edək ki, ötən tədris ilindən fəaliyyət göstərən 15 “Sağlam təhsil sinfi”ndə Azərbaycan Tibb Universitetinin mütəxəssislərinin apardıqları monitorinqin nəticələri burada oxuyan şagirdlərin intellektual və fiziki cəhətdən daha yaxşı inkişaf etdiyini üzə çıxarıb. Bundan əlavə, həmin siniflərdə təhsilalanların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib.
2015-2016-cı tədris ilindən “Sağlam təhsil sinif”lərindən biri də Bakı şəhəri 47 nömrəli tam orta məktəbdə fəaliyyətə başlayıb. Bu günlərdə həmin məktəbdə olduq, müəllim və mütəxəssislərlə, valideynlərlə görüşüb onların fikirlərini öyrəndik, həmçinin şagirdlərlə söhbətləşdik.
Məktəbin direktoru Aytən Bağırova bizimlə söhbətində 1500-ə yaxın şagirdin təlim-tərbiyəsi ilə 140 müəllimin məşğul olduğu təhsil ocağında”Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində hələlik 1”Sağlam təhsil sinfi”nin yaradıldığını söylədi. Direktor yeni sinfə valideynlərin böyük marağı olduğunu, buradakı təlim şəratindən, eyni zamanda şagirdlərin birbaşa sağlamlığına yönələn mühitdən olduqca razı qaldıqlarını bildirdi.
Məktəbin “Sağlam təhsil sinfi”nin ibtidai sinif müəllimi Svetlana Tağıyeva xüsusi tərtibatı ilə gözoxşayan sinifdə uşaqlarla işləməyin çox maraqlı olduğunu, onlarda təlimə marağı yüksəltmək, ətraf aləmi tam dərk etmələri, yaradıcı təfəkkürü inkişaf etdirmək üçün inteqrativ dərslərə daha çox yer verildiyini bildirdi. Qeyd etdi ki, hərəkətli tədris mühitində şagirdlər, demək olar ki, yorulmur, əksinə dərslərini daha rahat şəkildə mənimsəyirlər.
Təhsil Nazirliyinin Pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanova “Sağlam təhsil-sağlam millət” layihəsinin Azərbaycan üçün müxtəlif ölkələrin təcrübələri öyrəniləndən sonra tətbiq edilən unikal bir model olduğunu qeyd etdi.
“Sağlam təhsil sinif”lərində dərslərin inteqrativ şəkildə tədris olunduğunu və şagirdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün sanki bir zəncir üzərində formalaşdığını deyən A.Süleymanova həmçinin təlim zamanı sinif otaqlarında istifadə olunan xüsusi asqıların uşaqların tam təlimə cəlb olunmasına və mövzunu hərəkətli şəkildə mənimsəmələrinə daha asanlıqla kömək etdiyini söylədi. O da qeyd olundu ki, valideynlərin marağına səbəb olan bu təlim prosesi bəzən onların iştirakı ilə də həyata keçirilir
O, sinfin fərqli dizayna malik olduğunu deyərək bunu belə izah etdi: “Bu bucaqsız sinif otağıdır. Otaqda düz xətlər görə bilməzsiniz. Belə bir tərtibat uşaqları psixi stresdən qorumaq üçün nəzərdə tutulub. Otaqda panorama effekti yaradılıb. Görünən bucaqlarda ağac şəkilləri çəkilib. Uşaqlar özlərini sanki sinifdə deyil, qeyri-adi bir məkanda, təbiət qoynunda hiss edirlər”.
Layihənin gigiyena üzrə ekspertlər qrupunun rəhbəri, ATU-nun uşaq və yeniyetmələr gigiyenası kafedrasının dosenti Şəhla Balayeva məsələyə tibbi baxımından yanaşaraq söhbət zamanı ibtidai siniflərdə təhsil alan uşaqların diqqət davamlılığının 15 dəqiqədən artıq olmadığının artıq sübut olunduğunu dedi. Onu da əlavə etdi ki, 15 dəqiqə ərzində eyni işçi pozada olmaq statik gərginliyin yaranmasına səbəb olur. “Sağlam təhsil sinif”lərində bununla əlaqədar olaraq dərs zamanı 15 dəqiqədən bir mikropauzalar verilir. Bu zaman uşaqlar görmə və vestibulyar aparatı məşq etdirmək üçün professor V.F.Bazarnıyın təklif etdiyi “Universal simvollar sxemləri” (“SUS”) və “Görmə-vestibulyar məşqçi” (“ZEVS”) avtomatlaşdırılmış sistemində hərəkətlər həyata keçirirlər. Bu hərəkətlər vasitəsilə həm göz əzələləri, həm də gövdənin yuxarı hissəsinin əzələləri məşq edir, statik iş dinamik fəaliyyətlə əvəz olunur. Mikropauzalardan sonra uşaqlar yerlərini dəyişməklə (oturaq-ayaqüstü) yeni iş pozası almış olurlar. Beləliklə, dərs günü ərzində ənənəvi dərslərdən fərqli olaraq eyni əzələ qrupuna daimi iş düşmür ki, bu da zehni və fiziki iş qabiliyyətinin uzun müddət ərzində yüksək səviyyədə saxlanılmasına xidmət edir. Bundan əlavə, şagird masalarının uşaqların boylarına uyğun tənzimlənməsi, masanın işçi səthinin 16 dərəcə maili olması iş zamanı gövdənin yuxarı hissəsinin və başın həddən artıq əyilməsinin qarşısını alır ki, bu da qan dövranının normal olmasına, orqanizmin orqan və toxumalarının yaxşı qidalanmasına və kifayət qədər oksigen təchizatına şərait yaradır. İşıqlanma səviyyəsinin 300-500 lüks olması isə iş zamanı görmə orqanında gərginlik yaranmasının qarşısını alır.
Həkimin sözlərinə görə “Sağlam təhsil sinif”lərində yaradılan sağlam tədris şəraiti - uşaqların fizioloji xüsusiyyətlərinə uyğun olan mebel və digər avadanlığın istifadəsi, sinifdə şagird sayının optimallaşdırılması, hərəki fəallıq təhsilalanların fiziki inkişafına müsbət təsir göstərərək, əvvəldən bu istiqamətdə yaranmış bir sıra sağlamlıq problemlərinin, məsələn, uzaqdan görmə itiliyinin azalması, qamət pozulmaları, fiziki inkişaf problemlərinin azalmasına zəmin yaradır.
Valideynlərdən Nahidə Zeynalova, Sevinc Novruzova, Kəmalə İsmayılova, Pərvanə Məmmədova öz övladlarının məhz bu sinifdə təhsil almalarından məmnun olduqlarını, uşaqlarının məktəbə həvəslə gəldiklərini dedilər. Qeyd etdilər ki, buradakı tədris prosesi, müəllimin şagirdlərə olan səmimi münasibəti onları qane edir. Bu sinifdə övladlarının həm sağlamlıqlarına, həm də təhsilinə xüsusu diqqət göstərilir. Uşaqlar idmanla məşğul olur və bu da onların sağlamlığı üçün xeyirlidir.
Söhbət etdiyimiz “Sağlam təhsil sinfi”nin I sinif şagirdləri Fatimə Novruzova, Ziyafət Zeynalov, Faiq Hüseynli, Tunar Məmmədov, Jasmin İsmayılzadə isə burada təhsil almaqdan xoşları gəldiyini söylədilər.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2015.- 24 oktyabr.- S.9.