Multikulturalizm və təhsil
Dünyada baş verən siyasi,
iqtisadi, sosial, mədəni-mənəvi hadisələr yeni
terminlərin yaranmasına səbəb olduğu kimi, bəzi bəlli
terminlərin işlək hala gətirilməsinə də təsir
göstərir. Məsələn, qloballaşma, multikulturalizm
terminləri bu qəbildəndir. Yeni terminlərin meydana
çıxması, yaxud işlənmə aktuallıqları
yalnız üslubi-qrammatik mahiyyətli deyil, həm də
baş verən mövcud münasibətlərin, tərzlərin,
baxışların, hadisələrin mahiyyətini ehtiva
edir. Qloballaşma ölkələr,
dövlətlər arasında əlaqələrin genişlənməsini,
inteqrasiyasını, birliklərini, vəhdətini əks
etdirir. Təbii ki, bu proses də
elmi, texniki, texnoloji inkişafla bağlıdır. Əgər
yarım əsr əvvəl ölkələrarası
gediş-gəlişlərin, daşınmaların və s.
sürəti və kütləviliyi zəif idisə, bu
gün olduqca intensiv və sürətlidir. Əgər ötənlərdə
hər ölkənin məxsusi sənaye-texniki inkişafı
lokallıq halında idisə, hazırda bu inkişaf bir
ölkənin digər ölkə ərazisində qurduğu sənaye,
turizm və s. sərmayələri ilə də inkişaf
etdirilir. Ötənlərdə insanların ölkələrarası
gediş-gəlişləri çox məhdud idi,
keçmiş SSRİ-də, hətta, mümkün deyildi.
Hazırda dövlətlərin sərhədləri maneə
deyil, körpü rolunu oynayır. Miqrasiyalar o qədər
çoxalıb ki, çoxluq təşkil edən millətin
adını daşıyan ölkə, digər ölkələrdən
gələn millətlərin çoxluğunda demoqrafik mahiyyətini
itirir.
İqtisadi,
sosial, hətta, siyasi-dövlətçilik birliyinin -
qloballaşmanın yaranmasına, elmin, texnologiyanın, təhsilin,
peşə ixtisaslarının ümumbəşəriliyinə
və getdikcə inkişaf etməsinə baxmayaraq, dini-mənəvi
dəyərlər, hər xalqa, millətə məxsus tarixi-mədəni
ənənələr, xalqın məişəti, adətləri,
dili, tarixi, mədəniyyəti, vətənpərvərliyi, ədəbiyyatı
və s. özünəməxsus keyfiyyətlərlə,
dünyanın hansı ölkəsində olursa-olsun
yaşayır. Amma bəzi super dövlət ideoloqları
xalqların fərdi-mənəvi keyfiyyətlərini, tarixi ənənələrini
öldürməyə meyllənir, sadəcə insanların
fəaliyyət birliyini formalaşdırmağa
çalışırlar. Təbii ki, burada əsas məqsəd
siyasi, iqtisadi hegemonluqdur. Məhz buna görə də bəzi
Avropa ölkələrində qloballaşma əleyhinə xalq
hərəkatları baş verir. Amma qloballaşma cəmiyyətin
tarixi inkişafının zəruri mərhələsidir, odur
ki, qaçılmazdır. Elə isə necə etməli ki,
bu prosesdə və qloballaşan cəmiyyətdə - iqtisadi,
sosial, hətta, siyasi birliklərdə hər bir xalqın, millətin
mədəniyyəti, mənəviyyatı qorunub
saxlanılsın. Əgər bir xalqın mədəniyyəti,
mənəviyyatı qorunmazsa, gendə, düşüncədə,
əməldə saflıq, düzlük, doğruluq, əxlaqi
gözəlliklər itər, hazırda insanlıq genini
itirmiş bəzi ölkədə olduğu kimi, terror,
dağıntı, zor, haqsızlıq bütün
dünyanı bürüyər. Bəs necə etməli,
qloballaşan dünyada haqqı, ədaləti, gözəllikləri
necə qorumalı? Bu suala multikulturalizm cavab verir.
Çoxmədəniyyətlilik
mənasını verən multikulturalizm bir ölkənin və
eləcə də dünyanın ədalətə söykənməsində,
sabit, tolerant inkişafında xüsusi əhəmiyyətə
malikdir.
Multikulturalizmlə
əlaqədar araşdırmalarda və müzakirələrdə
qeyd olunduğu kimi, multikulturalizm - eyni bir ölkədə
yaşayan müxtəlif xalqların nümayəndələrinin
mədəniyyət hüquqlarını tanıyan humanist
dünyagörüşü və ona uyğun olan siyasətdir.
O,
ayrıca götürülmüş ölkədə və
bütövlükdə dünyada müxtəlif millətlərə
və məzhəblərə məxsus insanların mədəni
müxtəlifliklərinin qorunması, inkişafı və
harmonizasiyasına, azsaylı xalqların milli mədəniyyətlərinin
qorunmasına yönəldilmişdir. Multikulturalizm humanist və
demokratik nəzəriyyə, yaxud ideologiya olaraq
tolerantlığı təcəssüm etdirir. Onsuz humanizm,
yüksək fərdi və beynəlxalq münasibətlər
mədəniyyəti, insanlar arasında
qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə,
dostluq və əməkdaşlıq mümkün deyildir (Kamal
Abdullayev).
Deyilənlərdən
belə nəticəyə gəlmək olur ki, multikulturalizm
ideologiyadır, demokratik nəzəriyyədir, eyni zamanda, həyat
tərzidir.
Azərbaycanda
kultural mədəniyyətin müasir tələblər səviyyəsində
formalaşmasının, ölkədə sabitliyin və tərəqqinin
əsas amil olduğunu nəzərə alan ulu öndər
Heydər Əliyev multikulturalizmin siyasi və hüquqi müstəvidə
yerini müəyyən etmişdir. O, Azərbaycanın gələcək
uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf
seçmiş və öz uzaqgörən, müdrik siyasəti
ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik
ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə
yeni mərhələyə qaldırmışdır. Deməli,
ulu öndər Azərbaycan multikulturalizminin siyasi banisidir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti
uğurla davam etdirir. Dövlətimizin
başçısının sərəncamları ilə
2014-cü ilin fevral ayının 28-də Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşavirliyi təsis edilmiş, 2014-cü il may ayının
15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılmışdır. Hazırda Multikulturalizm Mərkəzində
multikulturalizm probleminin tədqiqi, təbliği, tədrisi
istiqamətində geniş iş aparılır. Bakıda
keçirilən Beynəlxalq konfranslarda, “dəyirmi masa”
müzakirələrində və digər mühüm beynəlxalq
əhəmiyyətli tədbirlərdə dövlətimizin
başçısı İlham Əliyev Azərbaycanda
multikulturalizm mədəniyyətinin qorunması və
inkişafına ən yüksək diqqət yetirildiyini dəfələrlə
bildirmişdir.
Bakıda
yüzdən artıq dövlət nümayəndəsinin
qatıldığı III Mədəniyyətlərarası
Dialoq-Forumda çıxışı zamanı Prezident
İlham Əliyev qeyd etmişdir ki, əsrlər boyu
bütün mədəniyyətlər, dinlər və etnik
qrupların nümayəndələri Azərbaycanda sülh və
ləyaqət şəraitində bir ailə kimi
yaşayıblar. Biz fəxr edirik ki, bu müsbət meyllər
müstəqillik illərində daha da güclənib.
“Bizim
ölkədə multikulturalizmin ənənələri hər
zaman güclü olub”, - deyən ölkə
başçısı “multikulturalizmin alternativi yoxdur” qənaətini
də qətiyyətlə bildirmişdir.
2014-cü
ilin noyabr ayının 4-5-də “Teatr sənətinin
multikulturalizm - universal dəyərlər sistemində yeri”
mövzusunda Bakıda keçirilən III Bakı Beynəlxalq
Teatr konfransında mütəxəssislərin
çıxışlarından belə bir ümumi nəticə
hasil olmuşdur: mədəniyyətlərarası dialoq və
multikulturalizm Azərbaycanda dövlət siyasətinin tərkib
hissəsi və prioritetlərindəndir.
Dünyada
4000-ə qədər xalq, millət və etnik qrup
yaşayır. Deməli, dünyada bir o qədər də
etnomədəniyyət, mentalitet, həyat və
davranış tərzi vardır. Azərbaycan multikulturalizmi
yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə
öz səmərəli nəticələri ilə insanlara
sülh, əmin-amanlıq, qarşılıqlı hörmət
bəxş etməyə yönəldilmişdir. Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılması haqqında Azərbaycan
Respublikası Prezidentinin Fərmanında məhz bu cəhət
nəzərə alınaraq, “...cəmiyyətdə bu istiqamətdə
qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə
gücləndirilməsinin zəruri” olduğu göstərilir.
Ölkəmizdə
keçirilən beynəlxalq konfranslarda, festivallarda, sərgilərdə
tolerantlığın, multikulturalizmin dövlət siyasəti
və insanların həyat tərzi olduğu praktik
reallıqlarla meydana qoyulur.
Haqlı
olaraq digər ölkələrdə Azərbaycan
multikulturalizminin öyrənilməsinə ehtiyac yaranır.
Buradan da multikulturalizmin həm də pedaqoji problem olduğu
meydana çıxır. Çünki multikulturalizm təcrübəsinin
təbliği, öyrənilməsi və öyrədilməsi
pedaqoji prosesdə həyata keçirilir.
Prezident
İlham Əliyevin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması haqqında imzaladığı fərmandan
ötən bir il ərzində görülmüş işlərdən
bəhs edən respublikanın millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri Kamal Abdullayev qeyd etmişdir ki,
Multikulturalizm Mərkəzinin əsas istiqamətlərindən
biri “Azərbaycan multikulturalizmi” anlayışını
dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun bir
çox yolları vardır. Seçdiyimiz yol Azərbaycan
multikulturalizmini xarici ölkələrdə, xüsusilə, gənclər
arasında yaymaqdır. Bunun üçün həmin ölkələrin
ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin
tədrisinə başlanılıb. Bu gün dünyanın 7
ölkəsində, Azərbaycanın 8 universitetində “Azərbaycan
multikulturalizmi” fənni bakalavriat və magistratura pilləsində
tədris edilir... bu fənni öyrənmək istəyənlərin
sayı artmaqdadır...
Beləliklə,
multikulturalizmin təhsil vasitəsi ilə yayılması və
genişləndirilməsi amili meydana çıxır.
Tədrisə
başlamazdan əvvəl “Multikulturalizmə giriş” və
“Azərbaycan multikulturalizmi” fənlərinin məzmunu müəyyənləşdirilmiş
və fənlər üzrə məzmunu əhatə edən
tədris proqramı hazırlanmışdır.
Mərkəz
müvafiq pedaqoji kadr hazırlığı məsələsini
də həll etmişdir. Belə ki, Mərkəzin
kurslarında iştirak edən dinləyicilər kurs üzrə
təlim hazırlığı keçib, imtahan verir və tədrisetmə
səlahiyyəti verən sertifikatlar alırlar.
Mərkəzdən
verilən məlumata görə, həmin fənlərin tədrisinə
maraq göstərən ali məktəblərin sayı
artmaqdadır.
Qeyd etməliyəm
ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik
Fondunun maarifçilik layihələrində də
multikulturalizm mədəniyyətinin təbliği geniş yer
tutur. Burada da pedaqoji istiqamət əsas
götürülür. Bilik Fondunun bu ilin 15 sentyabrında
Bilik günü münasibəti ilə ölkəmizin
bütün bölgələrində keçirdiyi Azərbaycan
multikulturalizminə həsr olunmuş mühazirələr
böyük maraqla dinlənilmişdir. Dövlət
müşaviri, akademik Kamal Abdullayev Şamaxı rayonundakı
Sabir qəsəbə tam orta məktəbində, Azərbaycan
Təhsil Şurasının sədri, professor Əjdər
Ağayev Neftçala rayonunun Yeni Qışlaq kənd
ümumi orta məktəbində və digər mühazirəçilər
ölkənin müxtəlif ümumtəhsil ocaqlarında
şagirdlər qarşısında “Heydər Əliyev Azərbaycan
multikulturalizminin siyasi banisidir” mövzusunda
çıxışları ilə məktəbli gənclərin
multikulturalizm biliklərini genişləndirmişlər.
Bütün
bunlar mərkəzin, Bilik Fondunun xətti ilə görülən
pedaqoji yönümlü işlərdir.
Fikrimcə,
multikulturalizm biliklərinin gənclərə
ötürülməsi, hər kəsdə multikultural mədəniyyətin
formalaşdırılması üçün bu işə
kompleks pedaqoji təsirlərlə yanaşılmalıdır.
Belə ki, bu proses uşaqların yaş səviyyəsinə,
anlama imkanlarına uyğun olaraq uşaq
bağçasından başlayaraq, ümumtəhsil məktəbində
və peşə-ixtisas təhsili ocaqlarında sistemli olaraq
davam etdirilməlidir. Eyni zamanda, multikulturalizm bilgiləri və
təcrübi reallığı tərbiyəvi amilləri ilə
də mədəni-intellektual insanın formalaşmasına təsir
edər.
“Azərbaycan
multikulturalizmi” fənninin ümumtəhsil məktəblərində
fakültativ məşğələyə ayrılan vaxt
hesabına keçilməsi işin asanlıqla görülməsinə
imkan verə bilər.
Siyasi, fəlsəfi,
iqtisadi, mədəni-mənəvi məzmuna malik
multikulturalizmin böyüyən nəsillərin
dünyagörüşünə, həyat tərzinə
çevrilməsi üçün təlim-tədris prosesindən,
tərbiyəvi təsirlərdən istifadə edilməsi
mühüm əhəmiyyətə malikdir. İstər
ölkəmizdə, istərsə də xarici ölkələrdə
Azərbaycan multikulturalizminin pedaqoji problem olaraq tədqiqi, təbliği
və tədrisinin insanların multikultural mədəniyyətə
yiyələnməsində mühüm rola malik olduğu
danılmazdır.
Əjdər AĞAYEV,
Azərbaycan Təhsil
Şurasının sədri,
pedaqoji elmlər doktoru, professor,
Rusiya Pedaqoji və Sosial Elmlər
Akademiyasının həqiqi üzvü, əməkdar müəllim
Azərbaycan müəllimi.- 2015.- 24
oktyabr.- S.10.