Dövlət təltiflərinə layiq görülmüş təhsil

işçilərinə mükafatlar təqdim olunub

 

Oktyabrın 29-da Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə dövlət təltiflərinə layiq görülmüş təhsil işçilərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

Mərasimdən öncə təhsil naziri Mikayıl Cabbarov, rəhbər təhsil işçiləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə təltif olunmuş müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bu il də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bir qrup təhsil işçisinin peşə bayramı ərəfəsində təltif edildiyini nəzərə çatdırıb. Nazir Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri ad və medallara layiq görülmüş təhsil işçiləri adından ölkə başçısına minnətdarlığını bildirib.

Dövlət başçısının müəllim əməyini yüksək dəyərləndirdiyini, təhsil işçilərinə hər zaman ehtiramla yanaşdığını söyləyən Mikayıl Cabbarov təhsil sahəsində əldə olunan uğurlardan söz açıb. Nazir “Bilik günü”ndə Bakıdakı 148 nömrəli tam orta məktəbin müəllim və şagirdləri qarşısında ölkə Prezidentinin proqram xarakterli çıxışında gənc nəslin tərbiyəsi, onların milli-mənəvi ruhda böyüməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin təhsil işçilərinin qarşısında duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.

Nazir deyib ki, aparılan təhlillər müəllim işləmək istəyənlərin sayının ilbəil artdığını göstərir: “Əgər iki il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min nəfər idisə, cari ildə onların sayı 41 faiz artaraq 24 min nəfər olub. Qeyd etmək lazımdır ki, İKT-nin geniş tətbiqini nəzərdə tutan şəffaf, obyektiv və çevik işə qəbul mexanizminin tətbiqi müəllim peşəsinə marağın artmasına bilavasitə təsir edir. Müsabiqənin nəticələrinə əsasən, 3068 müəllim işə qəbul olunub, vakansiyaların tutulma səviyyəsi 38 faiz artıb”.

Kənd məktəblərinə işə qəbul olunmuş 1729 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin qərarına əsasən həvəsləndirmə tədbirlərinin tətbiq edildiyini söyləyən təhsil naziri bu il kənd məktəblərini seçənlərin ötən dərs ilinə nisbətən 25 faiz artmasının təsadüfi olmadığını bildirib. Nazir qeyd edib ki, cari ilin sonunadək ölkənin 3 şəhər və 9 rayonunda daha 30 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək və 2016-cı ilin yanvarından onların əməkhaqqısı artırılacaqdır. Beləliklə, bir il müddətində ölkə üzrə müəllimlərin 40 faizinin əməkhaqqısında əhəmiyyətli artım təmin olunacaqdır.

Müəllim nüfuzunun artırılması məqsədilə həyata keçirilən məqsədyönlü tədbirlərə toxunan Mikayıl Cabbarov bu baxımdan müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin əhəmiyyətini nəzərə çatdırıb: “Müəllim peşəsinə marağı artırmaq üçün 2014-cü ildən başlayaraq 500-dən yuxarı bal toplayan tələbələr üçün xüsusi layihənin həyata keçirilməsinə başlanılıb. Artıq 600 nəfərə Təhsil Nazirliyinin xüsusi təqaüdü verilir. Cari ildə müəllimlik ixtisaslarını seçən abituriyentlərin orta balı artıb, 500 və daha yuxarı bal toplayan abituriyentlərin sayı ötən ilə nisbətən 37 faiz çox olub”.

Təhsilin keyfiyyətinin yüksəldilməsi haqqında fikirlərini bildirən nazir şagirdlərə seçdikləri ixtisas istiqamətləri üzrə daha yaxşı hazırlaşmaq imkanı yaratmaq məqsədilə ölkənin pilot olaraq seçilmiş 58 məktəbində 10-cu siniflərdə 4 istiqamət üzrə 176 təmayül sinfinin açıldığını söyləyib: “İstedadlı şagirdlərin aşkar olunmasında və onların potensialının inkişaf etdirilməsində fənn olimpiadaları və bilik yarışları müstəsna rol oynayır. Bu il rekord sayda - 22 mindən çox şagird respublika fənn olimpiadalarına qatılıb. Ümumi təhsildə əldə olunmuş uğurlar ali məktəblərə qəbul planında müəyyənləşdirilmiş minimal keçid balını son illərdə ilk dəfə olaraq aşağı salmamaq barədə qərar qəbul olunmasını da mümkün edib”.

Çıxışının sonunda təltif olunan təhsil işçilərini təbrik edən təhsil naziri onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Sonra təltif olunan təhsil işçilərinə mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

 

Azərbaycan müəllimi.- 2015.- 31 oktyabr.- S.2.