İnteraktiv texnologiyalar
müəllimin yaxın köməkçisidir
Elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə müəllim də yeni texnologiyalardan istifadə etmək bacarıqlarına yiyələnməlidir. Əgər biz bu gün şagirdləri dünənki kimi öyrədiriksə, deməli onların gələcəyini oğurlayırıq. XXI əsr yüksək kompüter texnologiyaları əsridir. Müasir təlim metodları ənənəvi təlim üsullarından fərqlənir. Dünya təcrübəsi göstərir ki, texnologiyalar müasir tədrisdə mühüm rol oynayır.
Müasir tədris və təlim müəllimdən əyanilik və bununla yanaşı dərsə emosionallıq və rəngarənglik qatmağı tələb edir. Qeyd etdiyimiz meyarlara əsaslanan fəal təlimin təşkilində Promethean interaktiv lövhələri müəllimin əvəzolunmaz köməkçisidir. Activİnspire proqramında hazırlanmış resurs müəllimin dərsinə rəngarənglik qatır, əyaniliyi təmin edir. Fəal-interaktiv təlimin tələblərinə uyğun dərsin təşkili prosesini asanlaşdırır. Dünya statistikasına nəzər salsaq, görərik ki, ən keyfiyyətli dərslərdə nəzəriyyəyə nisbətən təcrübəyə daha çox üstünlük verilir. Bu lövhələr biliklərin təcrübə əsasında qazanılmasına zəmin yaradır.
Promethean interaktiv lövhələrində hazırlanmış elektron dərs şagirdin diqqətini cəmləməyə imkan verir, qavrama qabiliyyətini artırır. Bu lövhələrin digər lövhələrdən üstün cəhəti iki interfeyzinin olmasıdır. İbtidai siniflər üçün nəzərdə tutulmuş Activ primary interfeyzi şagirdin özünü sanki sehrli bir aləmdə hiss etməyə sövq edir. Bununla da dərsə daha böyük maraq, rəngarənglik qataraq effektivliyi artırır.
Promethean interaktiv lövhələrindən istifadə edən müəllim təlim prosesində əlavə vasitələrə çox az müraciət edir. Artıq təlimdə plakatlardan, stikerlərdən, rəngli markerlərdən və əlavə silgidən istifadəyə ehtiyac qalmır. Bütün bu imkanlar hamısı Activinspire proqramının daxilində nəzərə alınmışdır. Bu lövhə vasitəsilə müəllim əyanilik üçün şagirdə keçəcəyi mövzunu əhatə edən şəkillər, səs faylları, videoçarxlar təqdim edə bilər. Promethean interaktiv lövhələri xüsusi imkanlara malikdir. Bu imkanlardan biri də riyazi alətlərin proqram daxilində istifadə olunmasıdır. Ehtiyac duyulduğu anda riyazi alətlər - transportir, pərgar, xətkeş asanlıqla lövhəyə gətirilə və dərs prosesində istifadə oluna bilir. Bu alətlərin obyektlərin, şəkillərin ölçüsünü böyütməklə hətta arxa sıralarda əyləşən şagirdlərin dərsdə aktivliyini, diqqətinin cəmlənməsini təmin etmək olar. Promethean lövhələrinin imkanları bununla bitmir, əlavə funksiyalardan istifadə etməklə müəllim fasilitator rolunu oynayaraq istiqamətləndirici olub şagirdin tədqiqatçı olmasına şərait yarada bilər. Məsələn, sehirli qələm, konteyner, gizlilik kimi funksiyalar şagirdin araşdırma nəticəsində doğru cavab tapmasına kömək edir. Bununla da şagird təkcə cavabın tapılması deyil, eləcə də problemin tədqiqi prosesində iştirak etdiyi üçün onu daha yaxşı anlayır və yadda saxlayır.
“Promethean interaktiv lövhələrinin tədrisə tətbiqi” təliminin təlimçisi olaraq deyə bilərəm ki, şagirdlər kimi müəllimlərin də bu lövhəyə münasibəti çox yaxşıdır. İKT bacarığı olan müəllimlər lövhənin üstünlüklərini öyrənir, fərqli elektron dərs nümunələri hazırlayır və dərslərində tətbiq etməklə onun tədris prosesinə nə qədər müsbət təsir göstərdiyinin şahidi olurlar. Bunun sayəsində hətta sadə İKT bacarığı olmayan müəllimlər məhz elektron lövhənin imkanlarından yararlanmaq üçün könüllü olaraq ilkin mərhələdə İKT kurslarından keçərək ikinci mərhələdə Promethean lövhələrinin istifadə qaydalarını öyrənir və dərslərində geniş istifadə edirlər. Keçdiyim təlimlərdə iştirak edən müəllimlərin fikirlərinə əsaslanaraq deyə bilərəm ki, bu gün Promethean interaktiv lövhəsi ondan istifadə edən hər bir müəllimin dərsinin əvəzedilməz köməkçisidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi təhsilin keyfiyyətini artırmaq, qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırmaq məqsədilə təhsilalanlar və təhsilverənlər üçün elektron resursların hazırlanması istiqamətində müvafiq layihələr və tədbirlər həyata keçirib. Görülən tədbirlər çərçivəsində hazırlanmış elektron resursları bir mənbədə cəmləyərək təhsil portalı yaradıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklərə, videodərslər, elektron tapşırıqlar və digər elektron resurslara çıxış əldə edə bilər.
Videodərslərin evdə istifadəsində diqqətçəkən bir məqam var. Bəzən valideynlər bunu birmənalı
qarşılamır. Buna səbəb onların elektron dərs
resursları, yəni www.e-resurs.edu.az saytı haqqında kifayət
qədər məlumatının olmamasıdır. Bildirmək istəyirəm ki, elektron resurslar
portalı kifayət qədər zəngindir. Burada videodərslərlə
yanaşı, elektron dərsliklər, e-test, elektron
tapşırıqlar, xarici elektron resurslar, intellektual oyunlar və
s. var. Lakin bu haqda məlumatı olan valideyn və müəllimlərin
sayı qənaətbəxş deyil. Düşünürəm
ki, burada əsas iş məktəb və sinif rəhbərlərinin
üzərinə düşür. Valideynlər
arasında maarifləndirmə işləri görülməli,
bu resursların təqdimat çarxı onlara nümayiş
etdirilməlidir. Hər bir valideyn
övladının təhsil sahəsində irəli getməsini,
nailiyyətlər qazanmasını istəyir. Əgər valideyn bu portalın onun övladına
biliyini genişləndirmək və möhkəmləndirməkdə
nə dərəcədə müsbət təsir edəcəyini
bilsə, bu məsələyə səthi yanaşmaz, əksinə,
övladına dəstək olar. Biz bu təcrübəni
işlədiyim 193 nömrəli tam orta məktəbdə
sınaqdan keçirdik. Pedaqoji
şuranın iclasında ilk öncə müəllimlərə
bu resurslar portalı haqqında məlumat verərək,
üstünlüklərindən danışdıq. Maraqlı müzakirələr aparıldı. Daha sonra eyni təqdimatda sinif rəhbərləri
valideynlər arasında maarifləndirmə işləri
apardı. Bir sinif rəhbəri olaraq qeyd
edim ki, şagirdlərim valideynlərin dəstəyi sayəsində
bu portaldan geniş istifadə edir.
Təhsil Nazirliyi tədris sistemində qabaqcıl müəllimlərin
dərslərini videoçəkiliş edərək interaktiv
texnologiyaları tətbiq etməklə şagirdlər
üçün maraqlı videodərslər
yaratmışdır. Əgər şagird dərs zamanı hər
hansı mövzunu yaxşı dinləyə bilməyibsə,
başa düşməyibsə və ya müəyyən səbəblərdən
dərsdə iştirak etməyib və bununla da keçirilən
mövzu ilə bağlı heç bir anlayışı
yoxdursa, bu zaman o, internet vasitəsilə videoportala daxil olub
müvafiq fənni seçməklə həmin mövzunu
tapıb izləyə bilər. Videodərslərin
adi dərsdən əsas üstünlüyü odur ki,
şagird bu dərsləri bir neçə dəfə təkrar
izləmək imkanına malikdir. Bununla da
şagird dərsi tam mənimsəyənə qədər təkrar
izləyə bilər. Bu da şagirdin dərsi
anlama keyfiyyətini artırır. Şagird hər videodərsi
dinlədikdə ona bir neçə test təklif olunur, bu testləri
cavablandırmaqla sonda topladığı bala əsasən dərsi
nə dərəcədə mənimsədiyini anlaya bilər.
Videodərsləri məktəbdə tədris
prosesində də istifadə etmək olar. Bu artıq müəllimin yaradıcı
yanaşmasından asılıdır. Dərs dediyim
siniflərdə şagirdlər E-test.edu.az saytına daxil olaraq elektron testlər
həll etməklə reytinq cədvəlində önə
keçməyə çalışırlar. Bu da nəticədə
biliklərin həm mənimsənilməsinə, həm də möhkəmlənməsinə
gətirib çıxarır. Hər həftə
sonu sinfin təşkilatı saatlarında həftə ərzində
öndə gedən şagirdlər qalib elan edilir. Bununla da şagirdlərin portala marağı daha da
artır.
Yenilikləri asanlıqla qəbul edən gənc nəsil,
bu gün bu yenilikləri məktəbdən və müəllimlərdən
də gözləyir. Bu yenilik məhz
şagirdləri yeni bir aləmə aparan Promethean lövhədir.
Bu lövhədə maraqlı, rəngarəng
,bir-birinə bənzəməyən dərslər hazırlamaqla
onların marağını artırmaq, diqqətini cəlb
etmək olar. Müasir dövrün müəllimi
daim üzərində çalışmalı, yenilikləri
öyrənməli, axtarışda olmalı, öyrədici təlimlərdə
tez-tez iştirak etməlidir. Bir müəllim olaraq bu
yaxınlarda keçdiyim “Elektron məktəb
üçün elektron müəllim” təlimində
böyük təcrübə topladım. Belə ki, təlimdə “Elek-tron məktəb
üçün elektron müəllim
hazırlığının ən vacib aspektləri”, “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”, “Distant - məsafədən təhsil zamanı
virtual sinfin yaradılması. Distant təhsilin keçirilməsi
yolları”, “İKT-nin pedaqoji sahədə tətbiqi
imkanları”, “İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin
formalaşdırılmasında rolu”, “İKT, ev, məktəb
və mədəniyyət”, “Sosial şəbəkələr
və təhsil”, “Veb texnologiyalar”, “Elektron dərslərin
hazırlanması mexanizmi” və s. mövzular əhatə olundu. Bununla
yanaşı, müəllimlərə kiçik mühazirə,
təqdimat, müzakirə, “workshop”, debat və müxtəlif
Veb texnologiyalarından istifadə, onların təlim tətbiq
qaydaları öyrədildi. Bu və digər
öyrədici təlimlər müəllimlərin təlim
prosesində istifadə edəcəyi resurs bazasını
artırmaqla şagirdlərin də dərsə
marağının artmasına səbəb olur.
Yeri gəlmişkən
qeyd edim ki, bu məsələlərlə bağlı avqustun
10-12- si tarixlərində Rusiya
Federasiyasının Tatarıstan Respublikasının Kazan
Federal Universitetinin Elabuqa İnstitutunda keçirilən yaradıcı müəllimlərin
VI beynəlxalq festivalına da məlumat vermiş və dərs
nümunəsi nümayiş etdirmişəm. Promethean
interaktiv lövhəsi üçün nəzərdə
tutulan elektron dərs nümunəsində təqdim edirəm.
Çalışdım ki, Azərbaycan təhsilində
istifadə etdiyimiz metodların, texnologiyaların tətbiqi ilə
hazırladığım dərslə xarici ölkə müəllimləri
qarşısında ölkəmizi layiqincə təmsil edim.
Müasir tədrisdə İKT -nin tətbiqi ilə
hazırladığım dərs nümunəsində müxtəlif web
texnologiyalardan, proqramlardan istifadə
etməklə interaktiv tapşırıqlarda tətbiqi
qaydalarını, Activİnspire
proqramının köməyilə hazırladığım
tapşırıqları işləyərkən şagird fəallığını
əks etdirən görüntülərdən ibarət
slideshow nümayiş etdirdim.
Əgər biz XXl əsrdə yaşayırıqsa, deməli,
zamanın tələbi ilə uzlaşmaq lazımdır. Zamanın müəllimi yaradıcı, peşəkar, öz üzərində
çalışan, təkmilləşən olmalıdır. Düşünürəm ki, müəllim öyrətmək
üçün ilk öncə özü öyrənməlidir.
Bu zaman həmin müəllimin dərsinin keyfiyyəti
fərqlənəcək və gələcəyimiz
üçün potensiallı, bilikli, dünyagörüşlü
şəxsiyyət yetişdirəcək.
Günay HÜSEYNZADƏ,
Bakı şəhəri 6 nömrəli
məktəb-lisey və 193 nömrəli tam orta məktəbin
riyaziyyat və informatika müəllimi,
AMEA Optimal
İdarəetmə İnstitutunun
doktorantı
Azərbaycan müəllimi.- 2015.- 24 oktyabr.- S.12.